24 milyard dollar – aysberqin yalnız zirvəsidir " />

Putinin “yaxın dairəsi”nin milyardları

24 milyard dollar – aysberqin yalnız zirvəsidir

REUTERS/Yuri Kochetkov

Rusiya prezidenti Vladimir Putinin “yaxın dairəsi”ndən olan adamların idarə etdiyi aktivlərin həcmi 24 milyard dollardır. Bu da yalnız bu günə qədər sübut olunandır. Bu məbləğ aysberqin yalnız zirvəsi ola bilər, Azadlıq Radiosuna müsahibəsində Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Tədqiqatı Mərkəzinin Rusiya üzrə koordinatoru Roman Şleynov bildirib.

Araşdırmaçı jurnalistləri birləşdirən bu beynəlxalq təşkilat bütün dünyada mənbəyi korrupsiya və mütəşəkkil cinayətkarlıq ola biləcək kapitalların axtarışlarıyla məşğul olur.

Roman Şleynovun sözlərinə görə, Rusiya prezidentinin yaxın dairəsini uşaqlıq dostları, DTK-dakı iş yoldaşları və qohumları təşkil edir. Onlar iki qrupa ayrılır:

Birinci qrup – Vladimir Putin prezident olandan sonra bizneslərinin çiçəkləndiyi sahibkarlardır. Onlardan ən məşhur və ən iri sahibkarlar Gennadi Timçenko, Yuri Kovalçuk, Arkadi və Boris Rotenberq qardaşlarıdır. Onların biznesləri ya qaz və neft hasilatı, ya da dövlət müqavilələrinin icrası ilə bağlıdır.

İkinci qrupa tanınmayan, amma prezident Putinlə dost və ya qohum əlaqələri olan insanlar daxildir. Məsələn, söhbət Vladimir Putinin xalası qızının oğlu Mixail Şelomov və ya Rusiya prezidentinin gənclik dostu, musiqiçi Sergey Rolduqinedən gedir. Onların adlarına milyard dollarlıq müqavilələri icra edən şirkətlər yazılıb. Bu insanlar öz bizneslərinin mənbəyini açıqlamaqda çətinlik çəkirlər və belə təəssürat yaranır ki, onlar hansı məbləğləri idarə etdiklərindən xəbərsizdirlər. Roman Şleynov müsahibədə bildirir ki, bu pulların bilavasitə Vladimir Putin tərəfindən idarə olunduğunu deməyə əsaslar var.

Başqa araşdırmaçıların Vladimir Putinin yaxın ətrafının 200 və daha çox milyard dollara nəzarət etdiyini bildirməsini necə qiymətləndirməsi ilə bağlı suala cavab olaraq Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Tədqiqatı Mərkəzinin Rusiya üzrə koordinatoru deyib:

– Biz hələ ki 24 milyard dollardan danışırıq, çünki bu, hələ ki, dəqiq sübut edə biləcəyimiz rəqəmdir.

O həm də vəziyyətin hər zaman dəyişdiyini qeyd edib. Məsələn, vaxtilə rusiyalı dollar milyonerləri arasında Rusiya prezidentinin dostunun oğlu Kiril Şamalov peyda oldu. Bu, Şamalov Vladimir Putinin kiçik qızı Yekaterina Tixonovayla evləndikdən sonra baş verdi.

Son vaxtlar rusiyalı məmurlar və oliqarxlar daha tez-tez boşanıb, öz var-dövlətlərini keçmiş arvadlarına saxlayır və ya aktivlərini uşaqlarının üstünə yazdırırlar.

Xatırladaq ki, fevralın 2-də ABŞ-ın Milli Kəşfiyyat İdarəsi və Dövlət Departamenti prezident Putinə yaxın insanlar tərəfindən nəzarət edilən bütün aktivlər haqqında genişmiqyaslı məruzə təqdim etməlidir.

Bu tədbir 2016-cı ildə Amerika prezident seçkilərinin gedişinə Rusiyanın müdaxiləsinə cavab olaraq, ABŞ tərəfindən tətbiq edilmiş sanksiyalarla nəzərdə tutulub.

 


More on JAMnews