Avqustun əvvəlindən ABŞ İrana, Rusiyaya və Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Sanksiyaların və onların elan edilmə səbəblərinin təfərrüatları" />

Rusiya, Türkiyə və İran – nəyə görə ABŞ onlara iqtisadi müharibə elan edib

Avqustun əvvəlindən ABŞ İrana, Rusiyaya və Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Sanksiyaların və onların elan edilmə səbəblərinin təfərrüatları

Helsinkidə orada ABŞ və Rusiya prezidentlərinin görüşü ilə əlaqədar mitinqdə. Maska Rusiya prezidenti Vladimir Putini əks etdirir. 15 iyul, 2018. REUTERS/Qriqori Dukor

2018-ci ilin yayından Rusiya, Türkiyə və İran ABŞ tərəfindən iqtisadi sanksiyaların xüsusi hədəfinə düşüblər. Bunun nəyə görə baş verməsindən və sanksiyaların nədən ibarət olmasından danışırıq.

İran

2015-ci ildə bütün qərb dünyası İranla münasibətlərdə çoxillik böhranın bitməsini və çoxtərəfli beynəlxalq sazişin imzalanmasını bayram edirdi. Yalnız üç il keçdi və böhran qayıtdı. 2018-ci ilin avqustunda ABŞ birtərəfli olaraq sazişdən çıxdı və İrana qarşı sanksiyaları bərpa etdi.

Böhran niyə yarandı və İrana qarşı sanksiyalar niyə tətbiq edildi

Böhranın səbəbi İranın nüvə proqramı və onun nüvə silahına yiyələnmək məqsədi, həmçinin İran rəhbərliyinin çıxışlarındakı anti-Amerika üslubu olmuşdu.

Sanksiyalar hələ 1979-cu ildə elan edilmişdi – o zaman Amerika hökuməti vətəndaşlarına və şirkətlərinə İranla əməkdaşlığı qadağan etmişdi.

Lakin 1996-cı ildə ABŞ qadağanı genişləndirdi və buraya Avropa şirkətlərini də əlavə etdi.

Sanksiyalar niyə ləğv olundu və bu qərarın nəticələri

2000-ci illərdə ABŞ, Avropa və Çinin İranla danışıqları başladı və bu danışıqlar 10 ildən çox davam edərək, 2015-ci ildə Ümumi Əhatəli Birgə Hərəkət Planının imzalanması ilə bitdi. Planı ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Çin, Almaniya və İran imzaladılar.

Onun məqsədi İranın nüvə proqramının məhdudlaşdırılması və bunun əvəzində ölkələrin sanksiyaları ləğv etməyi üzərlərinə götürməsi idi.

Ümuməhatəli planın imzalanmasından və sanksiyaların ləğv edilməsindən sonra arxada qalmış iki ildən bir qədər artıq müddətdə aşağıdakı nəticələr əldə edilib:

  • İran tədricən neft hasilatını artırdı və dünya bazarına qayıtdı (halbuki, həmin dövr ərzində bu amil iqtisadiyyatda özünü elə də göstərməyə imkan tapmadı).
  • İrana investisiyalar, ilk növbədə, Avropa investisiyaları gəlməyə başladı.
  • İranın nüvə proqramı donduruldu.

Nəyə görə ABŞ sazişdən çıxdı və İrana qarşı sanksiyaları bərpa etdi

2016-cı ildə hələ özünün seçkiqabağı kampaniyası dövründə ABŞ-ın hazırkı prezidenti Donald Tramp daim Amerikanın İranla sövdələşmədə iştirakı barədə mənfi rəy bildirirdi. Tramp iddia edirdi ki, İran sövdələşmənin özünə aid hissəsini yerinə yetirmir və dəfələrlə bildirmişdi ki, bu ABŞ tarixində ən pis sövdələşmələrdən biridir.

2018-ci ilin 8 mayında Tramp rəsmi olaraq ABŞ-ın nüvə sövdələşməsindən çıxacağını elan etdi. Bu andan etibarən İran valyutasının – rialın enişi başladı. Ekspertlərin fikrincə, onun eniş templəri göstərir ki, İran çox qeyri-sabit iqtisadi vəziyyətdədir və ölkə dərin iqtisadi böhran təhlükəsi qarşısındadır.

Əgər bir həftə öncə dollar 90 min riala bərabər idisə, hazırda bu rəqəm 117 min riala yüksəlib.

Avqustun 1-dən vəd reallığa çevrildi – ABŞ İrana qarşı sanksiyaları bərpa etdi. Sanksiyalar Amerika şirkətlərinə İranla qızıl, alüminium, kömür və bir sıra digər malların alış-verişini qadağan edir. Həmçinin ABŞ İranın dollarla valyuta əməliyyatlarını məhdudlaşdırmağı planlaşdırır ki, bu da riala təzyiq göstərəcək.

Avropa və Böyük Britaniya qəti şəkildə bu qərara qarşı çıxıblar və bəyan ediblər ki, 2015-ci ildə imzalanmış Ümuməhatəli Birgə Hərəkət Planı çərçivəsində işləməyə davam edəcəklər.

Bununla bərabər, ABŞ-ın ikinci sanksiyalar zərfi hazırdır ki, bu da 4 noyabr 2018-ci ildə qüvvəyə minəcək – İran ABŞ-la danışıqlardan imtina edərsə. Bir çox ekspertlərin fikrincə, bu zərf İran üçün daha ağrılı olacaq, çünki İran neftinin idxalına məhdudiyyətləri özündə ehtiva edəcək.

