"Meydan TV" məhkəməsi: Heydər Əliyevin adı çəkilərkən hakim müdaxilə edib
Meydan TV
Aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən “Meydan TV işi” üzrə növbəti məhkəmə prosesində təqsirləndirilənlərin sərbəst ifadələri dinlənilib.
Proses başlayarkən hakim Natiq Cavadlıya sərbəst ifadəsini səsləndirmək üçün müraciət edib.
Vəkillər etiraz edərək bildiriblər ki, sərbəst ifadələrdən öncə onlar vəsatətlərlə çıxış etmək istəyirlər.
Onların bu etirazı təmin olunmayıb.
Heydər Əliyevin adı çəkilərkən hakim müdaxilə edir
Natiq Cavadlının çıxışından bəzi hissələri təqdim edirik:
“İlk öncə yalan haqqında haşiyə. Biz bir cəmiyyət olaraq yalan haqqında nə düşünmüşük, nə də diskurs, müzakirə açmışıq. Əlbəttə, ayrı-ayrı şəxslər cəhd göstərib, ancaq bu, ardıcıl müzakirə mövzusuna çevrilə bilməyib. Ona görə də Azərbaycanda ictimai rəy, qınaq yaranmayıb.
Sufilər deyirdilər ki, yalan elə bir şeydir ki, arxasınca digər şərəfsizlikləri gətirir və bu şərəfsizliklər cəmiyyətin (obrazlı desək) boğazında tıxac yaradır. Məsələn, yaltaqlıq, riyakarlıq, yaxud qəddarlıq, xəyanət.
Roma imperatoru Neronun qəddarlığı – Romanı yandırdı. Tamaşa düzəldirdi, özü də baş rolda, nəhayət, anasının qatilinə çevrilirdi, hamısı yalandan doğurdu, hakimiyyətdə qalmaq üçün yalan…
2023-cü ildə İctimai TV H.Əliyev haqqında sənədli serial çəkilmişdi. Serial yalan və təriflə dolu idi. O zaman dəyərli tarixçimiz Cəmil Həsənli ilə söhbət zamanı o, dedi ki, H.Əliyevin siyasi fəaliyyətində elə müsbət məqamlar var ki, sadəcə, bu adamlar onu axtarmırlar, yaxud istəmirlər. Həbsdə olarkən bu barədə düşündükcə, bir məqama toxundum: yalandan törəyən riyakarlıq və yaltaqlıq”.
Bu zaman hakim Aytən Əliyeva Natiq Cəfərlinin sözünü kəsərək onun çıxışının ittihamın mahiyyəti üzrə olmadığını bildirib. Natiq Cavadlı buna etiraz edib.
“Elə mahiyyəti üzrə danışır”, – Aytac Tapdıq da hakimlərə etiraz edərək deyib.
Daha sonra Natiq Cavadlı çıxışına davam edib.
Xəbəriniz varmı ki, sabiq dövlət başçısı siyasi riyakarlığa görə vəzifədən adam çıxarıb? 1995-ci il, səhv etmirəmsə, dövlət müşaviri Qabil Hüseynlinin vəzifədən azad olunması haqqında sərəncamda “siyasi riyakarlıq” ifadəsi yer almışdı. Yaxud 1999-da Zəngilan rayon icra başçısı yaltaqlığa görə vəzifədən azad olundu. Sərəncamda bu ifadə yer almışdı.
Hətta PA-nın rəhbəri R.Mehdiyev “Azərbaycan” qəzetində sərəncamı belə şərh etmişdi. Səbəb isə icra başçısının ürək əməliyyatı keçirən Əliyevə öz ürəyini verməyə hazır olması barədə məqaləsi idi – elə “Azərbaycan” qəzetində.
Yaltaqlıq haqqında başqa bir fakt, 1993-cü ilin, səhv etmirəmsə, yay ayları idi, “Azərbaycan” qəzetində adını çəkməyəcəyim şairin (çünki həyatda yoxdur) H.Əliyevə yaltaqlıqla dolu şeiri dərc olunmuşdu. Rəsmi qəzetdə şeirin dərci nadir hallarda olur, özü də yaltaqlıq. Ədəbiyyatda yalnız qadınları belə vəsf edirlər, ancaq Azərbaycan yaltaq ədəbiyyatında bunun da şahidi olduq.
