Erməni həmkarının qətlinə görə məhkum edilmiş Azərbaycan zabiti Ramil Səfərov vətənində növbəti təltifini alıb
Azərbaycan ordusunun qalmaqallı mayoru, 40 yaşlı Ramil Səfərovun rütbəsi podpolkovnikə yüksəldilib. Onun yeni formada sosial şəbəkədə paylaşılan fotosu informasiya mənbəyi olub.
Erməni həmkarını balta ilə qətlə yetirdiyi üçün Macarıstanda ömürlük həbsə məhkum edilmiş Səfərovun zabit rütbəsinin yüksəldilməsi haqda xəbər nüfuzlu KİV-lərdə əsasən səssiz ötüşüb. Ramil Səfərovun yeni poqonları ilə fotosunu əsasən kiçik reytinqli saytlar paylaşıb. Profilinə yazılmış şərhlərdən bəlli olub ki, o, yeni rütbə ilə dörd ay əvvəl təltif edilib, amma nədənsə bu xəbəri indi ictimailəşdirmək qərarına gəliblər.
Ramil Səfərov hələ leytenant ikən, 2004-cü ildə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO kurslarında gecə vaxtı Ermənistandan olan həmkarı Qurgen Markaryanı balta ilə qətlə yetirəndən sonra bütün dünyada məşhurlaşmışdı. Macarıstan məhkəməsi onu ömürlük həbsə məhkum etmişdi. Səfərovun vəkilləri və ictimai müdafiəçiləri onun psixoloji travmasına əsaslanırdılar. 1993-cü ildə Azərbaycanın Cəbrayıl rayonundakı doğma kəndləri Ermənistan ordusu tərəfindən işğal edildiyi zaman Səfərovun bir neçə ailə üzvü qətlə yetirilib. Amma ekspertiza cinayəti törətdiyi zaman onun anlaqlı olduğu qənaətinə gəlib.
Səfərov Macarstan həbsxanasında səkkiz il qalıb. Bu müddət ərzində o, macar dilini öyrənib, hətta macar ədəbiyyatı klassiklərinin bir neçə romanını Azərbaycan dilinə çevirib.
2012-ci ildə Macarıstan cəzasının qalan hissəsini çəkməsi üçün Səfərovun Azərbaycana verilməsi ilə bağlı gözlənilməz qərar verib. Həmin gün Azərbaycan prezidenti İlham Əliyev onu əfv edib və cəzasının qalan hissəsindən azad edib. Bundan başqa Səfərova Azərbaycanda mənzil hədiyyə edilib, rütbəsi də leytenantdan mayora yüksəldilib (kapitan rütbəsini adlamaqla). Ona həbsdə yatdığı səkkiz ilin toplanan əməkhaqqı da ödənib.
Ramil Səfərovun Azərbaycana təhvil verilməsi qərarı Ermənistan və Macarıstan arasında diplomatik əlaqələrin kəsilməsinə gətirib çıxarıb. Səfərovun azad edilməsi və qəhrəmanlaşdırılması bir çox beynəlxalq təşkilat nümayəndəsi tərəfindən pislənib. Prezident Əliyev bu ittihamları “əsassız” adlandıraraq rədd edib.
Səfərovun rütbəsinin yüksəldilməsi haqda məlumat Faceoook-un Azərbaycan seqmentində ziddiyyətli şərhlərə səbəb olub. Bir qayda olaraq müəlliflərin adlarını açıqlamadan bir neçə xarakterik şərhi təqdim edirik.
“Ramil, növbəti hərbi rütbən münasibətilə səni təbrik edirəm! Vuran əlinə zaval gəlməsin!”
“Azərbaycanın fəxri Ramil Səfərov, siz bu rütbəyə layiqsiz. Allah sizi də, dövlətimizi də qorusun”.
“Biz sizi gələcəkdə müdafiə naziri olaraq görmək istəyirik”.
“Səfərova general rütbəsi! Nəyi əskikdir ki? Boyu da var, çəkisi də. Həm şəxsi çəkisi, həm də ictimai çəkisi”.
“Onu ön cəbhəyə göndərmək lazımdır. Görərdik özünü orda nə dərəcədə cəsur apara biləcək Qəhrəmana bax. Gecənin qaranlığında adam öldürmək”.
“Xülasə. Biabırçılıqdır”.
“Səfərovu qınaya bilmərəm, onun yerində deyiləm, doğmalarımı öldürməyiblər. Amma ondan qəhrəman düzəltmək dəqiq lazım deyil. Doğru nümunə göstərmirik”.