Rusiya XİN-i rusiyalılara xəbərdarlıq edir: Azərbaycan “Qarabağ münaqişəsi bəhanəsi ilə” onları öz ərazisinə buraxmaya bilər" />

Moskva Azərbaycanı erməni əsilli vətəndaşlarına qarşı diskriminasiyada günahlandırır

Rusiya XİN-i rusiyalılara xəbərdarlıq edir: Azərbaycan “Qarabağ münaqişəsi bəhanəsi ilə” onları öz ərazisinə buraxmaya bilər

Rusiya Xarici İşlər Nazirliyi xəbərdarlıq dərc edib, orada Rusiya vətəndaşlarına Azərbaycana səfər edərkən ehtiyatlı olmaq tövsiyə olunur:

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasını bəhanə gətirərək Azərbaycanın sərhəd xidməti hələ də vətəndaşlığından asılı olmayaraq erməni millətinə birbaşa və ya dolayısıyla aidiyyatı olan şəxsləri ölkə ərazisinə buraxmır. Bu, həmin şəxslərin təhlükəsizliyinin təmin edilməsinin mümkünsüzlüyü ilə əsaslandırılır.

Rusiya tərəfi Azərbaycan tərəfinə Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının etnik mənsubiyyətinə görə diskriminasiyaya məruz qalmasının yolverilməzliyi ilə bağlı dəfələrlə müraciət etsə də, etinasızlıqla qarşılaşıb.

Sadalanan durumlar nəzərə alınaraq, Azərbayacana səfər planlaşdırarkən Rusiya vətəndaşlarına mümkün riskləri diqqətlə ölçüb-biçmələri tövsiyə olunur”.

Azərbaycan-Rusiya münasibətlərində “bal ayı”

Bakı hələ rəsmi reaksiya verməyib. Azərbaycanın populyar 1news saytı Rusiya XİN-in xəbərdarlığını “qeyri-dost addımı” adlandırıb.

Qeyri-rəsmi qadağa

Azərbaycanda müəyyən millətə və ya vətəndaşlığa mənsub insanların ölkəyə gəlişini qadağan edən heç bir qanun yoxdur. Amma bununla belə erməni soyadlı şəxslər sərhədi keçmək istədikləri zaman təhlükəsizliyə görə cavabdeh olan dövlət qurumları işə qoyulur. Məhz onlar həmin şəxslərin ölkəyə buraxılıb-buraxılmamasına qərar verirlər.

Amma yenə də rəsmi Bakı həmişə bəyan edir ki, ölkəyə giriş qaydaları heç cürə vətəndaşlıqdan və milli mənsubiyyətdən asılı deyil.

Erməni əsilli əcnəbi vətəndaşlar Azərbaycana həqiqətən də gəlir. Amma bunun üçün daha əvvəldən hakimiyyətə müraciət ünvanlamaq arzuolunandır.

Presedentlər

Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ ətrafında həll olunmamış ərazi münaqişəsi olduğunu nəzərə alaraq erməni soyadlı insanlar Azərbaycana çox gəlmir.

Bu azsaylı şəxslərdən biri də Rusiya vətəndaşı Kristina Gevorkyandır. Onun sözlərinə görə, 2019-cu ilin yanvarında Bakıya Yeni İli qeyd eləməyə gəlib. Kristina aeroportda 13 saat saxlanıldıqdan sonra, geriyə uçmalı olub. Bu insident çox səs-küyə səbəb olub, hətta Rusiya XİN nümayəndəsi Mariya Zaxarova bunu Rusiya vətəndaşlarının hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirib.

“Azərbaycan həmişə Rusiya vətəndaşlarının üzünə açıqdır, üstəlik ölkəyə gələnlər arasında erməni əsilli Rusiya vətəndaşları da olub”, – Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva buna cavab verib.

Ekspert rəyi

JAMnews-un siyasi şərhçisi Şahin Rzayev hesab edir ki, şübhə doğuran vətəndaşları ölkəyə buraxmamaqla Azərbaycan sərhəd xidmətinin əməkdaşları qanunsuz addım atmır. Amma bu, rəsmi formaya salınmalıdır.

“Zənnimcə, Azərbaycan XİN-i hələ 1990-cı illərdə sənəd qəbul etməli və orada aydın göstərilməli idi ki, vətəndaşlığından asılı olmayaraq erməni adlı və ya soyadlı şəxslərin ölkəyə gəlməzdən əvvəl müvafiq xidmətə müraciət edərək, təhlükəsizlik tədbirlərinin təmin olunmasını xahiş etmələri tövsiyə olunur.

Onlar axı yalnız sərhədi keçməyəcəklər, oteldə yerləşəcəklər, pul dəyişəcək, hesab ödəyəcəklər. Azərbaycan isə münaqişədə zərərçəkən tərəfdir, burada yüz minlərlə qaçqın var, onların reaksiyası gözlənilməz ola bilər, hər birinə nəzarət etmək mümkün deyil və hər erməni turistə bir polis qoşmaq da mümkün deyil. İstənilən insident isə ölkənin imicinə pis təsir göstərə bilər.

Buna görə də cərhədçilərin ehtiyatlı mövqeyini anlamaq olar, amma mən arzu edərdim ki, qaydalar əvvəlcədən XİN-in saytında göstərilsin. Bu, bizim tolerantlığımıza xələl gətirməz, əksinə, xeyir verər”.


More on JAMnews