Bunları niyə xatırlatdım? Azərbaycanda zamanında yalan haqda müzakirələr açılsaydı, ictimai qınaq yaranardı və sadaladıqlarım olmazdı. Ümumiyyətlə hökümətyönlü mediada da bizim barəmizdə yalanlar uydurulmazdı. Baxın, “Meydan TV”-nin öz üzərinə götürdüyü yalan məlumat yaymamaq, cəmiyyətə doğru xəbər çatdırmaq idi.
“YAP-ın adını Sirus Təbrizli qoymuşdu, sonra onu “simasız quldurlar partiyası” adlandırdı”
Dövlət ittihamçısı Ergin Qafarovun ittiham aktındakı uydurmaları səsləndirməsi mənə 2025-ci ilin 20 sentyabr tarixində Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun “sizi şübhə əsasında həbs ediblər” sözlərini xatırlatdı.
Hakimə Cinayət Prosessual Məcəlləsinin 21-ci (təqsirsizlik prezumpsiyası) maddəsini xatırladanda aydın cavab vermək əvəzinə, orta məktəb şagirdi kimi, gözlərini döydü. Hətta vəkilim Zibeydə Sadıqova da dedi ki, “siz BDU-nun müəllimisiniz, söylədiklərinizin mənasını başa düşürsünüzmü? Sabah tələbələrin qarşısına çıxacaqsınız”. Yenə də cavab vermədi.
Yoldaş Qafarov çıxışı boyu “qeydiyyatdan keçməyən, qanunsuz media orqanı “Meydan TV”” sözlərini tez-tez təkrarlayır. Əvvəla, “Meydan TV” xarici media orqanıdır, ona görə burada qeydiyyatdan keçə bilməz. Ümumiyyətlə, Azərbaycanda media orqanlarının dövlət qeydiyyatından keçməsi Sirus Təbrizlinin rəhbərlik etdiyi Mətbuat Nazirliyi ləğv olunanda aradan qaldırıldı.
Siz Sirus Təbrizlini tanıyırsınızmı? Sabiq dövlət başçısı Heydər Əliyev YAP-ın binasının açılışında qırmızı lenti kəsəndə həmin lenti ona vermişdi. Çünki partiyanın adını Sirus Təbrizli qoymuşdu. Amma sonra Sirus Təbrizli deputat olanda Milli Məclisdə YAP-ı “simasız quldurlar partiyası” adlandırdı və nəhayət, partiya onun adını qoyan adamı üzvlükdən xaric etdi.
Bütün bunlar analoqu olmayan Azərbaycan gerçəkliklərindən biridir. Yazıçılar və tarixçilər üçün hekayə və salnamə mövzusudur. Yazmasalar, yaradıcılıqları çox solğun və mənasız görünəcək.
Cinayət işinin materiallarının dilinin bərbad olması barədə həmkarım Şəmşad Ağa ötən iclaslarda əhatəli danışdı. Mən bir neçə faktı əlavə edəcəm.
Həbsim haqda qərarda bir cümlə 41 sətirdən ibarətdir. Ondan bir gün sonra 9 dekabr 2024-cü ildə müstəntiq Samir İsmayılov 48 sətirlik cümlədə 11 dəfə “bildirməsi” sözünü işlədib. Bərəkallah dil müəlliminə. Yaxşı olardı ki, Vilayət Eyvazov bu cinayət işinə görə müstəntiqlərinə rütbə verməmişdən əvvəl dil müəllimi tutardı.
Bu zaman Şəmşad Ağa replika edərək deyib ki, o, pulsuz müəllimlik edə bilər.
Daha sonra Natiq Cavadlı çıxışına davam edib.
“Bu işə görə maaş alıblar, mükafatlandırılıblar, amma ortaya qoyduqları işə “2” qiyməti də düşmür. Təkcə dil üslubundakı qayda pozuntuları göz deşir.
“Onda dedim ki, Ramiz Mehdiyev dahi filosofdursa, Platon, Sokrat, Asif Ata kimdir?”
Tarixin dəyirmanı ləng üyüdür, amma fırlanır. Təəssüf ki, dahi adlandırılanlar bunu anlamadılar. Onlardan biri haqqında danışmalıyam. Ona görə yox ki, onun haqqında bu gün danışmaq asandır. Xeyr, Heydər Əliyev ordenli Ramiz Mehdiyev haqqında mən onun qılıncının dalı-qabağı kəsən vaxtlarda da danışırdım, onun dövlət xadimi və filosof kimi bir heç olduğunu deyirdim”.
