Çeçenistan və Azərbaycandan reaksiya " />

Rohinca müsəlman azlığının faciəsi: bu hadisəni kim və hansı şəkildə istifadə edir

Çeçenistan və Azərbaycandan reaksiya

Foto REUTERS/Mohammad Ponir Hossain

Bu həftə Rusiyada rohinca müsəlman qrupunun müdafiəsi üçün kütləvi mitinqlər keçirildi. Bu azlığın taleyinə birdən-birə yaranan bu marağın səbəbi nədir?

Rohinca kimlərdir

Rohincanı adətən dünyada ən çox təqib olunan azlıq adlandırırlar. Bu, 11 milyon nümayəndəsi olan bir xalqdır. Rohinca islam dininə etiqad edir, amma daha çox öz tarixi torpaqlarında, buddist Myanma (keçmiş Birma) ərazisində məskunlaşmağa çalışır və bura qeyri-leqal olaraq Banqladeşdən gəlirlər.

Myanmanın hərbi rejimi onlara vətəndaşlıq verməkdən imtina edir, çünki rohincanı qeyri-leqal mühacir hesab edir və onlara çox sərt təzyiqlər göstərir.

Təkcə son üç həftə ərzində Myanma ordusunun əməliyyatları nəticəsində 90,000-dən çox rohinca Banqladeşlə sərhəddə yerləşən qaçqın düşərgəsinə gəlməli oldular. “The Telegraph”ın verdiyi məlumata görə, müxtəlif qiymətlərlə 400 nəfərdən 1,000 nəfərə qədər həlak olub.

Hüquq müdafiəçiləri rohincanın başına gələnləri soyqırımı adlandırır.

Rusiyada rohincanın müdafiəçiləri

Ötən həftə Rusiyada rohincanın müdafiəsi uğrunda iki mitinq keçirilib.

Bir icazəsiz mitinq Moskvada yüzlərlə adam toplayıb, digəri Qroznıda təşkil olunub, bu mitinqdə də hakimiyyətin məlumatına görə, bir milyon adam iştirak edib.

“Kafkazski uzel”in məlumatına görə, Qroznıdakı mitinqə insanları güclü administrativ təzyiq altında yığırdılar.  

Rohincanın taleyinə birdən-birə yaranan marağı Rusiya mediası Çeçenistan prezidenti Ramzan Kadırovun mövqeyi ilə izah edir.

O, bir tərəfdən, özünü Rusiyada müsəlmanların əsas müdafiəçisi kimi təqdim etməyə çalışır. Digər tərəfdən də davam edən iqtisadi böhran və respublikanın demək olar ki, tamamilə asılı olduğu federal maliyyələşdirmənin azalması şəraitində Kremlə öz gücünü və imkanlarını nümayiş etdirir.

Ramzan Kadırov özünün “Instagram”ında bildirib ki, Rusiya rohincanın müdafiəsinə qalxmasa, o, Rusiyanın mövqeyinə qarşı olacaq.  

Uzun illər boyu Rusiya Çinlə birlikdə BMT-nin Təhlükəsizlik Şurasında Myanma hakimiyyətinin rohincaya münasibətdə əməllərini pisləyən qətnamənin qəbulunun qarşısını alır.

Azərbaycanda rohincanın müdafiəçiləri

Azərbaycanda nə Myanma səfirliyi, nə də hər hansı buddist icması var, buna görə də burada Myanmadakı hadisələrə reaksiya sosial şəbəkələrdə qəzəbli şərhlərlə məhdudlaşdı.

Amma şərhlər həddən artıq çoxdur və əksər şərhlər təqib olunan müsəlmanların tərəfindədir.

Birinci və təbii səbəb çox güman ki, islam həmrəyliyi ilə bağlıdır. Amma öz etirazını Myanma hakimiyyətinin dost olmayan və BMT-nin Təhlükəsizlik Şurasında özünün bu məsələdə veto hüququndan istifadə edən Rusiya tərəfindən dəstəklənməsi ilə izah edənlər də var.  

Problemi hər iki tərəfdən anlamağa çalışanlar daha azdır, onlar xatırladır ki, rohinca xalqının liderləri separatist şüarlarla çıxış edir və Myanmadakı vəziyyətin təhlili zamanı bu məsələni də nəzərə almaq lazımdır.

Bir çoxları öz şərhlərində buddistlər arasında olan qurbanları da xatırladır. Amma bu adamlar əksəriyyəti təşkil etmir və qəzəblə pislənir.


More on JAMnews