Meydan TV işi: "BJM-in maliyyə dövriyyəsində iştirak edənlər həbs olunmayıb, amma əlaqəsiz jurnalistlər buradadır"
3 aydan sonra Meydan TV məhkəməsi
Yeni hakim heyəti və yeni dövlət ittihamçısının iştirakı ilə Meydan TV-nin ilk məhkəmə prosesi keçirilib. Proses 3 ay fasilədən sonra baş tutub.
İyulun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə təkrar keçirilən baxış iclasına Zaur Hacıyev sədrlik edib. Azər Tağıyev və Roman Ələkbərli yan hakimlər olaraq heyətdə yer alıblar. Dövlət ittihamçısı Ergin Qafarov isə Vüsal Abdullayev ilə əvəzlənib.
Məhkəmə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi ilə başlasa da, onlar buna etiraz ediblər. Daha öncəki baxış iclasında anket məlumatları dəqiqləşdirildiyindən hakim heyəti bu etirazı qəbul edib və bu mərhələnin üzərindən keçilib.
2024-cü il dekabrın 6-da “Meydan TV”-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində açılmış cinayət işi “Meydan TV işi” adlandırılmağa başlayıb. Daha sonra bu işlə bağlı jurnalistlər Şəmşad Ağa, Nurlan Libre, Fatimə Mövlamlı, Ülviyyə Əli və Əhməd Muxtar da həbs ediliblər.
Bu ilin avqustunda jurnalistə qarşı ittihamlar ağırlaşdırılıb və işə əlavə maddələr daxil edilib.
“Meydan TV” bəyan edir ki, bu həbslər onların tənqidi fəaliyyətlərinə görədir.
Təqsirləndirilən şəxslərin dövlət ittihamçısına etirazlarının olub-olmadığı soruşulduqda jurnalist Aytac Tapdıq etiraz etdiyini bildirib.
“Mən yeni dövlət ittihamçısına etiraz edirəm. Çünki hakimlərin niyə dəyişdirildiyini başa düşdüm, onlar bacarmırdı. Prokuror isə bacarırdı, ittiham aktını oxuyurdu. O niyə dəyişib? Tələb edirəm əvvəlki prokuror Ergin Qafarov geri qaytarılsın”.
Xəyalə Ağayeva da dövlət ittihamçısının dəyişdirilməsinə etiraz edərək deyib:
“Əvvəlki prokuror güclüdür, aurası gözəl idi. Məhkəmədə nə danışılırdısa gülürdü. O, mütləq geri qaytarılmalıdır”.
Aynur Elgünəş və digər təqsirləndirilən şəxslər də yeni dövlət ittihamçısına etiraz etdiklərini bildiriblər. Etirazın yazılı təqdim olunması üçün məhkəmədə fasilə elan edilib. Hakimlər və dövlət ittihamçısı zalı tərk edərkən təqsirləndirilən jurnalistlər dövlət ittihamçısına “get, qayıtma” deyə replika ediblər. Dövlət ittihamçısı Vüsal Abdullayev isə “qayıdacam” deyə qarşılıb verib.
Məhkəmə müşavirə keçirdikdən sonra etirazı qəbul etməyib.
Vəkil Rövşanə Rəhimli təqsirləndirilən şəxslərin şüşə qəfəsin içindən çıxarılaraq onların yanında əyləşməsi üçün vəsatət səsləndirib.
“İyul ayıdır, qəfəsin içi havasız olur. Həm də biz bir-birimizdən aralı olduğumuz üçün effektiv məsləhətləşmə apara bilmirik. Əvvəlki məhkəmə tərkibi bunu təmin etmişdi”, – vəkil qeyd edib.
Məhkəmə vəsatəti təmin edib.
Şəmşad Ağa söz alaraq məhkəmədə bəzi prosedurların təkrar edilməməli olduğunu bildirib.
“Əvvəlki proseslərdə dövlət ittihamçısı Ergin Qafarov ititham aktını səsləndirib. Hətta 3-4 proses boyunca bu davam etdi. İndi ittiham aktı təkrar səsləndirilməsin. Hakim heyətinin dəyişməsi ilə bağlı bizə heç bir bildiriş gəlməyib. Bildiriş gəlməli idi, çünki bu, qanunun tələbidir.