Ramiz Mehdiyevin adı çəkilərkən hakim, Natiq Cavadlıya yenidən xəbərdarlıq edərək “mahiyyəti üzrə danışın” deyib.
Natiq Cavadlı çıxışına davam edib.
“Bu, o zaman idi ki, Qafqazın ən tirajlı qəzeti akademikə yubiley münasibətilə gül buketi göndərirdi.
2007-ci il aprelin 17-də “Gündəlik Azərbaycan” qəzetində işləyirdim. Qəzetin baş redaktoru Eynulla Fətullayevin məhkəməsi gedirdi. Məhkəmə onun haqqında azadlıqdan məhrumetmə hökmü çıxaracaqdı. Qəzetin sosial şöbəsinin rəhbəri olan Aynur Elgünəş yəqin ki, o günü xatırlayar.
Günün birinci yarısında Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanovadan müsahibə alırdım. Müsahibənin son hissəsində Ramiz Mehdiyevlə bağlı mübahisəmiz yarandı. Mən Prezident Administrasiyasının rəhbərini Brejnev partnomenklaturasının sonuncu qalığı saydığımı dedim, Aslanova böyük dövlət xadimi adlandırdı. Əlavə etdi ki, dahi filosofdur. Onda dedim ki, Ramiz Mehdiyev dahi filosofdursa, Platon, Sokrat, Asif Ata kimdir? Rəbiyyət Aslanovanın beyni xəta versə də, sonra yenə dediyini təkrarladı. İndi hardadır Rəbiyyət Aslanova?
Bugünlərdə Ramiz Mehdiyevin Elmlər Akademiyasından çıxarılmasına səs verdi. Mən həmin iclasdan reportaja “İctimai TV”-də baxdım. İclasda Ramiz Mehdiyevin kitablarını yazan qrupun rəhbərini gördüm. Adam necə də rahat idi, çünki sicilləmələri yazmaqdan canı qurtarmışdı.
Bunları niyə xatırladıram? Adam dövlət çevrilişi və digər ağır ittihamlarla azadlıqdadır, biz isə həbsdə. Deyirlər, yaşlıdır. O zaman 2005-ci ildə onunla həmyaşıd olan Eldar Salayevi niyə həbs eləmişdilər?
…
Haradadır “Sputnik Azərbaycan”ın baş redaktorunu kəşfiyyatçı-agent adlandıranlar?” Yaxud “Sputnik Azərbaycan” saytının baş redaktoru həbs olundu, ağır maddələrlə ittiham elan edildi. Hətta hökumətaltı media onu kəşfiyyatçı-agent elan etmişdi. Amma Əliyevlə Putin Düşənbədə görüşəndən sonra onu buraxdılar, çıxıb getdi. Hətta onun ölkədən çıxışına qadağaya da məhəl qoyulmadı.
Hardadır “Sputnik Azərbaycan”ın baş redaktorunu kəşfiyyatçı-agent adlandıranlar? Niyə susurlar? Niyə Azərbaycanın müstəqil xarici siyasətindən danışmırlar? Belə media, belə jurnalistika olmur. Ona görə alternativ media lazımdır ki, bunları desin, yazsın. İndi bunları yazanlar həbsdədir”.
Natiq Cavadlının sərbəst ifadəsi başa çatdıqdan sonra hakim suallar ünvanlaması üçün dövlət ittihamçısı Ergin Qafarova söz verib. Cavadlı dövlət ittihamçısının heç bir sualını cavablandırmayacağını bildirib. Daha sonra Ergin Qafarov 20-dən artıq sual səsləndirib.
Bu suallar “Meydan TV media portalının fəaliyyətində iştirak etmisinizmi?”, “Hansı istiqamətlər üzrə fəaliyyət göstərmisiniz?”, “Hər hansı pul vəsaiti almısınızmı?”, “Təqsirləndirilən şəxslərdən kimi tanıyırsınız və onlar Meydan TV-nin fəaliyyətində iştirak ediblərmi?”, “Meydan TV media reyestrindən keçmişdimi?”, “Siz özünüz media reyestrindən keçmişdinizmi və sizə müvafiq jurnalist vəsiqəsi verilmişdimi?”, “Demokratiya Uğrunda Assosiasiya və digər təşkilatlarla əlaqəniz varmı?”, “Signal şifrələnmiş mesajlaşma tətbiqindən istifadə edirdinizmi?” yönündə olub. Mülki iddiaçı isə Cavadlıya sualı olmadığını bildirib.
