Bu il SSRİ-nin süqutundan 25 il ötür. Bu ölkəni yaradanlar və onu ləğv edənlər haqqında yazı" />

SSRİ: legitim son

Bu il SSRİ-nin süqutundan 25 il ötür. Bu ölkəni yaradanlar və onu ləğv edənlər haqqında yazı

Foto: Qeorqiy Saqareli

Çox güman ki, 25 dekabr 2016-cı ildə post-sovet məkanında və Cənub-Şərqi Avropada çoxları SSRİ-ni fərqli hisslərlə xatırlayacaq. Belarus ərazisində Sovetlər ölkəsinin dağılmasına gətirib çıxaran Belovej razılaşmasının imzalandığı gündən düz 25 il keçir.  

Belarus Ali Sovetinin keçmiş sədri Stanislav Şuşkeviç “Yevroradionun studiyasında Belarus, Rusiya və Ukrayna liderlərinin 1991-ci ilin həmin günündə niyə Belovejdə görüşdüyü və əslində SSRİ-ni dağıtmağı kimin təklif etdiyi barədə danışıb.

– Belə bir fikir oxudum ki, Sovet İttifaqının dağılmasını, bu gün bizə məlum olan Belovej razılığını Rusiya və Ukrayna rəhbərləri Boris Yeltsin və Leonid Kravçuk  hazırlayıblar. Stanislav Şuşkeviç isə guya ona Viskulidə imzalaması təklif olunan sənədin nə olduğunu belə bilmirmiş.

– Sovet İttifaqının keçid dövrü barədə elə əfsanələr eşidirsən ki, bəzən dəhşətə gəlirsən! Niyə biz Viskulidə yığışdıq? Belarusda vəziyyət çox ağırıydı: biz 1991-1992-ci illərdə qışı necə yaşayacağımızı bilmirdik. Bizə neft və qaz lazımıydı, pul isə yoxuydu. Kredit ala bilməyimiz üçün nüfuzumuz da yoxuydu.

Biz sadəcə hər şeyə görə pul ödənməli olan bazar islahatlarını müvəqqəti dayandırmaq, əvvəllər, sovet dövründə olduğu kimi Rusiyadan bizə neft və qaz verməsini xahiş etmək istəyirdik. Baş nazir Kebiç dəfələrlə məndən Yeltsini Belarusa ova dəvət etməyi xahiş etmişdi ki, burada neft və qaz məsələsi ilə bağlı onu dilə tuta bilək. Onu dəvət etmək üçün isə onunla təkbətək qalmaq lazımıydı. 

20 oktyabr 1991-ci il tarixində Mixail Qorbaçov növbəti dəfə Dövlət Şurasını yığır. Bu zaman bizə respublikaların parlamentləri tərəfindən ratifikasiya olunmamış yeni İttifaq müqaviləsi layihəsini təklif edir. Bu layihədən heç xoşum gəlmədi. Bu haqda Qorbaçova da dedim. Məni daha kəskin formada Yeltsin də dəstəklədi. Qorbaçov sakitcə ayağa durub, çıxdı. “Siz bizim Qorbaçovla aramızı vurduz, – Kərimov mənə və Yeltsinə müraciətlə dedi. – Gedin, onu tapıb, qaytarın. Beləliklə də biz Yeltsinlə nəhayət ki, tək qaldıq və mən onu Belovej meşəsinə, Viskuli iqamətgahına ova dəvət etdim. O da dərhal razılığını verdi.  Həmin görüş bu cür təyin olunmuşdu.

Bununla belə, mən hesab edirdim ki, Yetsin Belarusa qazla nefti Ukraynanın hesabına versə, yəni nəyisə bizə vermək üçün onların əlindən alsa düzgün olmayacaq. Kebiçin təklifi ilə bu görüşə Ukrayna da dəvət aldı.

– Başa düşmürəm, neft və qazla bağlı danışıqları SSRİ-nin ləğvi məsələsinə necə çevirə bildiz? 

– Biz neft və qazla bağlı məsələni müzakirə etməyə başladıq və gördük ki, qanunla, Sovet ittifaqının tərkib hissələri kimi hərəkət etməli olsaq, SSRİ-nin başçısı Qorbaçova xahişlə müraciət etməkdən başqa bir yolumuz qalmır. Bu zaman da filosof, marksist-leninçi, bütün bu səpkili filosoflara olduğu kimi hörmət etmədiyim Gennadi Burbulis (RSFSR dövlət katibi, – “Yevroradio) deydi: “SSRİ geosiyasi reallıq və beynəlxalq hüquq subyekti kimi öz mövcudluğunu sona çatdırır.

Və birdən hamı razılaşdı. “Bunun altından imza atmaq azdır, – Yeltsin dedi. –  Biz deməliyik ki, iqtisadi vəziyyət necə olacaq, sərhədlər, nüvə silahı, insan haqları ilə bağlı məsələlər necə olacaq. Anındaca ekspertlərdən ibarət komissiya yığıb, bir gecənin içində müqavilə hazırlamaq tapşırığı verildi.

Amma bu, məhvedici deyil, yaradıcı bir müqavilə idi: biz Müstəqil Dövlətlər Birliyi yaradırdıq… Qısası, bir gecənin içində bu razılığın 18 maddəsi yazıldı və bu maddələrin hər birini biz konsensusla qəbul edirdik. Nəticədə 14 maddə aldıq – bu da sizə bütün baş verənlər.

