Din xadiminin sözlərinə görə, hakimiyyət oliqarx İvanişvilinin göstərişi ilə patriarx İkinci İliyanı devirmək niyyətində olub " />

Taxt oyunu. Gürcüstan kilsəsində nə baş verir?

Din xadiminin sözlərinə görə, hakimiyyət oliqarx İvanişvilinin göstərişi ilə patriarx İkinci İliyanı devirmək niyyətində olub

Ötən həftə ən nüfuzlu din xadimlərindən biri olan arxiyepiskop İakov Gürcüstanın baş nazirini və digər yüksək vəzifəli məmurları Gürcüstan Pravoslav Kilsəsinin rəhbərini devirmək cəhdində, yüksək ranqlı din xadimlərini isə patriarxa sui-qəsd planlaşdırmaqda ittiham edib.

Bu sensasiyalı bəyanat Gürcüstanın bütün informasiya məkanını əhatə edən növbəti kilsə qalmaqalının başlanğıcını qoyub.

Yepiskop İakov nə deyib?

Yeni kilsə qalmaqalı ən nüfuzlu din xadimlərindən biri, sinod üzvü, arxiyepiskop İakov (Yakobaşvili) öz təşəbbüsü ilə “Pirveli” telekanalının efirinə zəng vuraraq, yüksək vəzifəli hökumət məmurlarının, o cümlədən də baş nazir Giorgi Qaxariyanın Gürcüstan Pravoslav Kilsəsinin rəhbəri – Katalikos-patriarx II İliyanı devirmək istədiyini açıqlayandan sonra qızışıb.

Din xadiminin sözlərinə görə, bunun üçün xüsusi plan hazırlanıb, sifarişçi isə ölkənin qeyri-formal lideri, milyarder Bidzina İvanişvilidir.

Arxiyepiskop İakov 

İakov müsahibəsində bildirib ki, 2016-cı ildə hakimiyyət təmsilçilərinin patriarxın kənarlaşdırılmasını planladıqları görüşlərdən birində şəxsən iştirak edib.

Patriarxlığın kapitalı. Gürcüstanın ən nüfuzlu institutunun əmlakı

Gürcüstanda kilsə qalmaqalı. Din xadimləri nəyi bölüşə bilmir?  

Siyanid işi. Real sui-qəsd, yoxsa patriarxlıqda gedən oyunlardan biri?

Din xadiminin sözlərinə görə, görüş Dövlət Dəftərxanasında, o zamankı baş nazir Georgi Kvirikaşvilinin kabinetində baş tutub.

İakov iddia edir ki, həmin görüşdə o zamankı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelauru (hazırkı daxili işlər naziri), daxili işlər naziri və hazırkı baş nazir Giorgi Qaxariya, o cümlədən də biznesmen və Bidzina İvanişvilinin favoriti Vano Çxartişvili iştirak edib. Arxiyepiskop İakov qeyd edib ki, məsələnin həlli məhz Çxartişviliyə tapşırılıb.

İakovun sözlərinə görə, qalmaqallı “siyanid işi” də hakimiyyətin iştirakı ilə hazırlanıb.

“Siyanid işi” Gürcüstanın ən yeni tarixində ən müəmmalı və qalmaqallı kriminal olaylarından biridir. Burada əsas fiqurant din xadimi protoierey Georgi Mamaladzedir. Mamaladze artıq iki ildir ki, həbsdədir, məhkəmə onu Gürcüstan katolikos-patriarxının referenti Şorena Tetruaşvilinin qətlinin hazırlanmasında təqsirli bilərək doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

 

Mamaladze 2017-ci ilin fevralında Tbilisi aeroportunda Almaniyaya uçmaq istəyərkən həbs edilib. Bu zaman patriarx II İliya Münhendə müalicəyə getmişdi, bütün yaxın çevrəsi, o cümlədən Şorena Tetruaşvili də onun yanında idi.

 

İstintaq məlumatlarına əsasən, Mamaladzenin baqajında güclü zəhər – natrium siyanid, evində isə tapança və güllə aşkarlanmışdı. İlkin olaraq elan edilmişdi ki, Mamaladze patriarxı zəhərləmək istəyib, amma sonradan bu versiya dəyişdirilib və istintaqın bildirdiyinə görə, onun qurbanı Şorena Tetruaşvili olmalı imiş.

Arxiyepiskop İakovun sözlərinə görə, patriarxın qətlinin icraçıları Müqəddəs Sinod üvləri – mitropolit Çkondidskiy Pyotr və protoierey Georgi Mamaladze olmalı idi. Amma o, hökumətdən məhz kimin bu qətli planlaşdırdığını deməyib.

