Videodərslərin müəllifi küçəyə çıxmağa qorxur. Məktəblərdə isə indiyə qədər belə fənn yoxdur " />

Gürcüstanda seksual maarifləndirmə – qapalı və təhükəli mövzu

Videodərslərin müəllifi küçəyə çıxmağa qorxur. Məktəblərdə isə indiyə qədər belə fənn yoxdur

“Dədə-babalarımız bunu öyrənməyib. Uşaq doğmurdular?!” — Gürcüstanda seksual maarifləndirməyə qarşı çıxanların istifadə etdiyi ən geniş yayılmış arqumentlərdən biridir.

Yeniyetmələrin bu gün seksual sağlamlıq haqqında nə bildiyini demək çətindir, amma mütəxəssislər tez-tez deyir ki, bu, zəif və adətən şübhəli biliklərdir.

Gürcüstanda yüksək tribunadan bu mövzunu qaldırmaq cəhdləri həmişə boşa çıxıb. Uzun illər seksual maarifləndirməni pozğunluğa bərabər tutan kilsənin mövqeyi dəyişməz qalır. Bu da böyük əksəriyyətin etibar etdiyi, əhalinin ən çox ehtiram bəslədiyi institutdur. Buna görə də hakimiyyətin iki yolu var – qeyri-populyar qərar qəbul edib, seçicilərin bir hissəsini özünə qarşı qaldırmaq və ya kilsənin loyallığını qazanmaq müqabilində onun fikrini nəzərə almaq. Adətən hakimiyyət ikinci variantı seçir.

Təhsil Nazirliyi yeniyetmələrin seksual xarakterli suallarına biologiya dərslərində cavab verməyə çalışır, bunu da “reproduktiv sağlamlıq” adı altında gizlədir.

Foto: JAMnews

“Qalan hər şeyi artıq öyrəndik?!”

Üç və doqquz yaşlı uşaqların anası 39 yaşlı Diana Balesiaşvili məktəblərdə seksual maarifləndirmə ideyasını dəstəkləmir.

“Məktəb yaşlarında, xüsusən də aşağı siniflərdə bunu öyrənmək olmaz, çünki uşaqlarda daha çox informasiya almaq istəyi yaranacaq. Uşaq isə elə uşaq olaraq qalmalıdır. Ondansa məktəb proqramına yaxınına sevgi hissini öyrədən və Tanrı qarşısında qorxunu aşılayan din dərsləri daxil edilsin”, — o deyir.

Diana hesab edir ki, seksual təhlükəsizliklə bağlı informasiyanı uşaq  valideynlərindən almalıdır.

“Özüm lazım biləndə bununla məşğul olacam. Valideynlər öz övladlarının psixologiyasını daha yaxşı bilir və bu mövzunun müzakirəsinə  nə vaxt hazır olacağı ilə bağlı daha çox təsəvvürə malikdirlər”, — Diana belə hesab edir.

38 yaşlı iki uşaq anası Qulo Putkaradze əmindir ki, seksual sağlamlıq barədə açıq söhbətlər eyni zamanda həm oğlanların, həm də qızların iştirak etdiyi dərslərdə toxunmalı olan mövzu deyil. Bu məsələlərlə valideynlər məşğul olsa daha yaxşıdır.

“Uşağın marağını əgər bu qızdırsa ana, oğlandırsa ata təmin edə bilər. Bu və ya başqa mövzunu necə təqdim etməyi valideynlərdən yaxşı heç kim bilmir”, — o deyir.

Bizim daha bir respondentimiz 27 yaşlı Nanuka Şixaşvilidir. O deyir ki, özü məktəbdə seksoloji biliklər almayıb, amma buna görə həyatda heç bir problem yaşamayıb.

“Məktəbdə bunu öyrənməmişəm və inanın ki, heç vaxt heç bir problemim olmayıb. Necə lazımdır, ərə getdim, üç uşaq dünyaya gətirdim. Biliklərlə bağlı problem yaşamamışam. Məktəbdə bu fənni keçməmişəm. Başıma pis bir iş gəlib? Yox, çünki bircə kişi – öz yoldaşımla münasibətlərim olub”, – o deyir.

Seksual maarifləndirmə – sağlamlıq  yoxsa təhlükəsizlik məsələsi?

