Azərbaycan sərhədləri daha iki ay bağlı qalacaq
Azərbaycanın sərhədləri bağlı qalır
Azərbaycan Nazirlər Kabineti koronavirus pandemiyasına görə karantin rejimini 2022-ci il noyabrın 1-ə qədər daha iki ay uzadıb. Bu o deməkdir ki, ölkənin qonşu dövlətlərlə quru sərhədləri bağlı qalacaq. Ölkə hakimiyyəti bu qadağanı viruslu xəstəliklərin yayılması riski ilə izah edir, amma ekspert bununla razılaşmır.
- Azərbaycanda qapalı məkanlarda yenə maskalardan istifadə etmək tövsiyə olunur
- Venesuela prezidentinin Azərbaycana səfəri koronavirusun yenidən yayılması ilə müşayiət olunub
- Azərbaycanın quru sərhədləri açılmayacaq
Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə ölkədə COVID-19 pandemiyası ilə bağlı karantin rejimi 2022-ci il noyabrın 1-i səhər saat 6-a qədər uzadılıb. Xüsusi karantin rejiminin bundan öncəki müddəti sentyabrın 1-də bitməli idi.
Pandemiyanın əvvəlində tətbiq olunan məhdudiyyətlərdən ancaq ölkənin quru sərhədindən giriş və çıxışa qoyulan qadağa qalıb. Azərbaycanın quru sərhədləri 2020-ci ilin martından bağlıdır.
Hakimiyyət bu qadağanı viruslu xəstəliklərin yayılması riski ilə izah edir.
Ekspert rəyi
Həkim Azər Behbudovun fikrincə, hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət çox da stabil deyil:
“Gün ərzində 400-500 arası yeni yoluxma halı qeydə alınır. Bir dəfə bu rəqəm 700-ə çatdı, amma sonra yenidən qeyd etdiyim həddə endi.
Bir ay sonra necə olacağını təxmin etmək çox çətindir. Ancaq əgər sırf nəzəri cəhətdən desək, payız viruslu xəstəliklər mövsümüdür və yeni koronavirus partlayışı istisna olunmur”.
Ekspert həmçinin viruslu xəstəliklərin yayılması riskinə görə ölkənin quru sərhədlərinin bağlı saxlanılmasının məqsədəuyğun olub-olmadığına da toxunub:
“Hesab etmirəm ki, quru sərhədlərinin bağlı saxlanması viruslu xəstəliklər baxımından əhalinin steril qalmasını təmin edir. Sərhədlərinin çoxdan açıldığı qonşu ölkələrdə koronavirusa yeni yoluxma hallarının statistikasına baxsaq, xüsusi fərq görməyəcəyik.
Azərbaycan hökumətinin quru sərhədləri bağlı saxlamaqla arzuolunan nəticələrə nail olmadığını düşünmək çox məntiqlidir”.
Behbudov JAMnews-un ölkədə karantin məhdudiyyətlərinin yenidən tətbiq edilməsi ehtimalı ilə bağlı sualına da cavab verib:
“Hərtərəfli iqtisadi böhran şəraitində son iki ildə gördüyümüz kimi ciddi karantin məhdudiyyətləri elan etmək, çox risklidir. Buna görə də düşünürəm ki, hökumət sadəcə qapalı məkanlarda, bəlkə həm də küçədə maska taxmaq məcburiyyəti ilə kifayətlənəcək”.
Həkim həmçinin koronavirusa qarşı dördüncü peyvəndin mütləq olması ehtimalı ilə bağlı da nikbin deyil:
“Az əvvəl Ümumdünya Səhiyyə Təşkilatı bildirmişdi ki, koronavirusa qarşı üç dəfədən artıq peyvənd vurdurmaq tövsiyə olunmur. Müvafiq olaraq, dördüncü doza mütləq ola bilməz. Düşünürəm ki, belə bir şey olmayacaq”.
Azərbaycanın sərhədləri bağlı qalır