Ermənistanlı iki ananın hekayəsini danışırıq" />

Doğma və övladlığa götürülən əlil uşaqlar haqda

Ermənistanlı iki ananın hekayəsini danışırıq

“Mən öz övladımdan imtina etmişəm…”

“Doğuşdan sonra ilk xatırladığım həkimin sualıdır: “Biz bütün analizləri eləmişdik?” Və uşağı mənə vermək əvəzinə başqa palataya apardı. Nə baş verdiyini anlamırdım, mənə elə gəlirdi ki, ətrafımda bütün dünya alt-üst olur”.

Oğlu dünyaya gələndən yalnız bir neçə saatdan sonra Annaya deyiblər, daha doğrusu, hökm kimi qarşısına qoyublar: uşağın əlildir. Heç kim açıq şəkildə uşaqdan imtina etməsini dilə gətirməyib. Hamı sadəcə onun “xəstə uşağa” xərcləyəcəyi cavanlığına acıyırdı, uşağın isə “mütləq ürək problemləri, zəif sağlamlığı, əqli geriliyi olacaqdı”. Ehtimal edirdilər ki, xəstə uşaq dünyaya gətirəndən sonra onun ailəsi də dağılacaq. Annanın vəziyyətinə təəssüflənirdilər – onun həyatı artıq başa çatıb.

• Oğul və ya qız sahibi olmaq daha yaxşıdır?

• Çətin oxuyan və yeriyənlər adi məktəbdə necə təhsil alır

“Doğuşdan sonra demək olar ki, bütün qadınlarda depressiya olur, bu normaldır. Və bu vəziyyətdə bütün bu təəssüflər sadəcə dözülməz idi. Sanki məni ziyarətə gələnlər dəfnə gəlirdilər. Yeganə çıxış yolu uşaqdan imtina etmək idi. Mən qorxurdum, çünki bundan sonra necə yaşayacağımı bilmirdim. Əmin olduğum yeganə şey: bu hadisənin mümkün qədər tez bitməsini istəyirdim. İstəyirdim ki, kimsə məsuliyyəti öz üzərinə götürsün. Bütün bunları çəkməyə gücüm yox idi”, – Anna xatırlayır.

Annanın hekayəsi tezliklə ictimaiyyət arasında yayıldı, hər kəs onu müzakirə edir və nifrət bəsləyirdi.

“Mən heç təsəvvür də edə bilməzdim ki, insanların içində bu qədər nifrət ola bilər. Heç vaxt. İnsanlardan lənət, təhqir dolu məktublar alırdım… Sanki insanların yeganə məqsədi məni məhv eləmək idi. Hamı mühakimə edirdi, elə bil ki, hamısı tanrıdır. Heç kim anlamırdı ki, hər şeydən əvvəl mən insanam, bundan sonra erməniyəm, anayam. Mənim öz qorxularım, tərəddüdlərim, zəifliyim var. Sanki mən övladından imtina eləmiş ilk qadın idim”, – Anna danışır.

Nə ilk, nə də yeganə. Rəqəmlər

Ermənistanın dövlət uşaq evlərində 638 uşaq tərbiyə alır, onlardan 471-i əlil uşaqlardır. Ötən iki il ərzində 130 körpə uşaq evlərindən öz bioloji ailələrinə qayıdıblar. Onlardan doqquzu xüsusi qayğıya ehtiyacı olan uşaqlardır. Eyni dövr ərzində 105 uşaq övladlığa götürülüb, onlardan cəmi 15-nin əlilliyi var.

Qəlbi ilə görən: Hovannes


“Bilirdim ki, o mənim anam olacaq. Birinci dəfə uşaq evində məni qucaqlayıb, “Həyatım mənim” deyəndə, anladım ki, o mənim anamdır”, – Hovannes deyir.

Anahit bic-bic gülür: o bütün uşaqlara belə müraciət edir. Ana xoşbəxtdir – tanrı onları bir-birinə qovuşdurub.