Bu hakimlərdən mən təkcə Azər Tağıyevi tanıyıram. O, siyasi işlərdə yaxşıdır. Uzun müddətdir “Toplum TV işinə” sədrlik edir. Mən o iş üzrə şahid kimi dindirilmişəm. Bu iş əlifbadan qanunsuz qurulub. Dəyişməyən təkcə Dövlət Vergi Xidmətinin işçisidir. O da uşaqdır, gəlib oturub burada. Prosedurlar təkrar edilməsin, çünki burada onsuz da məhkəmə yoxdur”.
Ramin Deko söz alaraq öncəki hakim heyəti tərəfindən təmin edilən vəsatətinin taleyini soruşub.
“Əvvəlki tərkib hava limanından kamera görüntülərinin məhkəməyə gətirilməsi üçün 3 apreldə verdiyim vəsatəti təmin etmişdi. O görüntülər gəlsə aydın olacaq ki, mənim üzərimdə 38 min yox, 8 min avro olub. 3 aydır görüntülər gəlmir və mən haqsız yerə həbsdə saxlanılıram. Əgər siz bacarmırsınızsa, mən gedim hava limanından götürüb gətirim”.
Hakim indiyədək məhkəməyə hava limanından hər hansı bir sənəd daxil olmadığını, ancaq bunun üçün təkrar müraciət ediləcəyini bildirib.
Ev dustaqlığı üçün vəsatətlər verilib
Vəkil Zibeydə Sadıqova hüquqlarını müdafiə etdiyi şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün vəsatət verib.
“12 nəfərin hər biri qaçaqmalçılıqda ittiham olunur. Aynur Elgünəşin səhhətində ciddi problemlər var. O, 17 dəfə əməliyyat keçirib. Natiq Cavadlının himayəsində azyaşlı övladı və xəstə anası var. Şəmşad Ağanın da himayəsində azyaşlı övladları var. Həmçinin, o həbsdə olduğu müddətdə 3 ailə üzvü və yaxın qohumları həyatını itirib. Fatimə Mövlamlı gəncdir, jurnalistika fəaliyyətinə görə həbs olunub.
Məhkəmə 1 illik istintaq dövründə təmin etmirdi vəsatətləri. Amma indi bizim məhkəmələrimizin çox gözəl praktikası var. Qızıl qaçaqmalçıları üzrə gedən işdə təqsirləndirilən şəxslər ev dustaqlığına buraxılıblar. Həmçinin 5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan Ruslan Eyyubov ev dustaqlığına buraxıldı. Təsəvvür edirsiniz, 5 milyon. Gəlin, məhkəmələrimizin bu gözəl praktikasından istifadə edək”.
Vəkil Cavad Cavadov da hüquqlarını müdafiə etdiyi Aytac Tapdıq və Nurlan Librenin ev dustaqlığına buraxılması üçün vəsatət səsləndirib.
Ülvi Tahirovun hüquqlarını müdafiə edən Bəxtiyar Hacıyev də müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib. O, “Meydan TV” və “Bakı Jurnalistika Məktəbi” (BJM) işlərinin bir-birindən ayrılmasını da istəyib.
Vəkil Rəşad Əliyev müdafiə etdiyi Əhməd Muxtarın ailə vəziyyətini qeyd edərək ev dustaqlığına buraxılması üçün vəsatət səsləndirib.
“Əhməd Muxtarın Bakıda daimi yaşayış yeri var. Hazırda onun anası və həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkirlər. O, daha öncə mötəbər mükafatlara layiq görülüb. Həmçinin, qanunvericilikdə onun ev dustaqlığına buraxılmasını təhlükəli sayan əsasların heç biri mövcud deyil”.
Nazim Musayev çıxış edərək, müdafiə etdiyi Xəyalə Ağayevanın ittihamın mahiyyətini bilmədiyini deyib.
“Biz daha əvvəl də vəsatət vermişik. Xəyalə Ağayeva ittihamın mahiyyəti ilə tanış deyil və ittiham aktından müəyyən etmək olmur ki, onu nədə ittiham edirlər. Anlaşılan odur ki, “Meydan TV” ilə əməkdaşlıqda ittiham olunur. Şəxsin həbsdə qalması üçün prosessual əsaslar yoxdur.
