Ukrayna hakimiyyəti Gürcüstan vətəndaşlarını ardıcıl deportasiya etməklə problemləri Yanukoviçin metodları ilə həll etməkdən çəkinmədiyini nümayiş etdirir" />

Şərh: Deportasiya olunmuşlar – 2017

Ukrayna hakimiyyəti Gürcüstan vətəndaşlarını ardıcıl deportasiya etməklə problemləri Yanukoviçin metodları ilə həll etməkdən çəkinmədiyini nümayiş etdirir

Foto: David Pipia, JAMnews

Ukraynadan deportasiya olunmuş gürcülərin növbəti “partiyası” Gürcüstana çatdırılıb. 2006-cı ildə Rusiyadan Tbilisiyə gürcü vətəndaşlarıyla dolu yük təyyarələrinin endiyi vaxtlardakı kimi, indi də jurnalistlər artıq adiləşən hadisəni təsvir etmək üçün aeroporta və ya dəniz limanına tələsir.

Bir vaxtlar artıq Ukrayna hakimiyyəti gürcülərin kütləvi deportasiyasını təşkil etməyə cəhd edib. Mən də onların arasında olmalıydım. O vaxt prezident Viktor Yanukoviç idi, Kiyevdə isə artıq 20-ci günüydü ki,  Maydan gedirdi.

10 dekabr 2013-cü il tarixində mehmanxanaya gələn üç nəfər özlərini Ukrayna təhlükəsizlik və miqrasiya xidmətinin əməkdaşları kimi təqdim etdilər. Mənə və mənim operatoruma (biz Gürcüstanın “Tabula” teleşirkətini təmsil edirdik) “kütləvi iğtişaşlarda” iştirak etdiyimizə görə ölkəni təcili tərk etmək təklif olundu, əks halda bizi ölkədən zorla deportasiya etməklə hədələdilər.

Onların əlində həmin vaxt Kiyevdə fəaliyyət göstərən bütün gürcü jurnalistlərinin siyahısı varıydı və onlar sadəlövhcəsinə inanırdılar ki, biz onları tapmaqda kömək edəcəyik.  

Qonaqlarla vidalaşandan sonra baş verənlərlə bağlı Maydan qərargahına, sonra da Gürcüstan səfirliyinə məlumat verdim. Ukraynalı jurnalistlərin sayəsində bu hadisə həmin gün böyük səs-küyə səbəb oldu, Gürcüstan diplomatları isə müvafiq xidmətlərlə nə baş verdiyini araşdırmağa başladı. Nəticədə hökumət özünü təmizə çıxarmaq üçün bildirdi ki, guya bizi heç kim deportasiya etmək istəmirdi, sadəcə “xəbərdarlıq” edirdilər.

Bəli, bizimlə də indiki Ukrayna hakimiyyətinin arzu edilməyən hesab etdiyi Gürcüstan vətəndaşları ilə davrandığı kimi davrana bilərdilər – gecəyarı gəlib, döyə, qandallaya, gözlərimizi bağlaya, maşının yük yerinə soxub, təyyarəyə və ya paroma mindirə bilərdilər. Amma bizi insanlar  – bizi sonradan küçədə tanıyan, öz dəstəklərini ifadə edən və işimizə görə bizə təşəkkür edən  jurnalistlər, hüquq müdafiəçiləri, deputatlar, sadə ukraynalılar xilas etdi.

Bu gün Ukraynadan deportasiya edilmiş, gürcü jurnalistlərinin Tomazo kimi tanıdığı, uzun illər Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin şəxsi operatoru işləmiş Tamaz Şavşişvili skype ilə Saakaşvilinin ukraynalı partiyadaşlarının suallarına cavab verib. Çünki Ukrayna mediasından heç kim onunla demək olar ki, maraqlanmadı.

Nə olsun ki, iş akkreditasiyası və oturum icazəsi olan teleoperatoru baqaja soxub, qovublar? Daha vacib məsələlər var axı.

Artıq bir neçə həftədir ki, Ukraynada leqal yaşayan Gürcüstan vətəndaşlarını, o cümlədən də Antiterror Əməliyyatı veteranlarını güc tətbiq etməklə və açıq-aşkar qanunu pozmaqla ölkədən çıxarırlar. Amma görünən odur ki, bu, Saakaşvili tərəfdarlarından başqa heç kimi maraqlandırmır.

May ayında Tbilisinin mərkəzində azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanıb qeyri-leqal şəkildə Azərbaycana, həbsxanaya göndərildiyi vaxtkı kimi hiss etdiyim xəcalət hissini artıq uzun illərdir ki, yaşamırdım. Ukraynadakı dostlarım bu ölkə hakimiyyətinin həmvətənlərimə qarşı rəftarına görə də eyni xəcalət hissini yaşayırlar.

Onların hansı siyasətçinin tərəfdarı olduqlarının heç bir mənası yoxdur. Onların hansısa qanun və ya qaydaları pozub-pozmamaları da vacib deyil. İstənilən halda belə kobud rəftarın heç bir bəraəti yoxdur və deportasiya olunanlar Avropa İnsan Haqları Məhkəməsinə şikayət etsələr Ukrayna çox güman ki, işi uduzacaq.

Görünür ki, Maydandan sonra Ukrayna cəmiyyəti yenidən və çox tez qanunsuzluğa alışdı. Və sadəlövhcəsinə düşünür ki, əvvəlcə Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi kimi qanunun seçilmiş tətbiqi, sonra da sırf quldurluq üslubunda qəddarlıq ancaq hansısa siyasətçinin tərəfdarlarına hansısa qarşılıqlı çəkişmələr çərçivəsində toxunacaq, digər vətəndaşlara qarşı isə hakimiyyətin bu metodlardan istifadə etməyə cəsarəti çatmayacaq. Amma bu, yanlış fikirdir və bir çox ölkələrin təcrübəsi ilə artıq sübut edilib.  

Əslində, bunlar Gürcüstan və Ukrayna cəmiyyətləri arasındakı münasibətlərə çətin ki, mənfi təsir göstərsin – Tbilisi və Kiyevdə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, xalqlarımız arasında yaxınlıq və qarşılıqlı simpatiyalar var. Sadəcə baş verənlər bir daha sübut edir ki, Maydandan sonra Ukraynada çox şeylər nəzərdə tutulduğu kimi olmadı.

Getdikcə daha çox düşünürsən ki, Ukraynanın indiki liderləri Maydandan sonra hakimiyyətə Ukrayna vətəndaşlarının igidliyi deyil, Yanukoviçin  zəifliyi sayəsində gəldiklərini hesab edirlər. Bu isə o deməkdir ki, Yanukoviçin metodları heç də pis deyil – əsası onun səhvlərini təkrarlamamaq və güzəştə getməməkdir. Düşünürəm ki, nə onlara, nə də Ukraynaya nəticədə bütün bunlar yaxşı heç nə vəd etmir.


More on JAMnews