Azərbaycan İranı yalan informasiya yaymamağa çağırıb
İran və Azərbaycan arasında diplomatik toqquşmalar davam edir. Bu dəfə Azərbaycanın Dövlət Sərhəd Xidməti qonşu ölkənin Sərhəd Xidməti rəhbərinin bəyanatına cavab verməli olub. İran generalının bəyanatını Azərbaycan XİN də cavabsız qoymayıb.
İran generalının bəyanatı
İran generalı, bu ölkənin Sərhəd Xidmətinin rəhbəri Əhməd Əli Qudarzi İsrailin Azərbaycan-İran sərhədində iştirakı haqda bəyanat səsləndirib.
İranın “Mehr” agentliyinin yaydığ bəyanatda briqada generalı qeyd edib ki, “israillilər Azərbaycan sərhədi boyunca iştirak edirlər, amma onların bazalarının dəqiq sayı məlum deyil”.
“İsraillilər bilirlər, İranın müqavimət gücü elədir ki, onlar bizim sərhədlərdə əməliyyat qüvvələrinə sahib deyil. Onlar ancaq region ölkələrini sərhədlərin dəyişdirilməsinə, yük maşınların girişinə qadağa qoyulmasına və onların girişi üçün ödənişin artırılmasına təhrik edə bilərlər”, – Əhməd Əli Qudarzi deyib.
- Ermənistan hava məkanını Azərbaycan üçün açıb? Bakı və Yerevandan şərh
- Ermənistan hava məkanını Azərbaycan üçün açıb? Bakı və Yerevandan şərh
- İranın yeni radikal prezidenti və Qafqaz: nə gözləməli? Bakı, Yerevan və Tbilisidən dəyərləndirmə
Azərbaycanın Sərhəd Xidmətinin cavabı
“Azərbaycan Respublikasının dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmamışdır, hazırda da yoxdur və bundan sonra da olmayacaqdır”, – Azərbaycanən Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.
“Azərbaycan Respublikası ərazisində xaricdən gəlmiş təfriqçilərin fəaliyyət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir”, – qurumdan bildirilib.
“Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı müdafiəsi və mühafizəsi üçün ən müasir imkanlara malik olan Dövlət Sərhəd Xidmətinin xarici qüvvələrin dəstəyinə ehtiyacı yoxdur.
Ermənistan ilə dövlət sərhədində Görus-Qafan yolunun Azərbaycan Respublikası ərazisindən keçən hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Azərbaycan Respublikasının suveren hüququdur.
Azərbaycan və İran sərhədçiləri arasında mütəmadi olaraq müxtəlif səviyyələrdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparılmasına baxmayaraq, bu günədək Azərbaycan tərəfinə müsahibədə səsləndirilənlər haqqında ümumiyyətlə heç bir məlumat verilməmiş, hər hansı fakt təqdim olunmamışdır…
Qeyd edilənləri nəzərə alaraq, İİR rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq”, – Azərbaycanın Dövlət Sərhəd Xidmətinin məlumatında qeyd olunub.
Azərbaycan XİN: “Bu kampaniya İrana xeyir gətirməyəcək”
“Təəccüblüdür ki, İran tərəfindən müharibə zamanı belə ittihamlar irəli sürülməmiş və müharibədən sonra ölkədə yeni hökumət hakimiyyətə gələnə qədər bu xüsusda heç bir narahatlıq doğuran məsələ olmamışdır”, – Azərbaycanın Xarici İşlər Nazirliyinin oktyabrın 11-də yaydığı məlumatda deyilir.
“Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İranən yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır.
Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar. Xatırladırıq ki, hələ ötən ilin oktyabr ayında Azərbaycan XİN-i ölkənin o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdə erməni muzdlu döyüşçülərinin iştirakına dair konkret faktlara əsaslanan məlumatı ölkədəki diplomatik korpusa, o cümlədən İran İslam Respublikasının səfirliyinə təqdim edib”, – XİN-dən bildirilib.