Bununla belə, Gürcüstanda valideynlər arasında seksual maarifləndirmə dərslərinin tərəfdarları da az deyil.

Mariam Zuliaşvili övladı bir az böyüyəndə xəlvəti müvafiq ədəbiyyatı övladına ötürməyi düşünür. İndi o hələ bir yaş səkkiz aylıqdır.   

“Daha yaxşı olar ki, uşaq informasiyanı şübhəli mənbələrdən almaq əvəzinə bizim köməyimizlə anlasın ki, bədən nə deməkdir, cinslər arasında fərqi dərk etsin və s. Əminəm ki, düzgün seksual tərbiyə həyatda tez-tez təsadüf etdiyimiz erkən hamiləlik və abortların, zöhrəvi xəstəliklərin yayılmasının qarşısını ala bilər, çünki yeniyetmələr bütün bu xoşagəlməz halların qarşısını almaqla bağlı informasiyaya malik olacaqlar”, – Mariam deyir.

32 yaşı üç uşaq anası Nino Quqeşaşvili hesab edir ki, uşaqlar yeddi-səkkiz yaşlarından təhlükəsizlik barədə informasiya almalıdır – misal üçün, kimə etibar edə biləcəkləri ilə bağlı.

“Bir çox doqquz-on yaşlı qızlarda aybaşı başlayır, çox vaxt da valideynlər bununla bağlı doğru-dürüst məlumat verə bilmirlər. Qızlar aybaşıdan utanır, bunu ayıb nəsə sayaraq, bezləri özlərinə gizlin alırlar. Bu, ciddi problemdir. Hesab edirəm ki, bu sahədə maarıfləndirmə mütləqdir. Təbii ki, məlumatı uşağın yaşına uyğun vermək lazımdır, bunu peşəkarlar etməlidir”, – o deyir.

Bununla belə, Gürcüstanda orta təhsilin aydın görünən tənəzzülü fonunda seksual maarifləndirmə tərəfdarlarının yeniyetmələrlə seks barədə danışa bilən müəllimlərin peşəkarlığı ilə bağlı haqlı şübhələr yaranır.

“Bu gün hətta “ənənəvi” riyaziyyat və rəsm dərslərini normal keçirmək çətindir. Adətən müəllimin nüfuzu olmur və uşaqlar dərslərdə bekar olur, heç nə etmək istəmir. Buna görə də seksual maarifləndirmə dərsləri komik görünə bilər”, — üç uşaq anası, 46 yaşlı Natiya Taraşvili öz narahatlığını ifadə edir.

Psixoloq rəyi

Məsləhətçi psixoloq, Tbilisidə İliya Dövlər Universitetinin professoru, yeniyetmələrlə işləyən Nata Meparişvili deyir ki, keçid dövründə çoxları cinsi əlaqədə olur. Bəzən də sekslə seksual fəallığın nə demək olduğunu, onun hansı fizioloji və psixoloji fəsadlarının ola biləcəyini anlamayan uşaqlar məşğul olur:  

“Uşaqların həzm sistemi, tənəffüs yolları və görmə orqanları barədə bilməsi vacibdirsə, onda niyə onlar cinsiyyət orqanları və doğuş prosesi barədə bilməməlidirlər?” — professor deyir.

“Qızların qorunması çox vacibdir ki, 15 yaşlarında abort elətdirməli və ya 16 yaşlarına ana olmalı olmasınlar”.

Professor hesab edir ki, cinsi münasibətlərə başlamazdan əvvəl yeniyetməyə necə qorunmaq və təhlükəsiz seksin nə olduğu barədə dəqiq məlumat vermək lazımdır.

Daha kiçik yaşlarında uşağa öz bədən üzvlərini fərqləndirmək, onların necə adlandığını bilmək kifayət edir, əsası da bilməlidir ki, kiməsə öz şəxsi məkanının sərhədlərini pozmaq imkanı verməməlidir. “Uşaq dəqiq bilməlidir ki, yad adamlar onun intim yerlərinə toxunmamalıdır”,  — Nata Meparişvili izah edir. Seksual zorakılığın nə demək olduğunu anlamaq seksual maarifləndirmənin çox vacib hissəsidir, professor vurğulayır.