Digər yandan, jurnalist Nurlan Libre məhbusları məhkəmə zalında müşayiət edən bir konvoy əməkdaşının vəkil Rövşanə Rəhimlinin masasındakı sənədlərin gizlicə fotosunu çəkdiyini bildirib. Bununla bağlı zalda səs-küy yaranıb. Konvoy əməkdaşı telefonunda foto olmadığını bildirərək arxa sıralara keçib.
“İlham Əliyev azad mətbuat görmək istəmir deyə biz həbs olunmuşuq”
Vəkil Nazim Musayev Natiq Cavadlıya sual ünvanlayarkən bildirib ki, dövlət ittihamçısı işin mahiyyəti üzrə yox, ancaq “Meydan TV” ilə bağlı suallar verib:
“Bu səbəbdən mən soruşmaq istəyirəm ki, həbsinizi nə ilə əlaqələndirirsiniz?”
“Bizi ona görə tutublar ki, Azərbaycan hakimiyyəti, şəxsən İlham Əliyev azad mətbuat görmək istəmir”, – Cavadlı cavabında bildirib.
Vəkil növbəti sualında dövlət ittihamçısının adını çəkdiyi təşkilatların kriminalla bir əlaqəsinin olub-olmamasını soruşub. Cavadlı “yoxdur” deyə qarşılıq verib. Vəkil replika edərək deyib ki, “belə başa düşürəm təşkilatların adlarındakı demokratiya sözüdür problem”.
Bu zaman hakim müdaxilə edib.
“Deyəsən, ağlınız qalıb bayaq çəkdiyiniz fotolarda”, – Aytac Tapdıq hakimlərə deyib.
Vəkil Azər Rəsulovun suallarına cavabda Natiq Cavadlı bildirib ki, 30 ildir Azərbaycanın ən yaxşı medialarında işləyib və həmişə hökumət nümayəndələrindən müsahibələr alıb, bütün qapılar üzünə açıq olub.
“Bizim işimiz siyasi fəaliyyət olmayıb, amma hazırda biz siyasi məhbusuq. Biz jurnalist olmuşuq. Biz “Meydan TV”-yik, dəstə deyilik”, – Cavadlı qeyd edib.
Vəkil Cavad Cavadovun sualı isə Natiq Cavadlının indiki həbsindən öncə hansısa cinayət işinə cəlb olunması ilə bağlı olub. Cavadlı 2015-ci ildə “Meydan TV”-yə açılmış cinayət işinə cəlb olunduğunu və həmin ildən 2019-cu ilədək ölkədən çıxışına 4 il qadağa qoyulduğunu bildirib.
“Bununla bağlı Avropa Məhkəməsinə göndərdiyim şikayət təmin olunub və Azərbaycan hökuməti mənə təzminat da ödəyib”.
Sual vermək sırası təqsirləndirilən şəxslərə gəldikdə Aytac Tapdıq soruşub:
“Natiq bəy, həmişə sizdən “necəsiniz?” soruşduqda cavabınızda “Azərbaycan kimiyəm” deyirdiniz. Bəs indi bu suala necə cavab verərsiniz?”.
“İndi Azərbaycanın sifarişli məhkəmələri kimiyəm”, – Cavadlı cavabında deyib.
Hakimin “Meydan TV-dən pul alırdınızmı?” sualını cavablayarkən Natiq Cavadlı pul almadığını, kitablar redaktə edərək dolanışığını təmin etdiyini söyləyib.
Hakimin niyə “Meydan TV”-ni seçməsi ilə bağlı sualına isə o, “Mənə orada yaratmağa imkan veriblər, yazmaq azadlığımı qamçılamayıblar” deyə qarşılıq verib.
“Ölkəmdə Azərbaycan insanının həyatı devalvasiyaya uğrayıb”
Daha Sonra Ramin Deko sərbəst ifadəsini səsləndirmək üçün kürsüyə gəlib.
“Mən cavan bir ölkənin qoca bir vətəndaşıyam. Mənim ölkəmdə insan vaxtından tez qocalır: beli bükülür, təzyiqi düşür, şəkəri qalxır və günlərin bir günü ürək tutmasından vəfat edir.
