Belə uşaqlar şagirdlərin sayının 5 faizini təşkil edir. Əsas səbəb yoxsulluqdur " />

Gürcüstan: Məktəbə getməyən uşaqlar

Belə uşaqlar şagirdlərin sayının 5 faizini təşkil edir. Əsas səbəb yoxsulluqdur

Altı yaşlı Anano anasının öyrətdiyi gürcü əlifbasının hərflərini təkrar edir. Sentyabrda o, məktəbə getməli idi, amma anasının sözlərinə görə ailənin pulu çatmayıb.

Təxminən bir il əvvəl 13 yaşlı Açi məktəbi atıb. O, oxumağın, sinif yoldaşları ilə oynamağın necə əyləncəli olduğunu xatırlayır. Riyaziyyatın, təbiətşünaslığın və başqa fənlərin tədris olunduğu və dostları ilə futbol oynadığı yerə qayıtmağı arzulayır. İndi isə o demək olar ki, evdən bayıra çıxmır, böyük oğul kimi anasına kömək edir. Qonşu həmyaşıdları ilə ünsiyyətdə olmur.

Anano və Açi üç qardaşı və anası ilə birlikdə TEİZ (Tbilisi Elektroinşaat Zavodu) qəsəbəsində yiyəsiz binada yaşayır. Bir fondun dəstəyi sayəsində onlar iki otağı damını düzəldə və odun sobası qoya biliblər. Bu qızınmağın yeganə yoludur, amma yaşadıqları darısqal yer tez-tez tüstü ilə dolur və nəfəs almaq çətinləşir.

Gürcüstanda uşaq kultunun üstündən xətt çəkən altı fakt

Azərbaycanda nikahdan kənar uşaqlar

Gürcüstan: “Bu gün daha çox uşağın həlak olmaması təsadüfdür”

«Mənə övladının təhsil almağını istəməyən bir ana göstərin», – 41 yaşlı Nino Kapanadze deyir. O tək başına uşaqları böyütməyə çalışır. Deyir ki, bir neçə il kirayə ev tutub.  

Amma içsiz idi, müavinətlərdən isə ancaq çox uşaqlılığa görə 250 lari [təxminən 90 dollar] alırdı. Kirayə pulunu verə bilmirdi və ev yiyəsi onları qovdu.

Nino Kapanadze uşağı ilə birlikdə. Foto: Nino Memanişvili, JAMnews

«Pulu ödəyə bilmədim, o da mebel, paltar, sənədlər – hər şeyi bayıra atdı. Yoxsul ailə qeydiyyatdan keçmək üçün sənədləri bərpa etmək lazım oldu. Amma ona nə vəsait, nə də vaxt var idi», – Nino deyir.

O deyir ki, kömək üçün İsani qamqeobasına (rayon administrasiyasına) müraciət edib – bir aylıq ödəniş etdilər, sonra isə yiyəsiz binaya köçməyə məcbur oldular.

Kömək üçün müraciət edəndə uşaqların məktəbdə təhsil ala bilmədiyini gizlətməyib. Vəziyyətin ağırlığını məktəbdə bilirdilər, orada uşağın hansı səbəbdən dərsləri buraxdığını aydınlaşdırmalı və sosial xidmətləri məlumatlandırmalıdırlar. Bir dəfə məktəbdən zəng vurub, Açinin nə üçün dərsə gəlmədiyini soruşublar, Nino açıq şəkildə məktəbə gəlməyə paltarının olmadığını bildirib.

Kapanadze ailəsinin evi. Foto: Nino Memanişvili, JAMnews

Gürcüstan qanunvericiliyinə görə, uşaqların baza təhsili almaq hüququ var və bu məsələdə hər hansı bir maneə yolverilməzdir, buna baxmayaraq, dövlət özünü yalnız sosial işçinin bir dəfə ailəyə baş çəkməsində göstərdi. Nino deyir ki, sosial işçi gəlib, bir az gəzişib, heç bir kömək göstərə bilməyib, o gündən onu bu evdə görən olmayıb.