Seks mövzusunda sualları yaranan yeniyetməyə informasiya almaq çətindir. Valideynlər onunla danışmağa utanır, ixtisaslaşmış müəllimlər yoxdur, sekslə bağlı suallara cavabların verildiyi, xüsusən də uyğun dildə ədəbiyyat Gürcüstanda demək olar ki, yoxdur. İnternet ən yaxşı halda təhrif olunmuş informasiya və miflər, ən pis halda pornoqrafiya təklif edir.  

“Bu da stresə, qorxulara, gələcəkdə partnyor seçmək bacarığının yaranmamasına gətirib çıxarır”, — Meparişvilin deyir.

O həm də Gürcüstanda bəzi dairələrdə hələ də mövcud olan “ənənəni” xatırladır, bu zaman yaxın qohum və ya ailənin dostu yeniyetmə oğlanı seks işçilərinin yanına aparır.  

“Bu, adətən uşağın 13-14 yaşlarında, buna ümumiyətlə hazır olmadığı vaxtlarda olur. Onu isə seks işçisinin yanına aparırlar, sonra da baş verənlər barədə danışacağını gözləyirlər. Təcrübəmdə bu şəraitdə stres yaşayan yeniyetmələrin psixoloqa müraciət etdiyi hallar olub”, —Meparişvilin deyir.

Onun sözlərinə görə, ölkədə resurs var, peşəkarlar bu mövzular üzərində işləyə, həm uşaqlara, həm də valideynlərə kömək edə biləcək adekvat ədəbiyyat yarada bilərlər.

Video dərslərə görə təhdidlər

Gürcüstanda seksual maarifləndirmənin təhlükəli iş olduğunu Xatiya Axalayanın başına gələnlər təsdiq edir. O, bu mövzuda video çarxlar hazırlamağa və internetdə dərs kimi yayımlamağa başlayandan sonra ona xüsusən də ultra-sağ qruplar tərəfindən hücumlar başladı. Onu işğəncə, zorlama və hətta uşaqlarına qarşı zorakılıqla təhdid edirlər.     

Xatiya Axalaya video dərsi yazmağa hazırlaşır. Foto: JAMnews

Xatiya danışır ki, işlədiyi təşkilat – “Maarifləndirmə və əmək assosiasiyası” – bir neçə il əvvəl Tbilisinin məktəblərində yeniyetmələrin seks, alkoqol, tütün, cinsi yolla keçən xəstəliklər, erkən nikahlar, zorakılq və s. barədə məlumatlılıq səviyyəsini öyrənmək məqsədilə  tədqiqat keçirib. Məlum olub ki, məlumatlılıq səviyyəsi çox aşağı, biliklər isə yanlışdır.

Bir qədər sonra təşkilat 12 yaşdan yuxarı yeniyetmələr və onların valideynləri üçün bu mövzuda treninqlər keçirməyə başlayıb. Sonra da video dərsləri daha geniş auditoriya üçün yazıb.

Bu dərsləri Xatiya Axalaya öz həmkarları ilə birlikdə hazırlayır. Mövzu seçiləndən sonra o, müvafiq sahənin mütəxəssisləri ilə məsləhətləşir, sonra da evində və ya ofisdə video çəkir.

Bu video dərslərə görə o, həyat tərzini əsaslı şəkilə dəyişməli olub – ictimai nəqliyyatdan istifadə edə bilmir, axşam düşəndən sonra küçəyə çıxmağa qorxur və s. Onu təhdid edənlər həm evinin, həm ofisinin və hətta övladının getdiyi uşaq bağçasının ünvanını bilirlər.  

Bu işlə bağlı başlanan istintaq uzanır, polis Xatiyanın  konkret olaraq kimlər tərəfindən təhdid olunduğu çox yaxşı bilir, buna baxmayaraq, hələlik heç kim məsuliyyətə cəlb olunmayıb. Xatiyanın sözlərinə görə, bundan belə bir nəticə çıxarmaq olar ki, dövlət faktiki olaraq zorakılığı dəstəkləyir.  

