Onlar alyansın nəzəri düşmənləri siyahısına daxil edilib " />

NATO Ərdoğanın və Atatürkün hədəfə çevrilməsinə görə üzr istəyir

Onlar alyansın nəzəri düşmənləri siyahısına daxil edilib

Noyabrın 17-də, cümə günü məlum olub ki, Türkiyə Norveçdə keçirilən NATO təlimindən 40 əsgərini geri çağırıb. The Guardian xəbər verir ki, bu, təlimlərdə hədəf kimi Türkiyənin banisi Mustafa Kamal Atatürkün və ölkənin indiki prezidenti Rəcəb Ərdoğanın şəkillərinin istifadə edildiyi məlum olandan sonra baş verib.

Bir neçə yüksəkvəzifəli məmur artıq Türkiyəyə öz üzrxahlıqlarını çatdırıblar və baş verənlərin bir səhv olduğunu deyiblər. Onların arasında Norveçin müdafiə naziri Frank Bakke-Yensen və NATO-nun baş katibi Yens Stoltenberq də var.

Norveç tərəfi bildirib ki, baş verənlər Oslonun mövqeyini əks etdirmir və bir norveçli zabitin razılaşdırılmamış hərəkətlərinin nəticəsidir.  Bakke-Yensenin sözlərinə görə, onu artıq işdən uzaqlaşdırıblar. Türkiyə prezidenti Rəcəb Ərdoğan üzrləri qəbul etməyib və “bu şəraitdə heç bir ittifaqdan söhbət gedə bilməz” – deyib.

Türkiyə ordusu NATO ölkələri arasında böyüklüyünə görə ikinci ordudur. Və onun alyansın gələcək işlərindəki iştirakı sual altındadır. Türkiyənin Avropa və ABŞ-la münasibətləri ölkədə 2016-cı ilin yayında uğursuz hərbi çevriliş cəhdindən sonra pisləşib. O vaxt Türkiyə ordusunun bir qrup generalı Ərdoğan hakimiyyətini yıxmağa cəhd etmişdi.

Prezident çevriliş cəhdinin qarşısını aldıqdan sonra Türkiyədə dövlət idarələrində, təhsil müəssisələrində, KİV-də və məhkəmələrdə kütləvi təmizləmələrə başladı.

Avropa Birliyinə tərəf inamla addımlayan Türkiyə qəflətən səmti dəyişdi. Həmin dövrdə də Türkiyənin eyni vaxtda bir neçə Avropa ölkəsi ilə diplomatik münaqişələri oldu.


More on JAMnews