"Söz Ermənistanındır": Rusiyanın rəhbərlik etdiyi KTMT-də Ermənistanın səsvermə hüququndan məhrum edilməsi ilə bağlı Yerevandan rəylər
KTMT Ermənistanın səsvermə hüququnu aldı
Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı səsvermə hüququndan məhrum edib. Bundan əlavə, ölkə təşkilatda mühüm vəzifələrə öz nümayəndələrini təyin etmək hüququnu da rəsmən itirib. Halbuki Ermənistan faktiki olaraq bu hüquqdan çoxdan istifadə etmirdi. Qərarlar noyabrın 11-də KTMT-yə üzv dövlətlərin liderləri tərəfindən Kollektiv Təhlükəsizlik Şurasının iclasında qəbul edilib. Ermənistanın Baş naziri iclasda iştirak etməyib.
KTMT-nin rəsmi olaraq altı üzvü var: Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan.
Ermənistan 2024-cü ilin fevralından KTMT-də iştirakını dondurub. Ölkə təşkilatın tədbirlərinə qatılmır və üzvlük haqqını ödəmir. Bu qərar KTMT-nin nizamnaməsində nəzərdə tutulan öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar qəbul edilib. Təşkilat 2021–2022-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisinə müdaxiləsi hallarına reaksiya verməyib. Halbuki Ermənistan hakimiyyəti müttəfiqlərinə yardım üçün müraciət etmişdi.
KTMT üzvləri isə hərəkətsizliklərini Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiya olunmaması səbəbindən müdaxilə faktını təsdiqləməyin “mümkün olmaması” ilə izah ediblər. Ermənistanın Baş naziri buna cavab olaraq bildirib: “Əgər Ermənistanla Azərbaycan arasında sərhədin olmadığını desək, deməli, KTMT də yoxdur. Çünki KTMT-nin sərhədlərlə müəyyən edilən məsuliyyət zonası var. Sərhəd yoxdursa, məsuliyyət zonası da yoxdur. Məsuliyyət zonası yoxdursa, təşkilat da yoxdur”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, qərar qəbul edilərkən Ermənistanın bir neçə ildir öz öhdəliklərini yerinə yetirməməsi nəzərə alınıb. O, xüsusilə üzvlük haqlarının ödənilməməsini nəzərdə tutub.
Təşkilatın nizamnaməsinə əsasən, Ermənistan mövcud borcunu ödədikdən sonra KTMT-dəki hüquqlarını bərpa edə bilər.
Rəsmi Yerevan hələlik KTMT-nin qərarına münasibət bildirməyib. Ola bilsin, Ermənistan hakimiyyəti bu məsələ ilə bağlı dəfələrlə səsləndirdiyi mövqeyi təkrarlamağı lüzumsuz hesab edib. Bir həftə əvvəl keçirdiyi brifinqdə Baş nazir Nikol Paşinyan belə demişdi: “İstəyirəm ki, birdəfəlik bunu təsbit edək: KTMT-yə marağımız tükənib”.
Lakin məqalə dərc olunana qədər təhlükəsizlik katibi Alen Simonyan şəxsi Facebook səhifəsində yazıb: “Bizi hamılıqla öldürəndə hamının ucadan susduğu yerdə bizi səs hüququndan məhrum etdilər”.
KTMT-yə üzv dövlətlərin liderlərinin qəbul etdiyi qərar nə ekspertlər, nə də ölkə sakinləri üçün gözlənilməz olub. Üstəlik, onların fikrincə, Yerevan səsvermə hüququndan məhrum edilməsini gözləməməli idi. Çoxları hesab edir ki, Ermənistan təşkilatdan çoxdan çıxmalı idi.
Siyasətçi, “Hayrenik” (“Vətən”) partiyasının keçmiş üzvü Babken Harutyunyan KTMT-ni “Azərbaycanpərəst struktur” kimi xarakterizə edib. O, fikrini müttəfiqlərin təşkilata üzv olan Ermənistanla “dost ölkə” adlandırdıqları Azərbaycan arasında bərabərlik işarəsi qoyması ilə əsaslandırıb.
“Təşkilat son addımı (KTMT-dən çıxmağı), son sözü Ermənistanın öz ixtiyarına buraxır. Yaxud, ola bilsin, ümid edir ki, hakimiyyətə onlara sərf edən (Rusiyapərəst) qüvvələr gələcək və Ermənistanı yenidən KTMT-nin ayaqları altına atacaqlar. Azərbaycanın Cermuku və Ermənistanın digər ərazilərini uzun illərdir işğal altında saxlamasından sonra Ermənistan KTMT-dən çıxmalıdır”, – deyə o hesab edir.

KTMT-nin Baş katibi: “Moskvadakı sammitdə Ermənistanın KTMT-dən çıxarılması məsələsi gündəmdə olmayıb”
KTMT-nin Baş katibi Taalatbek Masadıkov Ermənistanın təşkilatdan çıxarılması məsələsinin gündəmdə olmadığını vurğulayıb.
