Bakılılar ciblərini və evlərini yandırmadan isinmək yolları haqda danışır" />

Kərpic, pişik və digər vasitələr – Bakıda evi necə isitməli?

Bakılılar ciblərini və evlərini yandırmadan isinmək yolları haqda danışır

Sevda Həsənova paytaxta Gəncədən gəlib, orda onun valideynləri yaşayır. Qadın burda ofis-menecer işləyir, maaşı beş yüz manatdır. Rəfiqəsi ilə birgə çox köhnə bir evdə mənzil kirələmək məcburiyyətindədir, orda istilikdən əsər-əlamət yoxdur.

“Split sistemli kondisioner var, amma o da evi yaxşı qızdırmır, əvəzində hələ bahalaşmadan əvvəl sərf etdiyimiz elektrikə görə əlli-səksən manat ödəməli olurduq. Buna görə də onu yandırmamağı qərara aldıq. Heç olmasa yatağa girəndə qızınmaq üçün özümüzə elektrik döşəkağıları aldıq, mənzil elə soyuqdur ki, adamın dişi bir-birinə dəyir. Evdə biz, demək olar ki, ancaq yatırıq. Rəfiqəmlə mən ciddi xəstələnməyəcəyimizə ümid edirik, axı həkimin qəbuluna getmək daha baha başa gələ bilər. Mən sadəcə istilikdən məhrumam”, – Sevda gileylənir.

Həmçinin köhnə evdə yaşayan Süleymanovlar ailəsi isə dədə-babadan qədimi divar sobası ilə qızınıblar. Bu qışacan.

“Əvvəllər evimiz çox isti və rahat idi. Mənzilmizi qış boyu bu soba ilə isidirdik. Gözümü açandan belə olub, rəhmətlik valideynlərim də onu hər qış yandırırdılar. İndisə divar sobasını nadir hallarda yandırırıq, gündə, demək olar ki, bir neçə saat, o da qışı birtəhər keçirə bilmək üçün. Çünki əvvəlki qaydada yandırmalı olsaq, ayda qaza görə iki yüz manat ödəməliyik”, – Nigar Süleymanova deyir.

Onun sözlərinə görə, sobanı gecə yandırmamaq üçün qaz plitəsinin üzərində içinə kərpic qoyulmuş çuqun tavanı isidir.

“Yatmazdan əvvəl isidilmiş kərpici vedrədə yataq otağına qoyuram ki, uşaqlar yorğanın altında isinənəcən donmasınlar”, – Nigar giley-güzar edir.

“Biz mənzilimizi isitmək üçün elektrik buxarısı almışıq, amma ondan təkcə axşamlar istifadə etməyimizə baxmayaraq, evə gələn hesabdakı rəqəmlər fantastikdir”, – Ənvər Quliyev deyir.

Bakı sakinlərinin necə sərfəli isinə biləcəyini araşdırarkən belə məlum olub ki, evində avtonom istilik sistemi, – bakılılar onu “kombi” adlandırır, – quraşdıranların az-çox bəxti gətirib. Bunun pis cəhəti sistemin işləməsi üçün həm işığın, həm də qazın lazım olmasıdır. Üstün tərəfisə bu sistemdən istfadənin elektrik radiatorları və ya qaz sobasından istifadədən daha ucuz başa gəlməsidir.

“Hərçənd biz təkcə olduğumuz otaqların batareyalarını yandırırıq, qalan otaqları isitmirik, ona görə də istifadə etdiyimiz qazın hesabı kifayət qədər adekvatdır”, – Nərgiz Kazımova deyir.

Amma bu sistemin quraşdırılması dedikcə baha başa gəlir, ona görə də heç də hər kəsin buna imkanı çatmır.

Sovet dönəmindən qalma çuqun qaz sobalarının axtarışı ilə, – bu qaz sobaları böyründə ceyran şəkli olduğundan, xalq arasında “Ceyran” adını qazanıb, – evlərinin bir hissəsi artıq sökülmüş şəhər rayonuna üz tutduq. Bu mənzilin sakinlərinin adını çəkməyəcəyik, çünki hazırda qadağan olunmuş “Ceyran” sobaları dəm qazı üzündən təhlükəli sayılır.

“Onu həmişə işə salmırıq, amma otaq yaxşı isinir. Yeganə pis cəhəti nəzarətçilərlə “razılığa gəlmək” məcburiyyətidir, çünki indi bu sobalar nədənsə təhlükəli sayılır. Beləcə, razıllığa gəlirik. Evimiz gec-tez söküləcəyindən, indi başqa bir sobanı quraşdımağın mənası yoxdur. O ki qaldı təhlükəsizliyə, bu soba əlli ildir ki evimizdədir. Bir dəfə də olsun başımıza pis heç nə gəlməyib”, – mənzil sakini deyir.

Onun sözlərinə görə, qaz nəzarətçiləri özləri deyir ki, “Ceyran” bazarı basmış başqa keyfiyyətsiz sobalardan qat-qat təhlükəsizdir.

“İran sobaları il bağlı nə qədər bədbəxt hadisə baş verib. Yaxşisi budur, elə bu qalsın. On illərin sınağından çıxıb”, – ev sahibəsi gülür.

Əgər diqqətimizi bir dəqiqəlik Bakıdan və digər şəhərlərdən ayırıb kəndlərdən danışmalı olsaq, onların çoxunda heç yerli-dibli qaz yoxdur. Ona görə də kənd sakinləri meşəni qırmaq məcburiyyətndə qalır, halbuki bu, Ekologiya Nazirliyi tətəfindən qadağan olunub. Amma əgər alternativ yoxdursa, insanlar nə etməlidirlər ki?

Bir də şayiələr gəzir ki, Azərbaycanın bəzi qəsəbələrində isinmək üçün elektrik şəbəkəsinə necəsə köhnə dəmir çarpayının məhəccərini qoşurlar.

Belədəsə ən ucuz və sadə elektrik isidici cihazı, belə demək olarsa, açıq spirallı “radiator”dur.

Bizim istilik hit-paradında ən bəxti gətirənləri yeni tikilən binalardakı mənzillərin sahiblərini adlandırmaq olar. Amma heç də hamısını deyil, təkcə avtonom qazanxanası olan binalarda mənzil alanları.

“Mənzilimiz çox istidir. Tez-tez batareyaları söndürürük”, – Lalə Zeynalova deyir.

P.S. Apardığımız sorğunun iştirakçılarının çoxu qeyri-standart bir isinmə üsulunun adını çəkib – pişik. İsti pişik – bu həm xoşagələndir, həm sağlamlıq üçün faydalıdır, həm də qənaətcildir.


More on JAMnews