Narazıların işdən azad edilməsi və xəyanət ittihamları – prezident seçkilərinə iki ay qalır " />

Satqınlar və xilaskarlar: Cənubi Osetiyada prezident postu uğrunda qızğın siyasi mübarizə gedir

Narazıların işdən azad edilməsi və xəyanət ittihamları – prezident seçkilərinə iki ay qalır

Cənubi Osetiyada prezident kampaniyası qalmaqallarla müşayiət olunur. İki aparıcı namizəd – prezidentlə parlament spikeri arasında qarşıdurma informasiya müharibəsi, qalmaqal və qarşılıqlı  ittihamlarla müşayiət olunur.

Cənubi Osetiyada prezident seçkiləri aprelin 9-da baş tutacaq. Əsas rəqiblər prezident Leonid Tibilov və parlament spikeri, “Vahid Osetiya” partiyasının sədri Anatoli Bibilovdur. Öz namizədliyini həm də 2006-2011-ci illərdə Cənubi Osetiya prezidenti olan və 2011-ci ildə siyasi böhrandan sonra respublikanı tərk edən Eduard Kokoytı irəli sürüb. Amma Cənubi Osetiya siyasətçilərinin fikrincə, keçmiş prezident oturum senzi normalarına cavab vermir.

Leonid Tibilov

Anatoly Bibilov

Eduard Kokoyty

Bibilov və Tibilov – fikir ayrılıqları nədən ibarətdir

Prezidentlə spiker arasında sərt rəqabət hələ 2017-ci ildən xeyli əvvəl başlayıb. Bu iki siyasətçi arasında siyasi qarşıdurma artıq 2014-cü ildən başlayıb.

2014-cü ilin iyun ayında baş tutan parlament seçkilərində Anatoli Bibilov və onun “Vahid Osetiya” partiyası osetin xalqının Rusiyanın tərkibində birləşməsi ideyası ilə qalib gəldi. O, seçicilərə Rusiya ilə inteqrasiya proseslərini tezləşdirməyi vəd edərək, parlament çoxluğu fraksiyasını formalaşdırdı (34 deputat mandatından 20-si)  və parlament spikeri seçildi.

Cənubi Osetiyanın gələcəyi ilə bağlı məsələdə Bibilov və Tibilovun fikirləri ayrılmır – indiki prezident də  Cənubi Osetiyanın Şimali Osetiya ilə birləşdirilməsi və Rusiyanın tərkibinə keçməsi ideyasını dəstəkləyir. Leonid Tibilov jurnalistlərə bildirib ki, Cənubi Osetiya RF ilə birləşəndən sonra öz missiyasını yerinə yetirilmiş sayacaq.

Siyasətçilər arasında fərqlilik metodlarda, həm də aralarında respublikada kimin daha əsas fiqur olması ilə bağlı rəqabətdə özünü göstərdi.

Bibilov dərhal özünü prezidentə tabe olmayan siyasətçi kimi göstərdi və sələflərindən fərqli olaraq, qanunverici hakimiyyətin fəaliyyətini icra hakimiyyətinə uyğunlaşdırmadı.

Anatoli Bibilovun müxalifətçi olmaması ilə bağlı bəyanatlarına baxmayaraq, Cənubi Osetiya prezidenti parlament spikeri simasında özünə rəqib qazandı.

Tibilovla Bibilov arasında münasibətlər 2014-cü ilin yanvar ayında əməlli-başlı soyudu, bu zaman “Vahid Osetiya” Rusiyanın tərkibinə keçməklə bağlı referendum  təşkil etməyi təklif etdi.

Prezident öz komandası ilə birlikdə qəti şəkildə bu təşəbbüsə

qarşı çıxdılar və xatırlatdılar ki, xarici siyasi fəaliyyət sırf prezidentin sahəsidir. Tibilov o vaxt bildirdi ki, osetin xalqının birləşmə ilə bağlı əsrlik arzusu bir siyasi partiya və onun liderinin inhisarı altına salına bilməz.

Tənqid atəşi altında “Vahid Osetiya”ya referendum keçirməyi qadağan etdilər.

Bibilovun parlament seçkilərində qələbəsindən sonra prezident birləşmə ideyası barədə daha həvəslə danışmağa başladı. O, faktiki olaraq təşəbbüsü rəqibinin əlindən aldı və 2016-cı ilin avqust ayında Rusiyanın tərkibinə keçməklə bağlı referendumun özünün keçirəcəyini vəd etdi. Onda Tibilov da Konstitusiyaya əlavələr etmək və prezidentə RF dövlət başçısına Cənubi Osetiyanın Rusiya tərkibinə keçməsi ilə bağlı xahişlə müraciət etmək hüququnun verilməsini təklif etdi. Amma bu təşəbbüs qəbul edilmədi

Prezidentlə spikerin rəqabətinin fəsadları

Prezidentlə spikerin mövqelərinin üst-üstə düşməməsi hakimiyyətin icraedici və qanunverici qolları arasında münasibətlərin gərginləşməsinə gətirib çıxardı

Peşəkar parlament

O cümlədən prezidentin təşəbbüsü ilə peşəkar parlament haqqında qanun layihəsi bloklandı.

