Usta Ziyad metaldan olan hər şeyi düzəldə və təmir edə bilir " />

Qurd, ulduzlar və qalay cəngavər – Bakının Kömürçü bazarındakı ustanın hekayəsi 12 fotoda

Usta Ziyad metaldan olan hər şeyi düzəldə və təmir edə bilir

Ziyad usta metal qab-qacaq təmir edir və köhnə şeylər satır. Ona nələr gətirmirlər: qazan, samovar, ləyən və kerosin lampaları. Çox vaxt gətirdikləri köhnə, çox köhnə şeylər olur. Amma onları ya kiminsə xatirəsi kimi yadigar saxlamaq istiyirlər, ya da sadəcə yenisini almağa pulları olmur.

Ziyad usta Azərbaycanın Yuxarı Qarabağ zonasında, Ağdamda anadan olub. Sonra ailəsi İsmayıllı rayonundakı məşhur “ustalar diyarına” – Lahıca köçüb. İndi Bakının ən koloritli rayonlarından birində – Kubinkada, Kömürçü bazarının yanında onun kiçik emalatxanası var.

“Müştərilərlə işləmək çox çətindir. Məsələn, kimsə qiymətli əşya gətirir və dəyərindən ucuz verir. Onda bilirəm ki, bu oğurluqdu. Mən də oğurluq mallardan uzaq dururam.

Bir dəfə əntiq əşya mağazasından canavar formasında bir əşya gətirdilər ki, bunu düzəld. Yüzdən çox yaşı olardı. Mən də düzəltdim qoydum kənara. Sonra bir xanım müştəri gəldi, qazan gətirdi düzəltdirməyə. Bunu da düzəltdim verdim. Pulu xırdalamaq üçün getdim mağazaya, sonra qayidib, onu yola saldım. Başım qarışdı işə, birdən yadıma düşdü ki, bu canavar fiquru gözümə dəymir. Bildim ki, o qadın oğurlayıb.

Tez bildiyim ustalara yığdım ki, bəs sizə belə bir əşya gətirməyiblər? Füzuli adlı usta vardı “Torqovı”da [şəhərin mərkəzindəki Nizami küçəsinin köhnə adı], dedi ki, bir qadın canavarı ona satıb 25 manata. Getdim, pulunu verib, götürdüm”.

“Bir dəfə Xaçmazdan [Azərbaycanın şimal rayonu] bir sifariş almışdım. Qəbir üstü abidə üçün ulduz formasında atribut yığmalı idim. Özü də sifariş edən misdən olmasını tapşırmışdı. Biz də qiymət danışmadığımız üçün fikirləşdim ki, düzəldib göndərərəm, razı olmaz, ziyan edərəm. Özümü sığortaladım, adi materialdan 3 maket düzəldib, poçtla göndərdim.

Bir gün sonra zəng edib dedi ki, yaxşıdı, düzəld. İki gün heç bir sifariş götürmədən bunu düzəltdim. Zəng edib dedim ki, hazırdı. Soruşdu, qiyməti nə qədər edir? Dedim, hamsı bir yerdə 750 manat. Dedi, çox bahadı, mən düşünürdüm 200 manat edər. Razılaşa bilmədik, ziyana düşdüm.

Üstündən bir müddət keçdi, başqa bir müştəri bunu görüb bəyəndi. Baha qiymətə satdım. Sonra bunu sifariş edən zəng etdi ki, hazır qoy, gəlirəm götürməyə. Dedim satmışam başqasına, yoxdu daha. Sonra dediyim qiymətdən də baha düzəltdim onun üçün. Gedib başqa yerdən soruşmuşdu, çox baha demisdilər.

Mən də əvvəlcədən pulu alıb, işə başladım”.

“Bu mənəm, cavanlıqda, qəzetdən gəlib şəklimi çəkmişdilər”.

“Bir dəfə tanışım yanıma bir müştəri göndərmişdi. Cəngavər heykəli gətirmişdi. Əlində qılıncı, qalxanı, başında dəbilqəsi. Rəngi qaralmışdı, dedilər, bunu təmizləmək lazımdır, xaricə hədiyyə göndərəcəyik.

Başladım işə. Elə istilik avadanlığını işə salıb, heykələ yaxınlaşdıranda başladı əriməyə. Sən demə, qalay imiş, mən də bilməmişəm. Üstü də toxunma zəncir idi.

Başladım içini pambıqla, sonra da qurğuşunla doldurmağa, o hissəsini bərpa etməyə. Bir gün dayanmadan işlədim. Sonra rənglədim, cilaladım. Baxdım ki, bilinmir.

Müştəri gəlib, malını götürdü. Üstündən bir müddət keçdi, bu tanışımı gördüm, dedim, bəs, o heykəl başıma belə oyun açdı. Tanışım da dedi ki, narahat olma, hədiyyəni göndərdilər xaricə”.

“Bəzən müştərilər əcaib əşyalar gətirirlər. Şüşədən, plastikdən və başqa materiallardan olan bəzək əşyaları.

Bəzən hansısa qiymətli əşyanı düzəldirəm, müştəri gəlib götürəndə pulumu kəsir. Kasıb olsa, başa düşərəm, amma bu daha çox imkanlı adamlarda olur. Varlı adamlar həmişə pulumu kəsməyə çalışır. Gedirlər restoranlarda, kafelərdə nə qədər pul xərcləyirlər, amma mənim pulumu kəsirlər.

Hərçənd, bu sənətdə pul əsas deyil. Bəzən biz hansısa əşyanı çox ucuz qiymətə düzəltməyə hazır oluruq, təki itib batmasın”.

“Şəhər böyükdü, amma misgər azdı. Mən də yavaş-yavaş qocalıram. Şagirdim var. Bildiklərimin hamısını ona öyrətməyə çalışıram ki, bu sənət yaşasın gələcəkdə”.

Facebook Comments

More on JAMnews