Gürcüstanda "sabotaj işi" üzrə məhkəmə prosesində ABŞ, USAID və Mərkəzi Kəşfiyyat İdarəsi "düşmən qüvvələr" adlandırılıb
Gürcüstanda müxalifətə qarşı “sabotaj işi”
İyulun 15-də Tbilisi Şəhər Məhkəməsində səkkiz müxalif siyasətçiyə qarşı qaldırılmış “sabotaj işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Şahid qismində hakim “Gürcü Arzusu” partiyasına yaxın siyasi qüvvə kimi tanınan “Vahid Neytral Gürcüstan” partiyasının üzvləri dindirilib.
Məhkəmədən sonra təqsirləndirilənlərdən biri, “Girçi – Daha Çox Azadlıq” Partiyasının lideri Zurab Caparidze sosial şəbəkədə yazıb: “Şahidlər məhkəmədə bəyan ediblər ki, 2024-cü ilin noyabr-dekabr aylarında Tbilisidə keçirilən etiraz aksiyaları ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilib və dövlət çevrilişinə cəhd olub”.
“Sabotaj işi” adlandırılan cinayət işi Gürcüstan Prokurorluğu tərəfindən 2025-ci ildə səkkiz müxalif siyasətçiyə qarşı açılıb. Prokurorluğun iddiasına görə, onlar “Gürcüstanın dövlət maraqlarına zidd olaraq xarici dövlətlərə ölkənin təhlükəsizliyi, neft məhsullarının idxalı və digər məsələlərlə bağlı məlumatlar təqdim ediblər”.
Təqsirləndirilənlər arasında Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili, “Aqmaşenebeli Strategiyası” Partiyasının lideri Giorgi Vaşadze, “Dəyişikliklər Uğrunda Koalisiya”nın liderləri Nika Qvaramiya, Nika Melia, Zurab Caparidze və Elene Xoştaria, həmçinin “Lelo – Güclü Gürcüstan” koalisiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidze var. Prokurorluq iddia edir ki, məhz onların fəaliyyəti nəticəsində müxtəlif ölkələr Gürcüstanın 300-ə yaxın siyasətçisi, dövlət məmuru və iş adamına qarşı fərdi sanksiyalar tətbiq edib.
Təqsirləndirilən şəxslər və onların müdafiə tərəfi ittihamları rədd edir və işi siyasi motivli hesab edirlər. Vəkillər daha əvvəl bildiriblər ki, cinayət işinin materialları hansı sübutun konkret olaraq hansı təqsirləndirilən şəxsə aid olduğunu aydın müəyyən etməyə imkan vermir. Onların fikrincə, bu hal effektiv müdafiəni çətinləşdirir.
Caparidzenin sözlərinə görə, bu qiymətləndirmə məhkəmədə şahid ifadələrində dəfələrlə səsləndirilib.
Zurab Caparidzenin bildirdiyinə görə, şahidlərdən biri USAID-i nasist Almaniyası ilə müqayisə edib və təşkilatın nümayəndəliklərinin binalarından onun rəmzlərinin götürülməsini İkinci Dünya müharibəsindən sonra nasist simvollarının sökülməsinə bənzədib.
Müxalif siyasətçinin sözlərinə görə, iclasda çıxış edənlər Gürcüstanda fəaliyyət göstərən müxalifət partiyalarının, media nümayəndələrinin, vətəndaş sektorunun və Avropaya inteqrasiya tərəfdarı olan etiraz hərəkatı iştirakçılarının ABŞ tərəfindən maliyyələşdirilən “agentura şəbəkəsi”nin bir hissəsi olduğunu da iddia ediblər.
Caparidze bildirib ki, məhkəmədə Ukraynadakı Maydan hadisələrinin də ABŞ rəsmiləri tərəfindən təşkil edildiyi barədə fikirlər səsləndirilib.
Həmçinin Gürcüstanda dövlət çevrilişi təşkil etmək cəhdlərinin “Amerikanın Makkeyn İnstitutunun planı”nın bir hissəsi olduğu iddia edilib.
Caparidzenin sözlərinə görə, şahid qismində çıxış edənlər ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID), Demokratiyaya Milli Dəstək Fondunu (NED) və Mərkəzi Kəşfiyyat İdarəsini “düşmən təşkilatlar”, ABŞ-nin Gürcüstandakı keçmiş səfiri Kelli Deqnanı isə “Amerika agenti” adlandırıblar.
Onun sözlərinə görə, çıxış edənlər Rusiyanın Ukraynada apardığı müharibədə tərəflərdən heç birini dəstəkləmədiklərini bildiriblər.
Həmçinin qeyd olunub ki, Gürcüstanın məhkəmə sisteminin tənqid edilməsi bütövlükdə bu sistemə etimad göstərməyin mümkün olmadığı anlamına gəlmir.
Caparidze sosial şəbəkələrdə yazıb ki, bu cür ifadələrin dinlənilməsində məqsədin nədən ibarət olduğu ona aydın deyil. O, prokurorluğun bu mövqeləri bölüşüb-bölüşmədiyi sualını da qaldırıb.
Məhkəmə iclasından sonra təqsirləndirilən şəxslərdən birinin vəkili Omar Purtseladze jurnalistlərə açıqlama verib. O da bildirib ki, şahid ifadələrində ABŞ “düşmən qüvvə” kimi təqdim olunub.
Vəkilin sözlərinə görə, “Vahid Neytral Gürcüstan” Partiyasının lideri Levan Nikoleişvili Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayeni, Aİ-nin ali nümayəndəsi Kaya Kallası və Avropa komissarı Marta Kosu “agentura şəbəkəsinin tərəfdarları və silahdaşları” adlandırıb.
- Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
- Gürcüstanda 2024-cü ildə etiraz aksiyalarının iştirakçılarını vəhşicəsinə döyən beş xüsusi təyinatlı saxlanılıb
“Vahid Neytral Gürcüstan” Partiyası və onun mövqeyi
“Vahid Neytral Gürcüstan” 2024-cü ildə yaradılmış hakimiyyətyönlü siyasi partiyadır. Partiya hökumətin keçmiş tərəfdarları və dövlət qulluqçuları, o cümlədən Vato Şakarişvili, Nana Kakabadze, Levan Nikoleişvili və başqaları tərəfindən təsis edilib.
Partiya Gürcüstanın “neytral” xarici siyasət kursunu dəstəklədiyini bəyan edir. Onun ictimai açıqlamaları çox vaxt hakim “Gürcü Arzusu” Partiyasının və Kremlin rəsmi mövqeyi ilə üst-üstə düşür.
“Vahid Neytral Gürcüstan” mütəmadi olaraq Qərb ölkələrini, ABŞ-ni, Avropa İttifaqını, NATO-nu, USAID-i və Qərb fondlarını tənqid edir, onların Gürcüstanda inqilabi prosesləri dəstəkləməyə çalışdıqlarını iddia edir.
Müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri partiyanı tez-tez “Gürcü Arzusu”na paralel fəaliyyət göstərən peyk və ya Rusiyayönlü siyasi qüvvə adlandırırlar. Partiya isə bu qiymətləndirmələri rədd edir və fəaliyyətinin Gürcüstanın milli maraqlarının və suverenliyinin qorunmasına xidmət etdiyini bildirir.
Gürcüstanda müxalifətə qarşı “sabotaj işi”