Bakı və Yerevanda demək olar ki, eyni hisslər yaşanır: kədər, qəzəb və haqlılıq hissi" />

Qisas və uduş

Bakı və Yerevanda demək olar ki, eyni hisslər yaşanır: kədər, qəzəb və haqlılıq hissi

Münaqişə zonasında 2016-cı il 9 apreldən 11 aprelə qədər baş verən hadisələrin icmalı

Manşetdə Nuran Məmmədovun fotosu. Bakı. Həlak olan Təbriz Musazadənin oğlu atası ilə vidalaşır.

Bakıdan informasiya

Təsdiqlənmiş mənbələrdən məlumat

Bu gün Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, erməni silahlı bölmələri son sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub.

Dünən, aprelin 10-da Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi əməliyyat tərəfləri arasında meyitlərin mübadiləsi başa çatıb.

Son rəsmi məlumata görə, ölən hərbiçilərin sayı əvvəlki kimi qalır – 31 nəfər.

Eyni zamanda “Xəzər Hərbi Tədqiqatlar Mərkəzi başqa bir rəqəm deyir – 93 nəfər.

Meydan TV 87 həlak olanların nəfərdən ibarət siyahısını dərc edib.

Prezident İlham Əliyev mediaya bildirib ki, regionda yeni əməkdaşlıq formatı yaranıb: “Azərbaycan-İran-Rusiya, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatları regionda təhlükəsizliyin təmin olunmasına və əməkdaşlığın dərinləşməsinə xidmət edir.

Almaniya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı özünün 7 maddəlik planını təklif edib.

APA informasiya agentliyinin verdiyi məlumata görə, onun sorğusuna cavab olaraq Almaniya XİN-i aşağıdakı cavabı verib: “Almaniyanın təklif etdiyi planın əsasında atəşkəsin stabilləşdirilməsi və danışıqlar yolu ilə həllə nail olmaq üçün dialoq, etimad yaradılması tədbirlərindən istifadə etmək dayanır. Bu, Minsk Qrupunun işinin intensivləşdirilməsi və uzunmüddətli sülh sazişi üçün danışıqların aparılmasından ibarətdir.

APA-nın məlumatına görə, İranın ali dini liderinin Ərdəbil əyalətindəki təmsilçisi Seyid Həsən Amili Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib. O qeyd edib ki, iranlılar Qarabağda döyüşməyə hazırdır:

“Bu, İslam dünyasının bir parçasıdır və Azərbaycana qaytarılmalıdır. Şəxsən mən özüm münasib şəraitin olduğu təqdirdə, Qarabağa gedib üzərimdə olan borcu yerinə yetirmək istəyirəm.

Aprelin 9-da Ermənistan Fransadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. APA-nın verdiyi məlumata görə, mitinq iştirakçılarına 20 maskalı ekstremist hücum çəkib. Polis hücumu dəf edib, yaralılara yardım göstərilib. Hadisə araşdırılır.

Sosial şəbəkələrin icmalı

Birinci trend: nahaq qurbanlar

“Yalnız xüsusi təyinatlı qrupuna əmr verilir döyüş zamanı düşmənin km dərinliyinə getsin. Bu da 100 faiz ölümlə nəticələnən tapşırıqdır. Biz heç düşmənin 10 km dərinliyinə getməmişik 93 şəhidimizin adları açıqlandı. Görünən də odur ki, görə-görə əsgərlərimizi güllənin qarşısına veriblər. Bu nə şərəfsizlik? Bu nə qansızlıq? Yaxşı dəyək ki, gözləmirdiniz böyük itgiyə səbəb olacaq. Bəs siz 23 ildə bunu bilməmisiz? Bilmirdinizsə niyə 23 ildi xalqın əlinə yumağ verirsiz? Gözünüzə girsin 93 şəhidimizin qanı bahasına əldə etdiyiniz 3-4 dərə-təpə. Ən azı 93 şəhid itkisiylə bir rayon azad edilməliydi. İstəyinizə çatdınız, xalqı yas içində saxlayıb korrupsiya qalmaqalından yayındınız. Başda İlham Əliyev olmaq şərtilə üzüaşaqı iri buynuzlu məmurlar da daxil olmaqla hər birinizə ömürlük həbs cazası düşür. Allahın bəlasına gələsiz.