– Üç ölkə tərkibində 15 ölkənin olduğu ittifaqı dağıtdı. Digər respublikalar sizin bu qərarınızı necə qəbul etdi?

– Bağışlayın! Bəs SSRİ-ni kim yaratmışdı? Rusiya, Ukrayna, Belarus və Zaqafqaziya Federasiyası. Zaqafqaziya Federasiyası 5 dekabr 1935-ci ildə yoxa çıxdı, hüquqi varisi yoxuydu. SSRİ-nin yerdə qalan yaradıcıları burdaydı, hər şey legitim idi: biz SSRİ-nin yaradılması barədə qərar vermişdik – biz də onu ləğv edə bilərdik.     

– …və Mixail Qprbaçovun siyasi karyerasının üstündən xətt çəkdiz. 25 il ərzində onun sizə münasibəti heç dəyişmədi. Sizinlə görüşümüz ərəfəsində mən Mixail Sergeyeviçə zəng edərək, ona sizinlə telefon danışığı zamanı 1991-ci il hadisələrini xatırlamağı təklif etdim. Cavabında isə bunu eşitdim: “Şuşkeviç?… Hamısı əclafdır!.

– Mən bununla ancaq qürurlana bilərəm! Bilirsiz, 1984-cü ildə Qorbaçovun xarici jurnalistlərin suallarına kağızsız cavab verdiyini görəndə, onun portretini BDU-nun nüvə fizikası kafedrası müdiri işlədiyim zaman iş otağımdan asdım. Amma 1986-cı ildə o Çernobılla bağlı çıxış edəndə… Bilirsiz, bu faktiki olaraq cinayət idi! O, xəbərdarlıq etsəydi, həqiqəti söyləsəydi xeyli daha az belaruslu uşaq qalxanvarı vəzinin xərçəngi xəstəliyinə yoluxardı. Portreti cırıb atdım.  

– Viskulidə baş verənlərin nəticəsi o oldu ki, bütün ittifaq respublikaları rəhbərləri müstəqil ölkələrin liderləri oldular. Bəlkə ilk növbədə elə bunun üçün çalışırdılar?

– Həmin dövrə aid İsveçdəki diplomatik yazışmanı təhlil etsəz, görərsiz ki, orada ancaq vətəndaş müharibəsi təhdidi barədə söhbət gedir. İsveçli diplomatların fikrincə, biz öz qərarımızla Sovet İttifaqı ərazisində üç-dörd nüvə ölkəsinin iştirak edə biləcəyi vətəndaş müharibəsinin başlamasının qarşısını aldıq.   

– Kim kiminlə müharibəyə başlaya bilərdi?

– Vətəndaş müharibəsi zamanı kasıblar varlılarla, müxtəlif dinlərin nümayəndələri bi-biriylə vuruşur. Bu cür müharibənin başlaması üçün o vaxt əsaslar vardı. Bu mənada Yuqoslaviya yaxşı nümunədir.  

– 25 il keçsə də, elə bir təəssürat var ki, biz sovet keçmişimizdən o qədər də uzağa getməmişik. Səbəb nədir?

– Siz Avropadakı burjua-demokratik inqilablarını xatırlayın: qələbədən sonra hər şeyin əvvəlcədən təbliğ etdikləri qaydalar üzrə qurulmasına qədər neçə il keçdi? Neçə inqilabçı və inqilaba qarşı çıxanlar məhv edildi. Əvvəl başa düşmürdüm ki, ilk növbədə insanların mentallığı uğrunda mübarizə aparmaq lazımdır. Cəmiyyətin transformasiyası prosesini keçənlərin məsləhətlərini insanlara yumşaq tərzdə çatdırmaq lazımdır. Bizdə isə belədir: “Köhnə qaydaları qaytarmaq lazımdır – biz yaxşılığa doğru gedirdik!.

Bu zaman isə bizə insanların əxlaqi azadlığının bizimlə müqayisəyə gəlməyən Avropanı deyil, Çini misal gətirirlər. Amma biz cəmiyyəti buna doğru aparmırıq, televiziya tamamilə fərqli dəyərləri təbliğ edir. Rusiya televiziyası isə ümumiyyətlə imperiyanın Rusiya pravoslav kilsəsi ilə birlikdə dirçəlməsini təbliğ edir. Fikir verin ki, Patriarx Kirill  keşiş kimi deyil, Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi kimi çıxış edir. Rusiyanın lideri isə deyir ki, SSRİ-nin dağılması sovet xalqının faciəsidir.   

– Amma axı Belarus lideri də dəfələrlə “böyük dövlətin dağılması ilə bağlı təəssüfünü bildirib.

– Belarus lideri onu da deyib ki, Ali Sovetdə Belovej razılaşmasının ratifikasiyasının əleyhinə səs verib, elektron qeydiyyat isə göstərir ki, o ümumiyyətlə səs verməkdən boyun qaçırıb!

– Viskulidə baş verənləri bir sözlə necə ifadə edərdiz?

– Ayrılıq. Zorakılıq və qışqırıqsız. SSRİ-nin bütün digər respublikaları da bunu Alma-Atıda 19-21 dekabr 1991-ci il tarixində qəbul etdi. Bundan sonra da artıq müstəqil olan dövlətlərə öz həyatlarını qurmaq lazımıydı. Burada isə səhv etmək və ya Belarusun etdiyi kimi, populistlərin arxasınca getmək də olar.

Dərc olunub: 09.12.2016


More on JAMnews