Anahit həyatından razıdır. Əlli-ayaqlıdır, həyat doludur, iki daşın arasında hər şeyin öhdəsindən gəlir: ev, iş, xeyriyyəçilik. Yorulmaq olmaz vaxt yoxdur. Oğlanlarını məktəbə, sonra vokal, daha sonra kamança, aviamodel hazırlama dərslərinə, teatr dərnəyinə aparmalıdır. O, uşaqlarına bacardığı hər şeyi vermək istəyir, hətta bacardığından da artığını – onların məhrum qaldıqlarını əvəzləmək üçün.

Pianinonun üstündə nəfis çərçivələrdə fotolar düzülüb – anasının qüruru. Bu fotolardakı böyük oğlu Hovannesdir, məşhur müğənni ilə duet oxuyandan sonra çəkilib. Gözdən əlil müğənnilərin beynəlxalq müsabiqəsində 400 namizəd arasından Diana Qurtskaya məhz onu seçib duet oxumaq üçün: “O, bizim ulduzumuzdur, mənim qürurumdur”, – anası deyir.

O biri küncdə yellənən kresloda kiçik oğlu Husik ciddi görkəmdə oturub. Evin kiçiyi statusu heç xoşuna gəlmir, amma dərhal deyir:

“Bu, mənim kreslom deyil, böyük qardaşıma, Hovannesə bağışlayıblar”.

Rahib Qriqor Hovannesyan atanın evində sevgi həmişə olub. Artıq ailə qurub, ata ocağını tərk etmiş evin yeganə qızı sevgi və qayğı içində böyüyüb. Gücləri yetdikcə ər-arvad birlikdə ehtiyacı olanlara yardım ediblər. Arqavand kəndinin “Surb Sarqis” kilsəsinin gənclər qolu ilə birlikdə Qriqor ata və həyat yoldaşı hər bazar günü Mari İzmirlyan adına uşaq evini də ziyarət edirlər. Bir ara uşaqlar üçün Sevan gölü sahilində yay tətili təşkil eləmək qərarına gəlirlər.

5 il əvvəl Anahit görməyən və əlil arabasında olan uşaqları da istirahətə aparmaq qərarına gəlir. Böyük məsuliyyət idi, amma çarə tapıldı – hər uşağı bir könüllüyə təhkim etdi. Düşərgədən sonra öz ad günündə keşiş arvadı başa düşür ki, onun içində abstrakt yox, konkret sevgi yaranıb. Və bu sevgi ünvanını tapa bilmir.

“Doğum günümdə bayram süfrəsi başında ərim soruşdu ki, mən nə istəyərdim. Bilmirəm niyə, amma o an mən qəti şəkildə anladım ki, həyatımda Hovannes çatmır. Dedim ki, Hovannesin burda olmağını istəyərdim. Axşam düşmüşdü, demək olar ki gecə idi. Uşağı qonaq gətirmək artıq alınmazdı, amma düşünürəm ki, məhz bu gün həlledici oldu, anladım ki, dünyada mənim üçün çox vacib olan biri var və o yanımda deyil”.

Ər-arvad qəyyumluq üçün lazım olan sənədləri toplamağa başlayıblar. Proses mürəkkəb və uzun oldu – bir ildən çox çəkdi. Keşiş arvadı deyir: övladlıq götürmək istəyənlər bilməlidirlər ki, çətin başa gələcək və səbrə  ehtiyac olacaq. Amma bütün bunlar evə gələcək xoşbəxtliyin yanında heç nədir.

Beş il əvvəl Qriqor atanın ailəsi Ermənistanda əlilliyi olan uşağı övladlığa götürmüş ilk ailə oldu. Paralel olaraq valideynlər Hovannesin sağlamlığı ilə məşğul olmağa başladılar. Oğlanın tibbi sənədlərində deyilirdi ki, onun görmək şansı sıfıra bərabərdir, amma Qriqor ata əlavə müayinələrin keçirilməsinə israr edirdi. Ürəyinə dammışdı ki, oğlu görəcək. Yeni müayinələr göstərdi ki, oğlanın bir gözünün görmə sinirləri işləyir, əməliyyat lazımdır. Hovannesi əvvəlcə İsraildə, sonra Kanadada əməliyyat etdilər. Nəticələri hələ altı il gözləmək lazımdır.