Eyni mövzuda bloqqerlərin məqalələri “Azadlıq radiosu və BBC-nin Azərbaycan xidmətinin saytında da dərc olunub.

“Bir daha yaxşı düşünün. Kimə lazımdır torpaq üstündə olan bu müharibələr? Mənim kimi günün 12 saatını bir qarın çörəyə işləyən sadə vətəndaşın nəyinə gərəkdir müharibə?!

Bağışlayın məni. Amma mən müharibədə deyil, isti yatağımda ölmək istəyirəm.

İkinci trend: Gül bayramına “yox deyək

Mayın 10-a təsadüf edən Gül bayramı Azərbaycanda böyük təmtəraqla qeyd olunur. Güllərdən böyük kompozisiyalar quraşdırılır, camaat bayram edir.

Mayın 10-da həm də Heydər Əliyevin doğum günüdür. Foto: Azpress.az, 2015

“Facebook istifadəçiləri fikir verdilər ki, həlak olan əsgərlərə matəm tutulmasına baxmayaraq, bayrama hazırlıq davam edir və etiraz hərəkatı təşkil etdilər. Təşkilatçılar gül bayramını boykot etməyə çağırır və istəyənləri etiraz aksiyasına dəvət edirdilər.

Tədbirin artıq 11 min abunəçisi yığıldı. Amma indi artıq mövzu öz aktuallığını itirib. Aprelin 9-da elan edildi ki, bu il Gül bayramı keçirilməyəcək.

Üçüncü trend: biz qalib gəldik, ölənlərin qısasını alacağıq

“Əsası odur ki, Amerika və Rusiya Azərbaycanın Ermənistandan daha güclü olduğunu anladı. Onlarla nə qədər lazımdır, o qədər də döyüşəcəyik.

Şəklin altında şərh: “Oğlun sənin qisasını alacaq!

Ekspert rəyi

Nicat Məlikov, siyasi şərhçi, MeydanTV üçün:

“Rusiyanın qeyri-adekvat dövlət olduğunu da nəzərdən qaçırmamalıyıq, çar və sovet dönəmində bunu gördük. Rusiya siyasi elitasına xas dövlətçilik ideologiyasının ölkələrinin iqtisadi maraqlarına zərbə vurduğu yerə qədər getdiyinin şahidi olduq. Ukrayna hadisələrində, Krım ətrafında baş verənlərdə Rusiya siyasi elitasının, siyasi-ictimai təşkilatlarının, telekanallarının necə ekstaz vəziyyətə gəldiklərini gördük. Rusiya prezidentinin də həmişə tam düşünülmüş addımlar atdığını deyə bilmədiyimizə görə sabah nə baş verəcəyini söyləmək çətindir.

Eyni zamanda, İran amilini də nəzərdən qaçırmamalıyıq. Tehran son zamanlar iqtisadi baxımdan daha praqmatik siyasət yeridir, amma cənub qonşumuzun teokratik-ideoloji dövlət olduğunu unutmayaq. İranda Cənubi Azərbaycan problemini görməliyik, 2-5 aprel hadisələri zamanı Təbrizdən olan dəstək nümayişinin kadrlarını izlədim, Tehran bunları da izləyir.

Başqa bir məqam, bu hadisələr zamanı İranın ərazisinə mərmi də düşmüşdü, Tehran İrəvana təpki göstərdi ki, başqa bir müdaxilə olarsa, fərqli siyasi münasibət yaşanacaq. Bütün hallarda bir çox amillərin mozaikasını gördüyümüzdən bir az proqnozlar vermək çətindir. Amma yeni geosiyasi şərait yaranıb, müəyyən uğurlar var, bundan istifadə edə biləcəyikmi, imkan verəcəklərmi, bu, artıq başqa sualdır.