Cənubi Osetiyada deputatların bir hissəsi həm parlamentdə, həm də hökumətdə işləyir. Bu deputatlar adətən parlament sessiyalarında iştirak edə bilmirlər, çünki nazirlik və ya idarədə işdə olmalı olurlar. Bundan başqa, onlar parlament spikeri ilə münasibətlərdə davamlı olaraq prezident xəttini dəstəkləyirlər. Spiker də bu taktikanı dayandırmağı təklif edib.

Prezidentin tərəfində çıxış edən parlament azlığının üç partiyası – “Xalq partiyası”, “Xalqın birliyi” və “Nıxas” parlament daxilində müxalifət formalaşdırdılar və qanun layihəsini blokladılar.

2017-ci ilin büdcəsi

2016-cı ilin axırlarında Cənubi Osetiyada 2017-ci ilin büdcəsi ətrafımda qalmaqal başladı. Parlament spikeri Konstitusiyanın pozulduğunu bildirdi – hökumət hələ 2014-cü ildə ləğv edilən Ali Arbitraj Məhkəməsinə 11 milyon rubl [təxminən 187 min dollar] ayırmağı təklif edirdi.

Nəticədə parlament çoxluğu 2017-ci il büdcə layihəsini qəbul etməkdən imtina etdi, prezident və spiker isə bir-birinin ünvanına çox saylı ittihamlar səsləndirdilər

Televiziya verilişləri

2017-ci ilin yanvar ayında parlament azlığının nümayəndələri  [prezidentin tərəfdarları – red.] “efir vaxtının düzgün paylanmamasından” şikayət etdilər. Söhbət “Parlament saatı” verilişindən gedirdi.

Onlar parlament çoxluğunu [spikerin tərəfdarlarını – red.] proqramı inhisar altına almaqda ittiham etdilər və onun efir vaxtını dörd parlament partiyası arasında bərabər bölməyi təklif etdilər.

Parlament spikeri ittihamlarla razılaşmadı, baş prokurorluğa ərizə verdi və icra hakimiyyətini parlament və “Vahid Osetiya” partiyasına təzyiq göstərməkdə ittiham etdi.

Nəticədə Dövlət İnformasiya və Mətbuat Komitəsi “Parlament saatı” verilişinin yayımına qadağa qoydu.

Buna cavab olaraq da Anatoli Bibilov “parlament sərdi və parlament çoxluğuna qara yaxmaq” cəhdindən danışdı və respublika əhalisini “parlamentin opponentləri tərəfindən yayılan yalanlara inanmamağa” çağırdı.

“Biz bu cür qanunsuz əməllərə boyun əyməyə hazırlaşmırıq, – deyə spiker bildirdi. – “Parlament saatı”nın buraxılışı büdcə ətrafında başlayan informasiya kampaniyası ilə bağlı idi. Biz əhaliyə izah etmək istəyirdik ki, büdcənin qəbul edilməməsinin dövlət işçilərinə maaşın verilməsi məsələsinə heç bir dəxli yoxdur, bu dövlət büdcəsinin qorunan maddələrinin, o cümlədən də seçkilərin keçirilməsi ilə bağlı olan maddələrin maliyyələşdirilməsinə də mane olmur”.

Daha sonra da prezident administrasiyasının təzyiqi altında parlamentin fəaliyyətini işıqlandıran daha bir “Detallar” müəllif verilişinin də yayımı dayandırıldı

Sosial şəbəkələrdə mübarizə

Prezident və spikerin tərəfdarlarının qarşılıqlı ittihamları və davası sosial şəbəkələrə də yayıldı. Cənubi Osetiyada müstəqil media yoxdur, ancaq dövlət, hakimiyyətin tam nəzarəti altında olan mətbuat var. Onlar sərt senzura altında işləyir və sosial şəbəkələr Cənubi Osetiyada yeganə informasiya mənbəyi və kommunikasiya vasitəsi, həm də öz fikrini azad şəkildə ifadə etmək meydanına çevrildi.

Buna görə də məhz burada opponentlər ağır ittihamlar səsləndirirlər, bu qovğa da kompromat müharibəsinə dönməkdədir.

