Şərh: Cənubi Osetiyada etiraz – günahkarların cəzalanması azdır, sistem dəyişməlidir
Cənubi Osetiyada siyasi böhran davam edir. Həbsxanada 28 yaşlı gəncin işgəncə nəticəsində baş verdiyi ehtimal olunan ölümü etirazlara səbəb olub. Yüzlərlə insan küçələrə çıxıb, prezident Anatoli Bibilov hökuməti istefaya göndərib və bütün günahkarların cəzalandırılacağına söz verib. Amma nümayişçilər və müxalifət baş prokurorun və prezidentin özünün də istefasını tələb edirlər. Keçmiş prezident Eduard Kokoytı da prezidenti istefaya çağırıb.
Cənubi Osetiyadan olan jurnalist Zarina Sanakoyeva hesab edir ki, Cənubi Osetiyada böhran uzun zamandan bəri yetişirdi və istefalarla həll olmayacaq.
Cənubi Osetiyada etirazları təhrik edən nə İnal Cabiyevin ölümü, nə də Cənubi Osetiyaya ərzaq, ən əsası isə dərman təchizatında yenə də maneələrin yaranmasına səbəb olan gömrükdəki problemlərdir.
Heç sərhədlərin beş aydır bağlı olması və büdcədən maliyyələşən yerlərdə işləməyən əhalinin gəlirlərinin azalması da etirazların əsl səbəbi deyil.
• Cənubi Osetiya və Şərqi Ukraynada Stalin hələ də sağdır
Cənubi Osetiyada insanlar həqiqətən də çox dözümlüdür. Ən əsası isə mitinq keçirməyi sevmirlər. Əgər insanlar mitinqə çıxıblarsa, deməli, səbr kasası artıq daşıb.
Bütün məsələ prezident Anatoli Bibilovun üzərinə götürdüyü misilsiz məsuliyətdədir. O, parlament sədri kürsüsündən prezident kürsüsünə keçib və parlamentin mütləq çoxluğunu təşkil edən partiyaya rəhbərlik edib. Onun partiyası isə opponentləri ilə özünü qumluqda məktəbə yeni gedən uşağın özünü məktəbəqədər uşaqla apardığı kimi aparırdı.
2017-ci il prezident seçkilərində Bibilovun qələbəsindən sonra bir çox ekspertlər onun bütün hakimiyyət qollarına şəxsən nəzarət etdiyini nəzərə alaraq prezidentliyinin asan olmayacağını proqnozlaşdırırdılar. Bu vəziyyətdə məsuliyyəti heç kimin üzərinə qoymaq mümkün deyil. Bibilov bu xəbərdarlıqları ya eşitmirdi, ya da qulaq ardına vururdu.
Məhz bu cür davranış meydandakı bugünkü etirazlara gətirib çıxarıb. Ötən il həbsxanada məhbusların döyüldüyünü əks etdirən kadrlar şəbəkələrdə yayılandan sonra deputatlar ədliyyə və daxili işlər nazirlərinin istefasını tələb etmişdilər. Bibilov və onun partiyası buna yol verməmək üçün əllərindən gələni etdilər.
Nəticədə Bibilov özünün təyin etdiyi nazirləri yerlərində saxlaya bildi, amma nüfuzuna xələl gətirmək bahasına. Zaman isə göstərdi ki, əslində nazirlərin yerlərində qalmaqları daha baha başa gəldi – insan həyatı hesabına. Bugün Bibilova bunu xatırladırlar və hökumətin istefası məsələni həll etmir və ümumiyyətlə heç nəyi dəyişmir.
Taleyin acı cilvəsindən məhz Bibilovun prezidentliyi dövründə [onun əsas vədi Rusiya ilə birləşmək idi — JAMnews] Cənubi Osetiya və Rusiya arasındakı gömrük məntəqəsində vəziyyət gərginləşdi, iş adamlarından əməl etmələri faktiki mümkün olmayan qanunlara riayət etmələti tələb olunmuşdu.
Cənubi Osetiyada da bir çox başqa ölkələrdə olduğu kimi xarici düşmən obrazından istifadə edərək və ümumilikdə xarici siyasi məsələlər hesabına səs toplamaq istəyi mövcuddur. Amma əgər 2008-ci ilə qədər bu həqiqətən aktual idisə, Rusiya tərəfindən Cənubi Osetiyanın müstəqilliyi tanınandan və təhlükəsizlik məsələsi həll ediləndən sonra xarici siyasət məsələlərini əsas problemlər sırasına daxil etmək cəhdləri ancaq siyasətçinin uzaqgörən olmamasından xəbər verir.
Pandemiya Bibilovun hakimiyyətə gələrkən istifadə etdiyi Rusiya Federasiyasının tərkibinə daxil olmaq haqda şüara böyük zərbə oldu. Avqustun əvvəlinə qədər insanların çoxu həqiqətən də sərhədlərin bağlı qalmasının tərəfdarı idilər, üstəlik bunun nəticə verdiyi də göz qabağında idi. Cənubi Osetiyada koronavirus karantin zonasından kənara çıxmadı.
Cənubi Osetiyaya ərzaq gətirilməsində problemlər yaşandığı zaman radikallaşma başladı. Vaxtaşırı olaraq bu problemlər əvvəl də yaşanırdı, amma o zaman hər kəs Şimali Osetiyaya gedə və lazım olan hər şeyi oradan ala bilirdisə, indi belə bir imkan yoxdur.
Əlbəttə, İnal Cabiyevin ölümü heç son damla da deyil, son vedrədir.
Bibilov bildirib ki, Cabiyevin qətlinin istintaqını öz nəzarətinə götürüb. Amma eyni zamanda heç kim inanmır ki, bu sistem özü özünü cəzalandıra bilər. Odur ki, xalq yalnız günahkarların cəzalanmasını yox, bütün sistemin dəyişməsini gözləyir.
Məqalə müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikir və ideyalar onun özünə aiddir, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düçməyə də bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən qeyri-etik sayılan şərhləri silmək haqqını özündə saxlayır.