Hankuk diyarşünaslıq universitetinin (Cənubi Koreya) dosenti Rövşən İbrahimov:

“Son əməliyyatdan gözlənilməyən və əvvəlcədən planlaşdırılmamış dividentlər artmaqda davam edir.

İlk növbədə, dünyada Azərbaycanın özünün qavranılmasında dəyişiklik var. Azərbaycana qarşı ritorika əhəmiyyətli dərəcədə dəyişib. Açıqlamalar Azərbaycanın qavranılması mövqeyindən qurulurdu ki, bu da əvvəllər müşahidə olunmayan bir haldır, onda yanaşma balanslaşdırılmış deyildi və işğalçı ilə zərərçəkən tərəf arasında fərq qəbul edilmirdi.

Region ölkələrinə gəlincə, Rusiya sözdə narahatlıqla kifayətlənir, İran ümumiyyətlə susurdu. Bu zaman Belarus, Gürcüstan, Qazaxıstan rəhbərləri Azərbaycan prezidenti ilə əlaqə saxlayır və həmrəyliklərini ifadə edirdilər. Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı da Azərbaycanı dəstəkləyirdi. İsrail də Azərbaycanın mövqeyindən çıxış etdi. AŞPA rəhbərliyi işğalçı qoşunları Dağlıq Qarabağdan çıxarmağa çağırdı.

Bundan əlavə, Avrasiya İttifaqına üzv ölkələrin liderləri – Qazaxıstan, Belarus və Qırğızıstan Yerevanda keçirilməli olan sammitdə iştirakdan imtina etdilər.

Rusiya gözlənildiyi kimi, xarici işlər naziri Lavrovun və baş nazir Medvedevin Bakıya səfərlərini təxirə salmadı. Amma danışıqların mövzusu əsasən iqtisadi əməkdaşlığa aid idi.

Yerevandan gələn informasiya

Təsdiqlənmiş mənbələrdən məlumat

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verilən məlumata görə, bu gecə və səhər Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq kəsiyində nizamsız atəş açılıb. Ümumilikdə açılan atəşin sayı 17 olub, o cümlədən iri çaplı atıcı silahlardan və minaatanlardan istifadə olunub. Xəbərdə deyilir ki, Ermənistan Silahlı Qüvvələrinin ön bölmələri “səbir nümayiş etdirib.

Dağlıq Qarabağla təmas xəttində elə bir hadisə baş verməyib. Dağlıq Qarabağ Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, gecə bəzi yerlərdə atəşkəs haqqında razılaşma pozulub, o cümlədən Azərbaycan tərəfi 60 mm-lik minaatanlardan (2 mərmi) və AH-17 qumbaraatanlarından (14 mərmi) cənub və şimal istiqamətlərində atəş açıb. Xəbərdə deyilir ki, DQ Müdafiə Ordusunun birləşmələri “əsasən cavab tədbirlərindən çəkiniblər.

Dağlıq Qarabağ Müdafiə Nazirliyi mətbuat xidməti həm də bildirib ki, “tərəflər arasında əldə olunan razılaşmaya əsasən, bu gün ərzində Azərbaycan tərəfinə təmas xəttində həlak olanların cəsədlərinin axtarışını davam etdirməyə imkan veriləcək.

DQ Müdafiə Ordusunun hərbiçilərindən birinin taleyi naməlum olaraq qalır, Beynəlxalq Qırmızı Xaç Komitəsi erməni tərəfinə onun haqqında informasiyanın əldə olunmasında kömək edir.

Aprelin 10-da axşam Yerevanda sakit yürüş keçirildi. Onun iştirakçıları əllərində yanan şamlar və güllərlə Yerevanın mərkəzindən şəhər kənarına, Erabluruya, Ermənistan qəhrəmanlarının, Qarabağ müharibəsi iştirakçılarının məzarlığına tərəf getdilər.