Həmçinin, evində aprılan axtarış zamanı ondan kamerası, yaddaş kartları, çəkilişdə istifadə etdiyi mikrofon kimi əşyalar götürülüb. Yəni qaçaqmalçılıq predmeti sayıla biləcək heçnə götürülməyib. Bu səbəbdən həbsdə qalması üçün maddi əsaslar da mövcud deyil”.
Vəkil Azər Rəsulov da müdafiə etdiyi Fatimə Mövlamlının ev dustaqlığına buraxılmasını istəyib.
“”Meydan TV” ilə “BJM” işlərinin birgə olması üçün heç bir əsas yoxdur. İtitham, əsasən, BJM üzərindən qurulub, amma həmin QHT-nin maliyyə dövriyyəsində iştirak edən şəxslər bu işdə sadəcə şahid qismində yer alırlar. Fatimə Mövlamlı isə BJM-in heç bir işində iştirak etməyib”.
Dövlət Vergi Xidmətinin nümayəndəsi vəsatətlərə etiraz etməyərək, bunu məhkəmənin öz mülahizəsinə buraxdığını bildirib.
Məhkəmə vəsatətləri təmin etməyib.
Təqsirləndirilən şəxslər müalicə ala bilmədiklərini deyirlər
Vəkil Rövşanə Rəhimli müdafiə etdiyi jurnalist Ülviyyə Əlinin lazımi tibbi müayinələrdən keçirilməsi üçün vəsatət qaldırıb.
“Müvəkkilimin mikroadenoma şişi var. O, həmçinin, insulin rezistentliyindən əziyyət çəkir. Fevralda bununla bağlı məhkəməyə vəsatət vermişdik və məhkəmə vəsatəti təmin edərək sorğu göndərmişdi. Penitensiar Xidmətin Müalicə Müəssisəsində MRT və KT cihazları yoxdur və biz istəyirik öz vəsaitimiz hesabına özəl xəstəxanadan müayinədən keçmə təmin edilsin”.
Ülviyyə Əli qeyd edib ki, ötən ilin may ayında və bu ilin fevral ayında bununla bağlı müraciətlər ediblər, lakin heç biri təmin olunmayıb. Jurnalist keyfiyyətli tibbi yardım almaq hüququndan məhrum edildiyini bildirib.
Vəkil Cavad Cavadov da müvəkkili Aytac Tapdığın səhhətindəki problemlə bağlı müalicə ala bilməməsini qeyd edib.
“19 iyunda yazılı müraciət edib müvəkkilim üçün lor həkimi müayinəsinin təyin olunmasını istəmişik. Müvəkkilim burnundakı çəpər əyriliyi ilə bağlı nəfəs darlığından əziyyət çəkir. Həmçinin, onun MRT və KT müayinələrindən keçirilməsi müraciətimizdə yer alıb. Lakin zəruri tibbi ehtyacların təmin edilmısi üçün bizə heç bir cavab bildirilmir”.
Aytac Tapdıq isə saxlanıldığı təcridxananın baş həkimi tərəfindən ona şifahi cavab verildiyini bildirib.
“Mənə dedilər ki, Penitensiar Xidmətin nəzdində lor həkimi yoxdur və sən müalicədən məhrumsan”.
Aytac Tapdıq söz almışkən başqa bir vəsatətinin olduğunu da bildirib.
“Mən yeni hakim heyətini – hərçənd onlar yeni deyil, aralarında bu günlərdə həmkarlarımıza uzun illik haqsız hökm oxumağa hazırlaşan Azər Tağıyev də var – Meydan TV komandası ilə tanış etmək istəyirəm.
Məhkəməmiz, nə hikmətdirsə, 6 aydan sonra yenidən başlayıb. Yəqin bilmək istəyərsiniz ki, 13 illik müstəqil medianın göstərdiyi həqiqətlər nələrdir? Meydançılar kimdir, onları məhbəsə gətirən fəaliyyətləri hansıdır? Ona görə təklif edirəm ki, vəsatətimi qəbul etsəniz, növbəti prosesə “Meydan TV” ilə bağlı qısa video çarxı yükləyib gətirək və bizi izləyən Prezident Administrasiyasının kameraları ilə birgə zalda ona baxaq”.
Məhkəmə bu vəsatəti də təmin etməyib.