O, uşaqlarının təhsilini davam etdirməsini istəyir. Deyir ki, uşaqlar da təhsillərini davam etdirə bilmədiklərinə görə narahatdır.

«Həftələrlə ancaq çayla keçinirik, elə olur ac yatırıq, amma uşaqlar küçəyə dilənməyə çıxmayacaq. Məktəbə gedə bilməmələrindən narahatdırlar… İmkan olsaydı, he olmasa bir cüt ayaqqabı alardım, sənədlərini bərpa edib, sevinclə məktəbə yola salardım», – o deyir.

Dövlət nə edir?

Gürcüstanda təhsil hüququna  konstitusiya zəmanət verir. Gürcüstanda ibtidai və baza təhsili icbaridir. Ümumi təhsil haqqında qanuna görə, dövlət mütləq hər bir şagirdi yaşadığı yerə ən yaxın məktəbdə təhsil alma imkanı ilə təmin etməlidir. Qanunda həm də deyilir ki, bütün bunları standart maliyyələşdirmə ilə təmin etmək mümkün deyilsə, dövlət bu cür şagirdi əlavə vauçerlə təmin etməlidir.   

Gürcüstan Təhsil Nazirliyinin icbari təhsil almayan uşaqların sayı haqda dəqiq məlumatı yoxdur. Nazirliyin təxmini hesablamalarına görə, bu uşaqların sayı 30 minə yaxın ola bilər. Ümumilikdə isə 2018-2019-ci illərdə bütün qeydiyyatdan keçmiş məktəblərdə şagirdlərin sayı 584000 idi. Belə çıxır ki, təhsil almayan uşaqların sayı bütün şagirdlərin sayının təxminən 5 fazini təşkil edir.

Dövlətin bu uşaqlar niyə təhsil almır – sualına cavabı yoxdur, araşdırmaq üçün bu uşaqları idensifikasiya etmək lazımdır.

Amma təcrübəyə əsaslanaraq demək olar ki, təhsilsiz qalan əsasən yoxsul ailələrin uşaqları, evsiz uşaqlar, işləyən uşaqlar və məhdud imkanlı uşaqlar, həm də etnik azlıqların nümayəndələri olur.  

Təhsil Nazirliyi ancaq dəqiq statistik məlumatlar əldə edəndən sonra uşaqların məktəbə getməməsinin səbəblərini araşdırmağa hazırlaşır. Nazirlikdə deyirlər ki, uzun illər boyu onlara bu məlumatları toplamağa şəxsi məlumatların qorunması haqda qanun mane olub. İndi isə başqa nazirliklərin nümayəndələrinin iştirakı ilə təhsilsiz qalan uşaqları tapmağa kömək edən proqram yaradılıb.

Yekaterina Dqebuadze, Gürcüstan təhsil nazirliyinin inklyuziv inkişaf departamenti rəhbəri. Foto: Nino Memanişvili, JAMnews

«Bu və ya digər uşağın harada olmasını öyrənmək imkanımız yaranacaq, valideynlərdən uşağın niyə məktəbə getmədiyini soruşa biləcəyik.  Əgər uşağın məktəbə getməsinin hansısa əngəllərlə bağlı olduğu aşkarlanarsa, bu, əlavə xidmətlərin yaradılmasını tələb edə bilər. Bu vəziyyət sistemi düşünməyə, yeni xidmət, proqram, layihələr işləyib hazırlamağa məcbur edəcək», – Gürcüstan təhsil nazirliyinin inklyuziv inkişaf departamenti rəhbəri Yekaterina Dqebuadze deyir.

Hazırki mərhələdə nazirliyin sadəcə təhsil sistemində adı olan, yəni heç olmasa bir dəfə məktəbə gələn uşaqlar haqda məlumatı var. Əgər uşaq məktəbi atıbsa, məktəb baş verənlərin səbəblərini araşdırmaq üçün valideynlərə, zərurət yaranarsa sosial xidmətlərə müraciət etməlidir.

