"Dəmir pərdəni dağıtmaq cəhdi": erməni ekspertlər Bakıya səfər haqqında
Erməni ekspertlərin Bakıya səfəri
21–22 noyabrda 5 erməni ekspert Azərbaycanda olub. Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri cavab səfəri ilə Bakıya gediblər. Bir ay əvvəl, oktyabrda azərbaycanlı ekspertlər Yerevanda olublar.
Bu təşəbbüs artıq “Sülh Körpüsü” adını alıb. Hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri Ermənistan və Azərbaycanın siyasi danışıqları çərçivəsində müzakirə edilən eyni məsələləri gündəmə gətirirlər. Siyahıda ən aktual mövzular var: sülh sazişinin imzalanmasından tutmuş kommunikasiyaların açılmasına qədər.
Yerevanda təşəbbüsün erməni iştirakçılarının mətbuat konfransı keçirilib. Onlar bildiriblər ki, azərbaycanlı həmkarları ilə işgüzar təmasların və qarşılıqlı səfərlərin davam etdirilməsi barədə razılığa gəlinib.
Bakıda erməni ekspertlər qrupunun Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə də görüşü baş tutub. Onunla da Ermənistan cəmiyyətini narahat edən bütün məsələlər müzakirə olunub. Bu mövzulara, o cümlədən, erməni məhbusların vətənə qaytarılması da daxildir.
“Demokratiyanın İnkişafı Fondu”nun rəhbəri Naira Sultanyan bildirib ki, onlar bu məsələni sülh prosesi çərçivəsində müzakirə etməyə və “bu problemin həllinin hər iki tərəfin maraqlarına niyə cavab verdiyini” göstərməyə çalışıblar. Hələ ki, bu istiqamətdə nəzərəçarpan irəliləyiş olmasa da, Hikmət Hacıyev erməni qrupunun üzvlərinə “aktiv danışıqların” aparıldığını deyib.
“Sülh Körpüsü” təşəbbüsünün digər iştirakçısı Areq Koçinyanın sözlərinə görə, sovet dövründə Ermənistan və Azərbaycan öz münasibətlərini mərkəz Moskva vasitəsilə qururdu, SSRİ dağıldıqdan sonra isə onların “yalnız müharibə və münaqişə təcrübəsi” qalıb.
Koçinyan hesab edir ki, birgəyaşayış mühitinin formalaşdırılması yolunda görüləsi böyük işlər var.
“Son 35 ildə Ermənistan və Azərbaycan arasında müəyyən mənada dəmir pərdə yaranıb. Bu təşəbbüs artıq iki dəfə onu aşmağı bacarıb. Dəmir pərdənin dağıldığını demək üçün bu kifayətdirmi? Xeyr. Amma aydındır ki, bu, həmin istiqamətdə atılan bir addımdır”, – deyə o bildirib.
Bakıya erməni ekspertlər Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan gəliblər. Onlar azərbaycanlı həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayevlə görüşüblər.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası, dialoqun irəliləməsində vətəndaş cəmiyyətinin rolu və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub. Məlumata görə, mediasferada birgə işin aktivləşdirilməsi, ekspert qrupları arasında birbaşa təmasların qurulması və vətəndaş cəmiyyətinin sülh prosesinə daha geniş cəlb edilməsi barədə razılıq əldə edilib.
“Sülh Körpüsü” təşəbbüsünün erməni iştirakçıları Bakıya səfər barədə nələr danışıblar.
- “Tramp marşrutu”: Qərbin illüziyası, yoxsa Cənubi Qafqaz tarixində dönüş nöqtəsi
- “ABŞ həm Ermənistana, həm də Azərbaycana bel bağlayıb”: Yerevandan rəy
- “Qarşıdakı aylar Ermənistanın gələcəyi üçün həlledici olacaq” – Karo Paylan
“Nəzakətli rədd”: erməni ekspertlər erməni məhbuslarla görüşmək istəyiblər
Səfərdən bir neçə həftə əvvəl təşəbbüsün iştirakçılarından biri, Boris Navasardyan “Azatutyun” (“Azadlıq”) radiosuna müsahibəsində Azərbaycan həbsxanalarında saxlanılan həmvətənləri ilə görüşmək istəyindən danışmışdı. O demişdi ki, bu barədə Yerevanda azərbaycanlı həmkarları ilə danışıq aparıblar. Qeyd etmişdi ki, Bakıda onların xahişinin yerinə yetirilib-yetirilməyəcəyi aydın olacaq.