Təqsirləndirilən şəxslərin zəruri tibbi ehtyaclarına dair vəsatətlərə münasibət bildirərkən dövlət ittimahçısı, bu məsələnin məhkəmə ilə əlaqəsi olmadığını deyib. Dövlət ittihamçısı qeyd edib ki, onlar bununla bağlı ancaq saxlanıldıqları müəssisəyə müraciət edə bilərlər.
Vəkil Rövşanə Rəhimli buna etiraz edib.
“Təqsirləndirilən şəxsin müalicə almaq üçün məhkəmə istintaqı zamanı vəsatət qaldırması oturuşmuş praktikadır. Bu, kimlər üçünsə yeni ola bilər, ancaq hər zaman belə olub. Hər zaman məhkəmədən icazə, məktub almışıq və bunun əsasında təqsirləndirilən şəxsin müalicəyə çatımlılığı təmin edilib”.
Dövlət Vergi Xidmətinin nümayəndəsi isə vəsatətə etiraz etməyərək məhkəmənin mülahizəsinə buraxdığını bildirib.
Məhkəmə qərarında təqsirləndirilən şəxslərin müvafiq olaraq müraciət etməli olduğunu qeyd edib.
Aytac Tapdıq buna etiraz edərək cavabın aydın olmadığını deyib.
“Məhkəmənin müvafiq saydığı quruma 19 iyunda etdiyimiz müraciətə yazılı heç bir cavab verilmir. Şifahi olaraq isə mümkün olmadığı deyilir”.
Hakim bildirib ki, Tibb Baş İdarəsinə müraciət etdikdə onlar ehtiyacı təmin edirlər: “Əgər sizin ehtiyacınız olan müayinə cihazı onların nəzdində yoxdursa, öz vəsaitiniz hesabına özəl xəstəxanada müayinədən keçə bilirsiniz”.
Vəkil Rövşanə Rəhimli isə Penitensiar Xidmətin məhkəmənin icazəsini tələb etdiyini bildirib.
Hakim yenidən onlarda belə bir səlahiyyətin olmadığını, sadəcə bəzi məsələlərdə etiraz etmədiklərinə dair təcridxanaya yazı göndərə bildiklərini deyib. Bu zaman vəkil onlardan belə bir məktub istəyib. Hakim isə aidiyyatı üzrə məlumat verəcəyini qeyd edib.
Məhkəmə binası əlilliyi olanlar üçün təminatlı deyil
Ramin Deko jurnalistlərin məhkəmədə çəkiliş etmələri üçün vəsatət qaldırsa da, bu da təmin edilməyib.
Daha sonra Vəkil Zibeydə Sadıqova müvəkkili Natiq Cavadlının ailə üzlərinə notarial qaydada etibarnamə verməsi üçün aylardır davam edən problemin həll olunmasını istəyib. Sədrlik edən hakim bunun üçün çalışacaqlarını bildirib.
Vəkilin bir digər vəsatəti məhkəmə binasında əlilliyi olan şəxslər üçün nəzərdə tutulan tualetin təşkil edilməsi barədə olub. O, müvəkkili Aynur Elgünəşin ayaqlarından əməliyyat keçirdiyini, yer tualetindən istifadə etməsinin mümkün olmadığını bildirib.
“Bu səbəbdən müvəkkilim məhkəmə binasında olduğu müddətdə tualet ehtiyacını ödəyə bilmir. Buraya onların gətirilməsi, gözləmələri vaxt alır. Sonra saatlarla məhkəmə iclası keçirilir və ardından təcridxanaya uzun yolları var. Əvvəlki proseslərdə də bu məsələni qaldırmışdıq. Səyyar tualet avadanlığı 50-60 manatdır. Bunu müvəkkilim öz vəsaiti hesabına almağa hazırdır”.
Sədrlik edən hakim bu problemin növbəti iclasa qədər həll edilməsi üçün çalışacaqlarını bildirib.
Vəkil Rövşanə Rəhimli Bakı İstintaq Təcridxanasında 4 müvəkkili ilə eyni vaxtda görüşmək istədiyini bildirib.
“Aysel Ümüdova, Ülviyyə Əli, Aytac Tapdıq və Şəmşad Ağa ilə birgə formada görüşmək istəyirəm. Onlarla ayrılıqda görüşdükdə hər birinin gətirilməsi üçün ayrıca 30-40 dəqiqə otaqda oturub gözləməli oluram. Nəticədə görüşlər 4-5 saat çəkir.
