Ermənistan tərəfinin Qarabağ münaqişəsinin nizamlanmasına yanaşması dəyişir. Hakimiyyətin son bəyanatları bundan xəbər verir " />

“Qarabağla bağlı kompromisdən birinci Azərbaycan danışmalıdır” – Ermənistanın baş naziri

Ermənistan tərəfinin Qarabağ münaqişəsinin nizamlanmasına yanaşması dəyişir. Hakimiyyətin son bəyanatları bundan xəbər verir

Nikol Paşinyanın Facebook səhifəsindən foto, hərbi mövqelərdə selfi

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı kompromis məsələsində ilk addımı Azərbaycan hakimiyyəti atmalıdır. O, bu bəyanatı özünün İrana səfəri zamanı ölkənin erməni icması ilə görüşərkən səsləndirib.

Paşinyan konkret olaraq nə deyib

Qarabağ münaqişəsinin nizamlanması mövzusuna toxunarkən baş nazir bildirib ki, bu günə qədər yeganə razılaşma əldə edilib – problemin sülh yolu ilə həlli yollarını tapmağa çalışmaq.

“Bu gün belə variantlar görürəmmi? Təəəssüf ki, hazırda bunu deyə bilmərəm. Beynəlxalq qurumların nümayəndələri xəbər alanda: “Siz kompromislərə getməyə hazırsız?”, –  biz bu suala cavab veririk ki,“Sizə kim deyib ki, bu suala birinci cavabı biz verməliyik? Bəs Azərbaycandan xəbər almısız ki, onlar güzəştlərə hazırdır ya yox? Bu suala Azərbaycan konkret cavab verməyənə qədər biz də cavab verə bilməyəcəyik”, – deyə Paşinyan bildirib.  

Ermənistanın baş naziri niyə belə düşündüyünü də izah edib:

“Hər gün Qarabağ məsələsinin nizamlanmasından təhdidlərlə danışan Azərbaycandır. Və əgər kimsə düşünürsə ki, təhdid və güclə Qarabağ məsələsini həll edə biləcək, o çox böyük səhv edir. Səhv edir ona görə ki, təkcə Ermənistan və Ermənistan xalqı ilə deyil, bu gün həddən artıq həmrəy olan bütün erməni dünyası ilə üz-üzə gəldiyini anlamır.Qarabağa təhdid zamanı da bu birlik iki dəfə, üç dəfə artacaq və bu gün olduğundan xeyli daha güclü olacaq. Buna heç kimin  şübhəsi olmasın”.

Ermənistan və Azərbaycan liderləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Azərbaycanda mitinq iştirakçılarına polisdən zəng vurub “nömrə və ünvan dəqiqləşdirirlər”

Lazım olsa, ordu hücuma keçəcək

Qarabağ problemi son günlər Ermənistanın ali rəhbərliyinin diqqət mərkəzindədir. Ermənistanın müdafiə naziri David Tonoyan ordunun hərəkətlərində də fəlsəfənin dəyişdiyini bildirib. Onun sözlərinə görə, əgər əvvəllər müdafiə strategiyasını üstün tuturdularsa, hazırda hücumu da nəzərdən keçirirlər.

Lazım olarsa, ordu əks-hücuma keçə bilərmi – sualına David Tonoyan “Niyə də yox”, – cavabını verib.

O həm də bildirib ki, strategiyanın dəyişdirilməsi ilə əlaqədar yeni silah növləri əldə edilir, amma konkret hansı silahın olması barədə məlumat verməkdən boyun qaçırıb. Bu kontekstdə David Tonoyan ancaq Rusiyanın SU-30SM qırıcı təyyarələrinin və Moskvadan 10 milyon dollar həcmində yeni müdafiə kreditinin alındığını xatırladıb.

Eyni zamanda Tonoyan bildirir ki, Ermənistan silah yarışına girmir və silahı sırf özünümüdafiə üçün əldə edir:

“Biz özümüzü nə kəmiyyət, nə demoqrafik, nə də iqtisadi mənada bərabərləşdirə bilmərik [Azərbaycanla – JAMnews]. Buna görə də keyfiyyət məsələlərinə daha çox diqqət yetirəcəyik. Düşmənin mümkün hücumlarını neytrallaşdırmağa bizə imkan verəcək şeylər alırıq.

Zaman və şərtlər dəyişir, ordu indiki zəmanənin çağırışlarına cavab verməli və onları dəf etməlidir. Buna görə də bu addımı atmalıyıq, çünki necə deyərlər, müdafiə edən ordu həmişə axırda məğlub olur”.

Ekspert rəyi: yanaşmalar dəyişir

Hakimiyyətin danışıqlar prosesinə və hərbi strategiyaya yanaşmanı dəyişməsini erməni ekspertləri ümumilikdə müsbət dəyərləndirdilər.

Politoloq Artur Martirosyan deyir:

“Sülh hər iki tərəf üçün eyni dərəcədə qiymətli olmalıdır. Əks tərəf sülh istəmirsə, atəşkəsi mütəmadi olaraq pozur və düşünürsə ki, müharibə və ya müharibə təhdidi ilə məsələni həll edə bilər, onda ancaq sülhə məcbur etmə, yəni imkanların əsaslı nümayişi işləyir”.  

Hərbi ekspert Leonid Nersisyan hesab edir ki, Rusiyadan alınan qırıcı təyyarələr orduda mütləq lazım olacaq:

“Bu sövdələşmənin maraqlı tərəfi ondadır ki, Ermənistan çox müasir silah sistemi əldə edib. Söhbət ağır, çoxfunksiyalı aviasiyadan gedir. Və çox güman ki, qiyməti çox əlverişli və digər ölkələr üçün olduğundan xeyli aşağı olub”. 


More on JAMnews