Salome Zurabişvilinin iki gündə ikinci qalmaqalı. İqtidar partiyası ondan üz döndərdi " />

Gürcüstan prezidenti: “Biz Amerika hərbi bazasını istəmirik”

Salome Zurabişvilinin iki gündə ikinci qalmaqalı. İqtidar partiyası ondan üz döndərdi

Gürcüstan prezidenti bildirib ki, o, Gürcüstanda ABŞ bazasının yaradılmasına qarşıdır, çünki bu, “provokasiya kimi qəbul olunacaq”.

ABŞ prezidentinin tvitilə bağlı qalmaqaldan bir gün sonra Salome Zurabişvili yenidən diqqət mərkəzinə gəlib və müxalifət tərəfindən kəskin tənqid obyektinə çevrilib. Hakimiyyətin opponentləri hökumətdən izahat tələb edir.

Salome Zurabişvili – Gürcüstanın yeni prezidenti kimdir?

Zurabişvili nə deyib?

«Amerikanın səsinə» müsahibəsində Salome Zurabişvili jurnalistin Gürcüstanda ABŞ hərbi bazasının açılmasının mümkünlüyü haqda nə düşündüyü ilə bağlı sualına cavab verib.

“Düşünmürəm ki, bunu etmək lazımdır. Provokasiya kimi qəbul edilə biləcək addımlar atmaq lazım deyil.

Həmçinin hesab etmirəm ki, Birləşmiş Ştatlar Gürcüstanda hərbi bazaya sahib olmağa hazırdır. Bu, yalnız Rusiyanın yox, regionumuzda çox fəal olan terrorçu qruplaşmaların da diqqətini çəkəcək. Biz mövcud münasibətlər əsasında əməkdaşlığı dərinləşdirməli və genişləndirməliyik, daha başqalarında [lazımsız] reaksiya doğura biləcək addımlar atmamalıyıq”, – Salome Zurabişvili bildirib.

ABŞ Gürcüstanı hansı silahlarla təchiz etməyə hazırdır?

Hakimiyyət nümayəndələrinin reaksiyası

Gürcüstan parlamentinin birinci vitse-spikeri Tamar Çuqoşvili ümumiyyətlə Gürcüstanda Amerika bazası haqda söhbətin haradan qaynaqlandığına təəccüblənir.

“Bildiyim qədərincə, bu mövzunun heç bir müzakirəsi getmir. Amerika bazası məsələsi ümumiyyətlə Gürcüstanın gündəmində mövcud deyil və mən düşünmürəm ki, bu məsələ ilə bağlı böyük müzakirə açmaq lazımdır. Amma ABŞ-la istənilən hərbi əməkdaşlıq bizim ölkəmiz üçün prioritet təşkil edir. bu ölkə bizim əsas tərəfdaşımız və müttəfiqimizdir”, – Çuqoşvili bildirib.

Parlamentin vitse-spikeri Qia Volski ehtimal edib ki, yekunda prezident Amerika bazasına qarşı olmayacaq.

“Prezidentin öz fikri ola bilər, amma düşünmürəm ki, uzun müddətli perspektivdə Salome Zurabişvilinin mövqeyi elə belə olacaq. Yəqin ki, o, baza inşaatı və ya NATO üzvlüyü kimi fundamental məsələlərin hazırlanmasını nəzərdə tutub. Əlavə sualları siz ona verməlisiz”, – Volski deyib.

Daha sonra “Gürcü arzusu” iqtidar partiyasının adından partiyanın baş katibi, Tbilisi meri Kaxa Kaladze bəyanatla çıxış edib. O bildirib ki, Zurabişvili hakim partiyanın, müvafiq olaraq hökumətin iradəsini ifadə etmir.

“Salome Zurabişvili partiyamızın üzvü deyil və “Gürcü arzusu”na heç bir aidiyyatı yoxdur. O, müstəqil namizəd idi (2018-ci il prezident seçkilərində) və biz onu dəstəkləmək qərarına gəldik… Beləliklə, mən rica edirəm ki, onu partiya ilə eyniləşdirməyəsiz”, – Kaladze bəyan edib.

Müxalifət

“Xarici İşlər Nazirliyi bizim guya Amerika bazasını istəmədiyimizə dair bəyanatın dövltətin mövqeyi olduğunu ya dərhal təsdiqləməli, ya da təkzib etməlidir”, – Zurabişvilinin mövqeyini şərh edən “Milli Hərəkat” fraksiyasının sədri Roman Qotseridze bildirib.

Onun sözlərinə görə, yeni konstitusiyaya müvafiq olaraq Gürcüstan prezidentinin xarici siyasəti təkbaşına müəyyən etmək səlahiyyəti yoxdur və bu məsələ hökumətlə razılaşdırma tələb edir.

“Əgər o, belə davam etsə, axırda impiçmentlə üzləşəcək”, – Qotsiridze bildirib.

Müxalif “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri David Bakradzenin sözlərinə görə, Salome Zurabişvilinin müsahibəsində səsləndirilən fikirlər yalnız Rusiyaya sərf edir.

“Bu, bilavasitə Rusiyaya sərf edən bəyanatdır. Deməli, Gürcüstan Qərb təhlükəsizlik sisteminin bir hissəsi olmamalıdır və Rusiyanın işğalçı ordusu ilə təkbətək qalmalıdır? Xanım Zurabişvilinin mövqeyi Gürcüstanın NATO-ya daxil olmaq üzrə gələcək öhdəliyi ilə birbaşa haçalanır və Gürcüstanın Qərb təhlükəsizlik sisteminin bir hissəsi olmaqla bağlı səylərinə tamam ziddir.

Mən Gürcüstan hakimiyyətindən bu məsələ ilə bağlı rəsmi aydınlıq tələb edirəm”, – David Bakradze bəyan edib.

Gürcüstanın ABŞ-la hərbi əməkdaşlığı

İki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq 2002-ci ildən, ABŞ Gürcüstan silahlı qüvvələrinin hazırlanmasını və təchizatını maliyyələşdirəndən bəri başlayıb.

Gürcüstan həmçinin ABŞ missiyasında İraqa və NATO missiyasında Əfqanıstana hərbi kontingent göndərib.

2009-cu ildə imzalanan “Strateji tərəfdaşlıq xartiyasında” müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulub. ABŞ Gürcüstana hərbi mütəxəssis yetişdirməyə və müdafiə qüvvələrində islahat aparmağa kömək edir.

2017-ci ildə Vaşinqton Gürcüstanın müasir Amerika silahları ilə – Javelin sistemli tank əleyhinə komplekslərlə təchiz edilməsi haqda misilsiz qərar qəbul edib.

ABŞ digər NATO üzvləri ilə birlikdə mütəmadi olaraq Gürcüstan ərazisində müasir təlimlərdə iştirak edir.

İndiyə qədər Tbilisi və Vaşinqton arasında ABŞ hərbi qüvvələrinin Gürcüstan ərazisində yerləşdirilməsi haqda hər hansı danışıqlar və ya müzakirə aparılmayıb.


More on JAMnews