Gürcüstanda baş verən təzadlı hadisələr və Gürcüstan prezidenti Salome Zurabişvilinin bəyanatları ilə bağlı Bakı, Yerevan və Tbilisidən şərhlər" />

Qarabağ münaqişəsinə münasibətdə Gürcüstanın mövqeyi dəyişirmi?

Gürcüstanda baş verən təzadlı hadisələr və Gürcüstan prezidenti Salome Zurabişvilinin bəyanatları ilə bağlı Bakı, Yerevan və Tbilisidən şərhlər

2019-cu ilin əvvəlindən bəri baş verən hadisələr Qarabağ münaqişəsinin nizamlanması kontekstində ekspertlərin diqqətini Azərbaycan-Ermənistan-Gürcüstan üçbucağına cəlb edib. Əsasən müzakirələrə səbəb olan hadisələr:

Həqiqətənmi Gürcüstanın Qarabağ münaqişəsilə bağlı mövqeyi dəyişir? Bu sualı Bakı, Yerevan və Tbilisidən olan ekspertlərə ünvanladıq.

Azərbaycan

Elxan Şahinoğlu, “Atlas” Tədqiqatlar Mərkəzinin direktoru:

“Salome Zurabişvili Ermənistanda bildirib ki, rəsmi Tbilisi Gürcüstanda yaşayan ermənilərlə azərbaycanlılar arasında sülhün olmasında maraqlıdır. Zurabişvilinin bu sözlərini Azərbaycanla Ermənistan arasında növbəti müharibə baş verərs,ə böyük ehtimalla Gürcüstan azərbaycanlıları və erməniləri arasında da gərginliyin yaşanacağı kontekstində anlamaq lazımdır. Gürcüstan növbəti müharibə başlandığı təqdirdə kənarda qala bilməyəcək.

Təəssüf ki, Zurabişvili Yerevandakı çıxışlarında Bakıda dediklərini – münaqişələrin ərazi bütövlüyü kontekstində həll edilməli olduğunu təkrar etməyib. Yəni Bakıda o, bir söz, Yerevanda isə başqa söz deyib.

Zurabişvilinin Ermənistan prezidentini Batumidə keçiriləcək nəqliyyat kommunikasiyaları ilə bağlı konfransa dəvət etməsi də Bakıda sual doğurub.

Cənubi Qafqazda bütün əsas nəqliyyat kommunikasiyaları Azərbaycan, Gürcüstan və Türkiyədən keçir – Ermənistandan yan ötməklə. Buna görə də əgər Ermənistan bu konfransda iştirak edəcəksə, Azərbaycanın iştirakı sual altına düşə bilər. Çünki Azərbaycan Ermənistanla eyni regional layihələrdə iştirak etmir.

Buna görə də Gürcüstan öz seçimini etməlidir”.

Şahin Rzayev JAMnews-un siyasi şərhçisi:

“Gürcüstanda prezident nominal fiqurdur. Həmin “Gürcü arzusu” hakimiyyətdə qalıb, buna görə də Gürcüstanın xarici siyasət kursunun hər hansı dəyişikliyi haqda danışmağa dəyməz.

2012-ci ildə hakimiyyətə “Gürcü arzusunun” gəlməsi Azərbaycanı Gürcüstanla yaxınlaşdırıb. Gürcüstanın əvvəlki rəhbərliyi daha qərbyönlü olduğu üçün Azərbaycan və Ermənistan hakimiyyətləri üçün ilanın sevmədiyi yarpız durumunda idi. 2012-ci ildən sonra razılığa gəlmək, o cümlədən də şəxsi səviyyədə, daha asan oldu.

Məsələn, jurnalist Əfqan Muxtarlının oğurlanmasını Saakaşvili hakimiyyəti dövründə təsəvvür etmək daha çətin olardı”.

“Qonşuların münasibətlərində Cavaxetiya regionunda erməni döyüşçüyə abidə ucaldılması ilə bağlı hadisə ciddi sınaq oldu, üstəlik mərasimdə Gürcüstanın rəsmi şəxsləri də iştirak etmişdi.