İakovun bildirdiyinə görə, dəftərxanada keçirilən görüşün iştirakçıları Gürcüstanın gələcək patriarxının arxiyüpiskop Şio olacağını deyiblər [2017-ci ilin noyabrında patriarxın özü tərəfindən patriarxın naibi təyin edilib. Bu status o deməkdir ki, patriarx öz vəzifə səlahiyyətlərini yerinə yetirə bilmədiyi və ya öldüyü zaman məhz arxiyepiskop Şio Gürcüstan kilsəsinə rəhbərlik edəcək]. İakov bildirir ki, arxiyepiskop Şio Rusiya Pravoslav Kilsəsinə yaxınlığına və Rusiya ilə sıx əlaqələrə sahib olduğuna görə seçilib. 

İakov müsahibə zamanı jarqon sözlərdən və senzuradan kənar ifadələr istifadə edib və patriarxın düşmənlərinin ünvanına təhdid yağdırıb. Buna görə də çoxlarında din xadiminin sərxoş olduğu təəssüratı yaranıb. Amma səhəri gün İakov ictimai şəkildə ittihamları təkrarlayıb.

Yakobaşvili həmçinin ölkəni qeyri-formal idarə edən Bidzina İvanişvilinin adını da çəkib. Din xadimi məhz onun əmri ilə patriarxın devrilməsi planının hazırlandığına eyham vurub: sifarişçilərin ünvanına təhdid ifadələri səsləndirərkən, o, “özünü ölkənin rəhbəri hhesab edən” adamı xatırladıb.

Hakimiyyət arxiyepiskop İakovun ittihamlarını qəti şəkildə rədd edir. baş nazir Giorgi Qaxariya din xadiminin ittihamlarını axmaqlıq adlandırıb və bildirib ki, bu cür görüş heç vaxt keçirilməyib, nə dəftərxanada, nə də başqa bir yerdə. Kvirikaşvili və Qomelauri də ittihamları rədd ediblər.

Arxiyepiskop İakov Gürcüstan kilsəsində ən xoşagəlməz fiqurlardan biridir. “TV Pirveli”yə verdiyi qalmaqallı tele-müsahibəsinə qədər o, xoryepiskop və Patriarxlığın Maliyyə İqtisadi Şurasının sədri vəzifələrini tutub. Müsahibədən bir gün sonra o, hər iki vəzifədən istefa verib. Bununla belə arxiyepiskop İakov arxiyepiskop Bodbiyski olaraq qalıb, müvafiq olraq Müqəddəs Sinod üzvlüyü də davam edir.

“Bu gün bizim kilsəmiz artıq yoxdur, bu, maliyyə mafiya kartelidir” 

Çoxları İakovun danışdıqlarının həqiqiliyinə inanmır.

Amma ittihamların əsaslı olub-olmamasından asılı olmayaraq, teoloqlar deyirlər ki, Gürcüstan Pravoslav Kilsəsi öz tarixinin ən drammatik dövrlərindən birini yaşayır.

Din xadimləri, Müqəddəs Sinod üzvləri bir-birini qətl təşkilində, korrupsiyada, kriminal “razborkalarda” və intriqalarda ittiham etdiyi zaman bu, kilsədə ciddi problemlərin olduğuna dəlalət edir – ekspertlər belə hesab edirlər.

Həmişə ölkənin ən qapalı institutlarından biri olan Patriarxlıqdan əsl informasiya seli axmağa başlayıb:

Din xadimləri öz təşəbbüsləri ilə canlı yayımlara zəng vurur, jurnalistlərə kriminal hadisələr danışır, senzuradan kənar ifadələr işlədir, hər şeyi açıb-tökəcəkləri ilə hədələyir və bir-birləri haqda ifşaedici məktublar yazırlar. Kilsə daxilində hökm sürən “pederastiya və pedofiliya” ilə bağlı dolayı ittihamlar səslənib.

Teoloqlar bildirirlər ki, bu, dönüşü olmayan prosesdir, gələcəkdə də davam edəcək və patriarxlıq artıq bu informasiya axınının qarşısını ala bilməyəcək.

Ekspertlər həmçinin deyirlər ki, yaşlı patriarxın xələfi olmaq uğrunda mübarizə həlledici fazasına keçir.

Onlardan bəziləri bildirirlər ki, bu mübarizənin əsas iştirakçılarından biri hökumətdir və məhz hakimiyyət, daha dəqiqi ölkəni qeyri-formal idarə edən Bidzina İvanişvili kilsədəki proseslərin arxasında durur.

