“Süleyman camaatı işi”: Bakıdakı yataqxana və kursları məhkəmə predmetinə çevrilib
Süleyman camaatı işi
Bakıda “Süleyman camaatı” ilə əlaqələndirilən hazırlıq kursları və tələbə yataqxanalarında qeydiyyatsız dini tədris aparıldığı iddia olunur.
İş üzrə şahidlər aylıq 150 manat müqabilində qalacaq yer və gündə üç dəfə yeməklə yanaşı Quran və namaz dərslərinin də təşkil edildiyini deyirlər. Səid Mikayılovun işi üzrə məhkəmə prosesi davam edir.
Bəs “Süleyman camaatı” kimdir, Azərbaycan qanunları dini təhsil barədə nə deyir və bu işdə hələ hansı suallar cavabsızdır?
Nə baş verib?
Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyat-axtarış tədbirlərindən sonra özünü “Süleyman camaatının Bakı məntəqəsi üzrə rəhbəri” kimi təqdim etdiyi bildirilən Səid Mehman oğlu Mikayılov cinayət məsuliyyətinə cəlb olunub. Bir sıra başqa şəxslər barədə isə inzibati tədbirlər görülüb.
İşə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılır. Hökümətə yaxın “APA”nın yaydığı məhkəmə reportajına görə, istintaq hesab edir ki, Bakıda hazırlıq kursu, tələbə yataqxanası və uşaq bağçası kimi fəaliyyət göstərən məkanlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırılmadan, o cümlədən azyaşlılar cəlb edilməklə dini ayinlər keçirilib.
Mətbuatda yayılan məlumatda Mikayılova Cinayət Məcəlləsinin konkret hansı maddəsi ilə ittiham verildiyi, onun həbsdə olub-olmadığı və müdafiə tərəfinin mövqeyi açıqlanmır.
Növbəti məhkəmə iclasının sentyabrın 30-na təyin olunduğu bildirilir.
Şahidlər nə deyir?
Məhkəmədə dindirilən üç şahidin ifadələri müxtəlif ünvanlarda oxşar fəaliyyət modelinin qurulduğunu göstərir: ucuz yataqxana və qidalanma, dünyəvi fənlər üzrə hazırlıq, bununla paralel Quran, ərəb əlifbası və namaz qaydalarının tədrisi.
“Nəsimi” tələbə yataqxanasının keçmiş rəhbəri İbrahim Teymurov deyib ki, Türkiyədə “Süleyman camaatı” kursunda dini təhsil aldıqdan sonra Azərbaycana qayıdıb. Onun sözlərinə görə, əvvəl yataqxanada nəzarətçi və mühafizəçi işləyib, sonra həftədə iki-üç dəfə Quran dərsi keçib, daha sonra isə Səid Mikayılovun yerinə rəhbər təyin olunub.
Teymurovun ifadəsinə əsasən, hər tələbədən ayda 150 manat nağd pul alınıb, əvəzində yataq və gündə üç dəfə yemək verilib. O bildirib ki, əsasən regionlardan gələn aztəminatlı ailələrin övladları bu xidmətdən yararlanıblar. İstifadə olunan dini kitabların açıq satışına icazə verildiyini deyən şahid, eyni zamanda dini tədrisin heç bir qurumda qeydiyyata alınmadığını etiraf edib.
Digər şahid İsmayıl Sərvərli Bakıxanov qəsəbəsindəki tədris mərkəzinə rəhbərlik etdiyini söyləyib. Onun ifadəsinə görə, beş şagirdin qaldığı mərkəzdə ədəbiyyat, riyaziyyat və ingilis dili dərsləri də keçirilib. Lakin müəllimlərin çoxu əmək müqaviləsi olmadan işləyib. Sərvərli bunu vergi ödəməmək istəyi ilə izah edib. O, gəlirin xərcləri ödəmədiyi üçün girişdə nəzir qutusu qoyulduğunu da bildirib.
Binəqədidəki başqa yataqxananın keçmiş müdiri Elton Abdullayev isə burada təxminən 17-18 tələbənin qaldığını, onların da ayda 150 manat ödədiyini deyib. Onun sözlərinə görə, dini təhsili olan, lakin dini tədris üçün icazəsi olmayan müəllimlər tələbələrə ərəb əlifbası və Quran öyrədib, yataqxana sakinləri ilə birlikdə namaz qılıblar. Bu yataqxanada da xərcləri qarşılamaq üçün sədəqə qutusu qoyulduğu bildirilib.
“Süleyman camaatı” kimdir?
“Süleymançılar” və ya “Süleyman camaatı” adı Türkiyəli din xadimi Süleyman Hilmi Tunahanın tələbələri və davamçıları ilə bağlı dini şəbəkə üçün işlədilir. Tunahan Osmanlı dövrünün sonlarında dini təhsil alıb, Türkiyə Cümhuriyyətinin ilk onilliklərində isə Quran və dini elmlərin tədrisi ilə məşğul olub.
Türkiyə Diyanət Vəqfinin İslam Ensiklopediyasındakı bioqrafiyaya və 2024-cü ildə dərc edilmiş akademik araşdırmaya görə, hərəkatın əsas fəaliyyət istiqaməti Quran kursları və tələbə hazırlığı olub. Tunahanın 1959-cu ildə ölümündən sonra onun tələbələri bu işi kurslar, yataqxanalar, daha sonrakı dövrdə isə müxtəlif təhsil və sosial müəssisələr vasitəsilə davam etdiriblər.
