Xarici agentlər haqqında qalmaqallı Rusiya qanunu daha əhəmiyyətli qərarlar üçün pərdə rolunu oynaya bilər" />

Rəy: Rusiya prezidenti ömürlük müddətə necə hazırlaşır və bu barədə necə susmalı

Xarici agentlər haqqında qalmaqallı Rusiya qanunu daha əhəmiyyətli qərarlar üçün pərdə rolunu oynaya bilər

Rusiya qanunvericiliyində “xarici agent” anlayışı üç il bundan əvvəl yaranıb. Əvvəllər o, yalnız hüquqi şəxslər – xarici ölkələrdən maliyyələşən media və qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulmuşdu.

Bu anlayışın ilk qurbanları “Memorial” hüquq müdafiə təşkilatı və “Azadlıq” radiosu oldu. Sonra Rusiya müxalifətinin lideri Aleksey Navalnının yaratdığı Korrupsiya ilə mübarizə fondu xarici agent oldu.

2019-cu ilin noyabrında qanun genişləndirildi: indi təklif edilir ki, xarici agent olaraq, (özü də məhkəmə qərarı olmadan) bu təşkilatlarla əməkdaşlıq edən və xaricdən pul alan (misal üçün, müsahibəyə görə qonorar, yaxud əcnəbilərə kirayə verdiyi evin ödənişi şəklində) istənilən şəxs elan oluna bilər.

Xarici agent elan edilmiş təşkilat və ya insan özlərinin istənilən publik bəyanatlarını xüsusi şəkildə markalamağa borcludurlar və hamıya bildirməlidirlər: “Mən (biz) xarici dövlətin maraqları çərçivəsində hərəkət edirik”. Bu tələbə riayət etməyənlər 5 min dollar həcmində cərimələnə bilərlər.

 Rusiya xarici casuslar ölkəsidir?

• Sübut olunub: bir il əvvəl rusiyalı jurnalistləri soyğun məqsədilə yox, araşdırmalarına görə öldürüblər

Qanun parlament tərəfindən qəbul edilib və prezidenin imzasını gözləyir. Rusiyanın bütün məşhur hüquq müdafiəçiləri Vladimir Putinə müraciət ediblər ki, bunu etməsin.

Hərçənd, o, mütləq ictimaiyyətin fikri ilə razılaşacaq. Ona görə ki, bütün bunların heç bir əhəmiyyəti yoxdur.

Çünki Vladimir Putinin 20 illik hakimiyyəti dövründə xüsusi informasiya üslubu işlənib hazırlanıb və adi hala çevrilib.

Əgər xüsusilə absurd, ağılsızlıq həddində qanunvericilik təşəbbüsü meydana çıxırsa, hiddətlənib etiraz etməzdən əvvəl diqqətlə baxıb əmin olmaq lazımdır ki, bu təşəbbüs hansısa çox əhəmiyyətli qərarların pərdəsi rolunu oynamır.

Belə görünür ki, xarici agentlər haqqında qanun elə bu qəbildəndir.

Dekabrın 8-i Vladimir Putinin tərcümeyi-halında ən vacib günlərdən biridir. Həmin gün o və Belarus prezidenti Lukaşenko iki ölkənin inteqrasiyasının yeni mərhələsi barədə bəyanat verməlidirlər – ümumi parlament və nazirlər kabineti yaradılacaq.

Bu, Rusiya və Belarus (həm də onların qonşuları) üçün yalnız iqtisadi və siyasi baxımdan önəmli deyil.

Bu, şəxsən Vladimir Putin üçün vacibdir: inteqrasiyanın bu səviyyəsi (əgər yalnız kağız üzərində baş versə belə) başqa konstitusiyası olan yeni dövlətin yaranması deməkdir.

Bu isə, öz növbəsində, o deməkdir ki, həmin dövlətin rəhbəri tam sıfırdan, keçmiş müddətlərə nəzər yetirmədən seçiləcək.

Vladimir Putinin konstitusion səlahiyyətləri 2024-cü ildə başa çatır. Budur, indi onların, praktiki olaraq, ömürlük uzadılması üçün yeni üsul tapılıb – Belarusla birləşmə yolu ilə.

Bu cür taleyüklü günlərdə cəmiyyətdə və mediada sükut hökm sürməlidir. Lakin daha yaxşı olar ki, parlamentin hansısa ağılsız təşəbbüsü səs-küylə müzakirə olunsun və prezident onu müdrikcəsinə rədd edərək, hamının rahatlığına səbəb olsun.

Bu səbəbdən də, istənilən şəxsi “xalq düşməni” elan etməyə imkan yaradan absurd və konstitusiyaya zidd qanunu prezident Putin imzalamayacaq. Sadəcə olaraq, bu dəfə yeri deyil.

Moskvada Kremlə mənzərə. REUTERS/Christian Hartmann


More on JAMnews