Qanunvericiliyə görə, uşaq haqları pozularsa, valideynləri və ya qəyyumları məsuliyyətə cəlb etmək olar. Bu məsələ fərdi qaydada sosial işçinin qərarına əsasən müzakirə olunur.  

Yekaterina Dqebuadze deyir ki, uşaq haqlarının pozulmasının aşkarlanması baş verənlərlə bağlı  lazımi idarəni məlumatlandırmağa və uşaqların təhsil haqqını pozan valideynləri məsuliyyətə cəlb etməyə imkan verir.  

Bəxti gətirməyən uşaqlar üçün şans

«Təhsil üçün ikinci imkan» – 2013-cü ildə yaradılan və 2015-ci ildən təhsilsiz qalan uşaqlara məktəbə qayıtmağa imkan verən dövlət proqramı belə adlanır. Əvvəlcə onlara həyat üçün əhəmiyyətli vərdişlər aşılayır, həmyaşıdları ilə kommunikasiya qurmaq üçün minimal vacib məlumatlar verirlər.

Bu proqram müvafiq mərkəzlərdə reallaşdırılır və özündə həm də mədəniyyət və idman komponentlərini əks etdirir. Bu proqram çərçivəsində həm də şagirdlər və valideynlərlə görüşlər təşkil olunur, treninqləri müəllimlər və direktorlar keçirir.

Proqram əlaqələndiricisi Lela Qaprindaşvili deyir ki, ən çətini psixoloji problemləri, asosial davranışları olan, həm də seksual təcavüzün qurbanı olan uşaqların reabilitasiya və sosiallaşmasıdır.  

Qaprindaşvili həm də valideynlərin vacib rolunu vurğulayır:

“Çox vaxt onlar öz uşaqları qarşısında məsuliyyət daşıdıqlarının fərqinə varmırlar… Valideyn və qəyyumlarla ayrıca və xüsusi iş aparılmasa, uşaqların dəstək görməyi sadəcə müvəqqəti və epizodik olacaq, real dəyişikliklər əldə etmək isə çətin olacaq”.

Qaprindaşvilinin dediyinə görə, proqramın mövcüd olduğu vaxt ərzində ondan 350 yaxın uşaq yararlanıb, amma onlardan neçə nəfərinin məktəbə qayıtdığını söyləmək çətindir.

12 yaşlı Giorqi (ad dəyişdirilib) oxumağı çox arzulayırdı. O, gündüz proqramı sayəsində məktəbə qayıda bilib. Amma bir neçə gün sonra yenə dərsləri buraxmağa başlayıb. Giorqi sosial işçiyə deyib ki, tənəffüs vaxtı sinif yoldaşları yeyir, yeməyin qalıqlarını və zibili  onun partasına atır, ona gülürlər. Giorqinin də məktəbə getmək həvəsi ölüb.

Məktəbə etnik azlıqlardan olan bir 12 yaşlı oğlan da qayıdıb. Reabilitasiyadan sonra məktəbin qapılarını açan Sandronun (ad dəyişdirilib) sinif yoldaşlarının isti münasibəti xoşuna gəlib. Amma oxuyub-yaza bilmədiyinə görə müəllimin danlaqlarından sonra uşaq özünə qapanıb, kompleksləri yaranıb və sinif yoldaşları ilə dalaşmağa başlayıb.

Valideynləri Sandronu sinifdən xaric etməyi xahiş edirdilər. Amma sosial işçi onları mərkəzə dəvət edib, onları musiqi, şarlar və tortla qəbul ediblər… Beləliklə də vəziyyəti yumşaltmaq mümkün olub. Daha sonra sosial işçi Sandronun rəqs etdiyini və sinif yoldaşlarının onu alqışladıqlarını görüb. Hamıdan çox isə məhz Sandroya qarşı radikal münasibət sərgiləyən qadın sevinirdi. Bu gün uşaq yenə məktəbə qayıtmaq istəyir.  

