Tehran sammitində prezidentlər dəmiryolunun inşasını və Xəzərin statusunu müzakirə ediblər " />

Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” dəhlizinin anonsunu verib

Tehran sammitində prezidentlər dəmiryolunun inşasını və Xəzərin statusunu müzakirə ediblər

Noyabrın 1-də Tehranda baş tutan sammitdə İran, Rusiya və Azərbaycan prezidentləri yeni regional layihələrlə bağlı razılığa gəliblər.

Sammitin yekununda Həsən Ruhani, Vladimir Putin və İlham Əliyev yekun bəyanat imzalayıblar. Prezidentlər neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi, elektrik enerjisi mübadiləsi və vahid bazarın formalaşdırılması ilə bağlı planlarını bəyan ediblər.

Məlum olub ki, Rusiya Azərbaycan ərazisi vasitəsilə İrana təbii qaz ixrac etməyə hazırdır. Üç ölkənin planlarına nəqliyyat sahəsində tərəfdaşlığın dərinləşdirilməsi də var.

Bundan başqa üç dövlətin prezidentləri ətraf mühitin mühafizəsi, Xəzər dənizinin ekosferasının qorunması sahəsində əməkdaşlığın perspektivlərini, elmi tədqiqat və layihələrdə birgə iştirak məsələsini də müzakirə ediblər.

Üçtərəfli sammit zamanı “İranın nüvə proqramı üzrə müştərək əhatəli fəaliyyət planınıa” əməl olunması məsələsi ilə bağlı əldə edilmiş qarşılıqlı anlayışı xüsusi qeyd etmək lazımdır.

Politoloq, Azərbaycan Milli Məclisinin üzvü Rasim Musabəyov Sputnik-Azərbaycan radiosuna müsahibəsində Tehran sammitində razılaşdırılmış üç mühüm məsələyə diqqət çəkib.

  • “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması
  • Xəzərin yekun statusunun müəyyən edilməsi ilə bağlı tərəflərin mövqelərinin yaxınlaşması
  • Təhlükəsizlik məsələləri

İlk məsələ üzrə Azərbaycandan keçməklə İrandan Rusiyaya dəmiryolunun inşasının xüsusi anlamı var. Üstəlik Musabəyovun sözlərinə görə, Azərbaycan sadəcə tranzit ölkə olmayacaq, maraqlı tərəflərdən biri olacaq. Azərbaycan bu dəmiryolu dəhlizinin öz ərazisindən keçən hissəsinin modernləşdirilməsi üçün 500 milyon avro ayırmağa hazırdır.

Musabəyov əlavə edib ki, Xəzərin statusu ilə bağlı üç xəzəryanı ölkənin – Rusiya, Qazaxıstan və Azərbaycanın mövqeləri artıq razılaşdırılıb. Sammit bu ölkələrin mövqelərinin İran İslam Respublikasının mövqeyi ilə yaxınlaşması sarıdan mühüm rol oynayıb. (Bircə güzəştə getməyən Türkmənistan qalır)

 

Tehran sammiti bu formatda ikinci görüş olub. Rusiya, İran və Azərbaycan prezidentlərinin birinci görüşü ötən il Bakıda baş tutmuşdu. Növbəti görüşün isə bir il sonra Rusiya Federasiyası ərazisində keçirilməsi planlaşdırılıb.


More on JAMnews