“Son üç ildə Ermənistan üzvlük haqlarını ödəməyib, KTMT Katibliyinə və Birləşmiş Qərargahına öz əməkdaşlarını göndərməyib. Yəni Ermənistan faktiki olaraq təşkilatda iştirak etsə də, […] müzakirələrə qatılmayıb. Ermənistan üzvlük haqlarını ödəsə, təşkilatda səsvermə hüququnu bərpa edə bilər. Qərar Ermənistan rəhbərliyindən asılıdır”.
Masadıkov daha əvvəl Ermənistanın mahiyyət etibarilə artıq təşkilatdan çıxdığını bildirmişdi:
“Onlar həftəlik hesabatları dinləyirlər, lakin əsas tədbirlərimizdə, təlimlərimizdə və digər fəaliyyətlərimizdə iştirak etmirlər. Buna görə də düşünürəm ki, burada məhz (KTMT Nizamnaməsinin) 25-ci maddəsi tətbiq olunur. Prinsipcə, onlar faktiki olaraq artıq özləri təşkilatdan çıxıblar”.
KTMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzv dövlət üzvlük haqlarını ödəmədikdə və ya müəyyən edilmiş kvotalar üzrə vəzifələri tutmadıqda səsvermə hüququndan məhrum edilir.
“Dərinləşən siyasi və diplomatik gərginliyin təzahürü”
“İslahatçılar” Partiyasının sədri Vaan Babayan KTMT-nin qərarını şərh edərkən bildirib ki, Yerevanın səsvermə hüququndan məhrum edilməsi heç də “texniki və ya maliyyə məsələsi” deyil:
“Bu, Ermənistanla KTMT arasındakı münasibətlərdə dərinləşən siyasi və diplomatik gərginliyin növbəti təzahürüdür”.
Onun fikrincə, bu cür qərarlar aşağıdakı nəticələrə gətirib çıxarır:
- “Ermənistan təşkilat daxilində qərarların qəbuluna təsir göstərmək imkanını itirir;
- Ermənistanla Rusiya arasında təhlükəsizlik və siyasət sahələrində qarşılıqlı etimadsızlıq artır”.
Babayan həmçinin xəbərdarlıq edir ki, Ermənistan hərbi blokun formal üzvü olaraq qalsa da, təşkilat daxilində institusional mövqeləri zəifləyir. Siyasətçi ölkənin təhlükəsizliyini təmin etmək üçün hakimiyyətdən sadəcə bəyanatlar deyil, ciddi və hərtərəfli düşünülmüş qiymətləndirmələr gözləyir:
“Bizə real təminatlar, aydın müttəfiqlik münasibətləri və milli maraqlara əsaslanan xarici siyasət lazımdır”.
Sosial şəbəkələrdən şərhlər
“KTMT yarandığı gündən Ermənistan səsini çıxarmağa cəsarət edən yeganə ölkə olub və buna görə də onu səsvermə hüququndan məhrum ediblər. Eynilə qədim yunan faciəsindəki kimi: bilmirsən, güləsən, yoxsa ağlayasan”.
“Onlar hələ də ümid edirlər ki, hakimiyyətə “Kaluqalı Samo” (həbs edilmiş rusiyalı iş adamı, müxalif “Güclü Ermənistan” partiyasına rəhbərlik edən Samvel Karapetyan) və ya onun kimisi gələcək. Onda da səsvermə hüququnu bərpa edəcəklər. Yoxsa çoxdan Ermənistanı təşkilatdan qovardılar”.
“Ermənistan bu axmaq KTMT və Aİİ (Rusiyanın rəhbərlik etdiyi iqtisadi blok) strukturlarından çoxdan çıxmalı idi. Ermənistanın gələcəkdə təhlükəsizliyinin yeganə təminatı Avropa İttifaqına və NATO-ya üzvlükdür”.
“Ermənistan özü getmək qərarına gəlib. Heç kim onu heç bir hüquqdan “məhrum etməyib”. Özünüzü xəyallarla aldatmayın”.
“Bizə heç səsvermə hüququ da lazım deyildi. Çətin günümüzdə bizə kömək etdilər, indi isə hüquqlarımızı əlimizdən alırlar? Buna dözmək necə də ağır olacaq. Onlar heç bizim dövlət sərhədimizi də tanımırlar”.
“Ümumiyyətlə, KTMT nədir ki? Faydasız, lazımsız Putin təşkilatı (KTMT abreviaturasının ermənicə başqa cür açılışı)? Mənasız “Putin kontoru” Ermənistandan üzvlük haqqı tələb edir. Amma Azərbaycanın müdaxiləsinə göz yumub”.
“Bizi ölü bir təşkilatda səsvermə hüququndan məhrum ediblər”.
“Ümumiyyətlə, buna görə narahat olmağa dəyərmi? Bu xain struktur indiyə qədər xəyanətdən başqa nə iş görüb?”
“Allaha şükür! Ermənistanın Sovet İttifaqından qalmış bu çürük tör-töküntü ilə heç bir əlaqəsinin qalmayacağı günü səbirsizliklə gözləyirəm”.
KTMT Ermənistanın səsvermə hüququnu aldı