“Əgər bu bənd proqramda öz əksini tapmayıbsa, deməli, bizə rədd cavabı verilib. Bizə müəyyən səfər proqramı təklif olunmuşdu. Bizim şərhlərimiz oldu, çünki həmin proqrama bu görüş daxil edilməmişdi, baxmayaraq ki, belə bir arzumuzu ifadə etmişdik. Bu isə nəzakətli şəkildə rədd cavabı deməkdir”, – deyə Navasardyan mətbuat konfransında bildirib.
Bununla belə, onun sözlərinə görə, qrup üçün prioritet Azərbaycanda saxlanılan ermənilərlə görüş deyil, onların geri qaytarılması məsələsində irəliləyişə nail olmaq olub:
“Məsələ müzakirə olunur. Ola bilsin ki, hansısa qərar verilsin. Bu qərarın nə vaxt, necə və hansı formada olacağını yəqin ki, yaxın vaxtlarda biləcəyik”.
Əliyevin köməkçisi Ermənistan cəmiyyətinə müraciət göndərdi: “Münaqişə bitib”
Areq Koçinyanın sözlərinə görə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan cəmiyyətinə aşağıdakı mesajları çatdırmağı xahiş edib:
- “müharibə bitib, Azərbaycan üçün artıq müharibə yoxdur,
- erməni-azərbaycanlı münaqişəsi yekunlaşıb,
- Azərbaycan hazırkı ‘müharibəsizlik’ vəziyyətindən sülhə keçmək və Ermənistanla hərtərəfli, uzunmüddətli sülh qurmaq istəyir,
- Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları yoxdur”.
Erməni jurnalistlərin bu mesaja reaksiyası belə suallar olub: “Əgər belədirsə, Bakının “Qərbi Azərbaycan” tezislərini necə başa düşək, niyə tranzit yolunu Azərbaycan tərəfi hələ də “Zəngəzur dəhlizi” adlandırır?”
Bakıda “Qərbi Azərbaycan” anlayışı deyildikdə Ermənistanın demək olar ki, bütün ərazisi nəzərdə tutulur və bu, erməni cəmiyyəti tərəfindən ərazi iddiası kimi qəbul edilir.
“Zəngəzur dəhlizi” isə Azərbaycanın Ermənistan ərazisindən keçməklə öz eksklavı olan Naxçıvanla birləşəcək yolu ifadə edir.
Bu yolla bağlı isə artıq yeni bir ifadə yaranıb: “Tramp marşrutu”. Bu ad ABŞ-da tərəflər arasında fikir ayrılıqlarını həll etməyə nail olmuş vasitəçinin soyadı ilə bağlıdır. Bir neçə il ərzində Yerevan və Bakı bu məsələ üzrə razılığa gələ bilmirdilər. Səbəb isə Azərbaycanın “dəhliz” tələb etməsi idi. Ermənistan hakimiyyəti isə bütün yolların açılmasına hazır olduqlarını, lakin ölkənin həmin ərazi üzərində nəzarətini, yəni suveren hüquqlarını itirməsini nəzərdə tutan “dəhliz” termini ilə razılaşmadıqlarını bildirirdilər.
Yalnız avqustun 8-də Vaşinqtonda tərəflər yolun Ermənistanın suveren nəzarətində qalacağı barədə razılığa gəldilər və ABŞ bu prosesə biznes tərəfdaşı kimi qoşuldu.
Bakıya səfər edən ekspertlər bildiriblər ki, Bakıda səslənən “Qərbi Azərbaycan” müzakirələri “Qarabağ ermənilərinin öz evlərinə qayıtması” ilə bağlı bəyanatlara “güzgü tələbi” kimi qiymətləndirilə bilər.
“Dəhliz” məsələsinə gəldikdə isə, onların sözlərinə görə, Azərbaycandakı görüşlər zamanı “Zəngəzur dəhlizi” ifadəsi işlədilməyib. Xüsusilə, Hikmət Hacıyev “Ermənistanın Sünik bölgəsindən keçən yol” ifadəsini işlədib.
Erməni və azərbaycanlı ekspertlər birgə layihələrin həyata keçirilmə perspektivlərini müzakirə ediblər
Bu barədə təşəbbüs iştirakçıları oktyabr ayında, Yerevan görüşündən sonra da məlumat vermişdilər.
