Umbakıda ömürlük məhkumlar üçün yeni həbsxana tikilir
Umbakıda ömürlük məhkumlar üçün yeni həbsxana
Paytaxtın 80 kilometrliyində yerləşən Umbakı qəsəbəsində ömürlük məhkumlar üçün yeni həbsxana inşa edilir. Həbsxana təxminən 15 il əvvəl istismara verilməli idi, amma naməlum səbəblərdən inşaat işləri ildən-ilə ertələnirdi. Hüquq müdafiəçilərinin sözlərinə görə, köhnə həbsxanada saxlanma şəraiti “ağırdır”.
“Yeni həbsxanalar tikmək üçün nəyəsə qənaət etmək lazımdır, amma adətən inzibati xərclərə, deputatların maaşlarına yox, məhbuslar üçün xərclərə qənaət edirlər”, – ekspert qeyd edib.
- Azərbaycandakı siyasi məhbusların yenilənmiş siyahısı 99 nəfərdən ibarətdir
- Meksika vasitəsilə ABŞ-a – Gürcüstan vətəndaşları hara, necə və niyə qaçır?
- Kişilər ağlamaz? – Azərbaycanda zorakılıq qurbanı olan kişilərin hekayələri
Açıq səma altında dəmir barmaqlıqlarla örtülü həyət
Məhbuslardan biri Qobustanda “qapalı” kimi tanınan və ağır cinayətlərə görə mühakimə olunan cinayətkarların cəza çəkdiyi həbsxananın məhbuslarından birinin bildirdiyinə görə, tezliklə onları yeni həbsxanaya köçürəcəklər. Onun sözlərinə görə, “orada şərait daha yaxşı olacaq”, – “Turan” informasiya agentliyi yazır.
Bu həbsxanada 300-ə yaxın ömürlük məhbus var. Orada uzun müddətə azadlıqdan məhrum edilənlər, həbsxana qaydalarını pozduqlarına görə cəzalandırılan və başqa həbsxanalardan Qobustana köçürülən məhbuslar da cəza çəkirlər.
Məhbusun sözərinə görə, yeni həbsxanada hər kameranın açıq səma altında (dəmir barmaqlıqlı) öz həyəti olacaq və orada məhbuslar istədikləri qədər qala biləcəklər. Hazırda Qobustan həbsxanasında məhkumun başı üstündə dəmir barmaqlığı olan, damı olmayan kiçik həyətdə bir saat gəzmək hüququ var.
Ömürlük məhbusların problemləri üzrə ixtisaslaşan hüquq-müdafiə təşkilatının rəhbəri Akif Nağının sözlərinə görə, Qobustan həbsxanasında saxlanma şəraiti ağırdır, onlar bu barədə məlumatı məhkumların valideynlərindən alırlar.
Cüzam dispanserilə məşhur olan qəsəbə
Azərbaycan paytaxtının mərkəzindən təxminən 80 kilometr aralıda yerləşən Umbakı qəsəbəsində ömürlük məhbuslar üçün yeni həbsxana tikilir.
Bura cəmi 1300 nəfər əhalisi olan kifayət qədər təcrid olunmuş bir qəsəbədir. Burada orta məktəb, supermarket, park, hətta bankomat belə yoxdur. Yerli sakinlərin sözlərinə görə, qəsəbədə bankomat qoyulması üçün burada ən azı 2000 nəfər yaşamalıdır.
Lakin qəsəbə daha çox burada yerləşən tibb müəssisəsi ilə tanınır. Burada cüzamlı xəstələr müalicə olunur. Cüzam dispanseri Umbakı qəsəbəsinin yaxınlığında yerləşir, lakin sağlam insanların oraya daxil olması qəti qadağandır.
Umbakı sakinləri normal ictimai nəqliyyatın olmamasından da şikayətlənirlər. Burada avtobuslar səhər 7-dən 16.00-a kimi iki saatdan bir işləyir. Axşam bura yalnız taksi və ya şəxsi nəqliyyatla gəlmək mümkündür.
“Beynəlxalq normalara uyğun şərait”
Həbsxana tikintisi üçün Umbakıda torpaq sahəsi 2007-ci ildə ayrılıb.
