Erekle Uruşadzedən işə yeni başlayan developerlərə praktiki məsləhətlər" />

Şəhəri necə məhv etməli. İşə yeni başlayan developer üçün praktiki təlimat

Erekle Uruşadzedən işə yeni başlayan developerlərə praktiki məsləhətlər

Tbilisidə uğurlu developer olmaq, işini uğurlu qurmaq və bu zaman paytaxtın indiki tikinti tendensiyalarından kənarda qalmamaq üçün sadəcə bir neçə şərtə əmək etmək lazımdır.

Birinci addım: hər yerdə tikirik!

Kim deyib ki, ancaq “plan”la müəyyən olunan yerlərdə tikmək olar?

İki bina arasında ora üçüncünü soxuşdurmaq üçün kifayət qədər yer varsa, irəli (səndən daha ağıllısı çıxıb, səni qabaqlamamış). Səkidə tik (kim XXI əsrdə piyada gəzir axı?). İdman meydançasında tik (normal uşaqlar futbolu ancaq “Playstation”da oynayır). Ən nəhayət, çıxış yolu yoxdursa, binanı başqa bir binanın pilləkənində də tikmək olar. İnanmırsız? Çavçavadze 49 ünvanında özünüz baxın.

İkinci addım: kimə ağac lazımdır, meşədə yaşasın

Park nədir? Səfeh birisi sübut etməyə çalışacaq ki, bu, insanların şəhərin səs-küyündən dincəldiyi bir yerdir. İnanmayın! Əslində park yeni ev tikmək üçün ucuz və sərfəli bir imkandır, çünki orada sakinlərinin köçürülməli və yeni mənzillə təmin olunmalı olduğu köhnə binalar yoxdur.  Meriyada işləyən tanışın ki var? Yox, yoxdur? Bəs əmin oğlunun? Tikintiyə icazə almaq problem deyil. Sadəcə ağac və quş sevərləri meşəyə köçürmək lazımdır.

Üçüncü addım: səkilərə məhəl qoymamaq!

Unutmayın ki, tikilən obyektinizin yanındakı asfalt yol, həmin o avtomobil yolu ilə sərhəddə yerləşən, yaşlı nəslin nümayəndələrinin səki adlandırdığı o dar yol tamamiylə sizə məxsusdur. Bura qum, sement, armatur tökmək olar. “Səki”də ağaclar da ola bilər, onları düşünmədən mişarlamaq lazımdır. Tikintini başa çatdırandan sonra da texnikanız tərəfindən məhv edilən səkini qaydaya salmaq barədə düşünməyin belə. Meriyada işləyən həmin o yaxın tanışınız nəzarət orqanları ilə özü hər şeyi yoluna qoyacaq.

Dördüncü addım: betonu səhərlər qarışdırın

Tikintiyə başlayarkən, yadda saxlayın ki, daima qonşuluqda yaşayan insanların narazılığı ilə qarşılaşmalı olacaqsız. Ürəyinizə salmayın bunu. Bu, qəribə iradları olan ərköyün adamlardır. Misal üçün, deyə bilərlər ki, niyə beton maşınını səhər saat 4-də, insanların yatdığı vaxt işə salırsan? Niyə onların uşaqları sizin tikintinin tozunu udmalıdır? Niyə həyətləri tikintinizin zir-zibili ilə doludur? Fikir verməyin.

Beşinci addım: fəhlə getdi, fəhlə gəldi

Bilirsiz, olur belə şeylər: fəhlə iş başında yuxarıdan yıxılır və dərhal da səs-küy qopur: mənfur biznes, insan həyatı veclərinə deyil. Buna fikir verməməyə çalışın. Səs-küy tezliklə yatacaq, təzə fəhlə gələcək, özü də ola bilsin, rəhmətlikdən daha ucuz şərtlərlə razılaşacaq. Buna görə də fəhlələrin təhlükəsizliyinə görə xərcə düşməyə dəyməz.

Altıncı addım: dövlət sənsən

Dostunun əmisi majoritar deputat deyil? Bu əminin də tikinti biznesində maraqları varsa, lap əla. Qısaca, nə etmək lazımdır: qanunların tikinti biznesini necə boğması, ağacları mişarlamağa (səkiyə tikinti çınqılı tökməyə, üstünə tikinti üçün ağır yükləri atmağa, səhər saat 4-də beton maşınını işə salmağa) icazə verilməməsi haqda ürəkparçalayan bir məktub yazırsan. Sonra da sizin bu majoritar deputat həmin bu məktubu telekameralar qarşısında oxuyacaq, pencəyinin qolu ilə gözündən axan yaşı siləcək, hamının qarşısında bu məsələni müvafiq komitənin ən yaxın iclasında qaldırmağa və tikinti obyektlərinin yanında ağacların mişarlanmasını asanlaşdırmağa söz verəcək.

Yeddinci addım: qara və ağ piar

Bütün yuxarıda sadalanan məsləhətlərə tam dəqiqliyiylə əməl etsəz, yenə də həyatınızı zəhərləmək istəyən yüzlərlə adam tapılacaq. Buna görə heç də narahat olmayın: piar (qara və ağ!) elə bunun üçün mövcuddur. “Məşhur və uğurlu insanlar” haqqında bir jurnala müraciət edirsən və müsahibə verirsən. Müsahibə vaxtı da bir neçə dəfə “şəhərə görə hamımızın ürəyi ağrıyır”. “əvvəlcə rifah yaratmaq lazımdır” cümlələrini bir neçə dəfə təkrar edirsən. Mütləq şəkildə vurğulayırsan ki, sahibi olduğun şirkət Vazisubanidə müqəddəs Mevlud kilsəsinin tikintisinə sponsorluq, Borjomi meşəsində üç dələyə patronluq edir və Tailand beşnövçülüyü üzrə Gürcüstan yığmasının baş sponsorudur (müsahibədə əyninizdə yığmanın maykası olan şəkliniz dərc olunsa əla olar).

Bundan başqa, xırda bir mükafat əvəzinə həmin jurnal tikintinizə mane olan məşhur fəalın gürcü adətlərinə riayət etməməsi və uşaqlarını xaç suyuna salmaması barədə məqalə dərc edir.

Bu qədər, dostum! İrəli!

Facebook Comments

More on JAMnews