“Çoxları soruşur ki, o qədər vaxtı necə gözləyəcəksiz? Deyirəm ki, əgər oğlumun görəcəyinə, heç olmasa işıq və kölgəni seçə biləcəyinə dair iynə dəliyi qədər bir ümid varsa, biz gözləməyə və əlimizdən gələn hər şeyi eləməyə hazırıq”, – ana deyir.

Düz saat 16:00-da xüsusi məktəbin avtobusu Hovannesi evə gətirir. Anası onu qarşılamağa tələsir:

“Oğlum haradadır? Olmaya var-dövlətimi unutmusuz?”, – keşiş arvadı maşının qapısını açarkən zarafat edir. Oğlu tələsmir. Bu, anası ilə oynadıqları ənənəvi oyundur. Bir neçə saniyədən sonra o ayağa qalxıb, irəli gedir: “Bu da mənim var-dövlətim. Lap qorxmuşdum”, – Anahit deyir.

Bu, tərbiyəli, inkişaf etmiş oğlan oxuyub, yazmağı 10 yaşında öyrənib. Bu gün onun demək olar ki, boş vaxtı yoxdur: məktəbdən sonra, vokal dərsləri, ardınca da teatr dərnəyi. Sevimli müəllimi artıq evdə onu gözləyir. Valideynləri itirilmiş vaxtı doldurma çalışırlar:

“Hovannesin ilk dəfə hıqqanmadan dörd hərfli sözü oxuduğu gün həyatımın ən xoşbəxt günüdür. Uşaqları internatlarda keyfiyyətli təhsildən məhrum qoyaraq, onları dilənçiliyə, oğruluğa məhkum edirlər, ləyaqətlə yaşamaqdan məhrum edirlər”, – anası deyir.

Deyəsən, evdə heç kim Hovannesin görə bilmədiyini xatırlamır. O, müstəqil şəkildə ayaqqabılarını çıxarır, əynini dəyişir və əllərini yumağa gedir. Anası vanna otağının işığını yandırır. Hovannes danışır ki, şəhərin meri olmaq istəyir, amma bilmir oxumaqla bu işi eyni vaxtda görə bilər, ya yox. Anası bacaracağından əmindir.

Bu uşaqlar nə edə biləcəklər?

BMT-nin Uşaq Fondunun məlumatına görə, uşaq evində tərbiyə olunan və əlilliyi olan hər dördüncü uşaq (daha doğrusu 23 faizi) heç vaxt uşaq evinin ərazisini tərk etmir və ya sadəcə həkimə getmək üçün oradan çıxır.

Onlar demək olar ki, ümumi təhsil sistemindən kənarda qalırlar. 20 nəfərdən sadəcə biri (5 faizi) ümumtəhsil məktəbinə getmir, beşi (23 faizi) xüsusi məktəblərə gedir, 14-ü isə (72 faizi) ümumiyyətlə məktəbə getmir.

Uşaq evlərində yaşayan əlil oğlanlar (19 faiz) qızlara (12 faiz) nisbətən daha çox heç kimlə dost olmamağa meylli olur.

Birini də xilas etmək: Husik

“Husik ailəmizə Hovannesdən bir il sonra gəlib. Əslində elə Hovannes sayəsində. Bir dəf o sadəcə soruşdu ki, niyə başqa bir uşağı da övladlığa götürməyək? Düşünürəm ki, Hovannesin başqa bir uşağı da xilas etmək, ailəyə gətirmək, ona layiqli həyat vermək arzusu vardı. Hərçənd elə Husikin özü də ailəmizə gəlməyə etiraz etmirdi”, – keşiş arvadı danışır və anasından xəlvətdə böyük qardaşının gödəkcəsini geyinən bəstəboy hərəkətli oğlana baxır – gələn il buu gödəkcə artıq onun olacaq.

