Ermənistan-Azərbaycan sərhədində növbəti atışma: bir ölü, üç yaralı
Ermənistan–Azərbaycan sərhədində növbəti atışma baş verib. Nəticədə bir hərbçi həlak olub, üç nəfər yaralanıb. Ermənistanın və Azərbaycanın müdafiə nazirlikləri ziddiyyətli bəyanatlar səsləndiriblər.
- Azərbaycan-Ermənistan sərhədində atışma nəticəsində erməni hərbçi həlak olub
- “Biz öz ərazimizdəyik” – Əliyev Ermənistanla sərhəd və Dağlıq Qarabağın statusu haqda
- Qarabağda atəşkəs niyə pozulur? Bakıdan şərh
Azərbaycan və Ermənistan sərhədində atışma nəticəsində Azərbaycan ordusunun hərbçisi həlak olub, Ermənistan silahlı qüvvələrinin üç hərbçisi yaralanıb.
Bakıdan informasiya
“İyulun 23-də təxminən saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər (Geqarkunik) rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.
Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.
Hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilir.
Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür.
Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”, – Azərbaycanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Azərbaycanın XİN-i də bəyanatla çıxış edib.
“Müdafiə Nazirliyinin məlumatına əsasən, bu il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində bir hərbi qulluqçumuz şəhid olub.
Ermənistan tərəfinin son zamanlar davamlı təxribatlara əl atması, Azərbaycan mövqelərini atəşə tutaraq bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir və vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.
Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü müdafiə etmək, habelə bölgədə sülh və təhlükəsizliyi təmin etmək üçün bütün lazımi addımları atmaq hüququnu özündə saxlayır”, – Azərbaycanın xarici siyasət qurumunun bəanatında deyilir.
Yerevandan informasiya
Ermənistanın Müdafiə Nazirliyində bildirilir ki, iyulun 23-də təxminən saat 17:00-da Azərbaycan SQ Ermənistan-Azərbaycan sərhədinin Geqarkunik istiqamətində Ermənistan mövqelərini atəşə tutub. İntensiv atışma nəticəsində üç erməni hərbçi yaralanıb, onların həyati təhlükəsi yoxdur.
“Bundan əvvəl Azərbaycanın öz hərbi mövqelərində atışma baş verib ki, bu da Azərbaycan hərbçiləri arasında şəxsi səbəblərlə bağlı ola bilər. Azərbaycanın Müdafiə Nazirliyinin öz bəyanatında Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycan əsgərinin öldüyünü qeyd etməsi də bu faktı təsdiqləyir”, – bəyanatda deyilir.
Ermənistanın hərbi qurumu bəyan edir ki, Ermənistan hərbçiləri Azərbaycam SQ Ermənistan mövqelərini atəşə tutana qədər erməni hərbçilər cavab tədbirləri görməyib.
Ermənistan Müdafiə Nazirliyinin məlumatında vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Azərbaycanın hərbi-siyasi rəhbərliyinin üzərinə qoyulur.