Xatiya Axalaya videodərsi çəkməyə hazırlaşır. Foto: JAMnews

O, onu və övladını təhdid edən insaları cəzalandırmaqla yanaşı, dövlət tərəfindən yeniyetmələrin  seksual maarifləndirilməsinin təmin edilməsini tələb edir. Xatiya deyir ki, necə çətin bir mübarizəyə başladığını bilir, amma geri çəkilməyi düşünmür, çünki faydalı və lazımlı işlə məşğul olduğuna əmindir.

“Video çarxlarımın problemi həll edəcəyi, seksual zorakılığın kökü kəsiəcəyi, erkən nikahların olmayacağı, qızların aybaşı ilə bağlı naratlıq keçirəcəyi ilə bağlı xəyallar qurmuram. Bu problemin həlli kompleks yanaşma, ilk növbədə, dövlətin iştirakını və lazımi fənin milli dərs proqramına daxil edilməyini tələb edir”, — Xatiya deyir.

“Reproduktiv sağlamlıq”

Xatiya Axalayanın video çarxlarından sonra İnsan haqları üzrə parlament komitəsinin sədri Sofiya Kiladzenin uşaq hüquqları məcəlləsinə maddə əlavə etmək ideyası yarandı, həmin maddəyə görə, seksual maarifləndirməni uşaq ancaq valideynlərinin razılığı ilə almalıdır. Sofiya Kiladze öz təklifini “hansısa qeyri-hökumət təşkilatlarının” bu cür dərsləri qeyri-rəsmi təhsil proqramına daxil etmək cəhdlərinin qarşısını almaq zərurəti ilə izah edir.  

Kiladze həm də bu cür dərslərə ruhanilərin cəlb edilməsini zəruri sayır — amma təkcə “çətin vəziyyətlərdə” və valideynlərin istəyi olarsa.

Dövlət problemin mövcudluğunu etiraf etsə də dərs proqramına xüsusi fənin daxil edilməsinə qarşı çıxır. Bundan əlavə, Təhsil Nazirliyi bu kontekstdə “seksual” və “cinsi” terminlərindən istifadə etmir və onları “reproduktiv sağlamlıq” anlayışı ilə əvəz edir.   

Keçid dövrü və bu dövr üçün səciyyəvi olan dəyişikliklər, qadın və kişinin reproduktiv sistemi, cinsi yolla keçən xəstəliklər, erkən nikahlar, hamiləlik, abort – yeni milli dərs proqramı bütün bu mövzular üzrə 7-10-cu sinif şagirdləri üçün informasiyanın verilməsini nəzərdə tutur. Yeni proqram bu ilin sentyabr ayından mərhələli şəkildə işə salınacaq. Bu mövzuların biologiya dərslərində öyrənilməsi nəzərdə tutulur.

Mütəxəssislər hesab edir ki, bu informasiya kifayətdir. Problem isə ondadır ki, pedaqoqların yenidən hazırlanmasına ehtiyac var. Təhsil Nazirliyində etiraf edirlər ki, adətən müəllimlər bu “yersiz mövzuların” üstündən keçməyə çalışır.

“Pedaqoqun özü əminli olanda və sıxılmayanda sinifdə də heç bir problem yaranmır. Biz pilot dərslər keçmişik və deyə bilərik ki, səkkizinci, doqquzuncu sinif şagirdləri bu məsələlərə çox rahat yanaşır. Problem adətən özü bu mövzulardan qaçan pedaqoqlarda olur”, – Təhsil Nazirliyinin milli dərs proqramları departamentinin rəhbəri, biologiya elmləri doktoru Manana Varazaşvili deyir.

Eyni zamanda Varazaşvili hesab edir ki, vəziyyət yaxşılaşır və getdikcə daha çox pedaqoq təkmilləşdirmə kursları keçir.

Statistika

Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzi son üç il ərzində erkən hamiləlik və abortlarla bağlı aşağıdakı məlumatları qeydə alıb:

  • 2017-ci il— 813 hamiləlik, 103 abort;
  • 2018-ci il — 675 hamiləlik, 78 abort;
  • 2019-cu il (ilkin məlumatlar) – 261 hamiləlik, 27 abort.

Mərkəzin məlumatlarına görə, 14 yaşda cinsi yolla keçən, o cümlədən sifilisin müxtəlif formalarında xəstəlik halları az deyil.

Mediaşəbəkə”nin dəstəyi ilə


More on JAMnews