Ermənistanla sülh sazişi üzrə danışıqlar yekunlaşıb
Ermənistanla Azərbaycan arasındakı sülh sazişinin mətni üzrə açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib və danışıqlar prosesi yekunlaşıb.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Mətn üzrə işlər tam yekunlaşıb. Növbəti mərhələdə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması vacibdir. Eyni zamanda, Minsk qrupu və onun qalıqlarının ləğvi həyata keçirilməlidir”.
Sülh sazişi layihəsi ümumilikdə 17 maddədən ibarətdir. İndiyədək bu maddələrin 15-i razılaşdırılmışdı.
Razılaşdırılmayan son iki maddədən biri tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtina etməsi, digəri isə üçüncü ölkələrin nümayəndələrinin Azərbaycan-Ermənistan sərhədində yerləşdirilməməsi ilə bağlı idi.
Kontekst
● 2020-ci ilin payızında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük ikinci Qarabağ müharibəsi baş verdi. Nəticədə Azərbaycan Qarabağın bir hissəsinə və ona bitişik yeddi rayona nəzarəti bərpa edib.
● 19 sentyabr 2023-cü ildə Azərbaycan Qarabağda yerli hərbi əməliyyat keçirdi.
● 28 sentyabrda tanınmamış Dağlıq Qarabağ Respublikasının prezidenti Samvel Şahramanyan respublikanın buraxılması haqqında fərman imzaladı.
● 15 oktyabr 2023-cü ildə prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın suverenliyinin tam bərpasını, Qarabağ probleminin həllini və münaqişənin başa çatmasını bəyan edib.
● Hazırda Azərbaycanda tanınmamış DQR-nin keçmiş prezidentləri Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, keçmiş xarici işlər naziri David Babayan, parlamentin sədri David İşxanyan, generallar Leva Mnatsakanyan və David Manukyan da daxil olmaqla 14 nəfər həbsdədir. Bakıda onların məhkəmə prosesləri gedir.
● Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb.