Ermənistanın ən gənc şəhərinin keçmişi, bugünü və qeyri-müəyyən gələcəyi" />

Metsamor atom stansiyası

Ermənistanın ən gənc şəhərinin keçmişi, bugünü və qeyri-müəyyən gələcəyi

Kişi qəhvəyi rəngli sovet “Moskviçindən düşüb, mənə tərəf gəlir. Gülümsəyərək, əlini mənə uzadır və deyir: “Salam, adım Feliksdir, atom stansiyasının işçilərindən biriyəm. Sizinlə telefonda danışan məniydim. Metsamora necə gəldiz? Yerevandan bizə artıq maşınlar gəlmir. Cavabında bizdən uzaqlaşan taksini göstərirəm.    

68 yaşlı Feliks Martirosyan həyatının 44 ilini Metsamor atom stansiyasında keçirərək, şüalanmanın neytrallaşdırılması ilə məşğul olub. Yeriyərkən bir az axsayır. Deyir ki, bu, atom stansiyasında uzun illər boyu işləməyin nəticəsidir, üstünə Çernobıldakı xilasetmə işlərində iştirakla bağlı problemlər də əlavə olunub.

Feliks köhnə “Moskviçini Ermənistanın Yerevandan 36 kilometr aralıda yerləşən ən gənc və mühüm şəhərlərindən birinin küçələri boyu sürür. O, daha doğrusu, burada fəaliyyətdə olan atom elektrik stansiyası ölkədə istehsal olunan bütün elektrik enerjisinin 40 faizini verir. Şəhərin istənilən hissəsindən görünən üç soyuducu qala və onlardan çıxan buğ artıq çoxdandır ki, şəhərin simvollarına çevrilib.  

Energetiklər şəhərinə təəssüf dolu baxışla baxan Feliks deyir: bir vaxtlar fəhlə şəhəri olan Metsamordan bu gün ancaq xatirələr qalır, cəmi 30 il əvvəl isə burada hər kəsin işi vardı.

Feliks şəhərin yaşayış yerlərindən birini göstərərək danışır: vaxtilə burada müvəqqəti tikililər rayonu vardı, burada Metsamora SSRİ-nin müxtəlif rayonlarından gələn mütəxəssislər məskunlaşmışdı.

“Atom stansiyası ilə birlikdə şəhərin də tikintisinə başlanıldı. Metsamor nəhəng tikinti meydanına çevrildi. Stansiya işçilərini yavaş-yavaş evlərlə təmin etməyə başladılar. 1972-ci ildə mən də mənzil aldım, – iki oğul atası və altı nəvə babası danışır.

 

Energetiklər və inşaatçılar 1969-cu ildə Ermənistanda atom elektrik stansiyasının əsasını qoydular. Həmin ildə də Metsamor şəhərinin təməli atıldı. 1970-ci ildə Metsamor özünün ilk sakinlərini qəbul etdi, onların arasında Sovet İttifaqının müxtəlif guşələrindən gələn 32 millətin nümayəndələri vardı.

Feliksi müşayiət edən yoldaşlardan biri, 35 il Metsamor atom stansiyasında işləyən 70 yaşlı Yura İnvinyan xatırlayır: 25 və 26-cı binalarda yataqxanalar yerləşirdi. Onlardan birində qadınlar, birində kişilər yaşayırdı.  

“Bu, 1978-ci il idi. İstirahət günlərində rəqs olurdu… Bizə Murmanskdan işləməyə qadınlar – Marusya, Saşa, Katya gəlmişdi… Çoxları elə burada da ərə getdi. Bəziləri SSRİ dağılandan sonra çıxıb getdi. Amma bəzi ruslar indiyə qədər Metsamorda yaşayır, – İnviyan deyir.

 

Ermənistanda son 25 ildə baş verən dəyişikliklər Metsamora da təsir etdi. Bu gün atom stansiyasında şəhərin 10 665 sakininin ancaq 20% işləyir. Metsamor meri Robert Qriqoryan qeyd edir ki, şəhər  atom stansiyasına aid deyil, 1992-ci ildən onun öz yerli özünüidarə orqanı var.

Feliks maşını şəhərin uşaq bağçalarından birinin qarşısında saxlayır, burada “Metsamor ümidi ictimai təşkilatının gənc işçiləri yığışıb. Onların valideynləri vaxtilə atom stansiyasında işləyiblər. Onlar indi də doğma şəhərlərinin beynəlmiləl keçmişini, o günlərin aktiv həyatını xatırlayırlar.

Metsamor sakini, ixtisasca loqoped olan 28 yaşlı Vardtiter Ohanesyan etiraf edir ki, səhərlər atom stansiyasının işçilərini Armavirdən və qonşu kəndlərdən gətirən Metsamor qatarının fiti üçün darıxır:  

“Hər səhər bu fiti gözləyirdik. Qatar stansiyada duranda böyük insan axını atom elektrik stansiyasına yönəlirdi. İndi bütün bunları kinodan kadrlar kimi xatırlayıram. Bunda bir romantika vardı, sovet xatirələri. İndi də belə olmasını istərdim. Qatar şəhərin əsas arteriyası idi, indi isə təəssüf ki, yoxdur.

Sosial pedaqoq işləyən 38 yaşlı Aykanuş Arutunyanın yaddaşında parlaq ləkələr kimi böyük sarı portağallar və Ermənistanda sovet dövründə ancaq Metsamorda tapılan koka-kola qalıb:

“Valideynlərim atom elektrik stansiyasında işləyirdi, biz də hamı kimi atom stansiyasının işçilərinə paylanan kartlardan istifadə edirdik. Onlar danışırdılar ki, bütün bu ərzaqlar: ət, yağ, konserv və balıq Metsamora Moskvadan gətirilirdi. Hər şey o qədər çox idi ki, qohumlarımıza da paylayırdıq. Cins şalvarın qiyməti komission mağazasında 200 rubl olanda biz 80 və ya 90 rubla ala bilirdik, ya da “Salamander markalı məşhur ayaqqabıları.

O deyir ki, hələ bir neçə il bundan əvvəl, Sovet İttifaqı dağılana qədər Metsamor xüsusi statusu və yüksək həyat səviyyəsi olan şəhər idi, bu gün isə şəhər haqqında bunu demək olmur.

“Metsamor mozaikaya bənzəyirdi: burada intellektuallar – ən müxtəlif xalqların nümayəndələri yığışmışdı. Bura yığma, rəngarəng şəhər idi. Kəndlərdən gələn insanlar şəhər həyatına inteqrasiya olundular və onlar da inkişaf etməyə başladılar. Ruslar, ukraynalılar, beloruslar özləri ilə öz mədəniyyətlərini gətirdilər. Bu intellektual ab-hava üçün darıxıram, – Aykanuş danışır.

Atom elektrik stansiyasının birinci enerji bloku 1976-cı ildə, ikincisi isə 1980-ci ildə işə salınıb. Layihəyə görə blokların istismar dövrü 30 il təşkil edib. 1988-ci ildə dağıdıcı Spitak zəlzələsindən sonra təhlükəsizlik məsələsi ortaya çıxıb. 1989-cu ildə SSRİ Nazirlər Şurasının qərarı ilə atom elektrik stansiyasının enerji bloklarının istismarı dayandırılıb. Ekoloqlar da bunu tələb edirdi. Amma enerji böhranının öhdəsindən gəlmək üçün 1995-ci ilin noyabr ayında ikinci enerji bloku yenidən işə salınıb.

Feliks deyir ki, dostları artıq yığışıb və bizi gözləyir. Feliksin şəhərlə atom stansiyası arasında yerləşən  bağ evinə tələsirik.

“Burada bizim bağ evlərimiz var. Sovet illərində dövlət atom elektrik stansiyası işçilərinə bu sahələri ayırdı, biz də burada evlər tikdik, bağlar saldıq. Dostlarımızdan çoxu yayı burada keçirir. Baxın, şəhər oradadır, o biri tərəfdə də atom stansiyası yerləşir, – Feliks deyir.

Sıra ilə düzülən evlərin qarşısında meyvə ağacları sıralanıb. “Moskviçin mühərriki yavaş-yavaş zəifləyir – biz artıq gəlib çatmışıq. Feliksin bağ evinin həyətində bizi onun iş yoldaşları gözləyir.

Bəziləri artıq atom elektrik stansiyasında işləmir. Etiraf edirlər ki, ömürlərinin ən yaxşı illərini sovet dövründə yaşayıblar. Son 25 il isə onlar üçün yaşamaq uğrunda mübarizə dövrüdür, az-çox təminatlı, ehtiyacsız həyat uğrunda mübarizə.

62 yaşlı dozimetrist Ovsep Danielyan artıq 40 ildir ki, atom elektrik stansiyasında çalışır. O, stansiyanın birinci və ikinci blokunun işə salınmasında iştirak edib. Bu gün onun oğlu da dozimetrist işləyir.

“35 ildir ki, xüsusilə zərərli şəraitdə işləyirəm. İndi maaşım 200 min dramdır ($421). İki il sonra pensiyaya çıxacam və 40 min ($84) alacam. Bu pulla biz çoxlu sosial-iqtisadi problemlərimizi həll edəcəyik. Halbuki biz orada sağlamlığımızı itirmişik. Rusiyada bizim kimiləri əlillik müavinəti və adi pensiya alırlar, – Danielyan deyir.

Atom elektrik stansiyasının işçiləri danışır ki, sovet illərində onların maaşından gəlir vergisi kəsilmirdi, işıq pulunu 50% ödəyirdilər, hər il atom stansiyasının həmkarlar ittifaqı hesabına istirahətə gedirdilər. Hamı təəssüflə qeyd edir ki, ölkənin müstəqilliyi onları çox sayda imtiyazlardan məhrum buraxıb, halbuki onların hamısı xüsusilə zərərli şəraitdə işləyiblər və ikinci, üçüncü qrup əlilləridir.

“Pul dəyişəndə maaşlarımız da dəyişdi. Sovet dövründə hər il bu işə görə ikinci qrup əlil olduğum üçün 1300 rubl müavinət, üstə gəl 120 rubl maaş  alırdımsa, indi 80 min dram ($166) həcmində pensiya alıram. 1300 rubla isə mənim dörd nəfərdən ibarət ailəm problemsiz Krıma dincəlməyə gedirdi, – stansiyada baş usta işləmiş 70 yaşlı İnviyan deyir.  

Metsamordan başqa erməni şəhərlərindən olduğu kimi, kişilər qazanc üçün Rusiyaya gedir. Atom elektrik stansiyasının bir çox işçiləri bir neçə il dalbadal yerli atom stansiyalarında işləmək üçün İrana və Rusiyaya gediblər.  

Onlar bu gün bütün Sovet İttifaqı ərazisində Ermənistandakı atom stansiyasının işçilərinin ən az maaş almasından narazıdırlar.

“Bir çox gözəl mütəxəssis olan yoldaşlarımız hazırda Rusiyadadır. Yeganə səbəb yüksək maaşdır. Adamlar 1200 dollara qədər maaş alırlar. Burada maaş isə 80-100 min dramdır ($168-210). Rusiyada Çernobıl iştirakçılarına iki milyon rubl verirlər – nə istəyirsən elə. Biz də iştirak etmişik, həmin şüalanmanın əziyyətini hələ də çəkirik, hər il səhhətimiz bir az da pisləşir, amma bizə fikir verən yoxdur, – dozimetrist Ovsepyan deyir.

66 yaşlı Mişa Nazaryan danışır ki, 2010-2014-cü illərdə İrandakı enerji blokunun tikintisində iştirak edib. Bir aylıq işinə görə ona 2000 dollar verirmişlər:

“Buşerdə, Tehrandan 1300 kilometr aralıda işləyirdik. Bura onlarda ən isti yerdir. Orada yüzə yaxın erməni idik, əvvəllər atom elektrik stansiyasında işləmiş mütəxəssislər. Təəssüf ki, iş bitdi. Bir daha belə bir imkan düşsə, yenə gedəcəm.

Ermənistanın ən gənc şəhərinin sakinləri bütün ümidlərini köhnələn Metsamor atom stansiyasının istismarının davam etdirilməsinə və ya yeni stansiyanın tikilməsinə bağlayırlar. Bu, gənclərin şəhəri tərk etməməsi üçündür.

Bu ilin fevral ayında Moskvada “Ermənistan hökumətinə Ermənistan ərazisindəki atom elektrik stansiyasının istismarının müddətinin uzadılması üzrə işin maliyyələşdirilməsinə kreditin verilməsi haqda müqavilə imzalanıb. Buna müvafiq olaraq, Rusiya tərəfi Ermənistana imtiyazlı kredit şəklində 270 milyon ABŞ dolları, qrant şəklində isə 30 milyon dollar verəcək.   

Mövcud enerji blokunun istismar dövrünün uzadılması Ermənistan hakimiyyətinə yeni atom stansiyasının tikintisi üçün vəsait axtarmağa zaman qazandıracaq.

Ermənistanın keçmiş energetika və təbii ehtiyatlar naziri Yervand Zaxaryan əvvəllər bildirib ki, atom stansiyasının yeni blokunun gücü 1000 deyil, 600 meqavolt olmalıdır. Onun sözlərinə görə, kiçik stansiya daha sürüşkən rejimlə işləyə bilər və onu ümumi şəbəkəyə qoşmaq daha asan olacaq.

İlkin hesablamalara görə, 1000 meqavat gücündə stansiyanın tikintisinin qiyməti təxminən 6 milyard dollar təşkil edəcək. 600 meqavat gücündə olan stansiya 2,5-3 milyard dollara başa gələcək, bu da təbii ki, Ermənistan hakimiyyətinin lazımi məbləği tapa bilməsi ehtimalını artırır.   

Feliksin bağ evində atom stansiyası ilə bağlı başlanan söhbət bitmək bilmir. Könülsüz də olsa sağollaşıram, Feliks məni taksi dayanacağına qədər yola salmağı təklif edir. “Təki iş olsun ki, uşaqlar şəhəri tərk etməsinlər, bizim yanımızda qalsınlar, – Feliks vidalaşarkən deyir.

Taksi paytaxta gedir, arxada qalan Metsamor getdikcə kiçilir, amma uzaqdan köhnələn atom stansiyasının üç qalası mayak kimi görünür. Onlar stansiyanın işinin hələ ki davam etdiyini xatırladır.

Dərc olunub:  16.11.2016


More on JAMnews