Gecə iqtisadiyyatı layihəsinin əsas məqsədi şəhər gecələrinin mədəni həyatını canlandırmaq və büdcə gəlirlərini artırmaqdır " />

Tbilisinin gecə iqtisadiyyatı

Gecə iqtisadiyyatı layihəsinin əsas məqsədi şəhər gecələrinin mədəni həyatını canlandırmaq və büdcə gəlirlərini artırmaqdır

Tbilisinin CAFÉ-GALLERY gecə klubu. Mənbə: georgiatosee.com

Tbilisi meriyası gecə iqtisadiyyatının inkişafı proqramını həyata keçirməyə başlayır. Şəhər hakimiyyətinin konkret konsepsiyası hələlik yoxdur, hərçənd mer Kaxa Kaladzenin seçkiöncəsi vədlərinə görə, layihənin əsas məqsədi Tbilisi gecələrinin mədəni həyatını canlandırmaq və şəhər büdcəsinin gəlirlərini artırmaqdır.

Tbilisi hökumətinin bu gün baş tutan iclasında Kaladze bu layihənin inkişafı üzrə gürcü musiqiçi və tele-prodüser Serqi Qvarcaladzeni rəhbər təyin edib.

Kaladzenin sözlərinə görə, gecə iqtisadiyyatı “Tbilisinin xırda və orta biznesinin inkişafına və yeni iş yerlərinin açılmasına təkan verəcək vacib istiqamətdir”. Paytaxt meri hesab edir ki, gecə mədəni həyatı yeni şirkətlər üçün yeni imkanlar yaradacaq, turizmin inkişafına müsbət təsir edəcək.

“Bütün diqqəti Tbilisinin yalnız mərkəzi rayonlarına və kvartallarına cəmləmək lazım deyil. Bu layihə paytaxtın kənarlarını da əhatə etməlidir”, – Kaladze bildirib.

Layihənin yeni təyin olunan rəhbəri Serqi Qvarcaladze öz növbəsində qeyd edib ki, ilk mərhələdə gecə saatlarında bələdiyyə nəqliyyatının işini nizamlamaq lazımdır. Onun sözlərinə görə, yaxın zamanda Tbilisidə 18.00-dan 6.00-a qədər məhz bələdiyyə nəqliyyatı işləyəcək.

Gecə iqtisadiyyatı nədir?

“Gecə iqtisadiyyatı” nisbətən yeni termindir və axşam saatlarında (yalnız gecə saatlarında yox) insanlar əsas məşğuliyyətlərini – işlərini, dərslərini və sair – bitirəndən sonra mümkün olan fəaliyyət sahələrini əhatə edir.

Gecə iqtisadiyyatının əsas, amma yeganə olmayan komponenti gecə klublarıdır. Gec saatlara qədər işləyən kafe-restoranlar, muzeylər, canlı musiqi məkanları, boulinq klubları və digər əyləncə müəssisələri də bura daxildir. Gecə saatlarında əhaliyə xidmət göstərən nəqliyyatı, hətta bütün sutka boyu açıq olan aptekləri də bunlara aid etmək olar.  

Gecə iqtisadiyyatının əsas benefis sahibləri ağır iş günündən sonra dincəlmək, rahatlamaq istəyən insanlardır; şəhərin fəal gecə həyatı səfər zamanı az yatıb, çox əylənməyə, olduqları yerlə daha yaxından tanış olmağa çalışan turistləri cəlb edir; 24/7 işləyən obyektlər şəhərin özü üçün əlavə gəlir mənbəyi kimi sərfəlidir, şəhər sakinləri üçün isə həftənin hər günü, gecə və gündüz istənilən saatda xidmətə hazır olmaları ilə rahatdır.

Amma bütün bunlarla yanaşı gecə həyatının əlavə riskləri də var – bütün sutka işləyən əyləncə obyektlərinin, gecə nəqliyyatının səs-küyü şəhər əhalisini narahat edə bilər. Kriminogen səviyyənin yüksəlməsi riski də mövcuddur.

 


More on JAMnews