Mənim ölkəmdə hər şey var: neft, qaz, gözəl parklar, füsunkar binalar, qeyri-adi səkilər, cadar-cadar olmuş yollar, hər kənddə, hər qəsəbədə yağışdan sonra Yaponiyadakı adaların sayı qədər əmələ gələn nohurlar. Saymaqla bitməz.
Mənim ölkəm həm təbii, həm də süni şəkildə yaradılmış Venesiyadır. Mənim ölkəmdə hər şeyin qiyməti, özü də rüblük qalxır: neftin, qazın, gözoxşayan evlərin, qəbir daşlarının, siqaretin, ərzağın – və yenə saymaqla bitməz.
Mənim ölkəmdə hətta qatığın belə qiyməti qalxır. Qiyməti qalxmayan, dəyəri olmayan yalnız Azərbaycan insanıdır! Bəli, Azərbaycan insanının həyatı devalvasiyaya uğrayıb. Həyatını hər ötən gün kreditlə faiz şəklində ödəyir. Böyük yazıçı və ədəbi dələduz olan Markez “Tənhalıqda yüz il” əsərində bir nəsilin, bir kəndin yaddaşının itməsindən yazır. Burada nəsil yaddaş pozğunluğu ilə üz-üzə qalır. Hər şeyi unutmağa başlayırlar. Çıxış yolunu divarlara, daşlara, yazılması mümkün olan hər yerə bir əşyanın adını qeyd etməkdə görürlər. Beyinlərindən silinənləri divarlardan qeydlərlə göz yaddaşlarına həkk edirlər.
Bir nəfər divara “çörək” və “Allah” sözünü yazır. Eynən Azərbaycan insanının hər gün imtahana çəkildiyi çörək və imdad dilədiyi Allah! Azərbaycan insanını çörəklə sınağa çəkənlər öz Allahını unudanlardır və bu adamlar nə daşlara, nə də beyinlərinin bir küncünə “Allah” sözünü həkk ediblər.
Mənim ölkəmdə həm də unudulan ədalətdir. Məhkəmə salonlarında qızılı rəngdə yazılmış “ədalət” sözü haqqında aforizmlər hələ də bir mifdir. Dəniz Gəzmişin məhkəmədə ədalət yazısına güldüyü bir dünyanın bucağına sıxılmış və unudulmuş insanlarıq. “Qiyamət gününü gözləməyin, o hər gün baş verir” – deyən Albert Kamyu bu gün sağ olsaydı “Sizif əməyi” essesindən imtina edər, “Azərbaycan insanı” adlı bir əsər yazardı. Onun Sizifi də, Plutonu da, Merkürisi də elə bizik!
“İnsan” dramını yazan Səməd Vurğunun adına küçədə bərqərar olan Bakı Ağır Cinayətlər Məhkəməsinin gözəl və abad salonlarında elə gözəl və abadlı hökmlər oxunur. Ona görə burada Roma məhkəmələrinin binaları ətrafında qanad çalan ağ göyərçinlər yoxdur. Bir el məsəlində deyildiyi kimi: pambıqla baş kəsilir. Bu kəsilən başların bir dəyəri olmasa da, cəlladların nüfuzu və qüdrəti hər baş üçün hər dəfə yenilənir.
Bəli, biz bu ölkənin “Tatar çölü”ndəki Covanni Droqolarıyıq. Hər sabah yaxşı günün gələcəyi ümidi ilə oyanıb, axşama bir tikə çörək qazanmaq üçün Allahdan imdad istəyənlərik”.
Ramin Dekonun ifadəsi başa çatdıqdan sonra dövlət ittihamçısı ona suallar ünvanlamaq istəyib. Deko sualları cavablandırmayacağını bildirib.
Hakim yenə də sualları səsləndirməsi üçün dövlət ittihamçısına söz verib. Səsləndirilən suallar Natiq Cavadlıya ünvanlanan sualların eynisi olub.
“Jurnalsitlərin həbsi 10 ildə 1 təkrarlanan dalğadır”
Vəkil Azər Rəsulov soruşub ki, o saxlanılarkən aparılan əməliyyat-baxış yerindəcə protokollaşdırılıbmı?
Ramin Deko əməliyyat-baxış zamanı video çəkiliş aparıldığını, lakin protokollaşdırmanın yerində aparılmadığını, onun evinə gedildikdən sonra aparıldığını bildirib.
