Yeni hökumətdə rusiyayönlü və avropayönlü qüvvələr birləşib. Oliqarxın rəhbərlik etdiyi Demokratik Partiya hakimiyyəti əldən vermək niyyətində deyil" />

Moldovada iki hakimiyyətlilik – parlamentin hökuməti təyin etməsi siyasi böhran doğurub

Yeni hökumətdə rusiyayönlü və avropayönlü qüvvələr birləşib. Oliqarxın rəhbərlik etdiyi Demokratik Partiya hakimiyyəti əldən vermək niyyətində deyil

Moldovada siyasi böhran inkişaf edir. Dünən parlament seçkilərdən üç ay sonra, nəhayət, iqtidar koalisiyasını formalaşdırıb və yeni hökumət üzvlərini təyin edib. Koalisiyaya rusiyayönlü Sosialist Partiyası və avropayönlü ACUM bloku daxil olub. Amma parlament və yeni hökumət cəmi bir gecə qüvvədə qalıb – konstitusiya məhkəməsi parlamenti buraxıb və prezidenti vəzifəsindən kənarlaşdırıb. Bunun cavabında parlament hakimiyyətin oliqarx Vlad Plaxotnyukun rəhbərlik etdiyi Demokratik Partiya tərəfindən qəsb olunduğunu elan edib. Onun tərəfdarları paytaxtda etiraz aksiyasına toplanmağa başlayıb.

Koalisiya və yeni hökumət oliqarxın “hakimiyyəti qəsb etməsinə” qarşıdır

ACUM blokunun və Sosialist Partiyasının deputatları iyunun 8-də parlamentin fövqəladə iclasını keçiriblər. NewsMaker-in xəbər verdiyinə görə, bir gün ərzində onlar spikeri (sosialistlərin nümayəndəsi Zidaida Qreçanıy) və üç vitse-spikeri seçməyə, ACUM blokunun lideri Maya Sandanı baş nazir təyin etməyə, həmçinin yeni hökumətin tərkibini təsdiq etməyə macal tapıblar.

Bu, praktiki olaraq ölkədə hakimiyyətin dəyişməsi demək idi, çünki əvvəlki hakimiyyət oliqarx Vlad Plaxotnyukun rəhbərlik etdiyi Moldovanın Demokratik Partiyasının nəzarəti altında idi.

Moldovada seçkilərin nəticələri: rusiyayönlü partiya birinci yerdədir. Amma hökuməti kimin formalaşdıracağı bəlli deyil

Parlament həmçinin bəyannamə qəbul edib və bu bəyannaməyə əsasən Moldova “Qəsb edilmiş dövlət” elan edilib – oliqarxın dövlət strukturlarını öz nəzarəti altına götürməsi nəzərdə tutulur.

İclasda diplomatik korpusun, o cümlədən də Aİ-nin Moldovadakı missiyasının rəhbəri və Rusiya səfiri, ABŞ, Hollandiya və digər səfirliklərin nümayəndələri iştirak edib.

Bununla yanaşı Moldovanın Demokratik Partiyası təmsilçiləri iclasa qatılmayıb, parlament binasında isə işıqlar söndürülüb və personal yerində olmayıb

Maya Sandu, iyunun 8-də parlament tərəfindən Moldovanın baş naziri təyin edilib. REUTERS/Vladislav Culiomza 

Cavab zərbəsi – parlamentin buraxılması

Amma yeni parlamentin qərarı məlum olana qədər ölkənin Konstitusiya Məhkəməsi onları qanunsuz elan edib. ZDG-nin xəbər verdiyi kimi Konstitusiya Məhkəməsi elan edib ki, fevralın 27-də seçilən parlamentin hökuməti formalaşdırmaq üçün qanuni müddəti iyunun 7-də bitib. Amma bir çox deputatlar və hüquqşünaslar bildirirlər ki, Konstitusiyada həmin müddət 90 gün kimi yox, üç ay kimi qeyd olunub, bu isə o deməkdir ki, hökuməti formalaşdırmaq məsələsini həll etmək üçün deputatların ehtiyatda bir günü də olub.

İyunun 9-da Konstitusiya Məhhkəməsi prezident İqor Dodonu (o, sosialistlər partiyasını təmsil edir və parlament tərəfindən seçilən hökuməti dəstəkləyir) müvəqqəti olaraq səlahiyyətlərindən məhrum edib. Məhkəmə seçkidən sonra baş nazir səlahiyyətlərini icra edən Pavel Filipi prezident səlahiyyətlərini icra edən şəxs kimi müəyyənləşdirib. Filip dərhal parlamentin buraxılmasını və sentyabrın 6-a yeni seçkinin təyin olunmasını elan edib.

Kişinyovda keçirilən etiraz aksiyasına Demokratik Partiyanın tərəfdarları toplaşıb. Polis dövlət müəssisələrinin mühafizəsini gücləndirib.

Moldova Demokratik Partiyasının tərəfdarları 9 iyun 2019-cu il tarixində Kişinyovda keçirilən etiraz aksiyasında. REUTERS/Valentyn Ogirenko

Yeni koalisiya təslim olmur

Konstitusiya Məhkəməsinin və hökumətin qərarına rəğmən parlament bazar günü işini davam etdirib. Deputatlar Filipin hökumətini qanunsuz elan edən və həmçinin Konstitusiya Məhkəməsinin son qərarlarına etimadsızlıq ifadə edən bəyannamə qəbul ediblər.

Parlamentin baş nazir vəzifəsinə təyin etdiyi Maya Sandu brifinq keçirib və bu zaman dövlət müəssisələrini qanuna riayət etməyə və yeni hökumətin fəaliyyətinə imkan verməyə çağırıb. O, polisə və karabinyerlərə də qanuna riayət etmək çağırışı ilə meraciət edib.

Prezident İqor Dodon bəyan edib ki, tərəfdarlarını küçələrə çıxmağa çağıracaq, çünki Demokratik Partiya tərəfindən təxribatların olacağından ehtiyat edir. Amma beynəlxalq aləmin parlamentin qərarlarına tabe olması üçün köhnə hökumətə təzyiq göstərəcəyinə ümid edir.

Moldovada 2019-cu il fevralın 24-də baş tutan parlament seçkilərində 31,15 faiz səs toplayan Sosialistlər Partiyası lider olub, onun ardınca 26,84 faiz səslə ACUM bloku və 23,62 faiz səslə Demokrat Partiyası gəlib. “Şor” siyasi partiyası 8,32 faiz səs toplayıb. Amma bitmandatlı dairələrdə ən çox mandatı demokratlar (19) qazanıb, onları sosialistlər (15), ACOM bloku (11) və “Şor” (2) təqib edir. Beləliklə, sosialistlərin 35, demokratların 30, ACUM blokunun 26, “Şor” partiyasının 7 mandatı var, üç deputat isə bitərəfdir.

 

Facebook Comments

More on JAMnews