Özəl, Kılıçdaroğlu və ya Ərdoğan: Türkiyədəki siyasi böhrandan ən çox kim faydalanıb?
Türkiyədə CHP böhranı
Ankara Bölgə Apellyasiya Məhkəməsinin (BAM) 21 may tarixli qərarı Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında (CHP) sadəcə lider dəyişikliyi ilə nəticələnməyib; qərar Türkiyədə müxalifətin gələcəyi, məhkəmə-siyasət münasibətləri və ölkənin regional siyasi istiqaməti ətrafında yeni siyasi böhran yaradıb.
Qərarın ardınca bazarlar silkələnib, CHP qərargahı günlərlə etiraz məkanına çevrilib, 24 mayda isə polis binaya girib.
Türkiye Cumhuriyeti’nin kurucu partisine, demokrasiye, millet iradesine, siyasal alana bu saldırıyı yapanlar ve aparatları er ya da geç millete hesap verecektir!
— Ali Mahir Başarır (@alimahir) May 24, 2026
Sonuna kadar mücadele edeceğiz! pic.twitter.com/GQAbzsEcCO
Məhkəmə qərarı niyə bu qədər sarsıdıcı olub?
21 mayda Ankara BAM-nin 36-cı Hüquq Dairəsi Özgür Özəlin Kamal Kılıçdaroğlunu məğlub edərək sədr seçildiyi CHP-nin 4-5 noyabr 2023-cü il 38-ci Ümumi Qurultayını “mutlak butlan”, yəni “tam etibarsız” elan edib.
Məhkəmə eyni xətt üzrə 6 aprel 2025-ci ildəki 21-ci Fövqəladə Qurultayın da hüquqi nəticələrini etibarsızlaşdırıb və 38-ci qurultaydan sonra qəbul edilən bütün qərarların keçərsiz sayıldığını bildirib.
Bunun nəticəsi kimi Özgür Özəl, İdarə Heyəti, Partiya Məclisi və Yüksək İntizam Komitəsi üzvləri müvəqqəti qaydada vəzifədən kənarlaşdırılıb. Kamal Kılıçdaroğlu və 2023-cü ilin noyabrınadək olan rəhbərlik isə qərar qəti qüvvəyə minənədək müvəqqəti bərpa olunub. Qərardan Ali Məhkəməyə kasasiya şikayəti verilməsinin mümkün olduğu bildirilir.
Bu, siyasi baxımdan ona görə şok effekti yaradıb ki, söhbət Türkiyənin 2024 yerli seçkilərində 37,77 faiz səs toplayaraq ölkə üzrə birinci partiyaya çevrilmiş ana müxalifətindən gedir. Elə 21 may günü qərardan sonra Türkiyənin əsas fond bazarı indeksi olan BIST 100-də kəskin eniş yaşanıb.
İndeksinin gün içində itkisi 6 faizi, bankçılıq indeksinin itkisi isə 8 faizi aşıb və ticarət müvəqqəti dayandırılıb. Beləliklə, bu böhran partiya daxilindən çıxaraq ölkənin siyasi sabitliyi və iqtisadiyyatı üçün risk kimi qiymətləndirilib.
Böhranın izi 2023 qurultayından bəri uzanır
Böhranın başlanğıcı 4-5 noyabr 2023-cü ildəki 38-ci Ümumi Qurultaya gedib çıxır. Həmin qurultayda Özgür Özəl Kemal Kılıçdaroğlunu məğlub edib və CHP-də 13 illik liderlik dövrü başa çatıb. Bundan sonra Lütfü Savaş və bəzi nümayəndələr qurultayda səsvermənin müxtəlif maddi təsirlər və pozuntularla müşayiət edildiyini iddia edərək məhkəməyə üz tutublar.
Paralel cinayət işində isə 2025-ci ilin iyununda 12 təqsirli bilinən şəxs “səsverməni manipulyasiya etməkdə” ittiham edilib; həmin sənəddə Kılıçdaroğlu “zərərçəkmiş”, Lütfü Savaş isə “şikayətçi” kimi göstərilib.
Özəlin komandası həmin riskə qarşı 6 aprel 2025-də 21-ci Fövqəladə Qurultayı çağırıb və özü yenidən sədr seçilib. CHP bunu mümkün əmanətdar (kayyum) senarisinin qarşısını almaq cəhdi kimi əsaslandırıb.
İlk instansiya məhkəməsi 24 oktyabr 2025-də 38-ci qurultayla bağlı əsas iddianı “mübahisə predmetinin qüvvədən düşməsi” səbəbi ilə qərarsız qoyub. 21-ci fövqəladə qurultaya dair birləşən iddiaların bir hissəsini isə aktiv-hüquqi maraq və məhkəməyə verilən şəxsin/hüquqi tərəfin həmin iş üzrə uyğun cavabdeh sayılmamasını əsas gətirərək, rədd edib. Amma BAM həmin qərarı ləğv edib və işə mahiyyət üzrə yenidən baxaraq, 21 maydakı “tam etibarsız” (“mutlak butlan”) qərarını çıxarıb.