Vəkilin digər sualı onun həbsini nə ilə əlaqələndirməsi ilə bağlı olub.
“Ümumiyyətlə Azərbaycanda fəaliyyətdə olan bütün jurnalistlər təzyiqlərə məruz qalır. Bu, 10 ildə 1 təkrarlanan dalğadır. 2014-də olub, indi oldu, bir də 2034-də olacaq”, – Deko cavabında qeyd edib.
Digər suallara cavabında Ramin Deko Bakı Jurnalistika Məktəbi (BJM) ilə heç bir əlaqəsi olmadığını, orada müxtəlif illərdə 2 dəfə 3 aylıq kurs keçdiyini və bu kursların bütün jurnalistlərə açıq olduğunu bildirib.
Vəkil Namiz Musayev saxlanıldığı gün ölkəyə gələrkən üzərində olan 8 min avro pul vəsaitinin Xəyalə Ağayevaya bir aidiyyatının olub-olmaması və bu pul barədə müzakirə edib-etmədiklərini soruşub.
“Bu mənim şəxsi vəsaitim idi. Digər təqsirləndirilən şəxslərə heç bir aidiyyatı yoxdur və onlarla pul barədə heç bir müzakirə etməmişik. Onsuz da müzakirə etmək üçün imkan yoxdur. Ölkəyə gələn kimi saxlanılmışam”.
“Messi, yoxsa Mbappe?”
Azər Rəsulov Fatimə Mövlamlının evindən əməliyyat-axtarış zamanı tapıldığı qeyd olunan 13500 avronun “Meydan TV”-yə bir aidiyyatının olması barədə soruşub.
“Fatimə Mövlamlı əməkdaşı deyilsə necə bu pul Meydan TV-ə aid ola bilər?”, – Deko deyib.
Vəkil Cavad Cavadov isə müvəkkili Nurlan Librenin “Meydan TV” və ya BJM ilə hər hansı əlaqəsinin olması barədə soruşub. Ramin Deko belə bir şey bilmədiyini və eşitmədiyini deyib.
“Messi, yoxsa Mbappe?”, – Cavad Cavadovun növbəti sualı ritorik olub.
Ramin Deko cavabında fanatı olduğu Messini seçdiyini deyib.
Daha bir ritorik sual Xəyalə Ağayevadan gəlib:
“Sən həbs olunduqdan bir neçə gün sonra Messi Bakıya gəldi və Heydər Əliyevin məzarını ziyarət etdi. Bu, necə hiss elətdirir?”.
Hakim Elmin Rüstəmov Ramin Dekodan ölkəyə gələrkən üzərində olan 8 min avronun digər təqsirləndirilən şəxslərdə də olması barədə soruşub. Deko cavabında bu pulun şəxsi vəsaiti olduğunu və digər şəxslərin pulları olub-olmaması barədə heç nə bilmədiyini deyib.
Hakimin “bu pulu nə edirdiniz?” sualına cavabında isə o, ritorik şəkildə, içkilər aldığını bildirib. Hakimin “hamısına?” sualına cavabında isə o yenə ritorik cavab verib.
“Hər halda pandemiya ola bilər də. 1 illik arağımı alıb evə yığacaqdım”.
Daha sonra Ramin Deko Azərbaycan məhkəmələrinin ədalətinə inanmadığını bildirərək digər sualları cavablamayacağını deyib.
“Nə edəcəksiniz? Məndən Daxili İşlər Nazirliyinə şikayət edəcəksiniz?!”
Aytac Tapdıq söz almaq istəsə də hakim buna imkan verməyib. O, vəsatətinin işgəncə faktı ilə bağlı olmasından dolayı təcili olduğunu bildirsə də, hakimlər yenə də onun çıxışı üçün şərait yaratmayıblar.
Nurlan Libre isə hazırda ifadə vermək istəmədiyini bildirib.
“Aclıq aksiyasını dayandırmışam. Vəkillərin verdikləri vəsatətlərə baxılsın. Mən ondan sonra sərbəst ifadəmi səsləndirəcəyəm. Çünki mənim ifadəm o vəsatətlərə məhkəmənin verəcəyi cavablara birbaşa bağlıdır”, – Libre belə qeyd edib.
Daha sonra Aytac Tapdıq ayağa qalxaraq çıxış etməyə başlayıb.