Bizə bildirirlər ki, Şəmşad Ağa kişi cinsinin nümayəndəsi olduğu üçün o, qadınlarla birgə vəkili ilə görüşə bilməz. Mən başa düşmürəm bu hansı qanunvericilikdə var və təcridxana şəriət qaydaları ilə idarə olunur?”
Məhkəmə təqsirləndirilən şəxslərin eyni otaqda vəkilləri ilə görüşmələrinə hər hansı etirazlarının olmadığına dair təcridxanaya məktub göndərmək qərarına gəlib.
Dövlət İttihamçısı: “Mənə bəy deməyin!”
Sədrlik edən hakim təqsirləndirilən şəxslərin hər birindən özlərini təqsirli bilib-bilmədiklərini soruşub. Onların heç biri özlərini təqsirli bilməyib.
Ramin Deko ifadəsini yenidən səsləndirmək istədiyini qeyd edib.
Xəyalə Ağayeva söz alaraq son prosesdə onun ifadəsinin yarımçıq kəsildiyini və hakimlərin iclas zalını anidən tərk etdiklərini xatırladıb.
“Biz jurnalistika fəaliyyətimizə görə buradayıq. Bu səbəbdən çıxışlarımıza qarşı dözümlülük göstərin. Mən yarımçıq kəsilmiş ifadəmi növbəti prosesdə səsləndirməyə davam edəcəm”.
Hakim etiraz edərək ancaq mahiyyəti üzrə çıxışlara icazə veriləcəyini deyib. Xəyalə Ağayeva da hakimə etiraz edib.
“Mahiyyət nəyə deyirsiniz? Siyasi sifarişlə həbs olunmuşuq”.
Nurlan Libre son araşdırmasının qumarxanalarla bağlı olduğunu, buna görə həbs olunduğunu və çıxışlarında bu haqda danışacağını deyib.
Dövlət ittihamçısı Vüsal Abdullayev isə jurnalistlərə etiraz edib.
“Burada şəxsi düşmənçilik çıxışları olmamalıdır. İttihamın mahiyyəti aydındır. Kənarda jurnalistika ilə məşğul ola bilərlər. Bu şəxslər qaçaqmalçılıqda təqsirləndirilir. Ona görə də mahiyyət üzrə danışmalıdırlar. Etik çərçivə aşılmamalıdır”.
Fatimə Mövlamı dövlət ittihamçısına “Vüsal bəy” deyərək xitab edib və etirazını səsləndirməyə başlayıb. Bu zaman Vüsal Abdullayevin “mənə bəy deməyin” şəklində qarşılıq verməsi zalda əyləşənlərin gülüşünə səbəb olub.
“Sənə bəy artıqdır. Sən bizi şərləmək üçün buradasan. Həbs olunmağımız üçün sifarişi İlham Əliyev verib, onun da adını çəkəcəyik”, – Fatimə Mövlamlı cavabında deyib.
“İfadəmdə meyxana deyəcəm”
Şəmşad Ağa da dövlət ittihamçısına etiraz edib.
“Bu ittiham aktı biabırçıdır. Oxumusunuzsa, utanmalısınız. Utanmadan bunu məhkəməyə göndərmisiniz. 84-cü maddə pozulub. İstintaq dövründə bu iş üzrə verilən 120 qərarın hər birində prokurorluq yer almalı idi. Bu imperativ normanın pozulmasıdır.
Mən olsam utanardım. Bayaq zaldakılara özümün yeni yayımlanmış yazımda hərif səhvininin düzəldilməli olduğunu dedim. Siz isə Azərbaycan dilinin anasını ağladan ittiham aktı göndərmisiniz.”
Bu zaman jurnalistin mikrofonu söndürülüb. O, dövlət ittihamçısına üzünü tutaraq “ayıb olsun bu mikrofonu kəsənə də, sizə də” deyib.
Hakim müdaxilə edərək “gəlin məhkəmə prosedurlarına başlayaq, emosional çıxışlar etməyin” deyib.