“Mutlak butlan”ın hüquqi mənası həm də mübahisənin mərkəzi olub
Məhkəmə bildirib ki, əgər partiya daxilindəki seçki və qərarlar qanuna zidd şəkildə keçirilibsə, bu, artıq texniki səhv sayılmır və həmin qərarların hüquqi qüvvəsini şübhə altına alır.
Qərar mətnində Türkiyə Öhdəliklər Məcəlləsinin 27-ci maddəsinə – siyasi partiyalarda demokratiya və bərabərlik prinsiplərinə istinad edilib və xüsusən də qurultay nümayəndələrinin iradəsinin maddi mənfəət, vədlər və azad iradəyə müdaxilə ilə ələ alındığı qənaəti önə çıxarılıb.
Ancaq hüquqi sahədə tam konsensus yaranmayıb. Lexpera blogunda konstitusiya hüquqşünasları Şölə Özsoy Boyunsuz və Qorqud Qanadoğlu hələ 2025-ci ildə yazıblar ki, siyasi partiya qurultaylarındakı seçki mübahisələrinin əsas həlli seçki hüququ çərçivəsində olmalıdır, mülki məhkəmələr yox. Üstəlik, qurultay nümayəndələrinin rüşvət və ya vəd ilə yönləndirilməsi iddiaları ənənəvi “mutlak butlan” halları ilə eyniləşdirilməməlidir.
Onların arqumentinə görə, məhkəmə yolu ilə keçmiş sədrin geri “təyin” olunması siyasi təşkilatlanma azadlığını da zədələyə bilər. Deməli, məsələ təkcə siyasi yox, həm də ciddi hüquqi mübahisə olaraq qalır.
Mahkemenin mutlak butlan kararı sonrasında CHP Genel Merkezi’nin tahliyesi için polisin genel merkeze girdiği anlar pic.twitter.com/JKoYu7z4u7
— ANKA Haber Ajansı (@ankahabera) May 25, 2026
CHP daxilində iki legitimlik xətti toqquşub
Özgür Özəl və onun CHP rəhbərliyi qərarı dərhal rədd edib. Ankara İl Təşkilatı tərəfdarları baş qərargaha çağırıb, binada növbə başlanıb. Özəl əvvəlcə “bizi bu kürsüyə qurultay nümayəndələri oturdub, yalnız onlar endirə bilər” deyib, ardınca bunu “məhkəmə yolu ilə siyasətə müdaxilə” adlandırıb, daha sonra da binadan çıxarılsalar belə “iqtidar yürüşünü meydanlarda davam etdirəcəklərini” bildirib.
23 mayda qapalı fraksiya toplantısında isə o, 95 səs alaraq yenidən CHP-nin Türkiyə Böyük Millət Məclisindəki fraksiya rəhbəri seçilib; 15 deputat da üzrlü sayılaraq dəstək verib. Özəl özü 110 deputatın hansı mövqedə dayandığının göründüyünü vurğulayıb. Bu, məhkəmə legitimliyi ilə təşkilati legitimliyin ayrıldığını göstərib.
Kılıçdaroğlu isə tam başqa istiqamət formalaşdırıb. Kılıçdaroğlu ilk ictimai açıqlamasında bu qərarın parçalanma deyil, CHP ətrafında yenidən birləşmək üçün fürsət olduğunu bildirərək, tərəfləri sakitliyə və ortaq mövqeyə çağırıb. Daha sonra o, Özəlin parlament fraksiyasının rəhbəri seçilməsini təbrik edib və CHP-nin əsas prinsiplərinə, ənənəvi siyasi xəttinə qayıdışından danışıb.
Kılıçdaroğlu tərəfdarları üçün əsas arqument bu olub ki, “2023 qurultayına düşən ləkə” təmizlənmədən CHP-də yeni legitimlik qurmaq mümkün deyil. Özəl tərəfi üçün isə əsas arqument əksidir: qurultay nümayəndələrinin iradəsini məhkəmə ilə dəyişmək partiya daxilinə kənar müdaxilə deməkdir.
CHP'de 'mutlak butlan' kararı genel merkez binasının girişine asıldı. pic.twitter.com/cdU3rOYKPG
— Pusholder (@pusholder) May 25, 2026
Əsas qazanan kim oldu?