“Martın 23-dən 24-nə keçən gecə 2 məhbusa bizim pəncərəmizin altındakı gəzinti sahəsində zorakılıq göstərilib. 10-a yaxın təcridxana əməkdaşı 15 dəqiqə boyunca onları qanına qəltan edib. Divarlar, gəzinti sahəsinin döşəməsi qanlar içində idi. Həmin şəxslər adlarının ictimailəşməyini istəmirlər deyə mən adlarını qeyd etmirəm. Onların məruz qaldığı işgəncə araşdırılmalı, Ombudsman təcridxanaya gələrək onlara baş çəkməlidir.
10-a yaxın “debenka” onları qollarını qandallayıb döyərkən bizi də durmadan təhqir edirdi. Biz həmin adamların nəfəsləri kəsilənə qədər döyülməsindən çox sarsılmışıq. Onların məruz qaldığı zorakılığı ictimailəşdirdikdən sonra təzyiq vasitəsi kimi bizi də saxlanıldığımız kameradan çıxarırlar.
Dövlət ittihamçısı 18 fevralda mənim, Aysel Ümüdova və Xəyalə Ağayevanın təcridxanada zorakılığa məruz qalması ilə bağlı niyə səssizdir? O, artıq Novruz tətilindən qayıdıb, bol-bol şəkərbura, paxlava yeyib gəlib. İndi bir zəhmət bir yerini tərpətsin və təcridxanaya gəlinib, izahatlar alınması üçün iş görsün!”
Bu zaman hakim Aytac Tapdığın sözlərini yarıda kəsib və ona xəbərdarlıq etdiyini bildirib.
“Nə edəcəksiniz? Məndən Daxili İşlər Nazirliyinə şikayət edəcəksiniz?”, – jurnalist hakimə cavabında deyib.
“Burada qeyd etdiyim işgəncə faktları araşdırılsın. Döyülən həmin 2 məhbusla bağlı araşdırma başladılsın.
Bizim 18 fevralda məruz qaldığımız zorakılıqla bağlı prokurorluq izahatları almağı nə üçün gecikdirir? Bu işi Avropa İnsan Haqları Məhkəməsinə daşımayaq deyə? Nə etsəniz də şikayətimizi bu məhkəməyə göndərəcəyik”, – Aytac Tapdıq sözlərinə əlavə edib.
Nazim Musayev də vəsatəti dəstəklədiyini qeyd edərək deyib ki, əgər məhkəmə iclası zamanı hansısa qanun pozuntusu səsləndirilirsə, bu, həm məhkəmə, həm də prokuror tərəfindən diqqətə alınmalıdır.
“Üç qadın jurnalist təcridxanada baş verən bu hadisə ilə mənəvi-psixoloji hücuma məruz qalıblar. Qanun tələb edir ki, məlumat aşkarlanıbsa, prokuror tədbir görməlidir. Baş verən bu qanun pozuntusu ilə bağlı məhkəmə tərəfindən Baş Prokurorluğa təqdimat verilməlidir”.
Üç qadın jurnalistə qarşı zorakılıq işində yenilik
Daha sonra hakim Aytən Əliyeva 18 fevral tarixində Aysel Ümüdova, Aytac Tapdıq və Xəyalə Ağayevanın təcridxanada zorakılığa məruz qalması ilə bağlı göndərilmiş sorğuya cavab gəldiyini elan edib. Hakim bildirib ki, Baş Prokurorluq işi Sabunçu Rayon Prokurorluğuna göndərib və oradan bir prokuror işə baxması üçün təyin edilib.
Həmin prokurorun Xəyalə Ağayevanın izahatını alacağını və üzərində zədələrin olub-olmaması ilə bağlı onun tibbi ekspertizadan keçiriləcəyini də hakim sözlərinə əlavə edib.
Xəyalə Ağayevanın hüquqlarını müdafiə edən Nazim Musayev buna etiraz edərək bildirib ki, işə Baş Prokurorluq baxmalıdır və bu işi rayon prokurorluğu səviyyəsinə endirmək olmaz.
Nazim Musayevin bir digər vəsatəti prokuror Xəyalə Ağayevadan izahat alarkən vəkilinin də onun yanında olması barədə olub. Hakim vəkilin iştirakının təmin olunacağını bildirib.
“Meydan TV və BJM işləri ayrılmalıdır!”