“Facebookda aprelin 2-də yenidən başlayan hərbi əməliyyatlar zamanı ölənlərin xatirəsinə həsr olunan səhifə açılıb. Burada bütün istəyənlər ölənlərin ailələrinə başsağlığı verə, yaralılara və onların ailələrinə ürək sözlərini ifadə edə, itkin düşənlərin qohumlarına dəstək ola bilərlər.

9-10 aprel tarixlərində ATƏT-in Minsk qrupunun həmsədrləri Stepanakert və Bakıda baş tutan danışıqlardan sonra Yerevanda idilər.

Xarici İşlər Nazirliyinin binasının qarşısında diplomatları Artsaxla həmrəylik və Azərbaycan hakimiyyətini pisləyən və DQR-i tanımağı tələb edən şüarlarla çoxsaylı insan qrupu gözləyirdi.

Ermənistan rəhbərliyi ilə danışıqların yekununda Minsk Qrupu həmsədrlərinin mətbuat konfransı keçirildi. Yerevanda təmas xəttində hərbi əməliyyatlara başlayan tərəf kimi Azərbaycanın ünvanına tənqid səsləndiriləcəyini gözləyirdilər. Amma bu, baş vermədi.

Rusiyalı həmsədr İqor Popov bildirdi ki, “kimin birinci başlaması və baş verənlərə görə kimin məsuliyyət daşıdığını araşdırmaq onların mandatına daxil deyil. Onların vəzifəsi tərəflərə vəziyyəti stabilləşdirməkdə kömək etmək və sülhün saxlanması naminə addımlar atmaq və “tərəfləri danışıqlar masasına qaytarmaqdan ibarətdir.

Münaqişənin nizamlanmasından danışarkən, həmsədrlər bildirdi ki, danışıqlar masasında yeni sənəd yoxdur və son illər ərzində olan təkliflər müzakirə olunur.

Popov təkliflərin aşağıdakı üç prinsipə əsaslandığını xatırlatdı:

gücün istifadə edilməməsi,
xalqların öz müqəddəratını təyin etmək hüququ,
ərazi bütövlüyü.
Bundan başqa, Popovun sözlərinə görə, planın altı elementindən ikisi hələ də aktualdır: ərazilərin qaytarılması və Qarabağın status məsələlərinin həlli. Diplomat vurğuladı ki, “bu iki prinsipi tam bir vahid kimi nəzərdən keçirmək lazımdır, birini o birisinin qarşısına qoymaq olmaz.

Jurnalistlərin suallarını cavablandırarkən, həmsədrlər təsdiqlədilər ki, müəyyən mərhələdə Dağlıq Qarabağ danışıqlar prosesinə qayıtmalıdır.

Onlar münaqişə zonasında son günlərdə baş verən insan haqlarının pozulması hallarından narahatlıqlarını ifadə etdilər: “Biz şəkilləri görmüşük və Qırmızı Xaçın nümayəndələrindən baş verənləri bütün detalları ilə araşdırmağı xahiş etdik. Bu məsələ bizim diqqətimizdədir, – deyə amerikalı həmsədr Ceyms Uorlik bildirib.

Həmsədrlər bildirdilər ki, müzakirələri öz paytaxtlarında davam etdirəcək və çox güman ki, bir həftə sonra görüşüb, lazım olarsa regiona qayıdacaqlar.

Mətbuat konfransından sonra Yerevanın mərkəzində etiraz mitinqi keçirildi. Toplaşanlar beynəlxalq təşkilatlardan, o cümlədən də ATƏT-in Minsk Qrupunun nümayəndələrindən münaqişə tərəfləri arasında bərabərlik işarəsinin qoyulmamasını tələb edirdilər.

foto: Qevorq Kazaryan

Aprelin 9-u axşam daha bir görüş baş tutdu, prezident Serj Sarqsyanla Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan arasında. Dövlət başçısının rəsmi saytının verdiyi məlumata görə, bu görüş Ermənistanın birinci prezidentinin təşəbbüsü ilə baş tutan görüş onun malikanəsində keçib və bir saata yaxın davam edib. Bildirilir ki, söhbət ancaq son hərbi hadisələrə, danışıqlar prosesinə və bu çağırışlar qarşısında ümumxalq birliyinin vacibliyinə həsr olunub.

