Koronavirusu gizlətmək, yoxsa iqnor etmək? Hər ikisi! Bakıdan hekayə
Nərgiz (ad dəyişdirilib) Bakıda HR şirkətlərindən birində çalışır. Apreldə karantin zamanı ofisləri bağlanıb. Ay yarımdan sonra hakimiyyət karantini yumşaldıb və ofislər yenidən açılıb.
Nərgiz işin az olmasından şikayətlənir və bildirir ki, əməkdaşların çoxu evdən işləyə və işə nadir hallarda, cari iş canlı müdaxilə tələb etdiyi zaman gələ bilərlər, rəhbərlik isə onlardan hər gün ofisə gəlməyi tələb edir.
“Sırağagün mən işdə olanda əməkdaşlardan biri dedi ki, özündə və həyat yoldaşında əlamətlər – qızdırma və öskürək yaranandan sonra COVID testi verib. Dünən hər ehtimala qarşı işə gəlməyib, bu gün isə zəng vurub onlara deyiblər ki, hər ikisinin nəticəsi pozitivdir. O, direktordan soruşdu ki, işlədiyi şirkətin adını bildirsinmi, direktor isə şirkətin bağlanmasından qorxduğu üçün israrla xahiş etdi ki, bunu eləməsin”.
Şef digər əməkdaşlardan da xahiş edib ki, baş verənlər haqda heç kimə deməsinlər.
“Əməkdaşlardan biri soruşdu ki, “mən niyə susmalıyam?” Direktor da belə cavab verdi: “Sən ki, istəməzsən bizi bağlasınlar. Bizim tərəfdaşlarımız da bütün bunlar haqda bilməməlidir”.”.
Nərgiz direktora anlatmağa çalışıb ki, virusu özünün və yaxınlarının canında sınaqdan çıxarmaq istəmir, o isə sadəcə zarafata salaraq deyib ki, “boş ver, otur, işini işlə”. Qızın sözlərinə görə, şef, elə digər işçilər də virusa şübhə ilə yanaşırlar.
“Demək olar ki, bütün həmkarlarım koronavirusa adi qrip kimi yanaşır və buna görə də heç kim etiraz etməyib. Kimsə deyir ki, bu siyasətdir, kimsə deyir ki, biz sadəcə hamımız xəstəliyi keçirəcəyik və hər şey normal olacaq. Ancaq bir qadın narazı olub, onun yaşlı anası var və o anasına görə qorxur, amma o da şefə qarşı çıxmağa cəsarət etməyib.
TƏBİB [koronavirusla mübarizəyə cavabdeh olan dövlət qurumu — JAMnews] testin müsbət cavabı ilə bağlı arayış vermədiyi üçün önlar öz fikirlərində daha da “möhkəmlənirlər”.
Bizim əməkdaşımıza sadəcə telefonda deyiblər, o, test nəticələrini əldə etmək istədiyini bildirəndə isə, ona cavab veriblər ki, nəticəni təqdim etməyəcəklər, prezidentin əmri belədir”.
Bununla belə hamı bu cür düşünmür. Nərgiz deyir ki, tanışının işdəki rəhbərliyi bu yaxınlarda onların görüşdüklərini bildiyi üçün ona növbəti həftəyə qədər evdə qalmağa icazə verib.
“Üstəlik bu gün şef bizim otağımıza gəlib, ZARAFATLA öskürüb dedi ki, “vəssalam, indi artıq hamınız yoluxmusuz”.
Belə qərara gəldim ki, sabah şefə zəng vurum və deyim ki, işə gəlməyəcəm, əks halda baş verənlər haqda danışacam. Özüm səhər təcili yardım çağıracam və xahiş edəcəm ki, məni testdən keçirsinlər. Hərçənd, eşitmişəm ki, qızdırma olmayanda onlar gəlmirlər. Bizim əməkdaşımızı və həyat yoldaşını heç müalicəyə də götürməyiblər, çünki xəstəliyi “yüngül formada” keçirirlər”.
Nəticədə Nərgiz xəstə olduğunu deyərək, işə getməyib. Onun 37 dərəcə qızdırması olub, amma təcili yardımda bildiriblər ki, “vəziyyəti lap pis olsa” gələcəklər.