Oğul və ya qız sahibi olmaq daha yaxşıdır?
Yarım əsrlik xatirələr tam bir həyatı əks etdirən fotoalbomda qayğı ilə qorunub saxlanılır: uğurlu və pis günlər, nailiyyətlər və itkilər. Otağa çökən ağır sükutu ancaq albom vərəqlərinin xışıltısı pozur.
“Bu, mənim həyat yoldaşımdır, bunlar da bizim üç oğlumuz. Bu da mənim cavan vaxtlarımdı. Burada böyük oğlumlayam, burada da qızımla. Ev, lazımi şərait, onları böyütdüm, saxladım. Bu gün də evim bu dörd divardan ibarətdir. Amma eybi yox, yaşayıram ki, ölməmişəm. Bu xalçanı, televizoru, çarpayını evimdən gətirmişəm. Dolabı aça bilərəm, baxın görün nə qədər paltarım var. Geyinib, bəzənəndə, ətir vurub, küçəyə çıxanda hamı arxamca boylanır. Demək istəyirəm ki, uşaqlarsız da həyatım davam edir, – Birinci Yerevan internat evində yaşayan, üç oğul, bir qız anası 85 yaşlı Haykaz Atoyan danışır.
Haykaz həyat yoldaşını 23 il əvvəl itirib. İnternat evində o 80 yaşlı Araksiya Petrosyanla tanış olub, ona evlilik təklifi edib və artıq beş ildir ki, onlar birlikdə yaşayırlar.
Araksiyanın da uşaqları – üç qızı, bir oğlu var. O, incik tərzdə danışır: “Evin olsun, uşaqları böyüt, toylarını elə, indi də qocalar evinə düş?! Məni bura qızım gətirdi. Maşından düşməzdən əvvəl dedi: deyərsən ki, qonşunun arvadıyam.
Araksiya öz həyat hekayəsini açıq danışsa da, şəkil çəkdirmək istəmədi. Qocalar evinin digər sakinləri şəkillərini çəkməyi qadağan etmirdilər, amma əksəriyyəti söhbətdən imtina etdi – onlar yad adama öz qəmli hekayələrini danışmaq istəmədilər.
İnternat evinin 250 sakini bura ən müxtəlif səbəblərdən düşüblər. Əksəriyyətinin hər dəqiqə, gözlərini qapıdan çəkmədən yollarını gözlədikləri övladları var.
“Çoxlarının yanına gələnlər olur, amma elələri də var ki, onların yanına heç kim gəlmir, halbuki biz onların qohumlarının olduğunu bilirik. Hamısı üçün ünsiyyət çox vacibdir. Ən azından darıxırlar. Bir vacib məqama da toxunmaq istəyirəm: valideynlərə daha çox qız övladları baş çəkir. Onlar az-az gələn oğullardan daha diqqətli və qayğıkeşdirlər, – internat evinin sosial işçisi Lilit Poqosyan danışır.
Yerevanın Norki internat evində yaşayan 82 yaşlı Harut Mkrtcyanın da üç qızı, bir oğlu var. O da təsdiq edir ki, istənilən halda qızlar daha çox valideynlərin qayğısını çəkir, onlara görə narahat olurlar.
“Bəzən elə olur ki, oğullar evdə yaranan problemlərin öhdəsindən gələ bilmirlər. Tutaq ki, oğulun artıq iki övladı var və ailədə narazılıqlar başlayır. Valideynlərin tərəfini tutmaq alınmayacaq, arvadının tərəfini tutacaq, valideynlər narazı qalacaq. Sən dünyaya gətirirsən, böyüdürsən, onlara evini, mülkünü verirsən, cavabında isə biganəliklə, təhqirlərlə üzləşirsən. Və çıxış yolu axtarmağa başlayırsan: ya qızının yanına köçmək, ya da ev tutmaq. Həyatda nələr olmur ki, – Harut Mkrtcyan deyir.
2015-ci ildə BMT-nin Əhali Fondunun erməni ofisi yaşlılar üçün üç internat evinin sakinləri arasında tədqiqat keçirdi. Bu, Gümridə bir və Yerevanda iki internat evi idi. Tədqiqatın məqsədi burada yaşayan yaşlı insanlardan neçə nəfərin uşağı olduğunu və əgər varsa, onlardan neçə faiz qız, neçə faiz oğlan olduğunu müəyyən etmək idi.
Tədqiqatın nəticələrinə görə, internat evlərinin 623 sakinindən 284 nəfərin ovladı yoxdur. Sorğuda iştirak edənlərdən 365 nəfərin oğlu var. Onlardan 61%-i valideynlərinə baş çəkir.