Yerevanın mərkəzində Ermənistan Milli Filarmoniya Orkestri, Milli Akademik Kapella və Ara Qevorkyan adına xalq alətləri ansamblının iştirakı ilə xeyriyyə konserti keçirilib. 1,5 saatlıq konsert vaxtı toplanan vəsait hərbi əməliyyatlar zamanı zərər çəkən mülki şəxslərə, yaralı hərbiçilərə və dağıdılmış ərazilərin bərpa olunmasına kömək üçün istifadə olunacaq.

Sosial şəbəkələrdə

Birinci trend: Rusiya şərəfsiz oyun aparır

“Facebookun erməni istifadəçiləri RF baş naziri Dmitri Medvedevin aşağıdakı bəyanatını müzakirə edirdilər – Rusiyanın Azərbaycana silah satmaqdan imtina etməsi vəziyyəti yüngülləşdirməyəcək, əksinə ağırlaşdıracaq, çünki “bu yer boş qalmayacaq, silahı başqa ölkələrdən alacaqlar, onun məhv etmə imkanları da bundan azalmayacaq.

“Roqozin yazır ki, “Azərbaycan da, Ermənistan da bizim strateji tərəfdaşlarımızdır. Prinsipcə o haqlıdır, sadəcə Azərbaycan hücumedici, Ermənistan isə müdafiə xarakterli strateji tərəfdaşdır.

“Azərbaycana atom bombası da satın, buna görə sizə yaxşı pul verəcək, özü də nağd pulla.

İkinci trend: Ermənistanın dostu yoxdur

“Sadə bir həqiqət var – bizim əsl dostlarımız yoxdur. Biz heç kimə arxalanmamalı, heç kimə ümid bağlamamalıyıq. Biz təkik, bu da bizim üstünlüyümüzdür. Bu o deməkdir ki, necə hərəkət edəcəyimizə özümüz qərar veririk.

Üçüncü trend: Azərbaycan mətbuatı qəsdən və ardıcıl olaraq öz vətəndaşlarını aldadır

“Azərbaycan mətbuatı öz xalqını növbəti qələbələrlə sevindirməkdə davam edir. İndi də onlar Füzulini alıblar. Azərbaycan ordusu tərəfindən azad olunan Leninqrad və xüsusi təyinatlılar tərəfindən söndürülən Krakatau vulkanından da şəkillər gözləyirik.

Erməni istifadəçilərinin müzakirəsi bu saxta fotoyla bağlı idi

Bundan başqa, erməni “Facobooku məşhur telejurnalist Nazəni Ovannisyanın “snayperçi qadın kimi təqdim olunması ilə bağlı Azərbaycan mətbuatında yer alan məqaləni müzakirə edirdi.

[Image_4baafc57962043948ad9ddec417e20a8]

“İndi istənilən informasiyanı internetdə çox asan yoxlamaq mümkün olduğu bir halda, necə məşhur jurnalist Nazəni Ovannisyanı snayper kimi təqdim etmək olar? Azərbaycan təbliğatı daş dövrdən qalan istifadəçilərinə istiqamətlənib.

Dördüncü trend: erməni şəbəkə istifadəçilərini dezinformasiya yayan Azərbaycan saytlarından qorumaq lazımdır

“Bunun o qədər də qanuni olmadığını anlayıram, amma əgər bu saytlar real zərər yetirirsə, bəlkə bu məsələni qaldırmağa və onların Ermənistan ərazisində bloklanması üçün provayderlərə müraciət etməyə dəyər?

Beşinci trend: hərbi əməliyyat yerindən ən dəyərli informasiya sənədli kadrlardır
“Facebook istifadəçiləri “Bars Media studiyası tərəfindən hazırlanan filmi paylaşırdılar.