Bu səbəbdən Bakı məhkəməsində təsvir olunan yataqxana tipli tədris modeli hərəkatın Türkiyədə tarixən istifadə etdiyi təşkilatlanma formasına bənzəyir. Ancaq bu oxşarlıq Azərbaycandakı ayrı-ayrı şəxslərin Türkiyədəki rəhbərlikdən birbaşa əmr və ya maliyyə almasını öz-özlüyündə sübut etmir. Açıq məhkəmə məlumatlarında belə bir əlaqəyə dair sənəd və ya maliyyə izi göstərilməyib.
Azərbaycan qanunları nə deyir?
Azərbaycan Konstitusiyasının 48-ci maddəsi hər kəsin vicdan azadlığını, dinə münasibətini sərbəst müəyyənləşdirmək və dini ayinləri fərdi və ya başqaları ilə birlikdə icra etmək hüququnu tanıyır. Eyni zamanda həmin hüququn ictimai qaydanı pozmayan və ictimai əxlaqa zidd olmayan çərçivədə həyata keçirilməsi nəzərdə tutulur. Konstitusiyanın 18-ci maddəsi isə dini dövlətdən ayırır və dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığını bildirir.
“Dini etiqad azadlığı haqqında” Qanunun 6-cı maddəsi vətəndaşların fərdi və ya başqaları ilə birlikdə dini öyrənə və dini təhsil ala biləcəyini deyir. Lakin formal dini təhsil müəssisəsinin yaradılması, eləcə də dini qurumların müqəddəs kitab kursları təşkil etməsi üçün ayrıca prosedur müəyyənləşdirir: dini təhsil müəssisəsini dini mərkəz müvafiq dövlət qurumu ilə razılaşdırmaqla yarada bilər. Müqəddəs kitab kursları isə dini qurumun nizamnaməsinə uyğun, tabe olduğu dini mərkəzin razılığı ilə təşkil olunmalı və bu barədə səlahiyyətli dövlət qurumuna məlumat verilməlidir.
Qanunun 6-1-ci maddəsinə görə, kütləvi dini ayinlər bir qayda olaraq ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Belə yerlərdən kənarda təşkil üçün dövlət qurumunun razılığı tələb olunur. Qanunun 21-ci maddəsi yataqxanalarda dini ibadətin orada yaşayan şəxslərin xahişi ilə keçirilə biləcəyini də nəzərdə tutur.
Beləliklə, işin hüquqi düyünü sadəcə insanların birlikdə Quran oxuması deyil. Məhkəmənin aydınlaşdırmalı olduğu əsas məsələ fəaliyyətin fərdi və könüllü dini praktika, yoxsa icazəsiz və sistemli dini tədris qurumu kimi təşkil olunmasıdır. Azyaşlıların iştirakı, məkanların rəsmi təyinatı, rəhbərlik və maliyyələşmə mexanizmi də bu qiymətləndirməyə təsir edə bilər.
Valideynlər uşaqlarını öz dini etiqadlarına uyğun tərbiyə edə bilərlər, amma qanun uşağı dinə etiqad etməyə məcbur etməyi qadağan edir və dini tərbiyənin onun fiziki və psixi sağlamlığına zərər vurmamasını tələb edir. Açıq mənbələrdə bu işdə azyaşlıların sayı, yaşları, valideyn razılığının olub-olmaması və konkret hansı ayinlərdə iştirak etdikləri açıqlanmayıb.
Xaricdə dini təhsil almaq da avtomatik olaraq qanun pozuntusu deyil. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2024-cü ildə bildirmişdi ki, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları müsahibədən keçərək rəsmi din xadimi təyin oluna bilərlər. Həmin tarixədək belə təhsili olan 19 nəfərin təyinat aldığı deyilirdi.
Türkiyədə paralel istintaq
Azərbaycandakı prosesdən bir neçə ay sonra Türkiyədə də camaatın rəhbərliyi ilə bağlı genişmiqyaslı istintaq aparılıb. Ankara Baş Prokurorluğunun “Alihan Kuriş liderliyində mənfəət məqsədli cinayət təşkilatı” kimi təqdim etdiyi iş üzrə saxlanılan 38 şübhəlidən 32-si, o cümlədən Alihan Kuriş 16 avqust 2026-cı ildə həbs edilib, altı nəfər barəsində isə ev dustaqlığı formasında məhkəmə nəzarəti seçilib.
Türkiyə mediasında istintaqın dələduzluq, vergidən yayınma və cinayət gəlirlərinin yuyulması iddialarını əhatə etdiyi bildirilir. Anadolu Agentliyinin məlumatına görə, axtarışlardan birində mənşəyi açıqlanmayan 200 kiloqram külçə qızıl da aşkarlanıb.
Hazırda açıq mənbələrdə Bakıdakı işlə Ankara istintaqı arasında prosessual və ya sübutlara əsaslanan birbaşa əlaqə göstərilmir. İki prosesi eyni dini şəbəkə barədə paralel araşdırmalar kimi təqdim etmək olar, amma onları vahid cinayət işi kimi qələmə vermək üçün əsas yoxdur.
Süleyman camaatı işi