NİDA gənclər hərəkatının üzvü Elgiz Qəhrəman beş il yarım azadlıqdan məhrum edildi. Bakı Ağır Cinayətlər Məhkəməsi onu külli miqdarda narkotik alverində günahkar bilib, amma gənc fəal bildirir ki, o, Facebook-da İlham Əliyevin oğlunun ünvanına yağdırılan tərifləri lağa qoyduğu üçün siyasi sifarişlə həbs edilib.
Onun müdafiəçiləri hökmdən şikayət vermək niyyətindədirlər.
NIDA — Ordudakı hərc-mərcliyə qarşı 2013-cü ildə baş tutmuş mitinqlərdən sonra məşhurlaşan gənclər hərəkatı. Mitinqlər amansızlıqla dağıdılmış, onlarla fəal həbs edilmişdi.
Eks-prezident Heydər Əliyevin ad günündə onun heykəlinə “Qul bayramınız mübarək!” yazandan sonra 10 il müddətinə azadlıqdan məhrum edilən “heykəl məhbusları” – Qiyas İbrahimov və Bayram Məmmədov da bu təşkilatın üzvləridir.