“Cəbhədəki vəziyyəti bax, belə təqdim etmək, ordu və hərbi əməliyyatlar haqqında belə danışmaq lazımdır. Reallığı göstərmək üçün insanları – real iştirakçıları göstərmək lazımdır.

Altıncı trend: “Henrix bizimlədir

Futbol həvəskarları “Liverpulla oyundan sonra Dortmundun “Borussiya komandasının yarımmüdafiəçisi Henrix Mxitaryanın “Facebookda yazdığı son statusunu paylaşırdılar.

“Bu gün oyun zamanı bütün fikirlərim vətənimin yanında idi #Armenia.

Futbol həvəskarları Mxitaryanın meydana qolunda erməni bayrağını əks etdirən lentlə çıxdığını gördülər.

Ekspert rəyi

Şərhçi Akop Badalyanın “Lragir.am saytında dərc olunan məqaləsindən:

“Bir neçə həftə əvvəl Rusiya mətbuatında göndərilməli olan [Ermənistana] silahların siyahısı dərc edildi. Bununla bağlı Azərbaycan etiraz notası ilə çıxış edərək, Rusiyadan həmin silahların Azərbaycana qarşı istifadə edilməyəcəyi ilə bağlı zəmanət istədi.

Putin iki dəfə Əliyevlə telefonla danışana qədər Rusiya susurdu. Sonra da XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Bakının “anlayış göstərəcəyinə ümidvar olduğunu bildirdi, çünki Rusiya Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirməlidir. Zaxarova onu da qeyd etdi ki, silahların təchizi zamanı onlar regionda balansın riayət olunması məsələsini nəzərdə tuturlar.

Əslində bu, Bakıya verilən zəmanət idi. Rusiya faktiki olaraq, Ermənistana heç bir zəmanət vermədən, Azərbaycana milyardlarla dollar qiymətinə silah satıb, anlayışı isə Azərbaycandan gözləyir.

Aydındır ki, Rusiya Azərbaycana narahatlıq üçün heç bir əsasın olmadığını deyib, çünki Ermənistana silah təchizi ilə bağlı razılaşmalar Bakını narahat edəcək səviyyədə deyil.

Bakıda Rusiya tərəfinin mesajını çox gözəl anladılar, anladılar ki, Ermənistana silah gətirilməyib və gətirməyə də hazırlaşmırlar. Bu məlumatı Bakıya öz səfəri zamanı Rusiyanın baş nazir müavini Roqozin çatdırıb… Azərbaycan Rusiyanın Ermənistana müasir silahlar göndərməyəcəyi ilə bağlı zəmanətini aldı və təbii ki, hücuma hazırlaşmağa başladı.

Rusiya tərəfi Azərbaycana erməni tərəfinin təkbaşına hərbi-texniki müqavimət göstərmək imkanında olmadığı, Rusiyadan silah almadığı ilə bağlı zəmanət verdi, deməli, Moskva Bakıya blitskriq üçün “yaşıl işıq yandırdı.

Rusiyanın sonrakı addımları onu göstərir ki, bu, birgə planlaşdırılmış bir kampaniya idi, məqsədi münaqişə zonasında monitorinq mexanizmlərinin yerləşdirilməsi ilə bağlı Amerika planını sıxışdıra biləcək “sülhməramlılar əvəzində ərazi planının realizəsi idi.

Rusiya ilə Azərbaycan bircə şeyi nəzərə almadılar – Ermənistanın insan resursunu. Görünür, uzun illər boyu Rusiyanın Ermənistan əleyhinə təbliğatı, onun əlaltıları olan ekspertlər metropoliyanı əmin etməyə çalışırdılar ki, cəmiyyətin müqavimət günü sıfıra endirilib.

Rusiya təbliğatı faktiki olaraq “yanıldı və Rusiya-Azərbaycan kampaniyasını, hər halda onun “ildırım sürətini iflasa uğratdı.