Bunun necə baş verməsi ilə bağlı müxtəlif versiyalar vardı. Eyni zamanda üçüncü ölkənin Gürcüstanda milli münaqişə yaratmaqla vəziyyətin destabilləşdirilməsi planını düşündüyü haqda danışılırdı.

Məncə burada daha çox “banal axmaqlıqla izah oluna biləcək şeydə dərin məna axtarmağa dəyməz” misalı daha çox yerinə düşür. Gürcüstan prezidentinin digər çıxışlarına gəlincə, məsələn, “işğal” haqda, Salome Zurabişvilinin daha əvvəl də ağzından belə şeylər qaçırdığını xatırlamaq lazımdır. Gürcüstan-Azərbaycan münasibətlərində, xüsusən də Qarabağ münaqişəsinə münasibətdə heç bir dəyişiklik yoxdur”.

Ermənistan

Akop Badalyan, siyasi şərhçi:

“Azərbaycan heykəl ucaldılması kimi bəhanələrdən istifadə edərək Gürcüstanı Ermənistana təzyiq platsdarmı kimi nəzərdən keçirməyə çalışır. Burada əsas rolu rəsmi Tbilisinin mövqeyi oynayır. Tbilisi belə bir şeyə imkan verməməlidir, çünki bu, Gürcüstanın suverenliyi məsələsidir. Nəticədə Azərbaycan Gürcüstana öz iradəsini diktə etmək imkanı qazanacaq.

Salome Zurabişvilinin Bakıda Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığı haqda bəyanatı presedentsiz deyil. Bu cür bəyanatlar əvvəl də səslənib, başqa ölkələr tərəfindən də, amma bu bəyanatların Qarabağa heç bir bilavasitə aidiyyatı yoxdur.

Qarabağ münaqişəsinin Abxaziya və Cənubi Osetiya münaqişələri ilə bərabərləşdirilməsi isə presedentsiz idi. Gürcüstanın heç bir yüksək vəzifəli şəxsi bu münaqişələri bərabər tutmayıb. Hətta heç bir beynəlxalq struktur da onları eyniləşdirməyib. Qarabağ ümumiyyətlə nüansları nəzərə alınaraq heç nə ilə eyniləşdirilməyib.

Bu nöqteyi-nəzərdən Salome Zurabişvili böyük diplomatik və siyasi yanlışa yol verib. Və onun bu qeyri-adekvat bəyanatı ilk növbədə Gürcüstanın maraqlarına ziddir. Eyni zamanda biz başa düşürük ki, bu, sadəcə məhdud səlahiyyətli prezidentin bəyanatıdır və önəmli deyil. Yerevan heç vaxt imkan verməyib ki, Tbilisi onun Abxaziya və Cənubi Osetiyaya münasibətdə mövqeyindən şübhə etsin. Ermənistan-Gürcüstan münasibətləri ümumilikdə Qafqazın təhlükəsizlik sistemində həlledici rol oynayır. Ermənistan və Gürcüstan öz müxtəlif xarici siyasət vektorlarından asılı olmayaraq strateji mənada eyni təhlükəsizlik və maraqlar gəmisindədir.

Geniş mənada Gürcüstan öz Avro-Atlantika yönü və NATO ilə münasibətlərini dərinləşdirmək səyləri ilə bütün Qafqazın təhlükəsizlik sistemində mühüm rol oynaya bilər – bu da öz növbəsində Qarabağ münaqişəsinin nizamlanmasına təsir edə bilər, ən azı stabilliyin qorunması üçün”.

Conni Melikyan, politoloq, Regional Tədqiqatlar Mərkəzi:

“Qeyd etmək lazımdır ki, abidə 1990-cı illərdə ucaldılıb, bu yaxınlarda isə sadəcə bərpa olunub. Gürcüstan hakimiyyəti vəziyyəti nəzarətdə saxlayır və öz ərazisində ermənilərlə azərbaycanlılar arasında etnik münaqişəyə imkan vermir. Onlar gələcəkdə də bu münaqişənin onların ərazisinə keçməməsi üçün hər şeyi edəcəklər.

