Hərəkatın davamlı olacağı bildirilir, məqsəd aprelin 17-ə təyin edilənn baş nazir seçkisinə mane olmaqdır " />

Yerevan: müxalifət Serj Sarqsyanın hakimiyyətdə qalmasına qarşı fasiləsiz aksiyalara başlayıb

Hərəkatın davamlı olacağı bildirilir, məqsəd aprelin 17-ə təyin edilənn baş nazir seçkisinə mane olmaqdır

Foto: Lilian Qalstyan, JAMnews

Bu gün Yerevanda izdihamlı mitinq başlayıb, iştirakçılar Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın baş nazir vəzifəsini tutmasına qarşı çıxırlar. Təşkilatçıların əvvəlcədən bildirdiyinə görə, onların hərəkatı davamlı olacaq. Etirazçılar fasiləsiz aksiyalar, o cümlədən də yürüş və oturaq tətil keçirmək niyyətindədirlər.

Serj Sarqsyanın lideri olduğu Ermənistanın hakim Respublikçılar Partiyası baş nazir vəzifəsinə onun namizədliyini irəli sürməyi planlaşdırır. Ermənistan da artıq parlament idarə üsuluna keçdiyinə görə, indən belə  dövlətin birinci şəxsi məhz baş nazir olacaq.

Ermənistanın üçüncü prezidenti kimi Serj Sarqsyanın səlahiyyətləri aprelin 9-da başa çatıb və Armen Sarqsyan prezident kürsüsünə çıxıb. Növbəti gün, aprelin 10-da Respublikaçılar Partiyasının sədr müavini, hökumət başçısı səlahiyyətlərini yerinə yetirən Karen Karapetyan bəyan edib ki, baş nazir vəzifəsinə Serj Sarqsyanın namizədliyi təklif olunacaq.

Baş nazir vəzifəsinə namizəd irəli sürmək haqqı konstitusiyaya əsasən, parlamentdə çoxluğu təşkil edən siyasi qüvvəyə aiddir. Ermənistanın hazırkı Milli Məclisində Serj Sarqsyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyası çoxluğa sahibdir. Çoxluq 101 mandatdan 53-nü əldə edib. Müvafiq olaraq, parlamentdəki qalan üç siyasi qüvvənin necə səs verməsinin önəmi olmayacaq, hakim partiya öz namizədini lazım olan qədər səslə təmin edə bilər.

Müxalifət hesab edir ki, Ermənistanda konstitusiya islahatları məhz Serj Sarqsyanın hakimiyyətini uzatmaq üçün həyata keçirilib. Əks təqdirdə iki müddət prezident olan Sarqsyan üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürə bilməyəcəkdi. İndi isə o, ölkədə hakimiyyətini başqa vəzifədə davam etdirə bilər.

Müxalif deputat, “Vətəndaş Sazişi” partiyasının lideri Nikol Paşinyan bu hərəkatı iki həftə əvvəl “Mənim addımım” təşəbbüsü ilə başladıb. O, öz tərəfdarları ilə təxminən 200 km qət edərək, Gümridən paytaxta qədər ölkənin ən iri icmalarını dolaşıb, insanları Serj Sarqsyanın hakimiyyətdə qalmasına qarşı çıxmağa çağırıb.

Paytaxta çatan zaman yürüş iştirakçıları Yerevanın mərkəzində Azadlıq meydanında mitinqə başlayıblar. Aksiya aprelin 17-ə qədər davam edəcək. Həmin gün Milli Məclisdə baş nazir seçkisi keçirilməlidir.

“Serj Sarqsyan gedib, o daha prezident deyil. Biz onun hakimiyyətə qayıtmasına imkan verməməliyik. Biz xalqa deyirik: addım at, Serji rədd et. Serj Sarqsyan yalnız ailəsinin rifahının qayğısını çəkir. Serj Sarqsyan üçün Ermənistanda vətəndaş və xalq yoxdur. Serj Sarqsyanın mafioz administrasiyası bütün sərhədləri aşıb. Ən sonunda Ermənistan vətəndaşalrı qalib gələcək”, – mitinqdə Nikol Paşinyan bildirib.

Müxalifət Serj Sarqsyanın baş nazir vəzifəsinə keçməsinə qarşı necə mübarizə aparacaq?

Son zamanlar bu, ən çox müzakirə olunan sualdır: müxalifət Serj Sarqsyanın baş nazir vəzifəsinə keçməsinə qarşı necə mübarizə aparacaq? – O, partiyasının irəli sürdüyü yeganə namizəddir, seçimi isə ölkə vətəndaşları yox, onun komandasının çoxluq təşkil etdiyi parlament edəcək və onlardan heç biri öz liderinə qarşı səs verməyəcək.

Müxalif lider Nikol Paşinyan hesab edir ki, xalqın iradəsi hakim partiyanın səsverməsində əks oluna bilər. Onun sözlərinə görə, əgər onlar Milli Məclis binasını mühasirəyə ala bilsələr, səsverməyə mane olmaq mümkündür. Konstitusiyaya əsasən, baş nazir seçimləri hər hansı səbəbdən iki dəfə baş tutmazsa, hazırkı parlament öz səlahiyyətlərini itirəcək və yeni parlament seçkiləri təyin olunacaq.

“Konkret məsələni həll etmək lazımdır: Serj Sarqsyan Ermənistanın baş naziri olmamalıdır. Biz bu yolda Serj Sarqsyanı addım-addım izləməliyik. Yerevanda o, özünü mühasirədə hiss etməlidir. Biz onu bloklamalı, deputatların səs verməsinə, Serj Sarqsyanın isə Milli Məclisin binasına girməsinə imkan verməməliyik”, – Nikol Paşinyan bəyan edib.

Mitinq zamanı deputat polisin aksiya iştirakçılarına qarşı özünü nəzakətli və xeyirxahca aparacağına ümidini ifadə edib. Eyni zamanda Paşinyan bütün iştirakçıları polisə yaxşı münasibət göstərməyə çağırıb, çünki onlar düşmən deyil, onlar özləri də bu ölkənin vətəndaşlarıdır.

“Mən sizi bir saniyə də olsun tək qoymayacam, sizin yanınızda olacam, burada, meydanda və ya hər hardasa. Əgər polis hücuma keçsə, bizim bir cavabımız var – passiv müqavimət. Əgər bizi dağıtmağa gəlsələr, dağılmırıq, çiyin-çiyinə dayanırıq”, – Nikol Paşinyan xəbərdarlıq edib.


More on JAMnews