“Yerevanda müzakirə etdiyimiz layihələr, əslində, Bakıya səfərimiz zamanı müzakirələrin yekun mərhələsinə daxil oldu. Yaxın zamanlarda onların həyata keçirilməsi ilə bağlı ilk addımları görəcəksiniz”, – Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Areq Koçinyan JAMnews-un sualına cavab olaraq bildirib.
Yerevan Press-Klubunun fəxri prezidenti Boris Navasardyanın sözlərinə görə, hazırda aşağıdakı istiqamətlər müzakirə olunur:
- müxtəlif formatlarda keçirilən müzakirə və tədbirlərə ekspertlərin cəlb olunması,
- reallığın təhrif edilməsinin qarşısını almaq və tənzimləmə prosesinə dəstək məqsədilə medianın iştirakı,
- “Sülh Körpüsü” təşəbbüsünün “5+5” formatının genişləndirilməsi (hazırda hər ölkədən 5 nümayəndə iştirak edir).
Bakıya səfərdən əvvəl o bildirmişdi ki, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin müzakirə gündəmində aşağıdakı məsələlər yer alır:
- sülh sazişinin tezliklə imzalanması,
- regional kommunikasiyaların açılması prosesinin aktivləşdirilməsi,
- birgə iqtisadi layihələr,
- sərhədyanı əhali arasında əlaqələr və s.
İndi isə o bildirib ki, bütün bu mövzular üzrə birgə təkliflər hazırlanıb və onlar “bu və ya digər formada rəsmi danışıqların gündəminə də daxil edilə bilər”.
JAMnews-un “Bu təkliflər Bakıda, məsələn, Hikmət Hacıyevə təqdim olundumu?” sualına cavabında Navasardyan deyib:
“Atılmalı olan addımların müəyyən ardıcıllığı var. Planlaşdırdıqlarımızın mütləq ‘Sülh Körpüsü’ təşəbbüsü çərçivəsində inkişaf etməsi vacib deyil. Məsələn, noyabrın sonunda Yerevan və Bakı Press-Klubları media üçün təkliflərdən ibarət bir neçə sənəd hazırlayacaqlar”.
Onun sözlərinə görə, həmin sənədlərdə “jurnalistlərin heç nəyi gizlətmədən, eyni zamanda cəmiyyətdə gərginlik yaratmayan şəkildə necə işləməli olduqlarının əsasları” təqdim ediləcək.
“Sülh Körpüsü” təşəbbüsü necə yaranıb
Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Areq Koçinyan bildirib ki, formatın yaradılması ideyası ona və azərbaycanlı həmkarına məxsusdur:
“Mən Ermənistanda, ekspert həmkarım isə Azərbaycanda hakimiyyət orqanlarına müraciət etdik. Dedik ki, belə bir ideya var: vasitəçilərsiz, üçüncü ölkə və ya üçüncü şəxslər olmadan ikitərəfli səfərlər və birgə layihələr təşkil etmək istəyirik. Və bizə dəstək göstərdilər”.
Koçinyan vurğulayıb ki, görüşlərdə mövzu baxımından heç bir məhdudiyyət yoxdur, ekspertlər cəmiyyəti narahat edən bütün məsələləri qaldırırlar:
“Təbii ki, biz öz paytaxtlarımızla məsləhətləşmələr aparırıq. Amma bu, heç bir halda rəsmi mövqeni təmsil etdiyimiz anlamına gəlmir”.
Yerevan–Bakı–Yerevan birbaşa uçuşu üçün məbləği Ermənistan hökuməti ayırıb
Ermənistan hökuməti Yerevan–Bakı və Bakı–Yerevan çarter reyslərinin təşkili üçün təxminən 17,5 milyon dram (46 min dollar) ayırıb. Xərclərin əsaslandırılmasında bildirilir ki, müzakirələrdə iştirak
- Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında əlaqələrin aktivləşdirilməsinə,
- iki ölkə cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi mexanizmlərinin formalaşdırılmasına imkan verəcək.
Areq Koçinyan qeyd edib ki, dövlət tərəfindən layihənin həyata keçirilməsi üçün belə resursların ayrılması təşəbbüs iştirakçılarını maksimum səy göstərməyə təşviq edir:
“Bu format hazırda yalnız dövlət dəstəyi sayəsində mümkün olub. Amma qrupumuz qarşısına maliyyə axınlarını, dəstək imkanlarını şaxələndirmək və bütün bunların yalnız dövlət büdcəsi hesabına baş verməməsi vəzifəsini qoyub”.
Erməni ekspertlərin Bakıya səfəri