BMT-nin Əhali Fondunun “Əhali məsələləri üzrə siyasətə dəstək proqramının əlaqələndiricisi Anna Hovhannesyan qeyd edir: “Erməni ailələrində oğlan uşaqlarına üstünlük verilməsi barədə çox danışılır. Gələcəkdə bu gender disbalansına gətirib çıxaracaq. Erməni cəmiyyətinin patriarxal quruluşu oğlanlar üçün daha əlverişli şərait yaradır. Rəqəmlər deyir ki, internatlara həm oğlan, həm də qız övladlarının yaşlı valideynləri düşürlər.
Amma bunların arasında qız övladı olanların sayı xeyli azdır. Bu da rəqəmlər: 354 nəfərin qız övladı var, onlardan 173-ü, yəni 49 faizi valideynlərinə baş çəkir.
BMT-nin Əhali Fondu tərəfindən aparılan daha bir “Selektiv abortlar və onların səbəbləri tədqiqatının nəticələrinə görə, son beş il ərzində Ermənistanda uşağın cinsiyyəti ilə əlaqədar 7200 hamiləliyin süni şəkildə dayandırılması faktı qeydə alınıb. Bu o deməkdir ki, orta hesabla il ərzində Ermənistanda 1500 qız doğulmayıb.
İki qız, bir oğul sahibi olan 36 yaşlı Hermine Virabyan danışır ki, üç dəfə uşağın cinsiyyətinə görə hamiləliyini süni şəkildə dayandırıb.
“Hər dəfə mən uşağın cinsiyyətini müəyyən edə bilmək üçün 12-ci həftəyə qədər gözləyirdim və üç dəfə də qız olub. Bizim artıq iki qızımız varıydı və bizim üçün heç olmasa bir oğul sahibi olmaq çox vacibiydi. Bilmirəm, biz ermənilər hesab edirik ki, oğul bizim nəslimizi davam etdirməli, qayğımıza qalmalı, bizimlə yaşamalıdır. Qızlar ailə qurandan sonra başqa evə köçürlər, – Hermine deyir.
Tədqiqatın nəticələrinə görə, Ermənistanda oğul sahibi olmaq istəyənlər qız övladını gözləyən ailələrdən 6 dəfə çoxdur. Hər beş qadından ikisi qeyd edirdi ki, ilk övladlarının oğlan olmasını istərdi. Sorğuda iştirak edən yeddi qadından yalnız biri ilk övladının qız olmasını istədiyini bildirdi.
Ermənistanda selektiv abortlar davam etsə, 2060-cı ilə qədər ölkə təxminən 93 min qızdan və ya gələcək anadan məhrum olacaq.
Gender disproporsiyasına görə, Ermənistan Çin və Azərbaycandan sonra dünyada üçüncü yeri tutur. Ermənistandan sonra Gürcüstan və Albaniya gəlir.
Ənənələrdən asılı vəziyyətə düşən cəmiyyətdə isə nəslin davamçısı və valideynlərin dayağı olan oğlanla bağlı arzular heç də həmişə çin olmur və yaşlı valideynlər ailələrindən uzaqda yaşayır və ara-sıra onlardan telefon və ya skayp vasitəsilə xəbər tuturlar.
Beynəlxalq İnsan İnkişafı Mərkəzinin rəhbəri Vahan Asatryan qeyd edir: qocalar evində aparılan tədqiqat sübut edir ki, insanların anlayış və təfəkkürlərini dəyişmək lazımdır. Problemin həllini ekspert geniş əhali təbəqələri ilə işdə, insanların məlumatlandırılmasında, dialoqun qurulmasında görür.
Norki internat evinin sakinlərindən biri olan 86 yaşlı Marusya Sarkisyanın heç vaxt öz övladları olmayıb. Amma o həyat yoldaşının beş uşağını böyüdüb.
“17 il onlarla yaşadım, böyütdüm, hamısını evləndirdim. Ərim öləndən sonra isə daha onlara lazım olmadım. Yerevana, qardaşımın yanına köçdüm. Dövlət Standartlaşma İdarəsində, sonra da süd zavodunda işlədim. Sonra da ölkə dağıldı, elə mənim həyatım da onunla bir yerdə. Artıq çıxış yolu yoxuydu. 2006-cı ildən buradayam. Yolunu gözləyəcəyim bir kəs yoxdur, amma başqalarının necə gözlədiyini görürəm. Bilirsiz, elə övladlar var ki, bir qutu konfetlə gəlirlər, sonra da atasının, ya da anasının bütün pensiyasını əlindən alıb gedirlər. Elələri var ki, üç oğul sahibidir, amma evdən qovulublar. Mənə deyirlər: “Sənin övladların yoxdur, sən heç olmasa deyə bilirsən ki, yoxdur, vəssalam. Bizimsə guya ki, övladlarımız var, amma eyni zamanda da yoxdur. Biz nə edək?
Dərc edilib: 12.03.2016