Ukraynanın Donbas ərazisində “çörək atəşkəsi” necə keçir? Ukraynanın Donbas ərazisində “çörək atəşkəsi” necə keçir? " />

«Minaları kartof adlandırırıq»

Ukraynanın Donbas ərazisində “çörək atəşkəsi” necə keçir? Ukraynanın Donbas ərazisində “çörək atəşkəsi” necə keçir?

Hromadske-nin materialları əsasında

Ukraynalı fermerlər məhsullarını yığa bilsinlər deyə Donbasda avqustun sonuna qədər davam etməli olan “çörək atəşkəsi” elan olunub. Amma burada hərbçilərin öz qaydaları var, odur ki, fermerlər yenə də açılan atəşlərdən gizlənməyə, minaya düşməmək üçün manevrlər etməyə məcburdurlar. Hromadske-nin səfər etdiyi Donetsk vilayətinin Kodema kəndindən reportaj.

“Sarı-mavi divarı rəngləməli olduq”

İşğal olunmuş Qorlovka kəndi yaxınlığında yerləşən “Dinastiya” fermer bazasında məhsul yığımının ilk həftəsidir. Ferma artıq iyirmi ildir ki, işləyir və ancaq 2014-cü ildə işinə fasilə verib. O zaman bazanın sahibi Vadim Kaplya bazaya soxulub, oranı talan edən silahlılardan gizlənmək üçün Kiyevə getmişdi.

Müharibə başlayandan yalnız üç il sonra “Dinastiya”da həyat canlandı. Fermerlər və aqronomlar hərbçilərin qonşuluğuna və daimi təhlükə şəraitində işləməyə alışmağa başladılar.     

Vadim Kaplyanın kabinetində müşahidə kameralarının qoşulduğu monitor, kompüterin ekranında isə açıq xəritə var:

– Bunlar bizim sahələrimiz, bunlar isə hərbçilərin müdafiə qurğuları, xəndək və səngərləridir. Bir az irəlidə yenə bizim sahələrdir, amma ora artıq separatçıların ərazisidir, biz artıq ora keçə bilmirik.

Müharibəyə qədər Kaplyanın 10 min hektar sahəsi olub, indi cəmi 4,5 hektarı qalıb, qalanı “DNR” silahlılarının əlinə keçib, sahələr boyunca isə iki tərəf arasında hüdud xətti keçir.

Burada strateji bitki həmişə günəbaxan olub, amma buğda, darı, soya, kalış da əkirlər.  İşğal altında qalan sadələrə heç nə səpilməyib, təpədən baxanda bunu yaxşı görmək olur, Vadim deyir.

Təsərrüfatın əsasını Vadimin atası qoyub, anası isə serialın şərəfinə “Dinastiya” adlandırıb.  İndi qardaşı ilə birlikdə təsərrüfatı idarə edirlər.

– Bax burada, bayraq dirəyində həmişə Ukrayna bayrağı dalğalanıb, divar da sarı-mavi rəngdə idi. Divar təyyarələrdən və Qorlovkadan görünürdü. Rəngləməli olduq, yoxsa öküzə qırmızı əski göstəririkmiş kimi idi. Məlum deyil, divarı rəngləməsəydik burada bizim başımıza nələr gələrdi.

Orada “kartof”, burada “oyuncaq”

“Dinastiya”nın girişində qəzaya uğramış kombayn dayanıb. 2015-ci ildə bu kombayn sahədə minaya düşüb. Sürücü sağ qalıb, amma o vaxtdan sükan arxasına keçmir.

– Partlayışdan  sonra tez bir zamanda özünə gəlmək, iş prosesini bərpa etmək mümkün deyil, – fermer danışır. Adamlar qorxurlar, işə çıxmırlar ki, sakitləşə bilsinlər, heç olmasa iki həftə keçməlidir, taxıl isə gözləmir. – Bir az özümüzə gəlib, yenidən hər şeyi çıxarırıq, işə salırıq, cırıldayırıq, qorxuruq, amma gedirik, burada iş prosesi belə bərpa olunur.

