Məclis sədri partiyadan gedib və lider İlqar Məmmədovu avtoritarizmdə günahlandırıb " />

Müxalif “ReAl” partiyasında münaqişə Azərbaycan mediasının və sosial şəbəkələrin diqqət mərkəzindədir

Məclis sədri partiyadan gedib və lider İlqar Məmmədovu avtoritarizmdə günahlandırıb

Müxalif Respublikaçı Alternativ (ReAl) Partiyasının Məclis sədri Azər Qasımlı istefa verib və partiya lideri İlqar Məmmədovla fikir ayrılığı üzündən ReAl-ı tərk edib.

Qasımlı Məmmədovu avtoritar rəhbərlik üslubunda günahlandırıb – “Turan” xəbər verir

Azərbaycanda etirazlar, mitinqlər və kadr dəyişikliyi – bunların arasında əlaqə varmı?

Taxt oyunu. Gürcüstan kilsəsində nə baş verir?

Bu partiyada belə bir hadisə ilk dəfədir ki, baş verir. Buna görə də hadisə media və sosial şəbəkələrdə fəal müzakirə olunur.

“ReAl” və İlqar Məmmədov haqda daha ətraflı

Respublikaçı Alternativ (“ReAl”) – qeydiyyatdan keçməmiş siyasi partiyadır. 2009-cu ildə bir qrup müxalif siyasətçi tərəfindən yaradılan eyni adlı hərəkatdan partiya quruluşuna keçib.

Hərəkatın lideri İlqar Məmmədov 2013-cü il prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olub, amma həbs olunub və iğtişaşların təşkili ittihamı ilə məhkum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları onu vicdan məhbusu kimi tanıyıb və dərhal azad edilməsini tələb ediblər. İlqar Məmmədov 2018-ci ilin avqustunda şərti azadlığa buraxılıb.

“ReAl” partiyası 2020-ci il parlament seçkilərində iştirak edəcək.

Qasımlı nədən narazıdır?

Bir neçə gün əvvəl İlqar Məmmədov partiya strukturunda islahatlar edilməsini təklif edib. Təklif İdarə Heyətinin, Məclisin və Nəzarət-Təştiş Komissiyasının ləğv olunması və onların əvəzinə şərti olaraq Siyasi Komitə adlanan vahid strukturun təsis edilməsindən ibarətdir. 

Bu ideya Azər Qasımlının xoşuna gəlməyib. O, bunun kollektiv qərarlar qəbul edilməsi qaydasına zərbə olduğunu bildirib və partiyanı tərk edib.

“Heç kim idarəetmənin işini təftiş edə bilməyəcək. Məclisin olmaması idarəetməni məsuliyyətə cəlb edəcək və hesabat tələb edəcək strukturun olmaması deməkdir”, – o, öz qərarını belə izah edib.

 Аazər Qasımlı (bakixeber.az)

Bu, niyə vacibdir?

İndiyə qədər “ReAl” daxili birliyi möhkəm olan partiya təəssüratı yaradırdı. Partiya daxilində münaqişə baş verdiyi zaman nə jurnalistlər, nə ictimaiyyət bundan xəbər tutmurdu.

İndi baş verənlər “ReAl”dakı ictimaiyyət qarşısında açıq baş verən ilk münaqişədir.

“Lehinə” və “əleyhinə” rəylər

Bir çox partiya üzvləri Qasımlının bu addımını mənfi qarşılayıb. Amma onu dəstəkləyənlər və hətta onun ardınca partiyanı tərk edənlər də var.

İlqar Məmmədov özü hələlik baş verənləri şərh etməyib. 

Partiyanın icra katibi Natiq Cəfərli liderin tərəfindədir:

“ReAl heç vaxt bir nəfərin partiyası olmayıb, ola da bilməz. Hər səhər İlqar Məmmədov vaxtından tez ofisə gəlir, çay dəmləyir, partiyanın sıravi üzvləri istənilən vaxt onun yanına gəlib bütün iradlarını və təkliflərini deyə bilirlər. Belə bir adamı avtoritarizmdə günahlandırmaq tamam yersizdir. ReAl liderlərin təşkilatıdır və onlar həmişə öz şəxsi incikliklərini və iddialarını kənarda qoya biliblər. Bu belədir, belə də olacaq!”

Partiyanın xarici əlaqələr katibi Erkin Qədirli daha dumanlı fikir səsləndirib:

“Azər Qasımlı “ReAl”dan getməklə heç nə itirməyib. “ReAl” üçün isə bu, ağır itkidir. Belə olmamalı idi. “ReAl” seçim qarşısında olmamalı idi: heç nə itirmədən yerində qalmaq, yoxsa itkilərlə irəli getmək? Azər isə partiyanı belə bir seçim qarşısında qoyub getdi. O, tələsdi. “ReAl” Azəri itirdi, amma özünü itirmədi. Dostluğumuza da heç nə olmayıb. Yaxşı işlər yavaş-yavaş görülür. Tələsən yerimiz yoxdur”.

ReAl-ın insan resursları üzrə katibi Toğrul İsmayılov da partiyanı tərk edənlər sırasındadır.

“İstənilən halda mən “ReAl”a olan mənəvi bağlılığımı itirməyəcəm. Amma mən oyunun yeni qaydaları ilə razı deyiləm”, – o deyib.


More on JAMnews