Rusiya-Azərbaycan planına görə, blitskriq Artsaxın müdafiəsini qırmalı idi, nəticədə isə elə alındı ki, Azərbaycan Rusiya silahı ilə onlarla erməni əsgərini öldürərək, bununla da Rusiya və Ermənistanın mövqelərini zəiflətdi.

Ermənistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Vaqram Ter-Matevosyanın məqaləsindən:

“Atəşkəs haqqında yeni müqavilə imzalanmalıdır. 1994-cü ilin atəşkəs rejimi anaxronizmə çevrilib, o 22 il əvvəl tamamilə fərqli şəraitdə və tamamilə başqa məqsədlə imzalanıb. O, çox qısa bir müddətdən sonra özünü tükətdi, münaqişə edən tərəflər bunu etiraf etmək istəməsələr də.

O, atəşkəs elan olunandan sonra ilk əsgərlər öləndə, diversiya həmlələri həyata keçirilən, snayper müharibəsi dayanmayan zaman özünü tükətdi. Vasitəçilər bütün ümidlərini tərəflərin ağıllı yanaşmasına bağlayırdılar.

Stepanakert danışıqlar masasında öz yerini tutmalıdır, bunu erməni tərəfinin prinsipiallığı deyil, konfliktologiyanın klassik nəzəriyyəsi tələb edir. Əks halda danışıqların bütün məntiqi itir. Ermənistan və Azərbaycan rəhbərləri ildə bir dəfə görüşür, xoş olmayan nəzərlərlə bir-birinə baxır, bəlli olanları təsdiq edir və heç bir nəticə əldə etmədən öz paytaxtlarına qayıdırlar. Onlar həllərin axtarışını Minsk Qrupuna həvalə ediblər, Minsk Qrupu isə prezidentlərin görüşünü nailiyyət sayır. Gözləntilər arasında açıq-aydın pozuntu var.

Bundan əlavə – Ermənistanın Rusiyadakı səfirliyi, ictimai təşkilatlar, mədəniyyət ittifaqları, erməni əsilli tanınmış şəxslər və bütövlükdə ermənilər gecə-gündüz Azərbaycana silah satışı faktını müzakirə edirlər. Biznes sövdələşməsi adı altında Azərbaycanın ən yeni silah növləri ilə təmin edilməsi siyasəti heç cür tərəfdaş münasibətləri məntiqinə və çərçivələrinə sığmır.

“JAMnewsun dosyesi:

  • “JAMnewsun 9 aprel üçün münaqişə zonasında baş verən hadisələrin icmalı.
  • Münaqişə tərəflərinin verdiyi informasiya ziddiyyətlidir və kimin hərbi əməliyyatlara başlaması, kimin reaksiya verməsi sualını cavablamağa imkan yaratmır. Beynəlxalq mənbələr də hələlik bu suala cavab verə bilmirlər.
  • Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında hərbi münaqişə 1991–1994-cü illərdə baş verib. Atəşkəs elan olunandan sonra Dağlıq Qarabağ Respublikası de-fakto müstəqil, amma dünyanın heç bir dövləti, o cümlədən də Ermənistan tərəfindən tanınmayan respublika kimi mövcuddur. Azərbaycan Qarabağ və müharibə zamanı alınan ətraf ərazilərini işğal olunmuş sayır və geri qaytarılmasını tələb edir.
  • ATƏT-in Minsk Qrupu – Qarabağ ətrafındakı münaqişənin sülh yolu ilə nizamlanması yollarının axtarışı ilə məşğul olan ATƏT-ə üzv ölkələr qrupu 1992-ci ildə yaradılıb. 2016-cı ilin əvvəlinə Minsk Qrupunun həmsədrləri bunlardır: İqor Popov (Rusiya Federasiyası), Pyer Andriye (Fransa) – 2014-cü ilin iyun ayından, Ceyms Uorlik (ABŞ) – 2013-cü il avqustun 6-dan. Minsk Qrupunun tərkibinə Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan və Azərbaycan daxildir.
Dərc edilib: 11.04.2016

More on JAMnews