“İvanişvili idarəçiliyinin ən güclü tərəfi qalmaqallı, şok edən və heyrətamiz heç nəyin olmamasıdır – hər şey dəyərdən salınıb, hər kəs eyni dərəcədə çirkaba batıb, hamı miskindir. İvanişvili dövründə hətta bütün sərhədləri keçən mənəviyyatsızlıq, iatənilən cinayətlər, ən iyrənc əməllər konveyerə qoyulub. Hətta dəhşətli pisliklər də adiləşib”, – teoloq BekaMindiaşvili Facebook səhifəsində yazıb.

Ruhanilər də kilsə daxilindəki problemlərdən danışırlar. Protoierey İliya Çiqladze Facebook səhifəsindəyazır:

“Bu gün bizdə artqı kilsə yoxdur, bu maliyyə mafiya kartelidir”.

Keşiş yaranmış vəziyyətə görə məsuliyyəti patriarxın üzərinə qoyur.

“Mən arxiyepiskop İakovun müsahibəsini eşidəndə şoka düşmüşdüm. Belə kilsədə qalmaq getdikcə daha dözülməz və utancverici olur. Əlbəttə ki, məsuliyyət kilsə rəhbəri, yəni katolikos-patriarxdır, onun uzun illər yürütdüyü əndirəbadi kadr siyasətini nəzərə alsaq, biz məhz buna görə bu gün bu vəziyyətdəyik”, – protorierey sosial şəbəkədə yazıb.

Müxalifətin bir qismi və liberal düşüncəli ictimaiyyət bu prosesdə müsbət əlamətlər də görürlər və hesab edirlər ki, kilsənin artıq çoxdan şəffaf olmağa ehtiyacı var.

“Hamı bir-birini ittiham edir və bu proses sona çatmalıdır. Dini mənəviyyat sadəcə dini kateqoriya deyil, bu, həmçinin hüquqi kateqoriyadır və buna görə də hamı üçün mühümdür. Fini mənəviyyat naminə kilsə məhkəmələrə müraciət edir və insanların özünüifadə azadlığına qadağa qoyur”, – Respublika Partiyasının nümayəndəsi Tamar Kordzaya deyir.

O, Gürcüstanın prezervativ istehsal edən şirkəti ilə əlaqədar olan bir hadisəni xatırladır – patriarxlıq qablaşdırma üzərində istifadə etdikləri şəkillə dindarların hisslərini təhqir etdiyi üçün şirkətə qarşı məhkəmədə iddia qaldırıb .

“Elə bir sahə yoxdur ki, patriarxlıq oraya dini mənəviyyat naminə müdaxilə etməsin. Kilsə illərlə ölkədə bərabərliyə və inkişafa qarşı mübarizə aparır, insanlara “əgər sən homoseksualsansa, küçəyə çıxmamalısan” deməklə onları diskriminasiya edir. Yox əgər onlar özləri də bunu edirlərsə, biz bunu bilməliyik”, – Kordzaya deyir.

Protoiereyin məktubu

İakovun müsahibəsinin kontekstində məhkum protoierey Mamaladzenin ilin əvvəlində yazdığı məktub yenidən aktuallaşıb. Məktubun məzmunu hələ də açıqlanmayıb. Yalnız o məlumdur ki, məktub qalmaqallı informasiyalar silsiləsini əks etdirir. Din xadimlərinin korrupsiya əməllərindən və maliyyə maxinasiyalarından tutmuş “pederastiya və pedofiliyaya qədər”.

Eyni zamanda arxiyepiskop İakov bəyan edir ki, Giorgi Qaxariya daxili işlər naziri olduğu zaman din xadimlərini gizli izləməyə alaraq, onlara qarşı kompromatlar toplayıb. Jurnalistlərdən bəziləri öz mənbələrinə istinad edərək bu sözləri təsdiqləyirlər. Bildirirlər ki, onlarda olan məlumata əsasən, Qaxariyanın əlində ruhanilərin əks olunduğu çoz sayda qalmaqallı videolar var.  

Hazırda əsas müzakirə mövzularından biri Mamaladzenin məktubu dərc olunmalıdırmı sualı ilə bağlıdır.

Bu məsələ hətta liberal ictimaiyyəti də parçalayıb. 

Bəziləri hesab edir ki, məktub dərc olunmalıdır, ona görə ki, camaatonlarla Tanrı adından kimin danışdığını bilməlidir.

Dini mənəviyyat naminə ruhanilər ictimai şəkildə LGBT birliyi nümayəndələrini təqib etdiyi, amma özləri də həmin icmanı təmsil etdikləri zaman cəmiyyət bu haqda məlumatlanmalıdır – cəmiyyətin liberal düşüncəli hissəsi belə hesab edir.