Hələ 2009-cu ildə Azərbaycan hökuməti BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə yazılı cavabında bildirib ki, “Bakı şəhərinin yaxınlığında (Qaradağ rayonu, Umbakı qəsəbəsi) yeni həbsxananın tikintisi davam edir, orada həbs cəzasına məhkum edilmiş və ömürlük azadlıqdan məhrum edilmiş şəxslər saxlanılacaq.
Həmin məktubda Azərbaycan hakimiyyəti qeyd edib ki, yeni həbsxanada beynəlxalq normalara uyğun şərait yaradılacaq. Bu müəssisələrin müasir infrastrukturu məhkumların kamera tipli otaqlarda saxlanması ilə yanaşı, həmin şəxslərin təhsil, faydalı əmək və idmanla məşğul olmasına, kifayət qədər açıq havada qalmasına şərait yaradır”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Turan ilə söhbətində ağır cinayətlərə görə mühakimə olunanlar üçün yeni həbsxananın istifadəyə veriləcəyi tarixi açıqlamaqdan imtina edib, çünki onun sözlərinə görə, tikinti davam edir, “hazırda dəqiq nəsə demək mümkün deyil”. O əlavə edib ki, gələn il yeni həbsxana ilə bağlı Ədliyyə Nazirliyinin məlumatı olacaq. M.Sadıqov müəssisənin 2023-cü ildə istismara veriləcəyi barədə deyilənləri təkzib etməyib.
Hüquq müdafiəçisinin şərhi
Hüquq müdafiəçisi Eldar Zeynalovun sözlərinə görə, Umbakı qəsəbəsində yeni həbsxananın istifadəyə verilməsilə çox şey dəyişə bilərdi. “Orada daha çox “Avropa” şərait yaratmağı vəd edirlər, lakin bu, ildən-ilə təxirə salınır”.
Azərbaycan Hüquq-Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov bildirir ki, ictimaiyyət üçün elan edilən səbəb Qobustan həbsxanasının yaxınlığında yerləşən Qobustan qoruğunun petroqliflərinin YUNESKO-nun mədəni irs siyahısına daxil edilməsidir.
“Bakıda hesab ediblər ki, həbsxananın YUNESKO-nun siyahısındakı obyektə yaxın olması düzgün deyil, turistlərin xoşuna gəlməyəcək. Ona görə də Qobustanda açıq səma altında muzeyin yaradılması haqda fərmana Qobustan həbsxanasının köçürülməsi barədə bənd daxil edilib.
Ancaq köhnə həbsxananın təmirini və ya genişləndirilməsini yox, yenisinin tikilməsini gərəkdirən səbəblər daha dərindir. Qobustan qəsəbsəsində köhnə koloniyanın uyğunlaşdırıldığı indiki həbsxana ömürlük həbs cəzası üçün beynəlxalq standartlara cavab vermir. Bunu İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi kimi nüfuzlu beynəlxalq təşkilatlardan bu həbsxanaya baş çəkənlərin hamısı qeyd edir. Əgər öncə onları ancaq kameraların həddindən artıq sıxlığı, tibbi yardım və qidalanmanın keyfiyyəti, xəstəliklərdən və intiharlardan ölüm hallarının səviyyəsi narahat edirdisə, sonradan bu problemlər öz kəskinliyini itirdi, lakin başqa problemlər ortaya çıxdı.
Belə ki, kifayət qədər liberal olan Cəzaların İcrası Məcəlləsi (CİM) ömürlük məhbuslarla bağlı bir sıra bəndlər üzrə icra olunmur. Məsələn, CİM məhkumların islah edilməsi üzrə 6 əsas vasitəni müəyyən edir. Onlardan dördü: ictimai faydalı əmək, ümumi təhsil, peşə təhsili və peşə hazırlığı, ictimai təsir – ömürlük cəzadan irəli gələn ciddi təcrid səbəbindən ömürlük məhbuslara şamil edilmir. Qalır rejim və tərbiyəvi iş, onu da “poqonlu mütəxəssislər” aparırlar”, – Zeynalov qeyd edib.
“Yeni həbsxanalar tikmək üçün nəyəsə qənaət etmək lazımdır, amma adətən inzibati xərclərə, deputatların maaşlarına yox, məhbuslar üçün xərclərə qənaət edirlər. Axı hazırda yatmağa yerləri və yeməkləri var, humanist “bolluqları” gözləyə bilərlər”, – deyə o əlavə edib.