Radiasiya təhlükəsi üzündən Azərbaycanda apteklərdən yod yoxa çıxıb
Azərbaycanda apteklərdən yod yoxa çıxıb
Son günlər Azərbaycan sakinləri gözlənilməz problemlə üz-üzə qalıblar – apteklərdə yod məhlulu tapmaq mümkün deyil. Mütəxəssislərin sözlərinə görə, insanlar bu sadə məhlulu ehtimal olunan nüvə müharibəsi təhlükəsinin təşvişi ilə alırlar. JAMnews Azərbaycanda yod qıtlığının əsl səbəbini və radiasiya təhlükəsi qarşısında bu məhlulun nə işə yaradığını aydınlaşdırmağa çalışıb.
- Türkiyənin təşəbbüsü dünya üçün son şans ola bilər – Bakıdan şərhlər
- Praqa bəyanatı Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıracaqmı? Bakı və Yerevandan xəbərlər və təhlil
- Azərbaycan vətəndaşların azad toplaşmaq hüququnun pozulması səbəbilə cərimələnib
Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi ehtimalı haqda xəbərlərin fonunda Azərbaycanda apteklərdən yod məhlulu yoxa çıxıb. Müxbirlərimizin şəhər apteklərindən bu antiseptik vasitəni tapmaq cəhdləri də boşa çıxıb.
Aptek işçiləri qeyd ediblər ki, son günlərdə yod məhluluna və tərkibində bu məhlulun olduğu digər dərman preparatlarına tələbat kəskin artıb. 5 faizlik spirtli yod məhlulunun bir flakonunun qiyməti dəyişməyib, 50 qəpik təşkil edir.
Yodu ehtiyacı olanlar üçün saxlamaq çağırışı
Həkim Aydın Əliyev Facebook səhifəsindən onu izləyənlərə müraciət edib və insanları böyük həcmdə yod almamağa çağırıb.
“Ay camaat, apteklərə daraşıb olan-qalan yodu alıb evlərinizdə saxlamayın! İmkan verin acil ehtiyacı olanlar alsın yodu! Yenə həmişəki kimi su gəlməmiş çırmanmayın! Hələ nüvə silahı atılmayıb! Vallah ALLAH bizi qorumasa, yod qorumayacaq!” – deyə həkim yazıb.
Qıtlıq hələ bir ay əvvəl başlayıb
Apteklərdə yod çatışmazlığı haqda ilk məlumatlar hələ sentyabrdan yayılmağa başlayıb. O zaman APA informasiya agentliyinin müxbiri bununla bağlı Səhiyyə Nazirliyinə müraciət etmişdi.
“Son dəfə ölkəyə yod gətirilməsi üçün müraciət bu ilin aprel ayında edilib. O vaxtdan yod idxalı ilə bağlı yeni müraciət olmayıb. Hal-hazırda yeni idxal müraciəti qəbul edilib və bu da onu deməyə əsas verir ki, yaxın zamanlarda apteklərdə yod çatışmazlığı aradan qaldırılacaq”, – Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib.
Mərkəzdən həmçinin qeyd olunub ki, əsasən Rusiya (Yaroslavl farm fabrik), Ukrayna (Fitofarm) və Türkmənistanda (Sağlık Ezcaciliq Muessesi) istehsal edilən yod məhlulu Azərbaycan Respublikasında qeydiyyatdan keçib.
Mərkəzdən xatırladıblar ki, nə Səhiyyə Nazirliyi və onun qurumları, həmçinin Analitik Ekspertiza Mərkəzi dərman təminatı ilə məşğul deyil. Bu fəaliyyət özəl şirkətlər tərəfindən həyata keçirilir.
Yod Azərbaycanın özündə də istehsal olunur
“Neftçalada fəaliyyət göstərən “Azər-Yod” MMC-də ildə 400 tona yaxın yod istehsal olunur”, – Neftçala rayon İcra Hakimiyyətinin rəsmi məlumatında deyilir.
Yod istehsalı zavodu hələ sovet dövründə tikilib, 1990-cı illərdə isə özəlləşdirilib.
Rəsmi statistikaya əsasən, Azərbaycanın bu zavodu yod istehsalı həcminə görə MDB-də birinci, dünyada isə üçüncü yeri tutur.
Yod radiasiya təhlükəsi zamanı nə işə yarayır?
Tanınmış ukraynalı həkim Yevgeni Komarovskinin sözlərinə görə, şüalanma zamanı ilk növbədə insanın qalxanabənzər vəzi zədələnir. “Onu qorumaq üçün maye yodu və ya kalium yodid tabletlərini qəbul etməlisiniz” – deyə o vurğulayıb.
Amma dərhal xəbərdarlıq edir ki, bunu artıq radiasiya çirklənməsi baş veribsə və ya real partlayış təhlükəsiz olduğu zaman etmək lazımdır.
“Böyüklər və 14 yaşdan yuxarı uşaqlar su və ya südə 40 damcı qarışdırmalıdırlar. Bir dəfəyə qəbul etməlidirlər.
5-14 yaş arası uşaqlar üçün su və ya südə 20 damcı qarışdırmaq lazımdır. Bir dəfəyə qəbul etməlidirlər.
2-5 yaşlı uşaqlar üçün suya 20 damcı qarışdırmaq və dəriyə yod toru (çiyinlərə, budlara) çəkmək lazımdır.
2 yaşdan kiçik uşaqlar üçün suya 10 damcı qarışdırmaq və dəriyə yod toru (çiyinlərə, budlara) çəkmək lazımdır.
Kalsium yodid qalxanvari vəzi radiasiyadan qoruyur, iltihab əleyhinə təsirə malikdir, göbələk xəstəliklərini müalicə edir və bəlğımgətirici təsir edir”, – deyə Komarovski əlavə edib.