Qısa cavab belə olardı: hüquqi olaraq Kılıçdaroğlu qazanıb (ekspertlər Türkiyədə hüququ iqtidarın aləti adlandırırlar), siyasi-emosional enerji baxımından Özəl möhkəmlənib, strateji olaraq isə ən çox Ərdoğan fayda götürüb.
Kılıçdaroğlu qərarla ad, möhür və formal rəhbərlik üstünlüyü əldə edib. Amma Özəl tərəfi parlament fraksiyasının əhəmiyyətli hissəsini, partiya aparatını və küçədəki simvolik müqaviməti arxasına yığa bilib.
Bu baxımdan CHP-də faktiki olaraq iki legitimlik hekayəsi yaranıb: biri məhkəmə qərarına, digəri nümayəndə və kadr dəstəyinə söykənib.
Kemal Kılıçdaroğlu için genel merkez binası tahliye edildikten sonra genç bir CHP’li kadın, hem ağladı hem söylenen marşa eşlik etti pic.twitter.com/D4bmRkFMv0
— Ali Deniz Çakır (@alidenizcakir) May 25, 2026
Bəs, niyə ən çox fayda götürən Ərdoğan olub?
Aşkar mənzərə budur ki, hazırda Kılıçdaroğlu AKP iqtidarına və şəxsən Ərdoğana daha faydalı fiqurdur. Səbəb isə sadədir: Özgür Özəl CHP-ni 2024 yerli seçkilərində birinci partiyaya çevirən lider kimi artıq real təhlükə siqnalı verirdi. Üstəlik, bu seçkilər uzun onilliklərdən sonra CHP-nin üstünlük qazandığı ilk seçki idi. Kılıçdaroğlu isə 13 illik rəhbərliyi boyu milli səviyyədə seçki qazana bilməməyi ilə yadda qalmışdı.
Həmçinin, onun məhkəmə qərarı ilə qayıdışı CHP-də daxili parçalanma riskini böyüdüb və anti-Ərdoğan cəbhəsini zəiflədib.
Hökumət düşərgəsinin reaksiyası da bunu dolayısı ilə təsdiqləyir. Ədliyyə naziri Akın Gürlek qərarı qurultay nümayəndələri iradəsinin qorunması kimi müdafiə edib və Ali Məhkəmə yolunun açıq qaldığını deyib.
AKP-nin sədr müavini Efkan Ala isə CHP-nin məhkəmədə və partiya daxilində itirdiyini AKP-də axtarmamasını söyləyib.
MHP lideri Dövlət Bağçalı isə qərardan əvvəl CHP-nin daxildə qarışdırılmasına və parçalanmasına yol verilməməsini arzuladığını deyib.
Bütün bunlar iqtidar blokunun bir tərəfdən qərarı leqallaşdırmağa, o biri tərəfdən isə siyasi məsafə görüntüsü yaratmağa çalışdığını göstərir.
HAİN KEMAL ! pic.twitter.com/yxZXP9rK5n
— Tuğçe Çalık Karademir (@avtugcecalik) May 24, 2026
İndi gözlər Ali Məhkəməyə yönəlib
24 mayda böhran yeni mərhələyə keçib. Kılıçdaroğlunun vəkili Celal Çelik polisə binanın boşaldılması üçün müraciət edib, Ankara valiliyi bunu təsdiqləyib. Bunun davamında polis CHP baş qərargahına girib, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Jurnalistlər binadan çıxarılıb və ciddi dağıntı yaranıb.
Özgür Özəl binadan çıxarkən geri dönəcəklərini bildirib və tərəfdarları ilə parlamentə doğru yürüyüşə başlayıb.
Buradan sonrakı mərhələ Ali Məhkəmənin baxacağı kasasiya şikayətidir. Əgər yuxarı instansiya qərarı ləğv edərsə, Özəlin təşkilati üstünlüyü yenidən hüquqi üstünlüyə çevrilə bilər. Əgər qərar qüvvədə qalarsa (müşahidəçilərin təxmini bu yöndədir), CHP üçün ən real yumşaq çıxış yolu sürətli yeni qurultay və legitimliyin yenidən seçki ilə təsdiqi kimi görünür.
Əks halda partiya aylarla paralel rəhbərlik, qarşılıqlı ittiham və küçə və məhkəmə gərginliyi içində qala bilər. Bu senaridə isə 2028-ə gedən yolda Türkiyənin əsas müxalifətinin enerjisi iqtidarla rəqabətə yox, öz daxilinə sərf olunacaq. Bundan da ən böyük siyasi dividendi yenə Ərdoğan götürmüş olur.
Özgür Özel "Hain Kemal" sloganları eşliğinde meclise yürüyor. pic.twitter.com/jPnnwnqoHU
— Ali Deniz Çakır (@alidenizcakir) May 24, 2026
Türkiyədə CHP böhranı