Ermənistanda müxalifətçi qətlə yetirilib. Qisas, yoxsa siyasi sifariş?
Ermənistanda Parakar iri icmasının rəhbəri, 42 yaşlı Volodya Qriqoryanın qətli müzakirə olunmağa davam edir. Sentyabrın 23-ü gecə saatlarında maskalı bir şəxs Qriqoryana və onun yanında olan iki dostuna avtomatdan atəş açıb. Onlardan biri, kriminal polis əməkdaşı Karen Abramyan həlak olub, digəri, Artsrun Qalstyan ağır yaralanıb. Dünən yayılan məlumata görə, Qalstyan özünə gəlib və artıq dindirilib. Lakin detallı məlumat açıqlanmayıb.
Volodya Qriqoryan müxalif “Həyat üçün ölkə” partiyasının nümayəndəsi idi. O, 2025-ci ilin martında icma rəhbərliyinə gətirilmişdi. Ondan bir ay əvvəl burada başqa qanlı hadisə baş vermişdi. Keçmiş icma rəhbərinin qohumu qətlə yetirilmişdi. Bu işlə bağlı hazırda Volodya Qriqoryanın qardaşı ev dustaqlığındadır. Buna görə də yerli sakinlər bir neçə gündür qan davası versiyasını müzakirə edirlər.
Təhlükəsizlik orqanının müstəntiqi Artak Ovanisyan jurnalistlərə bildirib ki, vendetta daxil olmaqla müxtəlif versiyalar araşdırılır.
Fevralda Parakar icmasının Merdzavan kəndinin rəhbəri Mqer Axtoyanın evinin qarşısında atəş səsləri eşidilmişdi. Hakim partiyanın üzvü olan Axtoyanın evinin yaxınlığında onun qohumu, 29 yaşlı Qriqor Ohanyan öldürülmüşdü. Bu iş üzrə ittiham olunanlar arasında Volodya Qriqoryanın qardaşı da var və o hazırda ev dustaqlığındadır.
Bununla yanaşı, yerli media yazır ki, atəş açan şəxs artıq polis tərəfindən saxlanılıb. Bildirilir ki, o, fevralda qətlə yetirilən Qriqor Ohanyanın qardaşıdır. Lakin polis hələ ki, bu məlumatı təsdiqləmir.
Hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri cinayətin qısa zamanda açılmasının və günahkarların cəzalandırılmasının vacibliyini bildiriblər. Müxalifət isə hüquq-mühafizə orqanlarını ittiham edərək onların “öz işlərini görmədiklərini və cinayətin qarşısını almadıqlarını” bəyan edib.
- Gürcüstanda pul yuyulması işi: müxalifət rus izini axtarır
- “Paşinyanın hakimiyyətdə qalmaq şansı yoxdur, biz seçkilərdə fəal olacağıq” — Ermənistanın sabiq prezidenti
- “Köhnə simalarla yeni qüvvə”: rusiyalı biznesmen Ermənistanda partiya yaradır
Rəsmi mənbələr nə deyir

İlkin məlumatlara görə:
- silahlı hücum Qriqoryanın Merdzavandakı evinin yaxınlığında baş verib;
- o, orada yaşamır, lakin qohumlarının sözlərinə görə, dostları ilə tez-tez buraya gəlirmiş;
- maskalı şəxs evin qarşısında dayanan üç nəfərə yaxınlaşıb və onları avtomatdan gülləbaran edib;
- hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları 18 giliz aşkarlayıblar;
- “qətl”, “qəsdən adam öldürməyə cəhd”, “qanunsuz odlu silah əldə etmə və daşıma” maddələri ilə cinayət işi açılıb;
- bu ərazidəki bütün müşahidə kameralarının görüntüləri araşdırılıb;
- ilin əvvəlində Merdzavanda baş verən qətl hadisəsi ilə bağlı versiyalar da daxil olmaqla bütün ehtimallar araşdırılır;
- əməliyyat-axtarış və istintaq hərəkətləri davam etdirilir.
“Məsələ Vaqarşapat istintaq şöbəsindən Xüsusilə vacib işlərin araşdırılması şöbəsinə verilib”, – deyə müstəntiq Artak Ovanisyan bildirib.
İstintaq Komitəsi və polis əməkdaşlarının vəzifədən azad olunması
Bu səs-küylü hadisə fonunda bu gün Armavir vilayətinin istintaq idarəsinin rəisi Hraçya Kazaryan və vilayətin kriminal polis idarəsinin rəisi Artur Bdoyan tutduqları vəzifələrdən azad ediliblər.