Bu əhvalatları bizə sosial xidmətlərin əməkdaşı İrina Sereteli danışıb. O, Sandronun əhvalatını heç vaxt unutmayacağını deyir. Onun necə rəqs etməsi də həmişə onun gözü önündə olacaq.   

İrina özü tez-tez valideynlərin əvəzinə sənədlərlə bağlı problemləri həll etməyə gedir. O, mərkəzdə uşaqlara parta arxasında necə düzgün oturmaq lazım olduğunu, məktəblərdə zəngin nə üçün olduğu kimi lazımı vərdişlər öyrədir, onlarla məktəbləri ziyarət edir.

Onların necə həvəslə məktəbə getməyini və məktəbdən hansı əhval-ruhiyyə ilə çıxdığını müşahidə edir. O, qeyd edir ki, mərkəzin “məzunları” gigiyena haqqında məlumatsız olur, sosiallaşma ilə problem yaşayırlar, mövsümə görə geyinmirlər, buna görə də məktəbdə təqib qurbanlarına çevrilə bilirlər.

Sosial işçi problemin təkcə məktəbdə olmadığını hesab edir. O deyir ki, uşaqların məktəbdən yayınmasının əsas səbəbi valideynlərin bivecliyidir. Onun belə bir təcrübəsi də olub – uşaq “valideynləri onu səhərlər oyada bilmədiyinə görə” məktəbə getmirdi.

«Onlar bununla uşaqlarının hüquqlarını pozduğunu bilirlər, amma deyirlər: “Nə edək? Məcburən çölə atmayacam ki? Özü məktəbə getmir”. Və ya deyirlər ki, uşağın ayaqqabısı yoxdur və ya paltarı. Bəzən bu, doğru olur. Məktəbdə uşaq mövsümə görə geyinmədiyi üçün gülüş hədəfinə çevirilə bilər», – İrina deyir.

Küçədə böyüyən uşaqlar, məktəbə daha çətin uyğunlaşır. Foto: JAMnews

Çıxış yolu nədədir?

Mütəxəssislər bu sualı cavablandırmaqda çətinlik çəkir. Amma hamısı hesab edir ki, uşağı məktəbə qaytarmadan əvvəl onu buna hazırlamaq lazımdır. BMT uşaq fondunun (UNICEF) nümayəndəsi Maya Kuparadze hesab edir ki, gündəlik mərkəzlər artırılmalı və həmçinin yeni proqramlar hazırlanmalıdır.

“Uşağın təhsili, onun inkişafının qayğısına qalan mühit yaratmaq lazımdır. Əks halda onun nə biliyi, nə sosial vərdişləri olacaq və onun başqasının təhlükəli təsiri altına düşməsi ehtimalı böyükdür. Müəyyən yaşda uşaq həm valideynlərinin himayəsi altında, həm də dövlət tətəfindən təmin olunan rahat təhsil məkanında olmalıdır”, – UNICEF təhsil proqramının rəhbəri deyir.

Təhsil sahəsində ekspert Şalva Tabatadze hesab edir ki, dövlətin təhsilin əlçatanlığını təmin etməsinə baxmayaraq, təhsilsiz qalan uşaqların məktəblərə qaytarlması mexanizmlərinin yaradılması üçün daha fəal işə ehtiyac var.

“Bu cür hallara daha fəal reaksiya verilməlidir, bu da təkcə valideynlərin və uşaqların özünün istəyindən asılı olmamalıdır. Valideynlərlə işləmək lazımdır ki, onlar uşağın məktəbə qaytarılmasının vacib olduğunu anlasınlar”, – Tabatadze deyir.

Təhsil Nazirliyinin hansı addım atdığı hələlik məlum deyil. Bu ilin sentyabr ayında ən yaxşı halda proqram hazırlanacaq, onun köməyilə dövlət ola bilsin, məktəbə getməyən bütün uşaqlar haqqında tam məlumat alacaq və ola bilsin, bundan sonra problemin həlli üzrə işləməyə başlayacaq.  

 


More on JAMnews