“Tramp ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini birləşdirməyə cəhd edir və anlayır ki, bunun üçün yeganə amil onların İrana qarşı ümumi mənfi münasibətidir”, – BBC-nin icmalçısı Conatan Marjus belə hesab edir.

Yerli valyutanın enişi fonunda İranda işsizlik artır, su və elektrik enerjisi çatışmazlığı hiss olunur, inflyasiya yüksəlir. Hökumətin iqtisadi siyasətinə qarşı etirazlar kütləvi xarakter alır.

Lakin bir çox analitiklər hesab edir ki, Amerika sanksiyalarının bərpası nəinki İran prezidenti Ruhaninin mövqelərini laxlatmayacaq, əksinə, onları möhkəmləndirəcək.

“ABŞ-ın hərəkətləri iranlıları artan xarici təhlükəyə müqavimət göstərmək məqsədilə hazırkı hakimiyyət ətrafında birləşməyə sövq edəcək”, CNN-in müxbiri Con Defterios belə hesab edir.

Rusiya

İrana qarşı sanksiyaların bərpasının ertəsi günü məlum oldu ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

Sanksiyalar niyə tətbiq edildi

Amerika hakimiyyəti qərara gəlib ki, keçmiş rusiyalı kəşfiyyatçı Sergey Skripalın və onun qızı Yuliyanın Böyük Britaniyada zəhərlənməsinin arxasında Kreml durur.

Skripalların martda baş vermiş zəhərlənməsi artıq Rusiya ilə Avropanın, ABŞ-ın, Kanadanın və ilk növbədə Böyük Britaniyanın diplomatik münasibətlərinin pisləşməsinə səbəb olub. ABŞ Dövlət Departamenti hesab edir ki, Rusiya hökuməti “beynəlxalq hüququn ziddinə olaraq kimyəvi, yaxud bioloji silahdan istifadə edib”.

Sanksiyalar necə işləyəcək

ABŞ Rusiyaya qarşı sanksiyaları da iki mərhələdə tətbiq etməyi nəzərdə tutur. Yaxın iki həftə ərzində Amerika şirkətləri üçün Rusiya ilə hərbi məqsədlərlə istifadə edilə biləcək istənilən məhsul üzrə alış-veriş qadağan olunacaq.

Üç ay sonra, əgər Amerika hökuməti Rusiyanın bundan sonra kimyəvi, yaxud bioloji silahdan istifadə etməyəcəyi ilə bağlı zəımanət almazsa, yeni sanksiyalar tətbiq ediləcək. Bunlar özündə Amerika banklarına Rusiya şirkətlərinin kreditləşməsinin, Rusiyadan ABŞ-a istənilən idxalatın qadağasını, Rusiyanın “Aeroflot” aviaşirkətinin Amerikaya uçuşlarının dayandırılmasını və bir sıra başqa tədbirləri ehtiva edə bilər.

Sanksiyaların ilk nəticələri

ABŞ-ın yeni sanksiyaları barədə xəbərlər fonunda avqustun 9-da Rusiya rublu son iki il ərzində dollara və avroya münasibətdə minimum həddə düşdü. Bir çox Rusiya şirkətlərinin səhmləri də qiymətdə itiriblər. Məsələn, “Aeroflot”un səhmləri 8 faiz ucuzlaşıb.

Türkiyə

ABŞ Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiyalar tətbiq edib – Əbdülhamit Gülün və Süleyman Soylunun bütün Amerika hesabları və aktivləri dondurulub.

Sanksiyalar niyə tətbiq edilib

Sanksiyalar amerikalı keşiş Endrü Bransonun Türkiyədə həbsdə saxlanılması ilə əlaqədar tətbiq olunub. Türkiyə hakimiyyəti onu Fəthullah Gülənlə əməkdaşlıqda ittiham edir ki, onların fikrincə, Gülən iki il öncə ölkədə dövlət çevrilişinə cəhdi təşkil edib. Branson 2016-cı ilin oktyabrından həbsxanadadır.

ABŞ-la Türkiyənin münasibətləri niyə pisləşdi

Son illərdə Ankara ilə Vaşinqtonun münasibətləri bir neçə səbəb üzündən pisləşib. Türkiyə ABŞ-ın Güləni ona təhvil verməkdən imtina etməsindən və Amerika tərəfinin Suriyadakı kürd könüllülərlə əməkdaşlığından narazıdır. Amerika hakimiyyəti isə, öz növbəsində keşiş Bransonun həbsindən hiddətlənib.

Sanksiyaların tətbiqinin nəticələri

Amerika sanksiyalarının tətbiqi Türkiyə valyutasının – lirənin məzənnəsinə təsir edib. O, rekord eniş yaşayır və avqustun 10-da 1 dollar atıq 6 lirə olub, halbuki yarım il öncə 4 lirə idi. Prezident Rəcəb Ərdoğan lirənin enişini belə şərh edib: “Unutmayın, onların dolları varsa, bizim xalqımız, allahımız var”.

İranda olduğu kimi, Amerika sanksiyalarının tətbiqi Türkiyədə ictimai parçalanmaya səbəb olub. The New York Times xəbər verir ki, bir çox müxalifət partiyaları bu məsələdə prezident Ərdoğanı dəstəkləyirlər.

Media, sosial şəbəkələr və Türkiyə şəhərlərinin küçələri anti-Amerika əhval-ruhiyyəsi ilə doludur ki, bu da siyasi böhran şəraitində, sözsüz ki, Ərdoğana sərf edir.


More on JAMnews