“Emosionallıqla bağlı deyil məsələ. Bu adamlar dövlət büdcəsindən maaş alırlar. Baş Prokuror Kamran Əliyev və “Meydan TV işi”ndə yer alan digər prokurorlar bu iş müddətində aldıqları maaşı büdcəyə geri qaytarmalıdır”, – Şəmşad Ağa cavabında qeyd edib.
Ramin Deko isə növbəti prosesdən ifadəsini səsləndirməyə davam edəcəyini, ifadəsində meyxana deyəcəyini qeyd edib.
“Vətən müharibəsi dövründə fotolar çəkmişəm”
Daha sonra Əhməd Muxtar ifadəsini səsləndirmək üçün kürsüyə gəlib.
“Mən 2009-ci ildən fotoqraf kimi çalışıram. Meydan TV-nin fəaliyyəti ilə heç bir əlaqəm yoxdur. 2024-cü ilin yanvar ayında Aynur Elgünəş mənə Tbilisidə qonararı olduğunu dedi. Mən orada olarkən onun pulunu götürüb Bakıya qayıtdıqda özüm ilə gətirdim. Bunu istənilən dostum məndən xahiş etsə edərəm. Qanuni miqdarı keçmədiyi müddətcə nə üçün mən özümlə gələrkən pul gətirə bilmərəm ki? Həmin vaxt Tbilisiyə fotoqraf dostum Elminlə kameranı təmir etdirmək üçün getmişdik. Həmin ilin sonunda COP29 tədbiri zamanı çəkilişlər etməli idim. Kameralar bu səbəbdən təmir edilməli idi.
Biz özümüzlə pul aparmadıq. Orada pulugötürüb kamera lensi aldıq. 3500 avro idi. Bakıya qayıtdıqdan sonra isə özümüzdəki pulu verdik Aynur Elgünəşə.
2024-cü ilin oktaybrında yenidən Tbilisiyə gedərkən dostum Famil ilə adama 3500 avro götürüb gətirmişik özümüz ilə. Yəni cəmi 7000 min avro. Qanuni həddi keçən məbləğ deyildi. Biz oraya gedərkən Aynur Elgünəş demişdi mükafat udub. Onun pulu idi, gətirmişdim.
Oktyabrın 11-i ölkəyə qayıdarkən bizi yoxladılar. Mən dekabrdın 6-sı saxlanıldım.
Oktyabrın 11-i ölkəyə qayıdarkən bizi yoxladılar. Mən dekabrın 6-sı saxlanıldım.
2008-2009-cu illərdən VÖEN ilə işləyən fotoqraf olmuşam. Təşkilatlarla müqavilələr əsasında işləmişəm, vergisini ödəmişəm. BJM-də mənə kiçik bir otaq verilib sadəcə.
Vətən müharibəsi dövründə Azərbaycana qarşı təcavüzü əks etdirən fotolar çəkmişəm. Prezident Administrasiyasının Qarabağa təşkil etdiyi səfərlərdə çəkilişlər etmişəm. Hətta müharibə bitməmiş bir səfərdə fotoqraf kimi yer almışam. FHN-nin Qarabağdakı mina təmizləmə tədbirlərindən çəkilişlər etmişəm. 2023-cü ildən həbs olunduğum vaxta qədər Kənd Təsərrüfatı Nazirlinin biznes sərgilərinin fotoqrafı olmuşam”.
Əhməd Muxtar cinayət işi materiallarında onun üzərindəki məbləğin olduğundan çox göstərildiyini qeyd edib. O, ifadəsini başa çatdırdıqdan sonra dövlət ittihamçısı nə üçün ölkəyə gələrkən üzərindəki pul məbləğini gömrükdə bəyan etmədiyini soruşub. Fotoqraf üzərindəki məbləğin qanuni həddi keçmədiyi üçün bəyan etməsinə ehtiyac olmadığını deyib.
Bunun ardından dövlət ittihamçısı yenə də bəyan etməli olduğuna dair israrını davam etdirib. Vəkil Cavad Cavadov dövlət ittihamçısına etiraz edib.
Daha sonra Əhməd Muxtarın vəkili Rəşad Əliyev ondan cinayət işi materiallarında yer alan sənədlərdəki imzaların özünə aid olub-olmadığını soruşub. O, imzaların özünə məxsus olmadığını bildirib.
Növbəti məhkəmə prosesi iyulun 24-ünə təyin edilib.
3 aydan sonra Meydan TV məhkəməsi