Otuz iki illik fasilədən sonra Suxumi aeroportu fəaliyyətini bərpa edəcək və Rusiya–Abxaziya aviareyslərinə biletlərin satışı artıq başlayıb. Moskva–Suxumi marşrutu üzrə ilk uçuş 3 may tarixinə planlaşdırılıb.
“Rusiya Nəqliyyat Nazirliyi və Rosaviatsiyanın Rusiya hava daşıyıcıları ilə birgə apardığı işlər nəticəsində Suxumi reyslərinə aviabilet satışları açılıb”, – bu barədə Rusiya Nəqliyyat Nazirliyinin Telegram kanalında məlumat verilib.
Moskva-Suxumi ilk reysi Rusiya aviaşirkəti “ЮВТ АЭРО” (YUVT AERO) həyata keçirəcək. 6 maydan etibarən isə bu reyslərə Nijni Novqoroddan uçuşlar yerinə yetirəcək “İkar” aviaşirkəti də qoşulacaq.
Biletlərin qiyməti 14 420 rubl (təxminən 175 ABŞ dolları) təşkil edir.
1992–93-cü illərdəki Gürcüstan–Abxaziya müharibəsinin başa çatmasından sonra Suxumi aeroportu fəaliyyətini dayandırmışdı. Mütəmadi reyslər ləğv edilmiş, Gürcüstan hökumətinin tələbi ilə ICAO – Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən Suxumi aeroportunun lisenziyası geri alınmış və beynəlxalq reyslər üçün zəruri kodlar ləğv olunmuşdu.
Bu rejim bu günədək qüvvədə qalır. Bu səbəbdən, hava limanı yenidənqurmadan keçsə də, aviasiya əlaqəsi yalnız Rusiya ilə bərpa olunub və reysləri yalnız Rusiyanın daxili daşımalarda iştirak edən aviaşirkətləri həyata keçirəcək. Rusiyanın ən iri aviaşirkəti “Aeroflot” Abxaziyaya uçuşlar edə bilməyəcək.
Abxaziyaya müntəzəm reyslər həyata keçirməyi planlaşdıran digər aviaşirkətlər arasında iFly və NordStar da var. Rusiya mediasının məlumatına görə, iFly Moskvadan həftədə 14 reys, NordStar isə Krasnoyarskdan həftədə 7 reys həyata keçirməyi planlaşdırır.
Bu reyslərin əsas “hədəf auditoriyası” rusiyalı turistlərdir. Abxaziya hakimiyyəti ümid edir ki, bu addım turist axınının əhəmiyyətli dərəcədə artmasına və bununla da respublika büdcəsinin güclənməsinə şərait yaradacaq.
Aeroportun yenidənqurulması üçün keçirilən tenderi Rusiyanın Təhlükəsizlik Şurası sədr müavininin oğluna məxsus az tanınan “İnfrastruktur İnkişafı” MMC adlı şirkət qazanıb.
İstifadə edilən terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya onun ayrı-ayrı əməkdaşlarının mövqeyi ilə üst-üstə düşməyə bilər. JAMnews, təhqiredici, təhdidedici, zorakılığa çağıran və ya digər səbəblərlə etik baxımdan qəbuledilməz hesab olunan şərhləri silmək hüququnu özündə saxlayır.