Jurnalistlər Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarqsyandan bu vəzifədən azadetmələrin Parakar icma rəhbərinin qətli ilə bağlı olub-olmadığını öyrənməyə çalışıblar.
“Hazırda bizdə əlavə məlumat yoxdur”, – deyə o cavab verib.
“Qoy hüquq-mühafizə orqanlarını işləməyə məcbur etsin”: Baş nazirin paylaşımına reaksiya
Ermənistanın baş naziri Nikol Paşinyan “arsız silahlı hücumu” pisləyib.
“Ermənistan hüquq-mühafizə orqanları cinayətdə iştirak edən bütün şəxsləri operativ şəkildə müəyyən etməlidirlər”, – deyə o, Facebook səhifəsində yazıb.
Baş nazirin sözlərinə görə, Parakarda baş verən insidentlərin qarşısını almaq üçün hansı preventiv tədbirlərin görülməli olduğu, bununla kimlərin məşğul olması və niyə hərəkətsiz qaldıqları barədə detallı təhlil aparılmalıdır. Paşinyan əmin edib ki, bu təhlildən sonra lazımi “nəticələr” çıxarılacaq.
Müxalif “Həyat üçün ölkə” partiyasının lideri Mane Tandilyan Paşinyanın paylaşımına reaksiya verib. O, baş naziri “bir nömrəli müxalifətçi rolunu oynamağı dayandırmağa”, status yazmaq əvəzinə hüquq-mühafizə orqanlarını işləməyə məcbur etməyə çağırıb:
“O bunu kimə deyir, kimlə danışır? Mən başa düşürəm, o da anlayır ki, öz yerində deyil, amma status müəllifi kimi çox yaxşıdır. İnsanlar səhər oyananda baxırlar ki, Paşinyan daha hansı status yazıb. Bu, biabırçılıq deyilmi?”
Onun fikrincə, “küçələrdə qanunsuz silahla dolaşan insanların olması bu hökumətin yaratdığı hüquq-mühafizə sisteminin hərəkətsizliyinin nəticəsidir.”
Vendetta versiyasının nə dərəcədə mümkünlüyü barədə suala cavab verən Tandilyan bildirib ki, ehtimallar irəli sürmək istəmir, bütün versiyalar araşdırılmalıdır.
Şərhlər
Politoloq Robert Gevondyan hesab edir:
“Motivlərdən asılı olmayaraq, Merdzavan kəndi yaxınlığında baş verən insident Ermənistan Respublikasının dövlətçiliyinə və mövcud hakimiyyətə zərbədir.
Müxalifətçinin – hakim partiyanın nümayəndəsini seçkilərdə məğlub etmiş şəxsin və polis əməkdaşının qətli istər-istəməz siyasi məna kəsb edir. Əgər qəti tədbirlər görülməsə, insanlar dövlətə və onun imkanlarına inamlarını itirə bilərlər.
Ona görə də cinayət mümkün qədər tez açılmalı, günahkarlar isə ən sərt şəkildə, lakin mütləq şəffaf istintaq nəticəsində cəzalandırılmalıdır. Bu, ilk növbədə Ermənistan hüquq-mühafizə orqanları üçün çağırışdır.”
“Demokratik alternativ” partiyasının sədri Suren Surenyants isə qeyd edir:
“Hadisə ətrafında artıq müxtəlif versiyalar dolaşır. Bəziləri bunu hakimiyyət dairələri ilə əlaqələndirir, digərləri isə 5 fevralda Merdzavanda baş verən qanlı insidentin davamı olan vendetta ilə.
Hər halda, aydın olan budur: siyasi məsuliyyət Nikol Paşinyanın hökumətinin üzərindədir. Hakimiyyət hər bir vətəndaşın təhlükəsizliyini təmin etməlidir. Və icmanın müxalifətçi lideri qurban olduqda məsələ sırf cinayət işi çərçivəsindən çıxır və açıq siyasi rəng alır.
Bu, dövlət institutlarının qeyri-peşəkarlığının göstəricisidir. Əgər qətl tez, şəffaf və inandırıcı şəkildə açılmasa, ictimai rəy qarşısında günah kölgəsi hökumətin üzərində qalacaq, həqiqi günahkar kim olur-olsun.”