Hələ uşaq evindəykən Husik Hovanneslə dostluq edirdi. O, Hovannesin gözləri idi, Hovannes isə onun ayaqları.

“Baytar  olmaq istəyirəm, amma dool [xalq zərb aləti] və kamançanı heç vaxt atmayacam”, – Husik söhbətə qarışır.

Üç il əvvəl keçirdiyi əməliyyatdan sonra daha əmin və dik yeriməyə başlayıb. Yerindən sıçrayıb, öz otağına qaçır, siqaret qutusundan hazırlanmış kiçik təyyarə gətirir. Özü düzəldib, ilk aviamodel hazırlama dərsində – təyyarə həqiqidir, uçur.

Anahit əmindir ki, uşaqlar yaxşı işlərlə məşğul olmalıdır. Bekarlıq pis əməllərə səbəb olur.

Husik Qriqor atanın ailəsinə gələndə 4-cü sinifdə idi. Oxuya bilmirdi. Üç ay ev məşğələləri ərzində o 4 illik tədris proqramını mənimsəyib.

“Anlayanda ki, uşaq üzündən oxuya bilmir, məktəbə şikayətə getdim. Hovannesin durumunda bunu hardasa anlaya bilərəm. Brayl sistemi üzrə tədris etmək də, öyrənmək də çətindir. Husikin isə sadəcə ayaqları ilə bağlı problemi var, beyni hamıdan yaxşı işləyir”, – Anahit deyir.

Husik evin kiçiyi olmağın bütün üstünlüklərindən yararlanır. Anası deyir ki, o dəcəldir, amma qəlbi qızıldır.

Yeni yellənən kreslonun yanında ailə fotosu çəkdirmək qərarı alıblar. Hovannes dünən tanımadığı ustadan hədiyyə aldığı “taxtına” çıxmağa çalışır. O, hələ ki, stulun yerini və vəziyyətini öyrənə bilməyib. Husik ciddiyyətlə xəbərdarlıq edir: “Kömək etmək lazım deyil. O özü hər şeyi bacarır”. Və Hoovannes həqiqətən də bacarır.

Bu ailədə çatışmayan şeylər haqda danışmırlar. Onların sahib olduqları isə o qədər dəyərlidir ki, daha artığını xəyal etmək belə mümkün deyil. Bir qab şorbanı onlar dörd nəfərə bölə bilərlər, təki hamı salamat və xoşbəxt olsun.

Anahit əmindir ki, Tanrı oğlanları vasitəsilə ona öz mərhəmətini göstərib, Ona yaxınlaşmaq və Onun bu uşaqların içində yaşadığını görmək imkanı verib.

Ən yaxşı ana

Oğlu doğulandan bir neçə gün sonra Anna anlayıb ki, övladından uzaqda yaşaya bilmir:

“Bəlkə də qəribə görünəcək, amma hamının nifrəti məni sındırmadı, əksinə, gücləndirdi. Mən hamıya sübut eləmək istəyirdim ki, mən də, övladım da xoşbəxt yaşaya biləcəyik. Həyatımız heç vaxt özgələrin münasibətindən və başqalarının fikrindən asılı olmayacaq. Biz bir-birimizə yetərik – bizim gücümüz də bundadır”, – Anna danışır.

Doğuşdan yalnız iki həftə sonra o, oğlunu ilk dəfə qucağına alıb və bir daha ondan ayrılmayıb. Amma əmindir: oğlu heç vaxt onu itirilmiş iki həftəyə görə mühakimə etməyəcək – uşaqlar bağışlamağı bacarırlar. Onun özü üçün özünü bağışlamaq çətin idi, amma bacardı. Oğlunun yeni həyatında onun keçmiş səhvlərinə görə ağrılar yaşanmayacaq.

Qəhrəmanın xahişi ilə adı dəyişdirilib.


More on JAMnews