Moldovada seçkilərin nəticələri: Rusiyayönlü partiya birinci yerdədir. Amma hakimiyyəti kimlərin formalaşdıracağı məlum deyil
Ukraynanın “Qromadskoye” telekanalı və Moldovanın ZIARUL DE GARDĂ nəşrinin materialları əsasında
Moldova parlamentinə ilk dəfə birləşmiş müxalifətin nümayəndələri daxil olur. Seçkilərin daha bir vacib nəticəsi Rusiyayönlü siyasi qüvvənin — sosialistlərin qələbəsi oldu. Bu zaman arxasında yerli oliqarxın durduğu demokratlar partiyası da öz mövqelərini qoruyub saxlaya bildi.
Moldovanın yeni parlamenti Sosialistlər Patiyası, ACUM bloku, Demokrat Partiyası (MDP) və “Şor” partiyasından formalaşacaq.
Çərşənbə axşamı səhər bütün səslər hesablanandan sonra Mərkəzi Seçki Komissiyası nəticələri elan edib: 31,15 faiz səsləri Sosialistlər Pariyası, 26,84 faiz ACUM müxalif bloku, 23,62 faiz Moldovanın Demokrat Partiyası və 8,32 faiz səsi “Şor” partiyası toplayıb. Qalanları altı faizlik baryeri aşa bilməyib.
Ekspertlərin proqnozlarına görə, sosialistlər parlamentdə 35, demokratlar 30, ACUM blokunun nümayəndələri 26, “Şor” partiyası isə yeddi yer alacaq; daha üç yer müstəqil deputatlar üçün saxlanılacaq.
•Moldovanın “ərdoğanlaşdırılması”: Ölkə Türkiyədən necə və nələri öyrənir
•Siyasi serial: Moldova prezidenti ilə hökumət arasında münaqişə
Heç bir partiya 51 yer ala bilmədiyi üçün onlar koalisiyanın formalaşdırılması ilə bağlı razılığa gəlməli olacaqlar. Ekspertlər bunun heç də asan olmayacağını düşünür. Siyasətçilər üç ay ərzində ortaq nöqtəyə gələ bilməsələr, parlament buraxılacaq və ölkədə yeni seçkilər təyin olunacaq.
Ukraynanın “Qromadskoye” müstəqil onlayn televiziyası Moldovada seçkilərin ərəfəsində olub ki, müxtəlif namizədləri dəstəkləyən insanlarla görüşmək və onlarla siyasi fikirlərini müzakirə etsin.
Oliqarx və Rusiya təbliğatı
“Partiyamız qalib gəlsə, hər şeyi əvvəlki kimi edəcək!”, — sosialistlərin mitinqi ərəfəsində küçədə təşviqat materialları paylayan Maritana adlı təqaüdçü həsrətlə köks ötürür. “Əvvəlki kimi” yəni sovet illərindəki kimi, o vaxtlar Maritananın sözlərinə görə, “hamı sülh, əmin-amanlıq və sevgi içində yaşayırdı”.
Ziarul de Garda nəşriyyatının baş redaktoru Alina Radu izah edir ki, Moldovada bu cür əhval nadir hal deyil və əsasən də Rusiya təbliğatının təsiri altında yaranır.
“Bizim rusdilli və rumındilli əhalimiz var. Rusdillilər də əsasən Rusiya kanallarına baxır, çünki burada ancaq bu kanallar rus dilində yayımlanır. Burada hər gün təhdidlər səslənir ki, Rusiya ilə dostluq etməsək, bütün kilsələr dağıdılacaq, hamı gey olacaq — özünüz də bu ritorikanı gözəl bilirsiz. Suriyalılar gələcək, Avropa ilə dostluq etsək, başımıza pis işlər gələcək”.
Moldovada uzun illər boyu sosialistlərin ənənəvi rəqibləri demokratlardır, onlar son səkkiz il ərzində hakimiyyət başında olub, bütün vaciv dövlət vəzifələri və hökumət qurumlarına nəzarət ediblər. Demokrat Partiyasına yerli oliqarx Vlad Plaxotnyuk başçılıq edir.
“Bütün məhkəmələri, prokurorluğu və polisi fəaliyyətdə olan hakimiyyət idarə edir. Hökumətdə qərarlar Vlad Plaxotnyukun maraqlarından çıxış edilərək, qəbul edilir”, — Alina Radu deyir. — “Bütün siyasət bir oliqarxdan asılıdır”.
Demokrat Partiyasının rəsmi gündəmi Aİ ilə əməkdaşlığın qurulmasıdır, amma Rusiya ilə münasibətlərin pozulması hesabına deyil.
“Biz 2009-cu ildən avrointeqrasiyadan danışırıq, amma elə həmişəki kimi, bəlkə də daha pis yaşayırıq”, — Unimedia nəşrinin redaktoru Kristian Jardan əlavə edir. — “Arropayönlü” sözü də insanlar üçün öz cazibəsini itirib”.
Əyləncə parkı reklam kimi
Korrupsiya və oliqarxlardan asılılıq Moldova üçün böyük problemdir. Seçkiqabağı Kişinyovun hər yerində əsas siyasətçilərin Vlad Plaxotnyukun kloun-marionetləri kimi təsvir olunduğu kollajlı posterlər görmək olardı. Onların arasında özünün də partiyası olan daha bir oliqarx İlan Şor da varıydı. Məhkəmə onu Moldova bankından bir milyard dolların oğurlanmasında günahkar bilib, amma Şor apellyasiya verib və deməli parlamentdə namizədliyini irəli sürmək hüququ varıydı.
Şoru Moldovada doğma Orqeyev şəhərinin sayəsində tanıyırlar. Orada, Kişinyov yaxınlığında iş adamı böyük “Orxeylend” əyləncə parkı tikib. Əhalinin bir hissəsi üçün bu, kifayət qədər səliqəli şəhərcik gələcək Moldovanın özünəməxsus modelidir. Bəzi adamlar inanır ki, Şor hakimiyyətə gəlsə, Moldovanı çiçəklənən və zəngin ölkəyə çevirəcək.
“İctimai nəqliyyat, yollar, əyləncə parkı”, — Kişkinyovdan olan taksi sürücüsü “Şor” partiyasına səs verməsinin səbəblərini açıqlayarkən sadalayır.
ACUM rumın dilindən tərcümədə “bu gün” deməkdir. Əvvəllər paramentə daxil olmayan Avropayönü müxalif bloku belə adlanır.
ACUM-un tərəfdarı olan Yevgeninin gözlədiyi dəyişikliklərlə bağlı konkret cavabı var:
“Mənim üçün ən əsası ədalətli məhkəməyə inamdır. Əmin olum ki, məhkəməyə haqlı olaraq müraciət edəndə işi udacam. Misal üçün, iş açmaq istəyirəm və ya sadəcə təhlükəsiz yaşamaq istəyirəm – əmin olmalıyam ki, məhkəmələrimiz satılmır, cinayətkarlar isə cəzasını alacaq”.