Digər hissə isə əmindir ki, seksual oriyentasiyahaqda informasiyanın açıqlanması yolverilməzdir, çünki bu, şəxsi həyata müdaxilə cəhdidir və heç bir fərqi yoxdur, adam düünyəvi dəyərlərlə yaşayır, yoxsa ruhanidir. Bu nəzər nöqtəsinin tərəfdarları hesab edirlər ki, ruhanilərlə oonların öz metodları ilə mübarizə aparmaq mənəviyyatsızlıqdı.

Sinodun iclası

Yaranmış vəziyyətlə əlaqədar olaraq patriarxlıq Müqəddəs Sinodun növbədənkənar iclasını keçirmək qərarına gəlib. Bu iclas ooktyabrın 31-də 12:00-da baş tutacaq.

Müqəddəs Sinod Gürcüstan kilsəsinin kilsə idarəçiliyi haqda qərarlar qəbul edən ruhanilərinin birliyidir. Müqəddəs Sinoda kilsə rəhbəri (katolikos-patriarx) başçılıq edir. sinodun 46 üzvü var – onlar ən nüfuzlu din xadimləridir.

Ənənəvi olaraq Sinod ildə iki dəfə toplanır: Pasxadan sonra və Milad orucluğunda. Amma bu qrafik çoxdan pozulub. Sinodun son iclası ötən ilin dekabrında baş tutub.

Teoloqlar bildirirlər ki, Sinod kilsə problemlərinə görə toplanmış və onların müzakirəsindən qaçır. Səbəblərdən biri həm də Gürcüstan kilsəsisnin Ukrayna Kilsəsinin müstəqilliyini tanımağa tələsməməsidir .  

Arxiyepiskop İakov da Sinodun iclasında Bodbi yepiskopu olaraq iştirak edəcək. Həmçinin İakovun patriarxın qətlini təşkil etməkdə ittiham etdiyi arxiyepiskop Pyotr da iclasa qatılacaq.

Teoloqlar hesab edirlər ki, sinodun iclası vəziyyətin həllinə kömək etməyəcək və kilsənin nüfuzu çökməkdə davam edəcək, ona görə ki, vəziyyət artıq nəzarətdən çıxıb.

“Və nəhayət, çox güman ki, iclas məşum olacaq, çünki müxtəlif mövzuların üzərindən tabu qalxır. Kilsə daha həssas durumda qalacaq, ona görə ki, kilsə öz daxilindəki problemlərlə yox, bu problemlər haqda açıq danışanlarla mübarizə aparır”, – teoloq Georgi Tiqinaşvili hesab edir.

_______________

•  86 yaşlı Patriarx II İliya səhhətindəki problemlər üzündən ictimaiyyət qarşısında çox nadir hallarda görünür. II İliyanın ölümündən sonra patriarx yerini tutacaq şəxsdən yalnız kilsənin taleyi yox, həm də müəyyən mənada ölkənin daxili və xarici siyasət vektoru da asılıdır.

Kilsə Gürcüstanın ən nüfuzlu institutudur, ölkə əhalisinin 80 faizindən çoxu patriarxa etibar edir və bu rəqəm bütün sorğularda dəyişməz qalır. II İliyanın şəxsi nüfuzunu Gürcüstanda kilsənin əlahiddə populyar olmasının əsas səbəblərindən biri hesab edirlər.

• Gürcüstanda dövlət və kilsə arasında münasibətlər ənənəvi olaraq qarşılıqlı maraqlara əsaslanır – kilsə göstərdiyi dəstəyin əvəzində hökumətdən iqtisadi dividentlər gözləyir, siyasətçilər üçün isə patriarxla yaxınlıq, yandırılmış şamların, ikonaların fonunda çəkdirilən şəkillər seçici qəlblərini qazanmağın və zəmanətli uğurlu karyera qurmağın ən doğru yoludur.

• Pravoslav kilsəsi Gürcüstanda ən varlı və yaxşı təşkilatlanmış strukturlarından biridir. Hər il kilsə mərkəzi büdcədən 25 milyon lariyə (təxminən 8,5 milyon dollar) yaxın vəsait əldə edir. İctimai reyestrin məlumatına əsasən, patriarxlıq həmçinin çox sayda daşınmaz əmlaka sahibdir. Kilsə bu gün 62,7 kv.km-dən çox torpaq sahəsinə sahibdir və idarə edir, bu da təxminən Batumu şəhərinin ərazisinə ekvivalentdir.

 


More on JAMnews