Bütün hərbi münaqişə boyunca “Dinastiya”da üç dəfə texnika minaya düşüb, ən son 2015-ci ildə. Sahibkar istehkamçılarla məsləhətləşib, onlar əraziyə baxış keçiriblər, amma hələ minalardan təmizləməyə tələsmirlər. Birincisi, silahlıların mövqeləri yaxında olduğu üçün 15 kilometrlik “təhlükəsiz” distansiya saxlanmalıdır, ikincisi isə heç bir nişanlama və ya ərazinin minalaşdırılmasına dair hər hansı xəritə yoxdur.

– Sahələrə minalar adətən kartof əkməkdə istifadə olunan maşınlarla basdırılıb. Minlərlədir, – fermer deyir, – minları bizdə ya “kartof”, ya da “oyuncaq” adlandırırlar. Öz aramızda belə deyirik: “orada kartof var, ora getmə, burada isə oyuncaq var, bura da gəlmə”.

“Dinastiya”nın hasarlarının düz dibində də minalar var. Bazanın qarşı tərəfində, yolun o tayında günəbaxan sahəsidir, sahədə isə üç sıra beton sütun düzülüb və onların altında tank əleyhinə minalar basdırılıb. Tikanlı məftil demək olar ki, görünmür, hər tərəfi ot basıb. Yerlilər bilirlər ki, buraya gəlmək olmaz.

Torpağın fermerlərin şəxsi mülkiyyəti olmasına baxmayaraq, hərbçilər onları sahəyə buraxmaya da bilərlər. Burada hərbi istehkamlara rast gəlmək mümkündür, hərbi mövqeləri isə göstərmək olmaz.

– Razılaşırıq, sanki hər şey həll olunub, gedirik görək orda nə əkilib. Sonra isə hop, rotasiya və hər şey yenidən başlayır – yenə heç yana buraxmırlar, – Vadim Kaplya danışır.

 “Çörək heç kimi maraqlandırmır”

Kombaynlar taxılı səhər saat yeddidən “hərbçilər imkan verdiyi saata qədər” toplayırlar. “Çörək atəşkəsinə” baxmayaraq, hava qaralan kimi atmağa başlayırlar.

– Əlbəttə, onlar güzəştə gedirlər, amma müəyyən məqamlarda razılığa gəlmək mümkün olmur. Çörək heç kimi maraqlandırmır, hamı çörək yeyir, amma heç kimin də vecinə deyil, – “Dinastiya”nın baş aqronomu Viktor köks ötürür.  

Buradan işğal olunan Qorlovkaya qədər 15 kilometrdir.

– Bax, ora artıq “DNR”dir, bir qədər bura yaxın olanlar isə bizimkilər. Beləcə ara-sıra atışırlar, – Viktor izah edir.

Atışma nəticəsində sahələrdə yanğın baş verir, bu da əlavə ziyana gətirib çıxarır.

Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hazırda Donbasda 7 min kvadrat kilometr sahə minalanmış olaraq qalır. Hərbi əməliyyatlaer başlayandan bəri 20 min hektar ərazi artıq minalardan təmizlənib, amma bunu hələ də “distansiya saxlamaq” lazım olduğu tərəflər arasındakı hüdud xəttində yox, cəbhə arxasında eləmək mümkün olub.

Fermer Kaplya deyir ki, hətta buna da uyğunlaşmaq və alışmaq mümkündür. Dövlətdən istədiyi tək şey torpaq vergisinin azaldılmasıdır, xüsusən də əgər bu sahədə hərbçilər olduğu üçün heç nə becərmək mümkün deyilsə.

Müharibənin bir ili müharibədən sonrakı ərazilərdə on il minalardan təmizləmə işi deməkdir – bu göstəricini Cenevrə Minalardan Təmizləmə Mərkəzinin təhqiqatçıları açıqlayıb. Amma bu, yalnız mina basdırılmış bütün ərazilər işarələnib və xəritəyə salınıbsa mümkündür. Hazırda isə bu yoxdur. Eyni zamanda isə ATƏT-in məlumatına görə, son bir ildə mina və mərmi partlaması nəticəsində 58 mülki vətəndaş xəsarət alıb, 16 nəfər həlak olub.


More on JAMnews