Salome Zurabişvilinin Bakıda səsləndirdiyi bəyanatına gəlincə, hələ 1990-cı illərdən Ermənistan və Gürcüstan arasında belə centlmensayağı razılaşma var – müxtəlif müstəvilərdə bir-birlərinə qarşı çıxmamaq və səs verməmək, bununla da hər iki tərəf üçün naxoş vəziyyətlərdən yan ötmək. Təəssüf, belə alınır ki, bu razılaşma artıq qüvvədən düşüb.

Salomü Zurabişvilinin Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanla görüşü zamanı Gürcüstan prezidentinin Bakıda “işğal olunmuş ərazilər” haqda səsləndirdiyi bəyanatının Yerevanda birmənalı qarşılanmadığı xatırladılıb. Və bu, bir növ rəsmi Tbilisiyə ünvanlanan müsaj olub. Tbilisidə unutmamalıdırlar ki, Ermənistan Gürcüstanın ərazi bütövlüyünü tanıyır.

Mirzoyan onu da qeyd edib ki, Tbilisi münaqişənin sülh yolu ilə nizamlanmasına əvvəlki – yəni bir neçə dənə olan beynəlxalq prinsiplərə əsaslanan yanaşmasını saxlasa, daha yaxşı olar. Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupu əsas rol oynayır, Gürcüstan isə bu təşkilatın üzvüdür, buna görə də, bütün prinsipləri, yəni güc tətbiq edilməməsi, millətlərin öz müqəddəratını həll etmək hüququ və ərazi bütövlüyü prinsiplərini dəstəkləməlidir”.

Gürcüstan

Tornike Şaraşenidze, Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA) professoru:

“Mən Gürcütan prezidentinin hərəkətlərində və bəyanatlarında heç bir siyasi kontekst görmürəm. O, sadəcə bacardığı hər yana gedir, vəssalam. Onun əvvəlcə Azərbaycana, daha sonra isə Ermənistana getməsində heç bir strategiyanın olmaması aydındır. Onun Bakıda dedikləri, Qarabağı işğal olunmuş ərazi adlandırması, daha sonra isə Yerevana getməsi ümumiyyətlə inanılmazdır.

Bütün bunlar o deməkdir ki, onun ümumiyyətlə Gürcüstan siyasəti haqda anlayışı yoxdur. Gürcüstanın xarici siyasəti ilə maraqlanan istənilən naşı adam bilir ki, Qarabağ məsələsində Gürcüstan sərt neytrallığını qoruyur. Mən bircə nəfər də olsun yüksək vəzifəli şəxsi, üstəlik də prezidenti xatırlaya bilmirəm ki, belə bir bəyanatla çıxış eləsin, Ermənistanın və ya Azərbaycanın tərəfini tutsun.

Zurabişvilinin bəyanatını ciddi qəbul elmək mümkün deyil. Onun üçün bütün bu səfərlər sadəcə “səyahətdir”.

Tanrı bizi onun bəyanatlarının hökumətin mövqeyi ola biləcəyi günlərdən qorusun. Amma əlbəttə ki, onun bəyanatları müəyyən dərəcədə ölkənin imicini korlayır.

Gürcüstanın Qarabağ münaqişəsinin nizamlanmasındakı roluna gəlincə, hər hansı vacib rol oynamaq üçün Gürcüstanın regionda ciddi təsiri və sözü keçərli nüfuzlu liderləri olmalıdır. Gürcüstanda bunların heç biri yoxdur. Orada daha güclü ölkələr prosesə moderatorluq edir və hətta onlarda belə bu alınmır.

Rusiya amilini unutmaq lazım deyil. Rusiya nüfuzludur və o, Qafqazda münaqişələrin nizamlanmasında maraqlı deyil.

Bu məqamda Gürcüstanın əlindən gələn yeganə şey bu münaqişədə neytrallığını qorumaq və münaqişənin yenidən başlamasına imkan verməməkdir. Və bu Cavaxetiyada heykəlin quraşdırılması məsələsinə də aiddir. Orada baş verən hər şey ölkədə ümumilikdə hökm sürən xaosun nəticəsidir”.


More on JAMnews