Hakimiyyət, müharibə və müxalifət: Heydər Əliyev 1990-cı illərin böhranını necə izah edirdi?
Heydər Əliyevin gözündə 90-cı illər
1990-1993-cü illər Azərbaycanın müasir tarixində ən ziddiyyətli və taleyüklü dövrlərdən biri hesab olunur.
SSRİ-nin süqutu, Qarabağ müharibəsinin genişlənməsi, hakimiyyət uğrunda mübarizə və siyasi böhran ölkənin gələcək siyasi sistemini müəyyənləşdirdi. Həmin dövrün əsas fiqurlarından biri isə Heydər Əliyev idi.
Heydər Əliyev 1923-cü il may ayının 10-da dünyaya göz açıb. O, Azərbaycanın dövlət xadimi, Sovet İttifaqı dövründə və müstəqillik illərində ölkəyə rəhbərlik etmiş əsas siyasi liderlərdən biri idi.
1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin olunaraq respublikaya rəhbərlik etməyə başlayıb. Bu vəzifədə 1982-ci ilə qədər çalışıb. Daha sonra Moskvaya dəvət olunaraq SSRİ Nazirlər Sovetinin birinci müavini olub və 1987-ci ilə qədər bu vəzifəni icra edib.
Sovet İttifaqının dağılmasından sonra 1993-cü ildə AXC höküməti ona təhvil verdikdən sonra Azərbaycanda prezident kimi fəaliyyət göstərməyə başlayıb və 2003-cü ilə qədər bu vəzifədə qalıb.
O, 2003-cü ilin dekabrın 12-də Bakıda dəfn edilib. Onun prezidentlik dövründən sonra 2003-cü ilin 16 oktyabrından Azərbaycana oğlu İlham Əliyev rəhbərlik edir.
Məqalə Bakı Araşdırmalar İnstitutunun (BAİ) “Azərbaycanın müasir tarixi siyasətçilərin şərhində: Heydər Əliyev” araşdırması əsasında hazırlanıb.
BAİ-nin Tarix Tədqiqatları Qrupunun araşdırmasına əsasən, Əliyevin çıxışları və müsahibələri onun həmin illərdə baş verən prosesləri necə şərh etdiyini anlamaq üçün mühüm mənbə hesab oluna bilər.
Qeyd olunur ki, Heydər Əliyev öz siyasi fəaliyyəti haqqında memuar yazmasa da, onun 38 cildlik “Müstəqilliyimiz əbədidir” külliyyatında toplanmış çıxışları, bəyanatları və müsahibələri 1990-1993-cü illərə baxışını ortaya qoyur.
1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılan Əliyev uzun müddət Moskvada siyasi təcrid vəziyyətində qaldığını bildirirdi. O, 1990-cı ilin yanvar hadisələrindən sonra Azərbaycana qayıtmasına maneələr yaradıldığını iddia edirdi. Bununla belə, rəsmi sənədlər onun ölkəyə girişinə qadağa qoyulmadığını göstərir. Həmin dövrdə Azərbaycan rəhbərliyi onun siyasi ambisiyalarından ehtiyat edir və prezidentliyə yaş məhdudiyyəti tətbiq etməklə Əliyevin namizədliyini mümkünsüz edirdi.
1990-cı ildə Naxçıvandan deputat seçilən Əliyev bir il sonra Naxçıvan Ali Sovetinin sədri oldu. O, Naxçıvandakı fəaliyyəti dövrünü “üç illik sürgün” adlandırırdı. Çıxışlarında bölgədə elektrik və qaz çatışmazlığından, əhalinin qışda donmamaq üçün meşələrin 70 faizini qırdığından danışırdı. Əliyev bu vəziyyətə görə AXC hakimiyyətini günahlandırır, blokadanın məqsədli şəkildə saxlanıldığını iddia edirdi.
Araşdırmada qeyd edilir ki, Əliyev Türkiyə Prezidenti Süleyman Dəmirəlin Naxçıvana 100 milyon dollar kredit ayırdığını, İran Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin də yardım göstərdiyini vurğulayırdı. O, ən böyük uğurlarından biri kimi Ermənistan Prezidenti Levon Ter-Petrosyanla Naxçıvana hücum edilməməsi barədə razılaşmanı göstərirdi.
1993-cü ildə ölkədəki siyasi böhran Əliyevin hakimiyyətə qayıdışını sürətləndirdi. Qarabağ müharibəsində məğlubiyyətlər, Surət Hüseynovla AXC hökuməti arasında qarşıdurma və Talış bölgəsində Əlikram Hümbətovun separatçı çıxışı vəziyyəti daha da gərginləşdirmişdi.
Əliyev çıxışlarında AXC hakimiyyətini siyasi təcrübəsizlikdə ittiham edir, dövlət idarəçiliyini “eksperiment” adlandırırdı. Onun fikrincə, Elçibəy prezident seçildikdən sonra AXC rəhbərliyindən ayrılmalı idi. Əliyev deyirdi ki, hakimiyyətə gələn şəxslər “dövlətin nə olduğunu anlamırdılar” və nəticədə korrupsiya və idarəçilik böhranı yaranmışdı.
Maraqlıdır ki, 15 iyun 1993-cü ildə parlamentdə etdiyi ilk çıxışında Əliyev AXC hökumətinin bazar iqtisadiyyatı və müstəqillik siyasətini müsbət qiymətləndirmişdi. Lakin cəmi iki həftə sonra Rusiya televiziyasına müsahibəsində Elçibəyi sərt şəkildə tənqid edir, onu ölkəni idarə edə bilməməkdə günahlandırırdı.
BAİ-nin araşdırmasına görə, Əliyevin siyasi baxışlarında əsas xətt güclü prezident idarəçiliyi ideyası idi. O, parlament sistemini Azərbaycan üçün təhlükəli hesab edir, bunu siyasi intriqalar və xaos mənbəyi kimi təqdim edirdi. Əliyevin fikrincə, Azərbaycan cəmiyyəti demokratik parlamentarizm üçün hazır deyildi və dövlətin güclü qalması üçün hakimiyyət bir mərkəzdə cəmlənməli idi.
Qarabağ müharibəsi məsələsində Əliyev AXC hakimiyyətini nizami ordu qurmamaqda, silahlı dəstələri nəzarətsiz buraxmaqda və bəzi ərazilərin “qəsdən təhvil verilməsində” ittiham edirdi. O, fərarilik problemini dəfələrlə qabardır, gəncləri orduya çağırırdı. Eyni zamanda, orduda korrupsiya və özbaşınalığın geniş yayıldığını bildirirdi.
Araşdırmanın müəllifləri qeyd edir ki, Əliyev çıxışlarında demokratiya və azadlığa dəstək verdiyini desə də, siyasi opponentlərinə münasibətdə fərqli yanaşma sərgiləyirdi. O, müxalifət və iqtidar arasındakı mübarizəni əsasən “vəzifə uğrunda savaş” kimi təqdim edir, müstəqil medianın maliyyə mənbələrini şübhə altına alırdı.
1993-cü ilin sonuna doğru Əliyev hakimiyyəti tam şəkildə nəzarətə götürdü və AXC nümayəndələri dövlət strukturlarından uzaqlaşdırıldı. Onların yerinə əsasən keçmiş sovet nomenklaturası təyin edildi.
BAİ-nin araşdırmasının nəticəsinə görə, bu dövr Azərbaycanın qısa demokratik təcrübəsinin sona çatdığı və ölkənin yenidən mərkəzləşdirilmiş idarəetmə modelinə qayıtdığı mərhələ oldu.
Heydər Əliyevin gözündə 90-cı illər