Şəmşad Ağa söz alaraq cinayət işi materialları ilə audio və video yazıların ona verilməsini, təcridxanada onlarla yenidən tanış olmaq istədiyini deyib. Hakim bunun mümkün olmadığını, amma önümüzdəki həftənin razılaşdırılmış bir günündə Şəmşad Ağanın məhkəmə binasına gələrək materiallarla tanış ola biləcəyini deyib.
Şəmşad Ağa digər bir vəsatətinin daha öncə elektron sistemə yükləndiyini, ancaq məhkəmə tərəfindən baxılmadığını deyib.
“Biz – 12 nəfər təqsirləndirilən şəxsin hər birinin imzası ilə vəsatət vermişik ki, “Meydan TV” işi ilə BJM işi ayrılmalıdır. Biz media qurumuyuq, BJM isə QHT-dir. İstintaq yekunlaşdıqdan sonra cinayət işi materialları ilə tanış olarkən işi aparan müstəntiq Samir İsmayılov özü bizə demişdi ki, BJM işini ayırsaq ortada nəsə qalmaz.
Müstəntiq “başqa yolumuz qalmamışdı” deyirdi. Bununla məhkəmənin işini də çətinləşdiriblər. Siz də əlinizin altındakı sənədlərlə “Meydan TV” və BJM işlərinin vahid iş olduğunu sübut edə bilmirsiniz”.
Hakim heyəti yerində qısa müşavirə keçirdikdən sonra bu vəsatətin təmin olunmadığını bildirib.
“Müstəntiqlərin 1 illik maaşı büdcəyə geri qaytarılsın”
Şəmşad Ağa bir digər vəsatətində isə barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarına istinad edib.
“Mən bu məsələyə öncəki proseslərdə də toxunmuşam. Mənimlə bağlı həmin məhkəmə qərarında “AbzasMedia”nın adı qeyd olunmuşdu. Halbuki mən “Meydan TV”-nin əməkdaşıyam. Bu, bizimlə bağlı işin “AbzasMedia” ilə bağlı cinayət işinin kopyası olduğunun ilkin nümunəsidir. Digər materiallara baxanda da bunu aydın görmək olur.
Guya 1 il boyunca müstəntiqlər araşdırma aparıblar. Əslində, heçnə etməyiblər, sadəcə “AbzasMedia işi”ni kopyalayıb, bura köçürüblər. Tələb edirəm ki, bu bir il müddətində müstəntiqlərə ödənilən pullar dövlət büdcəsinə geri qaytarılsın. Baş Prokuror Kamran Ağayev istintaqla bağlı çəkilmiş xərci də xəzinəyə geri qaytarsın”.
Hakim Aytən Əliyeva bu vəsatətin müzakirə olunmayacağını bildirib.
“Hava limanını kamera görüntüləri məhkəməyə gətirilsin”
Vəkil Nemət Kərimli hüquqların müdafiə etdiyi Ramin Dekonun saxlanılmadan öncə ölkəyə gələrkən Bakı aeroportundan keçdiyi saatın video görüntülərinin məhkəməyə gətirilməsini istəyib.
“Hava limanına sorğu göndərilsin. 2-ci terminalın 6 dekabr 2024-cü il tarixində, saat 12:00-13:00 arasındakı kamera görüntülərini əldə edək. Orada aydın görünəcək ki, Ramin Dekonun əşyalarına baxılarkən onun üzərində əlavə 30 min avro olmayıb”, – vəkil vəsatətində deyib.
“Təyyarədən düşən 90 sərnişin arasından təkcə mənim əşyalarımı yoxlayıblar. Sərhədi keçərkən məni ayrı bir otağa dəvət etdilər. Üzərimdə pulumun olub-olmamasını soruşdular. Dedim ki, bəli 8 min avrom var.
Həm otaqda kamera var idi, həm də əşyalarımı axtardıqları aparatın üzərində kamera var idi. O video görüntülər məhkəməyə gələrsə, həqiqətən sübut olunar ki, mənim üzərimdə qanunla müəyyən edilmiş miqdarı keçən məbləğ olmayıb. Yəni polisin sonradan çantama atdığı həmin 30 min avronun məndə olmadığını o kamera görüntüləri sübut edir”, – Ramin Deko əlavə edib.
Hakim heyəti yerində qısa müşavirə keçirib və vəsatətin təmin olunduğunu, AZAL-a sorğu göndəriləcəyini deyib.
Növbəti məhkəmə prosesi 17 aprel saat 14:00-a təyin olunub.