Bir neçə ştatın məhkəməsi Trampın sərəncamını müvəqqəti dayandıran qərar çıxarıb" />

ABŞ-da qaçqın və miqrantların ölkəyə gəlişinə qoyulan qadağaya etiraz edirlər

Bir neçə ştatın məhkəməsi Trampın sərəncamını müvəqqəti dayandıran qərar çıxarıb

Miqrantlara dəstək və ABŞ prezidentinin Yaxın Şərqin və Afrikanın bir sıra ölkələrinin vətəndaşlarının ölkəyə girişini məhdudlaşdıran sərəncamına etiraz olaraq şənbədən etibarən ABŞ-ın ən iri beynəlxalq aeroportlarında aksiyalar başlayıb.

Nyu-York, San-Fransisko, Çikaqo, Sietl və digər şəhərlərdə insanlar aeroportlara axışaraq prezident sərəncamının konstitusiyaya zidd dəyərləndirilməsini tələb edirlər. Bütün ölkə üzrə aksiyalarda minlərlə insan iştirak edir.

Bundan başqa ölkənin ən vacib aeroportlarının yerləşdiyi ştatlarında – Massaçusets, Virciniya və Vaşinqton məhkəmə qərarı ilə prezident sərəncamının icrası müvəqqəti dayandırılıb. Bu qərarlar şənbə günü iki İraq vətəndaşının adından hüquq müdafiəçilərinin qaldırdığı iddiaya baxaraq prezident sərəncamının icrasının 90 gün müddətinə ertələnməsi haqda Nyu-York federal dairə hakiminin çıxardığı  qətnamənin ardınca qəbul edilib.

Ötən cümə Trampın imzaladığı sərəncam İraq, İran, Yemən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının, o cümlədən vizası olanların da ABŞ-a girişinə 90 günlük qadağanı nəzərdə tutur. Suriyadan qaçqınların qəbulu qeyri-müəyyən müddətə dayandırılacaq, digər ölkələrdən olan qaçqınların qəbulu proqramı isə 120 gün müddətinə dondurulacaq.

Sərəncam imzalanandan dərhal sonra qeyd olunmuş ölkələrdən ABŞ-a gələn sərnişinlərin saxlanılması başlanıb. Reuters agentliyinə məlum olub ki, şənbə günü Qahirə aeroportunda EgyptAir aviaşirkəti beş İraq və bir Yəmən vətəndaşını Nyu-Yorka uçan təyyarəyə buraxmayıb.    

Beynəlxalq təşkilatlar və bir neçə ölkə lideri Trampın sərəncamına qarşı çıxıb. Kanadanın baş naziri Castin Trüdo isə Amerika aeroportlarında saxlanılan insanların qəbul etməyə hazır olduqlarını bildirib. AFR-nın kansleri və Böyük Britaniyanın baş naziri Tereza Mey sərəncamı tənqid ediblər.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsi (BMT QAKİ) və Miqrasiya üzrə Beynəlxalq Təşkilat ABŞ prezidenti Donald Trampın administrasiyasını qaçqınlarını qəbulu dayandırmamağa çağırıb.


More on JAMnews