Yanvarın 31-də çıxış edən prezident Leonid Tibilov onun fikrincə “indiki hakimiyyətin nailiyyətlərini düzgün şərh etməyən” sosial şəbəkə istifadəçilərini tənqid atəşinə tutdu. Prezident öz nitqində bir az da irəli gedərək bildirdi ki, “sosial şəbəkələrdə qeyri-konstruktiv tənqid faktlarının araşdırılması” üçün xüsusi xidmət orqanları və prokurorluğa müvafiq tapşırıqlar verəcək.

“Onlara demək istərdim: vətəninin qayğısına qalan adamsansa, buyur, təkliflərinlə ortaya çıx, biz onları qəbul edə, onlarla işləyə bilərik. Amma belə arxadan gizlicə yox – bu hər halda həmin məsələ ilə fəal məşğul olanların satqınlığıdır”, – deyə prezident bildirib.

Bir gün sonra Fövqəladə Hallar Nazirliyindəki işindən  “Vahid Osetiya” partiyasının [spikerin partiyası – red.]

Kulumbegova

görkəmli üzvü Yelena Kulumbeqova işdən azad edilib. Bu, onun şəxsi “Facebook” səhifəsində Leonid Tibilovun ünvanına xoş olmayan şərhləri ilə bağlı idi.

Bu şərhlər artıq silinib, Kulumbeqovanın özü isə deyir ki, birinci şərh Tamerlan Tatdayevin danışdıqları ətrafında diskussiya ilə bağlı idi, hekayə də bir vaxtlar Cənubi Osetiyanın birinci müdafiə naziri Valeri Xubulovun Leonid Tibilovu [indiki prezidenti – red.] siyasi mübahisələrə görə vurması haqda idi.

“Mən də aşağıdakıları yazdım: “Ha-ha, deyəsən o tez-tez kötək yeyib. Ümid edirəm ki, nə vaxtsa bu quyudan çıxa biləcəyik”. İkinci şərhi də bir qədər sonra “Cənubi Osetiya” qrupunda yazdım, mətni də belə idi: “İşdən evə gedirəm, radioya qulaq asıram, orada fəal təşviqat gedir. Qoca kreslosundan bərk-bərk yapışıb”.

FHN leytenantı Kulumbeqovanın sözlərini prezident administrasiyasında təhqiredici saydılar və şikayət ərizəsi ilə prokurorluğa müraciət etdilər.

Rəsmi bəyanatların mübarizəsi

Cənubi Osetiyanın iki əsas siyasətçisinin qarşıdurması informasiya məkanında və rəsmi bəyanatlar səviyyəsində davam etdirilir.

Fevralın 2-də spiker Anatoli Bibilov Kulumbeqovanı dəstəkləyən bəyanatla çıxış edib.

“Öz kreslosunu əldən verməməyə çalışan hakimiyyət ölkədə senzura tətbiq etməkdən başqa, repressiyalara da başlayıb… Hakimiyyətin özü ölkəni artıq gizlədilə bilməyən biabırçılığa sürükləyib. Cənubi Osetiyadakı xalqımız və Rusiya Federasiyasındakı qardaşlarımız bilsin ki, respublikada hüquq özbaşınalığı hökm sürür, hakimiyyəti rüşvətxorlar ələ keçirib”, – deyə spiker bildirib.

Osetiyada sosial şəbəkə istifadəçilərindən biri olan Alan JAMnews-la öz fikrini bölüşüb:

“Cənubi Osetiyada söz azadlığı Konstitusiyanın 31-ci maddəsində təsbit olunan istənilən qanuni yolla azad şəkildə informasiyanı axtarmaq, almaq, ötürmək, istehsal etmək və yaymaq hüququdur. Sosial şəbəkələrlə mübarizə birbaşa söz azadlığına, vətəndaşlarımızın şəxsi təhlükəsizliyinə təhdiddir, çünki prezident tribunadan açıq şəkildə bizi divan tutmaq, DTX və prokurorluqla təhdid edir.

Prezidentimiz keçmişdə DTX əməkdaşı olduğunu xatırlayıb deyəsən. Görünür, siyasi lətifələrə görə insanların təqib olunduğu vaxtlara qayıtmaq istəyir.

Alternativ informasiya mənbələrinə giriş məhdudiyyəti opponentlərlə Stalin üsulu ilə mübarizədir. “Söz azadlığı yoxdur – problem də yoxdur” – bu yolla bəzi kommunistlər və köhnə vaxtların çekistləri hakimiyyət başına gələndən sonra Stalinin sözlərinə yeni nəfəs verməyə çalışırlar”.

Hazırda “Facebook”da üç siyasətçinin – fəaliyyətdə olan prezident Leonid Tibilov, parlament spikeri Anatoli Bibilovun və Cənubi Osetiyanın keçmiş prezidenti Eduard Kokoytının dəstək qrupları qeydiyyatdan keçib.

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər

More on JAMnews